İmperatriçənin gizli planı, rusların boğazda qalan arzusu -“Konstantinopol sevdası”nın sonu...

Moskva türkləri İstanbuldan niyə çıxarmaq istəyirdi?
Yenixeber.org: Hər şey əfsanədən başlayır. Kiyev knyazı Oleq guya 907-ci il sentyabrın 2-də Çarqradın (yəni Konstantinopolun, indi İstanbul) qapılarına öz knyazlıq qalxanını mismarlayıb. Bu hadisə, knyaz qoşununun zəncirlə qorunan Qızıl Buynuz körfəzinin sahilinə qayıqlarını qurudan dartıb gətirməsindən sonra baş verib. Bu, Bizans (Şərqi Roma imperiyası) paytaxtının qala divarlarının zəif yerlərinə hücum imkanı yaradırdı. Nəticədə sülh müqaviləsi bağlamaq, şimaldan min və daha çox gəmi ilə gəlmiş slavyan-varyaq qoşununa bac vermək lazım gəldi.
Bu hadisənin yozumları fərqlidir. Ola bilsin, bu, şəhəri mühasirəyə alan bütpərəst sərkərdəyə xərac verməyə razı olmuş Bizans imperatoru üzərində qələbənin nümayişi idi. Daha az ehtimal edilən versiya isə bunun barışdırıcı addım – yəni bizanslılarla ittifaq işarəsi olmasıdır.
Hər necə olsa da, qədim rus salnaməsində qeyd olunmasından savayı, təfsilatlı Bizans salnamələrində o qalxan haqqında gələcək nəsillərə heç bir yazı qalmayıb. Amma 911-ci il hadisəsi barədə tam məlumat var: knyaz Oleqin elçiləri imperator VI Lev və onun qardaşı Aleksandrla ticarət müqaviləsi bağladılar.
Əfsanəvi qalxan dövründən etibarən zəngin Çarqrad simvolik məkana çevrilmişdi. Knyaz Vladimirin vaxtı Rusda xristianlığın qəbulundan sonra isə xüsusilə müqəddəs şəhərə çevrildi. Çünki məhz Konstantinopolda iqamətgahı olan yunan patriarxı Kiyev-Novqorod Rusunun xristian kilsəsinin başçısı idi. O, mitropolitləri təyin edir, sonralar isə rus kilsəsinə Moskva patriarxını seçmək hüququnu verirdi.
1453-cü ildə Konstantinopol türk-osmanlılar tərəfindən fəth edildikdən sonra Moskva dövləti özünü Bizans imperiyasının dini və mədəni irsinin varisi elan etdi: “Moskva – Üçüncü Roma” konsepsiyası meydana gəldi. Pravoslavlığın keçmiş paytaxtını müsəlmanların hakimiyyətindən azad etmək isə Rusiya hökmdarlarının əsrlərlə davam edən arzusu oldu.
“Yunan layihəsi”
XVII–XVIII əsrlərdəki bir sıra rus–türk müharibələri Rusiya imperiyasına əvvəlcə Azov, sonra isə Qara dənizə çıxış verdi. Rusiya hələlik nə Çarqrad–Konstantinopol–İstanbula, nə də Qara dənizi Aralıq dənizi ilə birləşdirən Bosfor və Dardanel boğazlarına iddia edirdi. Lakin 1768–1774-cü illər müharibəsi zamanı onun donanması Dardanel yaxınlığında, Adriatik dənizində fəaliyyət göstərirdi. Rusiya ilə Osmanlı imperiyası arasında imzalanmış Kiçik Qaynarca sülh müqaviləsinə (1774) əsasən rus gəmilərinə Bosfor və Dardanel boğazlarından, həmçinin Dunay çayı boyunca sərbəst keçid icazəsi verildi.
İmperatriçə II Yekaterina Osmanlı imperiyasının dağılması və ya ağır məğlubiyyəti halında həyata keçirilə biləcək, “Yunan layihəsi” adlanan Bizansın bərpası ideyasını tamamilə real sayırdı. Təşəbbüs, Türkiyədən azad olmaq uğrunda mübarizəyə dəstək axtaran yunan əhalisi tərəfindən irəli sürülmüşdü.

