Beş ildir tikinti başa çatmır: "Şərq İnşaat"ın payçıları mənzilsiz qalıblar -ŞİKAYƏT+FOTOLAR

Bakı şəhəri, 5-ci mikrorayon, 20 Yanvar küçəsi, 3005-ci məhəllədə "Şərq İnşaat" MMC tərəfindən inşa olunan çoxmərtəbəli yaşayış binasının tikintisinin uzun müddətdir yarıda qalması sakinlərin narazılığına səbəb olub.
Yenixeber.org: Şikayətçilərin redaksiyamıza verdiyi məlumata görə, şirkət tərəfindən iki blokdan ibarət ("A" bloku - 14 mərtəbə, "B" bloku - 12 mərtəbə) binanın tikintisinə başlanılıb, əsas beton-konstruksiya işləri yekunlaşsa da, proses illərdir, tam başa çatdırılmır.
Sakinlər qeyd edirlər ki, layihəyə görə, hər iki binada ümumilikdə 147 mənzil nəzərdə tutulub. Onlardan 30 mənzil ərazidəki qəzalı binanın sökülməsi nəticəsində evsiz qalan sakinlərə məxsusdur. Həmin ailələr artıq beş ildir ki, kirayələrdə yaşayır və mənzillərini ala bilmirlər:
"Pilot layihə çərçivəsində icra olunan tikinti, qanunvericiliyə görə, üç il ərzində başa çatdırılmalı idi. Lakin "Şərq İnşaat" MMC beş ildir ki, prosesi yubadır. Əsas tikinti işləri bir neçə il əvvəl yekunlaşsa da, binaların dam örtüyü vurulmayıb. Şirkət isə bunun səbəbini hər iki binaya əlavə mərtəbə tikilməsi ilə əsaslandırır".
Sakinlər bunu qanunsuz və əsassız hesab edir, layihədə nəzərdə tutulmadığını və payçıların hüquqlarını kobud şəkildə pozduğunu vurğulayırlar:
"Sakinlərlə bağlanılan müqavilələrdə tikintinin bitmə tarixi göstərilməyib, bu da şirkətin məsuliyyətdən yayınmasına şərait yaradıb".
Şikayətçilər iddia edirlər ki, "Şərq İnşaat" MMC-nin faktiki sahibi Rəfail Məmmədovdur. Onun şirkəti başqalarının adına rəsmiləşdirdiyi, hətta tikilməyən mərtəbələrdən belə, mənzillər sataraq insanların etibarından sui-istifadə etdiyi bildirilib.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.(oxu.az)