Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

Üçüncü Dünya müharibəsi təhlükəsi? –Yaxın 5 ildə 5 böyük münaqişə təhlükəsi

news content


Bəşəriyyət sürətlə təhlükəli həddə yaxınlaşır...

Yenixeber.org: “Politico” qəzeti ABŞ kəşfiyyatının məlumatları və ekspertlərin rəylərinə istinad edərək yazır ki, yaxın beş ildə dünyada beş böyük münaqişə alovlana bilər.

Nəşrin məlumatına görə, eskalasiya ehtimalı ən çox Hindistanla Pakistan arasındadır. Hər iki ölkə oxşar nüvə arsenalına malikdir. Lakin Pakistanın hərbi doktrinasında nüvə silahından istifadə şərtinin çox aşağı həddə olması xüsusi narahatlıq doğurur.

Potensial münaqişə ocaqlarından biri də Çinlə Tayvan arasındakı qarşıdurmadır. Bu da Asiyada güc balansını dəyişə bilər. “Politico” qeyd edir ki, ABŞ ənənəvi olaraq Tayvanı dəstəkləyib. Amma Donald Trampın bu xətti nə dərəcədə qətiyyətlə davam etdirəcəyi hələlik bəlli deyil.

Digər risklər arasında Rusiyanın Baltik ölkələrinə mümkün müdaxiləsi də var. Bu da NATO üçün sınaq olacaq. Eyni zamanda, Hindistan-Çin sərhədində də gərginlik yüksək olaraq qalır və burada böhranın qarşısını almaq üçün hələ də təsirli mexanizm mövcud deyil.

Nəhayət, ekspertləri ən çox narahat edən məsələ Koreya yarımadasındakı vəziyyətdir. Nüvə silahına malik Kim Çen In rejimini qətiyyən proqnozlaşdırmaq mümkün deyil və onun ölkədə hakimiyyətini gücləndirməyə yönəlmiş istənilən addımı münaqişənin kəskinləşməsinə səbəb ola bilər.

Bütün kəşfiyyat və ekspert hesabatları onu göstərir ki, bəşəriyyət artıq Üçüncü Dünya müharibəsinin astanasındadır? Üstəlik, proqnozlaşdırılan münaqişələrin iştirakçısının çoxunun nüvə silahına malik olduğunu nəzərə alsaq, bu, milyonlarla insanın həyatını itirməsi, eləcə də müasir sivilizasiyanın sonu demək deyilmi?

Bu proqnozlara münasibət bildirən politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu pressklub.az-a açıqlamasında bildirib ki, hazırda Üçüncü Dünya müharibəsi barədə çoxlu söz-söhbət var, amma onun nə dərəcədə real olduğunu indidən söyləmək çətindir. 

“Amma bir fakt artıq aydındır – İkinci Dünya müharibəsindən sonra mövcud olan qlobal təhlükəsizlik sistemi bu gün tamamilə dağılır. Və yeni qlobal müharibə üçün yalnız bu deyil, dəyişən iqtisadi vəziyyət də təhdid yaradır. Yəni, 1990-cı ilə – SSRİ-nin süqutuna qədər dünyada ikiqütblü sistem mövcud idi. O zaman hər şey aydın idi – qarşı-qarşıya duran tərəflər vardı və onların arasında mövcud dünya nizamını qorumaq üçün müəyyən razılaşmalar da mövcud idi. Təhlükəsizlik sistemi də məhz bu nizamın mövcudluğunu təmin edirdi. 

Amma bu sistem dağıldı. O, xüsusilə Rusiyanın Ukraynaya hücumundan sonra tam çökdü. Buna görə də indi Üçüncü Dünya müharibəsi riskinin real olması barədə danışmaq əsassız deyil. Bunun üçün real zəminlər mövcuddur.

Yaddan çıxarmayaq ki, 1990-cı ildən sonra yeni nüvə dövlətləri meydana çıxdı – Hindistan, Pakistan, Şimali Koreya, Çin. Bəli, çin bundan əvvəl də nüvə dövləti idi. Amma o zaman bugünkü imkanları yox idi. İsrail də faktiki olaraq nüvə dövlətidir. Müxtəlif mənbələrə görə, İsrailin təxminən 100 nüvə başlığı var”.