Təsadüfi deyil ki, imperatriçənin nəvəsinə Konstantinopolun banisi, imperator Böyük I Konstantinin adı verilmişdi. Konstantin Pavloviç yunan dilini öyrənir, gələcək Bizans monarxiyasının taxt varisi kimi tərbiyə olunurdu.
İmperatriçənin Avstriya imperatoru II İosifə 21 sentyabr 1782-ci il tarixində yazdığı gizli məktubda plan ətraflı şəkildə əsaslandırılmışdı. Yekaterina məktubda gileylənirdi ki, “Porta (yəni Osmanlı hökuməti – müəl.) rus gəmilərinin Bosfor və Dardanel boğazlarından keçidinə mane olur, Krım sakinlərini üsyana təhrik edir, Dunay knyazlıqlarının muxtar hüquqlarını pozur”. Eyni zamanda imperatriçə həmkarını öz sülhpərvərliyinə inandırırdı: “Mən müqavilələrlə müəyyən olunmuş çərçivədən kənara çıxan heç bir şeyə iddia etmirəm”.
Layihədə Moldaviya, Valaxiya və Bessarabiya ərazilərində, xristian monarxın başçılıq etdiyi, lakin Avstriya və Rusiya ilə birləşməsinə icazə verilməyən müstəqil bufer dövlətin – Dakiyanın yaradılmasını nəzərdə tuturdu. Müasir Bolqarıstan ərazisində və Balkanların bir hissəsində, o cümlədən Konstantinopolda yunan Bizans dövləti bərpa ediləcəkdi. Yekaterina II İosifə “burada indi hökm sürən barbar hakimiyyətinin dağıntıları üzərində qədim Yunan monarxiyasını bərpa etməkdə” kömək təklif edirdi. Attika və Peloponnes Venesiyanın idarəsi altında görülürdü. Avstriya ərazi genişlənməsi əldə edəcək, Rusiya isə Oçaqovu alacaqdı.
1782-ci il noyabrın 13-də yazdığı məktubunda II İosif öz imperiyasına Xotin qalasını və ətraf əraziləri, Aluta (Olt) çayına qədər olan Kiçik Valaxiyanı verməyi, sərhədi isə Adriatik dənizində Drin körfəzinə qədər çəkməyi təklif etmişdi. II Yekaterina müttəfiqinin Balkan Leontorpaqlarını tutmasına qarşı çıxmırdı. Lakin Avstriya hökmdarı bu məsələnin Avropa müharibəsinə gətirib çıxara biləcəyindən ehtiyat edirdi. Məhz belə bir müharibənin qarşısını almaq üçün layihədə Rusiyanın əhəmiyyətli ərazi ekspansiyası nəzərdə tutulmurdu, baxmayaraq ki, çariça yeni dövlətlərin, o cümlədən Bosfor sahillərində yaradılacaq dövlətin başında xristian hökmdarlar görmək istəyirdi.
Hadisələrin sonrakı gedişindən göründüyü kimi, açıq-aşkar qiqantomaniya əlamətləri daşıyan “yunan layihəsi” öz inkişafını tapmadı. Amma onun barəsində sızmalar və şayiələr Osmanlı imperiyasının bölünməsinə qarşı çıxan Fransa və Böyük Britaniyanın narazılığına səbəb oldu. Rusiya imperiyası isə birbaşa yolla Türkiyə ilə müharibəyə doğru irəliləyirdi.
1783-cü ilin dekabrında sultan Krım, Taman və Kubanın Rusiyaya birləşdirilməsini rəsmi aktla tanıdı. Rusiya Konstantinopoldakı elçisi Bulqakova tapşırdı ki, Bab-i Alidən (sultan hökumətini nəzərdə tutan metonimiya, Ağ ev, Yelisey sarayı, Kreml kimi – Press klub) tələb etsin: Rusiya imperiyasının vassalı olan gürcü çarının ərazilərinə Türkiyədən basqınlar edilməsin, qaçan ruslar Oçaqovda saxlanılmasın, Dunayın o tayına göndərilsin, həmçinin kubanlılar Rusiya sərhədlərinə hücum etməsinlər.
