Qafqazdakı sülhün Çindən gələn “ayaq səsləri” -ŞƏRH

Ekspert: Postmünaqişə reallığı regionda uzun müddətə bərqərar olur
Yenixeber.org: Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar iki ölkə arasında diplomatik münasibətlərin qurulması barədə birgə kommünike imzalayıblar. Bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, imzalanma mərasimi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çinin Tyantszin şəhərində keçirilən sammiti çərçivəsində baş tutub. Kommünikenin imzalanması ilə Ermənistan və Pakistan arasında diplomatik münasibətlər qurulub.
Hər iki ölkənin hökuməti BMT Nizamnaməsinə uyğun olaraq dostluq münasibətlərini inkişaf etdirməyə ümid edir. Buraya suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət, təcavüzdən imtina, bir-birinin daxili işlərinə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc yaşamaq prinsipləri daxildir.
Ermənistan və Pakistan hökumətləri Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasına və beynəlxalq normalara uyğun olaraq diplomatik əlaqələrin həyata keçirilməsi üçün nümayəndələrin mübadiləsi və zəruri yardım göstərilməsi barədə razılığa gəliblər.
Ermənistan XİN-i sənədin imzalanmasından əvvəl iki ölkənin xarici siyasət rəhbərlərinin apardığı danışıqlar barədə də məlumat verib. Söhbət zamanı tərəflər Ermənistanla Pakistan arasında diplomatik münasibətlərin qurulmasını məmnuniyyətlə qeyd edərək, ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Regional məsələlərə toxunan Mirzoyan Ermənistanın Cənubi Qafqazda davamlı sülhün bərqərar olunması istiqamətindəki səylərini təqdim edib və bu kontekstdə İrəvanla Bakı arasında sülhün təmin olunduğunu vurğulayıb. Pakistan XİN rəhbəri bununla bağlı XİN rəhbəri həmkarını təbrik edib.
Xəbər olduqca maraqlı və diqqətəlayiqdir. Bəs, bu nədən xəbər verir? Məlum olduğu kimi, Pakistan hökuməti Qarabağın işğal edilməsini əsas gətirərək Ermənistan-Azərbaycan münaqişəsinin əvvəlindən açıq şəkildə Bakının mövqeyini dəstəkləyib və məhz bu səbəbdən 30 ildən artıq müddətdə Ermənistanla diplomatik münasibətlər qurmaqdan imtina edib. Azərbaycan rəhbərliyi də bunu həmişə xüsusi olaraq vurğulayıb. Elə isə hazırda baş verənlər Ermənistanla Azərbaycan arasında sülhün birmənalı şəkildə təmin olunmasının, geri dönüşü olmayan nöqtəyə çatdığının sübutu ola bilərmi? Yəni, onların arasında yeni müharibə ehtimalı tamamilə tarixə qovuşub?
Pressklub.az-ın suallarını beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz” Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə cavablandırıb.
Onun fikrincə, bu addım əslində regiondakı münasibətlər sisteminin transformasiyası prosesinin geriyə dönməsi mümkün olmayan mərhələyə daxil olduğunu göstərir: “Bu transformasiyanın əsasını Azərbaycanın formalaşdırdığı postmünaqişə reallığı təşkil edir. Bu mühüm sənədin – İrəvan və İslamabad arasında diplomatik münasibətlərin qurulması barədə sazişin imzalanması faktı göstərir ki, postmünaqişə reallığı ən azı uzun müddətə formalaşır, qalıcı xarakter alır. Yəni, bunun geri dönüşü yoxdur.
Digər tərəfdən, təbii ki, vəziyyətin gərginləşməsi riski həmişə qalır. Təəssüf ki, Ermənistanda vəziyyəti geri çevirmək, Azərbaycanla münasibətləri gərginləşdirmək, sülh prosesini ləngitmək istəyən qüvvələr mövcuddur. Onlar hakimiyyətə can atır, revanş istəyirlər. Bu gün üçün olduqca az ehtimal olunan bu mənfi ssenari gerçəkləşərsə, hər an diplomatik münasibətləri kəsmək və siyasəti dəyişdirmək mümkündür. Amma hazırkı şəraitdə bu ssenarini ciddi qəbul edənlərin sayı azdır. Əksinə, ehtimallar və proqnozlar daha çox ondan ibarətdir ki, sülh gündəliyi regionda daha dərin dəyişikliklərə gətirib çıxaracaq – kommunikasiyalar açılacaq, genişmiqyaslı iqtisadi, nəqliyyat və logistika layihələri həyata keçiriləcək. Bu da bütün iştirakçılar, o cümlədən regiondan kənar qüvvələr üçün prosesdə birbaşa iştirak imkanı yaradacaq”.
Analitik ümid edir ki, İrəvanla İslamabad arasında diplomatik münasibətlərin qurulmasına dair sənədin imzalanması fonunda ölkələrimiz pan-Asiya təhlükəsizlik platformalarına daha çox inteqrasiya olunacaq və bu da regionda formalaşan yeni təhlükəsizlik arxitekturasını möhkəmləndirəcək. “Tərəflər qarşıdurma gündəliyindən əməkdaşlıq istiqamətinə keçirlər. Hər iki ölkənin Şanxay Əməkdaşlıq Təşkilatı sammitində iştirakı da bunu bir daha sübut edir.
Bundan əlavə, ümumilikdə bu qurumun effektivliyini də qeyd etmək lazımdır. Təsadüfi deyil ki, sammitdə bu yaxınlarda aralarında çox sərt qarşıdurmaya olan iki ölkənin – Pakistan və Hindistanın liderləri iştirak edir. Hətta Hindistanın Baş naziri Narendra Modi Çində keçirilən tədbirdə iştirak edir. Halbuki, Çin Hindistan üçün strateji rəqib və siyasi rəqib kimi qəbul olunur. Amma Modinin bu tədbirdə iştirakı bir daha göstərir ki, siyasət bəzən KİV-də təqdim olunduğundan daha mürəkkəbdir. Burada təhlükəsizliyin təmin edilməsi maraqları var. Şübhəsiz ki, Çinlə Hindistan, Hindistanla Pakistan arasında ziddiyyətlər qalır. Amma bu, onların daha güclü və proqnozlaşdırıla bilən sülh naminə əməkdaşlıq etməyə mane olmur. Bu ölkələrdən heç biri böyük və geniş miqyaslı müharibədə maraqlı deyil.
Bunu eynilə Azərbaycanla Ermənistan barədə də söyləmək olar. Bu gün yalnız ağlı yerində olmayan yeni müharibədə maraqlı ola bilər. Təəssüf ki, Ermənistanda belə adamlar çoxdur. Amma ümid edək ki, vəziyyətin transformasiyası fonunda, zamanla, regionda mövcud reallığı düzgün qiymətləndirə bilməyənlərin sayı azalacaq, sülh və sabitlik bölgəmizdə uzunmüddətli perspektivdə möhkəmlənəcək”.
Rauf Orucov