
Tenderləri ilə "göz qamaşdıran" Qazax Rayon İcra Hakimiyyəti daha bir satınalma ilə diqqət çəkib.
Yenixeber.org: Qazax Rayon İcra Hakimiyyəti Başçısının Qazax Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi “AZSUR GROUP” MMC ilə müqavilə imzalanıb.
Qazax şəhərində abadlıq işlərinin aparılması ilə bağlı imzalanmış tender müqaviləsinin dəyəri 677.368,18 AZN-dir.
Tenderə əsasən, Qazax şəhəri H.Əliyev prospekti, Bakı küçəsi, Ə.Şıxlınski və M.Ə.Rəsulzadə küçələrində 227 ədəd polad işıq dirəklərinin quraşdırılması, sütunların altı üçün beton bünövrələrin qoyulması, xəndəklərin və çuxurların doldurulması, inşaat tullantılarının yüklənməsi və daşınması, həmçinin 266 ədəd közərmə lampalı çilçıraq və Navigator NLL E27 lampalarının quraşdırılması işləri həyata keçiriləcək.
Eyni zamanda, N.Nərimanov yaşayış massivində məhəllədaxili yollarda abadlıq işləri çərçivəsində qruntun daşınması, torpağın töküntü yerində işlərin aparılması və sahələrin planlaşdırılması da və.s. həyata keçiriləcək.
Nizamnamə kapitalı cəmi 10 manat olan "AZSUR GROUP"un qanuni təmsilçisi Rəşad İmanlı Yasəf oğludur. Şirkətin yarandığı dövrdə, 2018-02-21 tarixində ilk qanuni təmsilçi Musayev Sərxan Mətləb oğlu olub. 2023-07-07 tarixində isə şirkətin qanuni təmsilçisi Rəşad İmanlı olmuşdur.
Diqqətimizi tenderdə müntəzəm olaraq aparılan abadlıq işlərindən savayı işıq dirəklərinin qoyulması çəkdi. Bunun üçün bəzi araşdırmalara başladıq.
Araşdırmamız Rəcəb Babaşovun 2019-cu ildən rəhbərlik etdiyi Qazaxda işıq dirəklərinin yeniləmək qərarına gəlməyi rayon sakinləri üçün düşünərək atılmış bir addım kimi gəldi. Lakin heç də məsələ elə deyil.
Rayonun mərkəzi küçələrindən sökülən köhnə işıq dirəklərinin aqibəti bizi maraqlandırdı. Sən demə, küçələrdən sökülən dirəklər yenilənərək (qaynaq ("svarka") və boya ilə) üzərinə sellofan çəkilir və küçələrə yenidən düzülür. Bəziləri isə söküldükdə yararsız hala salındığı üçün bənzəri ilə (rayonda fəhlələrin əməyi ilə kopyalanmış) təzə kimi təqdim olunur.
Maraqlı məsələ odur ki, bu proseslərin hamısı İcra Başçısının Qazax şəhər üzrə nümayəndəsi Akif Vəliyevin Su-15 adlanan ərazisindəki sahəsində baş verir.
Bununla bağlı görüntü redaksiyamızın qaynar xəttinə ustalardan biri tərəfindən göndərilib. Ustanın sözlərinə görə, bu iş müqabilində onlara vəd olunan "maaşlar" ya gecikdirilir, ya da verilməyib.
Fotolar və video görüntülər göstərir ki, bəzi işıq dirəklərində xüsusi qaynaq işləri aparılaraq birləşdirilib. Bəzilərinin alt hissəsi isə digərlərindən fərqlənir.
Maraqlıdır ki, Akif Vəliyə məxsus sexdə düzəldilən və sellofanla örtülüb basdırılan dirəklər şəhərə bir müddət əvvəl düzülüb, amma sellofan hələ də çıxarılmayıb. Bu sellofan nəyin sübutudur? Yeni olmadığını anlamaq üçün yalnız üzərindəki çatlaqlara, calaq yerlərinə və bərpa zamanı yaranan deşiklərə baxmaq kifayətdir.
Ustanın çəkdiyi hadisə yerindən foto və video görüntülər də redaksiyamızda göndərilib. Həmin görüntüləri də təqdim edirik.(32gün.az)
Ayaz Musaköylü