Öz növbəsində, 1787-ci ilin avqustunda Türkiyə rus hökumətindən Şərqi Gürcüstan (Kartli və Kaxetiya) üzərində 1783-cü ildə elan olunmuş protektoratdan imtina etməyi, Osmanlı imperiyasına Rusiya şəhərlərində, xüsusilə Krımda öz konsullarını saxlamaq hüququ verilməsini, türk tacirlərindən gömrük rüsumlarının 3%-dən çox tutulmamasını tələb etdi. Rus tacirlərinə isə türk mallarını ixrac etmək və gəmilərində türk dənizçilərini işlətmək qadağan olunmalı idi. Boğazlardan keçən rus ticarət gəmilərinin yoxlanılması barədə də iddia irəli sürüldü. Yeni notada həmçinin Krımın Osmanlı imperiyasına qaytarılması və rus gəmilərinə Boğazlardan azad keçid hüququ verən Küçük Qaynarca müqaviləsinin etibarsız elan olunması tələb olunurdu.
Bundan sonra yeni rus-türk müharibəsi başladı. 1787-ci ildə yalnız bir nisbətən böyük döyüş baş verdi: Suvorovun dəstəsi Oçaqovdan edilən Kinburn hücumunu dəf etdi. 1788-ci ildə knyaz Rumyantsev başda olmaqla əsas rus ordusu avstriyalılarla birlikdə Xotini mühasirəyə alaraq, qalanı tutdu. 1788-ci il may ayının sonunda əsas rus ordusunun 40 minlik bir hissəsi Buq çayının sağ sahili boyunca Oçaqova doğru hərəkət etdi. Buq limanında artıq admiral Pol Consun və Nassau-Zigenin rəhbərlik etdiyi rus Dnepr donanması yerləşmişdi. Türk donanmasının iyunda ona qarşı iki hücumu darmadağın edildi. İyulda isə türk donanması admiral Marko Voynoviçin eskadrası tərəfindən Fidonisi (Ukrayna müharibəsi zamanı məşhurlaşan Zmeinıy adası – Press klub) burnu yaxınlığında məğlub edildi.
17 dekabr 1788-ci ildə təxminən yarımillik mühasirədən sonra Oçaqov qalası Qriqori Potyomkinin qoşunları tərəfindən hücumla alındı. Təxminən 10 min türk öldürüldü və ya yaralandı, daha 4 min nəfər əsir götürüldü, 300-dən çox top və 180 bayraq, barıt, güllə və mərmi ehtiyatları ələ keçirildi. Rusiya ordusunun itkiləri 956 nəfər ölü, 2776 nəfər yaralı oldu.
1789-cu ilin iyulunda Fokşan yaxınlığında baş vermiş həlledici döyüşdə Aleksandr Suvorov hersoq Koburqla birləşərək türklərin üstün qüvvələrinə hücum çəkdi və məğlub etdi. Avqustda Potyomkin Bender qalasının mühasirəsinə başladı. Türk vəzirin sentyabrın əvvəlindəki əks-hücumu Suvorovun Rımnikdəki ordusu tərəfindən dəf edildi. Bundan sonra noyabrın 3-də Bender təslim oldu. Həmin il sentyabrda avstriyalılar Belqradı, noyabrda isə Buxaresti tutdular.
1790-cı ildə imperator II İosifin qəfil ölümü ilə Avstriya sülh danışıqlarına başladı, Rusiya isə müharibəni davam etdirdi. Admiral Uşakovun rəhbərlik etdiyi rus eskadrası Kerç və Tendra yaxınlığında türklərin donanmasını darmadağın etdi. Türklər Qara dənizdə üstünlük əldə edib Krıma və Qafqaza desant çıxarmağa cəhd göstərirdilər. Potyomkinin ordusunun zərbələri altında Kiliya, Tulça, İsakça qalaları alındı. Çoxsaylı qarnizon tərəfindən müdafiə olunan İzmail, demək olar ki, bir il dözdü və yalnız 1790-cı il dekabrın 11 (22)-də Suvorovun qanlı hücumundan sonra alındı.
1791-ci ildə türklər quruda Maçin yaxınlığında, dənizdə isə Kaliakriya burnunda məğlub oldular. 1792-ci il yanvarın 9-da Rusiya ilə Osmanlı imperiyası arasında Yassı sülh müqaviləsi imzalandı. Şimali Qara dəniz sahilləri, o cümlədən Krım Rusiyaya ərazisi kimi tanındı. Cənubi Buq ilə Dnestr arasındakı torpaqlar Rusiyaya keçdi. Qafqazda sərhəd Kuban çayı üzrə bərpa edildi. Türkiyə Gürcüstana iddialarından əl çəkdi. Bununla yanaşı, Rusiya Bessarabiya və Moldaviya knyazlığından qoşunlarını çıxardı, Bender, Akkerman, Kiliya və İzmail qalalarını geri qaytardı. Rusiya ordusunun uğurları çətinliklə əldə edilirdi və söhbət nə Boğazlara desantdan, nə də Konstantinopoldan gedə bilməzdi. Beləliklə, “Yunan layihəsi” reallıqla toqquşaraq, tarix səhnəsindən çəkildi.
Gah Bab-i Ali əleyhinə, gah da onunla birlikdə
Növbəti Rusiya–Türkiyə müharibəsinin (1806–1812) əvvəlində dəniz naziri admiral Pavel Çiçaqov Konstantinopol və Bosforun ələ keçirilməsini nəzərdə tutan plan hazırlamışdı. Plan Qara dəniz donanmasının Bosfordan keçərək Osmanlı paytaxtına 15–20 minlik desant çıxarmasını nəzərdə tuturdu. Lakin Qara dəniz donanmasının yoxlanışından sonra bəlli oldu ki, onun texniki vəziyyəti bu cür genişmiqyaslı əməliyyatı yerinə yetirməyə imkan vermir. Donanmanın komandanı admiral Travers 1807-ci ildə zabitlərin tələb olunan sayının üçdə birinin çatışmadığını, çoxlu sayda təcrübəsiz əsgərin olduğunu bildirirdi. Buna görə də plan həyata keçirilmədi. Fransa ilə, daha sonra da İsveçlə qarşıdurmaya cəlb olunan Rusiya desant üçün kifayət qədər hazırlıqlı qoşun toplaya bilmədi və əsas hərbi əməliyyatlar Dunay cəbhəsində aparıldı.
Qeyd edilməlidir ki, müharibənin ilk mərhələsində Rusiyanın müttəfiqi olan admiral Dakvortun ingilis eskadrası 1807-ci il fevralın 7-də demək olar ki, itkisiz Dardanel boğazından keçərək Mərmərə dənizinə daxil olmuşdu. Lakin desant qüvvələrinin olmaması və sahildən atəşə tutulması səbəbindən o, fevralın 17-də bir neçə gəmi itirərək, Aralıq dənizinə qayıtmağa məcbur oldu. Osmanlıların danışıqları uzatmasından narazı qalan I Aleksandr 1811-ci ildə Bosfora desant hazırlığına göstəriş verdi. Ordunun hərəkətləri və Bosfor ekspedisiyasına hazırlıq türklərə təsir etdi və nəticədə Napoleonun “Böyük ordusu”nun Moskvaya yürüşünə az qalmış sülh imzalandı.
1833-cü ilin Bosfor ekspedisiyası da xatırlanmalıdır. Rusiya donanmasının quru qoşunları ilə birlikdə Bosfora yürüşü Osmanlı sultanı II Mahmudun xahişi ilə, onun paytaxtını qorumaq və 1831–1833-cü illər Osmanlı–Misir müharibəsində kömək məqsədilə həyata keçirildi. 28 mart 1833-cü ildə donanma Odessadan çıxdı, aprelin 4-də ön dəstələr, ertəsi gün isə əsas qüvvələr çatdı. 8 apreldən başlayaraq Bosforun Asiya sahilinə 10 mindən çox əsgər endirildi, daha sonra ikinci dəstə də gəldi. Eskadronun tərkibində 10 xətti gəmisi, 4 freqat, korvet, briq, buxar gəmisi və 2 nəqliyyat gəmisi var idi. Onların ixtiyarında minədək top vardı. İbrahim paşanın misirli qüvvələri yaxınlaşsaydı, rus ordusu Bosfor istehkamlarını tutmalı idi. Amma buna ehtiyac olmadı, çünki paşanın qoşunları geri çəkildi. 8 iyul 1833-cü ildə Türkiyə ilə Rusiya arasında Hünkar İskelesi ittifaq müqaviləsi imzalandı, iki gün sonra rus qoşunlarının Sevastopola qaytarılması başladı. Rusiya bu əməliyyatla desant əməliyyatı təcrübəsi qazandı.