Ərəstun Oruclunun fikrincə, nüvə müharibəsi təhlükəsini artıran digər amillər də mövcuddur: “Əgər biz nisbətən bu yaxınlarda nüvə silahı əldə etmiş dövlətlərə nəzər yetirsək, onların əksəriyyəti avtoritar üsullarla idarə olunur. Məsələn, Pakistanın rəsmi hərbi doktrinasında nüvə silahından istifadə şərtinin aşağı həddə olduğu məlumdur. Digər nüvə ölkələrinin doktrinalarında nüvə silahından istifadə üçün konkret mexanizmlər, hərbi və siyasi hakimiyyətdəki bu və ya digər rəsmi şəxslərin razılığı tələb olunur. Amma məsələn, Şimali Koreyada kimsə diktatorun əmrinə tab olmaya və nüvə zərbəsi endirmək barədə sənədi imzalamaya bilərmi? Məncə, mümkün deyil. Hətta eyni sualı Rusiya, Hindistan və ya Pakistan üçün də vermək olar. Bütün bunlar onu göstərir ki, hüquqi kollaps mövcuddur. Bu da kütləvi qırğın silahlarının, o cümlədən nüvə silahının istifadəsi üçün əlverişli zəmin yaradır”.

O, qeyd edir ki, ilk baxışdan Birləşmiş Ştatlarda bütün münasibətlər hüquqi mexanizmlərlə tənzimlənir. “Amma bu ölkədə də hüquqi sistem artıq tənəzzülə uğrayır. Gəlin, son hadisələrə baxaq – açıq-aydın nümunə: ABŞ-ın hərbi kəşfiyyat rəhbəri İranın nüvə obyektlərinə endirilən zərbələrin nəticələri barədə məruzə təqdim edir, bu məruzə Donald Trampın xoşuna gəlmir və nəticədə o, vəzifədən uzaqlaşdırılır. Və indi sual yaranır: məsələn, Pentaqonun nüvə silahının tətbiqinə görə prezidentlə bərabər məsuliyyət daşıyan yüksək vəzifəli şəxsləri Trampın iradəsinə qarşı çıxa bilərlərmi? Halbuki, ABŞ-da hüquqi mexanizmlər hələ tam dağıdılmayıb. Bütün bunlar həqiqətən də, qlobal müharibənin başlaya biləcəyi təhlükəsini real edir.

Artıq bir çox beynəlxalq mərkəzlər proqnozlaşdırıblar ki, 2025-ci ildə dünyada genişmiqyaslı müharibənin başlaya biləcəyi 10 potensial ocaq mövcuddur. Əgər müharibə başlasa (bunu heç kim istisna edə bilməz), iş kütləvi qırğın silahlarına qədər gedib çıxsa, təbii ki, bu, sivilizasiyanın faktiki sonu olacaq. Onlar hansısa mərhələdə dayana biləcəklərmi, bunu önləyə biləcəklərmi? Bunlar çox böyük suallardır. Təəssüf ki, mən bu məsələdə nikbinliyə əsas verəcək səbəblərin yetərli olmadığını düşünürəm.

Halbuki bir daha deyirəm: nüvə doktrinalarının fərqliliyinə baxmayaraq, qlobal təhlükəsizlik sisteminin dağılmasına qədər nüvə təhlükəsizliyi sahəsində müəyyən razılaşdırılmış addımlar mövcud idi. Karib böhranından sonra ABŞ ilə Sovet İttifaqı arasında məhz nüvə təhlükəsizliyi ilə bağlı hətta birbaşa telefon rabitəsi də qurulmuşdu. Bu gün isə Rusiya bəzi rəsmi şəxslərin dili ilə dünyanı nüvə silahı ilə hədələyir, Şimali Koreya isə ümumiyyətlə heç bir beynəlxalq norma ilə hesablaşmır – deməli, onlardan hər cür addım gözləmək olar. Çünki bu gün nüvə silahı əsasən avtoritar, populist və korrupsiyalaşmış liderlərin əlindədir. Bu isə təbii ki, böyük fəlakətlərin, ilk növbədə də nüvə silahının tətbiqi ilə qlobal müharibələrin yaranması riskini daha da artırır.

Ümid edək ki, hələ də müəyyən razılaşdırma mexanizmləri mövcuddur və bəzi əlaqə kanalları işləkdir. Amma bu gün başqa bir təhlükə də realdır: müxtəlif ölkələrin nüvə doktrinalarında əksini tapan müddəalar real həyatda, praktikada işləmir. Sadəcə kağız üzərində formallıq, vəssalam. Əgər bu belədirsə, onda şübhəsiz ki, dünyanı qat-qat həssas və müdafiəsizdir”, – Oruclu yekunlaşdırıb.

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam