“YAXIN AYLAR ÜÇÜN PROQNOZLAR ACINACAQLIDIR...” –Trampın Putinlə bağlı “strategiyası” fiaskoya uğradı

ABŞ Prezidentinin bu strateji səhvi həm özünə, həm də Kiyevə baha başa gəlir
Bir ABŞ Prezidenti Vladimir Putini şəxsi nüfuzundan və “dostluğundan” istifadə edərək, Çindən ayırıb, özünə yaxınlaşdıra biləcəyinə inanacaq qədər primitiv düşünə bilərdimi? Bilməzdi. Amma Tramp bunu “bacardı”, özünü və komandasını bunun mümkünlüyünə inandırdı. Bunun acı nəticəsi isə göz önündədir...
Yenixeber.org: Trampın Ukraynaya və Avropaya qarşı saymazyana, hətta bəzən xəyanətkar münasibətlə Putini öz tərəfinə çəkmək “strategiyası” fiaskoya uğrayıb və bunu artıq Qərb mətbuatı da görür. Məsələn, CNN qeyd edir ki, Trampın öz şəxsiyyətindən istifadə edərək Vladimir Putini sülhə razı salmağa inanması, özü və Putin barədə şişirdilmiş təsəvvürə malik olmasından irəli gəlir.
Analitik Nik Peyton Uolş qeyd edir ki, bu səhv strategiya nəticəsində Moskva Pekinin enerji təchizatında getdikcə artan ölçüdə vassala çevrildi. Rusiyanın Çinə qarşı ABŞ-nin potensial müttəfiqinə çevrilə biləcəyi barədə tələsik strateji nəticə isə özünü doğrultmadı.

Bildirilir ki, Trampın bu strateji səhvi ilk növbədə Ukraynaya olduqca baha başa gəldi. Bu, bir tərəfdən Ukraynanın ABŞ cəmiyyətində və bütünlükdə Qərbdə birmənalı dəstəyinin üzərinə kölgə saldısa, digər tərəfdən də Rusiyanın cəbhədə irəliləməsinə, hərbi üstünlüyünün möhkəmlənməsinə şərait yaratdı.

"Gələcək aylar üçün proqnozlar acınacaqlıdır. Putin Ukraynanın şərqindəki qoşunlarının təzyiqini strateji əhəmiyyət kəsb edən ərazi qazancına çevirə bilər. Bu arada Tramp çox güman ki, Moskvanın kursunu dəyişməsi üçün kifayət qədər ağrılı, lakin diplomatik kanalları açıq saxlamaq üçün kifayət qədər yumşaq iqtisadi cavab vermək çətinliyi ilə üzləşəcək", - deyə analitik bildirir.
Əlavə edək ki, Kiyevə son zamanlar intensivləşən amansız hava zərbələri əslində Rusiya diplomatiyasının uğursuzluğunun əksidir. Çünki Tramp Putindən istədiyini ala bilmədiyi kimi, Putin də Trampdan gözlədiyini ala bilmir. Ən əsası isə Moskva sadəcə olaraq sülh istəmir. Ukrayna Nazirlər Kabinetinin binasının vurulması da bunun göstəricisidir və həmin zərbənin təsadüfi, yoxsa qəsdən həyata keçirilən hücum olub-olmamasının elə bir fərqi yoxdur. Fakt odur ki, Trampın bütün gözləntilərinə rəğmən, Putin eskalasiyanı daha da artırır və artıq Kiyevin mərkəzini – hökumət binaları və diplomatik korpusların yerləşdiyi əraziləri çəkinmədən vurur.

Beləliklə, Trampın prezidentliyinin ötən səkkiz ayı Ukraynanın müdafiəsi və Avropanın təhlükəsizliyinin təmin edilməsi baxımından boşa getdi. Moskva ilə mənasız yaxınlaşma və NATO-nun nüfuzunun zədələnməsi, onun mövcudluğunun belə sual altına alınması vəziyyəti daha da pisləşdirdi. İndi Tramp mənasız illüziyaları ilə baş-başa qalmış, nə edəcəyini bilməyən, aydın planı və təsəvvürü olmayan çaşqın biri kimi görünür.
Ümumilikdə Tramp administrasiyasının bütün bu baş verənlərədən əsas “qazancı” isə aldığı acı dərs oldu. Bəs bu dərsdən nəticə çıxarılacaqmı?(Azpolitika)
Cəlal Məmmədli