1841-ci ildə Türkiyə yenidən sülh və müharibə dövründə Boğazlardan hərbi gəmilərin keçidini məhdudlaşdırdı (Hünkar İskelesi müqaviləsinin müddəti 8 il idi) və I Nikolay Bosfor sahillərinə desant çıxarmaq imkanını nəzərdən keçirdi. 1849-cu ildə Türkiyə ilə münasibətlərin pisləşməsi fonunda Böyük knyaz Konstantin Nikolayeviç Boğazlara hücum planını təqdim etdi. O, hesab edirdi ki, Bosfor istehkamlarına ən azı bir diviziyanın hücumu hərbi kampaniyanın uzanmasının qarşısını ala bilər. Bu riskli plan həyata keçirilmədi, amma siyasətçilərin ehtiyatında qaldı.
Beynəlxalq vəziyyətin Rusiya üçün ağırlaşması və 1853-cü ildə Krım müharibəsinə çevrilməsi fonunda imperator I Nikolay 1852-ci ilin miladında feldmarşal İvan Paskeviçə yazdığı məktubda planlarını belə ifadə edirdi: “İş ciddi məcraya düşsə, onda təkcə 5-ci korpusu hərbi vəziyyətə gətirməyəcək, həm də 4-cü korpusu, hansı ki, 15-ci diviziya ilə birlikdə knyazlıqlara (Moldaviya və Valaxiya) tez bir zamanda daxil olacaq, 13-cü və 14-cü diviziyalar isə birbaşa Bosfor və Çarqrada hərəkət etmək üçün donanmaya minəcək”. Krım müharibəsi başlayanda, rus donanmasının Sinopdakı qələbəsinə baxmayaraq, türk istehkamlarının möhkəmliyini və boğazlara ingilis-fransız donanmasının gəlmə ehtimalını anlayan imperator admiral Naximova belə əmr verməyə cəsarət etmədi.
Admiral Vladimir Kornilov 1853-cü ilin martında yazdığı qeydlərində Osmanlı donanmasının acınacaqlı vəziyyətdə olduğunu, amma üzən batareya kimi istifadə edilə biləcəyini qeyd edirdi. Desant yalnız məxfilik və qəfil hücumla uğurlu ola bilərdi. Desantın əleyhdarı feldmarşal Paskeviç idi. Buna baxmayaraq, Sevastopolda 30 top ilə 17 mindən çox əsgərdən ibarət avanqard desant dəstəsi hazırlanırdı. Daha sonra 75 minə qədər əsgərin, bütün artilleriya ilə birlikdə üç piyada və bir yüngül süvari diviziyasının mərhələli şəkildə göndərilməsi planlaşdırılırdı. Lakin vəziyyət tez dəyişdi: 1853-cü ilin mayından ingilis və fransız eskadraları Dardanel ağzında yerləşməyə başladı. Bosforun 13 qalası 300 top ilə yenidən quruldu. Türklərə kömək üçün Misirdən 10 minə qədər əsgər, həmçinin Misir və Tunis donanması gəldi. Beləliklə, boğazların müdafiəsində artıq 800-dən çox top vardı. Desant üçün hazırlanmış rus diviziyalarından biri 1853-cü ilin sentyabrında 17 min nəfərlik qüvvə ilə Qafqaz cəbhəsinə göndərildi. Ardınca desant əməliyyatına hazırlıq imperator tərəfindən ləğv edildi, çünki Konstantinopola güclü İngiltərə və Fransa donanması gəlmişdi.
