Xanim baş redaktordan Ədliyyə nazirinə sonuncu MÜRACİƏT!-"Əks halda,..."
Yenixeber.org: “Dodo etnik həmrəylik və araşdırmalar ictimai birliyi” nin təsisçisi Abşeron r-n, Masazır kəndi, M.Ə. Rəsulzadə küçəsi dalan 2, ev 5 sakini Məlikova İradə Şirzad qızı Azərbaycan Respublikasının Ədliyyə naziri Cənab Fikrət Məmmədova müraciət ünvanlayıb. Surəti Yenixeber.org-a daxil olan müraciətdə müəllif təsisçisi olduğu “DODO” Etnik Həmrəylik və Araşdırmalar İctimai Birliyinin (DEHAİB) üç ildir ki, müxtəllif bəhanələrlə qeydiyyata alınmamasından bəhs edir... Aktuallığını nəzərə alıb, müraciəti müəyyən düzəlişlərlə dərc edirik:
"Cənab Nazir!
“Azərbaycan dövləti təminat verir ki, ölkə ərazisində yaşayan milli azlıqlar qanunla nəzərdə tutulan hər cür təşkilat yarada bilərlər. Belə təşkilatların hüquqi vəziyyətini Konstitusiya və ya qanunlar tənzimləyir.”
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Qeydiyyat və Notariat Baş
idarəsinə artiq 9 yanvar 2019-cu ildən “DODO” Etnik Həmrəylik və Araşdırmalar İctimai Birliyinin (DEHAİB) qeydə alınması üçün müraciətimiz əsassız olaraq 15 dəfədir ki, geri qaytarılır. (DODO-sözü talış dilində xanım-xatun deməkdir.) Bu yaxınlarda "Azərtac"da bir yazıdakı bu cümlə məıni valeh etdi. Orada yazılır ki, Azərbaycanda tarixən bütün xalqlara, mili azlıqlara və etnik qruplara eyni münasibət bəslənib...
Əgər biz həqiqətən tolerant və multikulıtural dövlətdə yaşayırıqsa, eləcə də “Multikulturalizm bizim gücümüzdür”sə, hamıya eyni münasibət bəslənsəydi 9 yanvar 2019-cu ildən indiyə qədər hər dəfə sənədlərimiz müxtəlif bəhanələrlə bizə qaytarılmazdı. Məlumat üçün bildirim ki, Baş idarə bizdən “DƏSTƏK MƏKTUBU” tələb etmişdi. Bu məktubu da AMEA-nın Folklor institutundan aldıq. Bu məktubda mənim gördüyüm işlər və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin tövsiyəsi, AMEA-nın Folklor İnstitutunun Elmi Şurasının qəraraı ilə çap edilən 4 kitabım haqqında da məlumatlar qeyd edilmişdi. Buna baxmayaraq, bizə verilən dəstək məktubdan da razı qalmayaraq ictimai təşkilatın qeydiyyatı üçün kiminsə lap yuxarıdan tapşırmasını məsləhət gördülər. Bu acı bir həqiqətdir ki, toleriant adlandırılan ölkəmizdə bu gün özümü qara dərili, qərib, kimsəsiz, hüquqları dövlət məmurları tərəfindən tapdalanmış insan kimi hiss edirəm. İndiyə qədər xalq qarşısında mənim xidmətim Azərbaycan dövlətçiliyini, Azərbaycan Respublikasının Prezidentini dəstəkləmək olub. Dövlətimə xidmətimlə Ana yurdumuz Azərbaycanımızda yaşayan digər xalqların dillərində çoxsaylı kitablar nəşr etdirməklə onlar arasında çox böyük hörmət və nüfüz qazanmışam .
Baş redaktoru olduğum “DODO” qəzeti də son beş ildə daim dövlətçiliyi təbliğ etmiş, Azərbaycanda yaşayan azsaylı xalqları dövlətçilik ideyası ətrafında daha sıx birləşdirmək üçün mövcud olan bütün imkanlarını səfərbər etməyə çalışmışdır. Təəssüf ki, mənə məlum olmayan səbəblərə görə təsisçisi olduğum DEHAİB keçən 3 il müddətində müxtəlif bəhanələrlə rəsmi dövlət qeydiyyatına alınmamışdır. Qeyd edilənləri nəzərə alaraq, Sizə sonuncu dəfə müraciət edir, DEHA İctimai Birliyin dövlət qeydiyyatına alınmasına göstəriş verməyinizi xahiş edirəm.
Əks halda, bu məsələnin hüquq müstəvisində həll olunmasına çalışacağam".