Ayasofiyada xaç xəyallar
Krım müharibəsində məğlubiyyəti və Rusiyaya Qara dənizdə hərbi donanma saxlamağı qadağan edən 1856-cı il Paris sülhü – halbuki Türkiyənin orada 10-dan çox zirehli gəmisi vardı, – desant əməliyyatlarını planlaşdırmaq imkanını bağladı. Məhdudiyyətlərin 1870-ci ildən ləğvindən sonra hərbi-dəniz qüvvələri azsaylı və 1877–78-ci illər rus-türk müharibəsi zamanı Bosfor əməliyyatı keçirməyə yararsız idi. Hərbi əməliyyatların gedişi Rusiya üçün Plevenin uzun mühasirəsindən sonra uğurlu oldu və rus ordusu Mərmərə dənizinə çıxdı.

1878-ci ildə Türkiyə ilə müharibə zamanı tanınmış ultra-mühafizəkar filosof Konstantin Leontyev Rusiyanın elitasının bir hissəsinin Konstantinopola iddialarını əsaslandırmaq işinə girişdi. O, ümidini belə ifadə edirdi: “Konstantinopolu və hər iki boğazı, az da olsa, amma şərtlərin gücü ilə möhkəm şəkildə bizim asılılığımıza salacaq müəyyən kombinasiyanı gözləmək təbiidir”. Leontyev üçün “ən vacib olan – Çarqrad və boğazlardır”. Qatı slavyanofil üçün önəmli olan türklər deyil: “Tələb olunan məsələ – türklərin özlərinin uzaqlaşdırılması deyil, bizə düşmən və bizimlə eyni dindən olanlar üçün fəlakətli halı – türklərə qarşı dözülməz Avropa təzyiqinin mütləq aradan qaldırılmasıdır”. Qarşıya qoyulan vəzifə maksimum şəkildə formalaşdırılır: “Çarqrad bizim birbaşa təsirimiz altına düşməlidir… Əks halda, müharibə aparmağın da, xristianları heç vaxt gerçəkləşməyəcək ümidlər bəsləməyə öyrətməyin də mənası olmazdı”.
Leontyev bu ümidləri məscidə çevrilmiş Ayasofiyanın pravoslav kilsə statusunu bərpa edilməsi haqda düşüncələrlə müşayiət edirdi: “Müqəddəs Sofiya kilsəsi Bosfor sahillərində ümumşərq, pravoslav birliyin zahiri simvolu olmalıdır. Bosfor isə bundan sonra Şərqdəki bütün xristianlar üçün sülh, qardaşlıq və birliyin mərkəzi olmalıdır, aralarında ən güclü, təcrübəli və buna görə də ədalətli olanın rəhbərliyi altında”.
Göründüyü kimi, 1877–78-ci illərin Rusiya–Türkiyə müharibəsindəki qələbələr pravoslav monarxizm ideoloqunda imperiya böyüklüyü maniyası tutmasına, real siyasi şəraitdə həyata keçirilməsi hətta Almaniyaya Baltik bölgəsində müəyyən güzəştlər edilməsi bahasına – bunu Leontyev çara təklif edirdi – həyata keçirilməyəcək tələblərin irəli sürülməsinə səbəb oldu. Hətta rus ordusu Konstantinopol ətrafına çatanda imzalanmış San-Stefano sülh müqaviləsi belə buna yol vermirdi. Avropa dövlətlərinin təzyiqi nəzərə alınırdı: Fransa və Britaniya öz eskadralarını Boğazlara göndərmiş, Almaniya və Avstriya–Macarıstan isə böyük Bolqarıstanın yaradılmasına qarşı çıxırdılar. Reallıq Rusiyanı Berlin konqresinin qərarı ilə Bolqarıstanın kiçildilməsinə razı olmağa məcbur etdi ki, bu da Leontyev kimi sağ radikalları məyus etməyə bilməzdi. Amma gerçəklik belə idi ki, nə Bosforu, nə də Dardanel boğazlarını öz nəzarəti altına almağı, nə boğazlardan istifadə qaydalarını dəyişməyi – yəni Rusiyanın hərbi gəmilərinin keçidini qadağan edən rejimi ləğv etməyi – Rusiya imperiyası bacarmazdı.(pressklub)
(Davamı olacaq)
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada