Bu ölkədə “İkinci Ukrayna” ssenarisi:savaş hazırlığı gedir
ABŞ Dövlət katibinin birinci müavini Uendi Şerman Hind-Sakit okean bölgəsiylə bağlı keçirilən seminarda bildirib ki, Vaşinqton Pekinin Tayvana qarşı hərbi əməliyyata başlaması ehtimalını istisna etmir. Şerman bunun baş verməməsi üçün ABŞ administrasiyasının bütün imkanlardan istifadə etdiyini deyib.
Yenixeber.org: Vaşinqton nədən hesab edir ki, Pekin Tayvana müdaxilə edə bilər?
Bu suala “Atlas” Araşdırmalar Mərkəzi aydınlıq gətirməyə çalışıb.
Təhlildə bildirilib ki, Vaşinqtonun bu ehtimalı Çin lideri Si Szinpinin Kommunist Partiyasının son qurultayındakı çıxışı ilə əlaqəlidir:
“Szinpin çıxışında demişdi ki, Tayvanı Çinə birləşdirmək istəyir: “Biz bu məsələni danışıqlar yolu ilə həll etməyə çalışırıq. Ancaq danışıqlar nəticə verməsə, hərbi gücdən də istifadə edə bilərik”. Si Szinpinin məhz son cümləsi Vaşinqtonda Pekinin Tayvana qarşı hərbi əməliyyata başlaya biləcəyi fikrini formalaşdırıb.
ABŞ rəsmiləri və diplomatları son vaxtlar çinli həmkarlarıyla dialoqu genişləndiriblər. Məqsəd Pekini hərbi əməliyyata başlamaq fikrindən daşındırmaqdır. Vaşinqton digər tərəfdən Tayvanın hərbi potensialını da artırmaq siyasəti yürüdür ki, müharibənin başlayacağı təqdirdə ada özünü qoruya bilsin. Bəzi amerikalı ekspertlər müharibənin başlayacağı təqdirdə ABŞ-ın birbaşa savaşda iştirak etməyəcəyi qənaətindədir. Bu, bir növ Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə bənzəyəcək. ABŞ birbaşa müharibədə iştirak etmir, ancaq Ukraynaya maliyyə və hərbi yardım göndərir, Ukrayna ordusunun imkanlarını artırır. Vaşinqton Ukrayna üçün etdiklərini Tayvan üçün də edəcək.
Bu arada, Çin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ı dünyada xaos yaratmaqda ittiham edib. Sözçü Vaşinqtonun siyasəti ilə bağlı Pekinin mövqeyini açıqlayıb. Pekin hesab edir ki, ABŞ məqsədinə çatmaq üçün siyasi təhdiddən, iqtisadi sanksiyalardan və texnolgiyaların yayılmasının qarşısının alınması üsullarından istifadə edir. Çinli diplomat misal kimi Suriya və İraqı göstərib. Pekinin mövqeyi belədir ki, Vaşinqton bu üsullarla beynəlxalq və regional təhlükəsizliyə zərər verir. Çinli diplomat Vaşinqtonu Çinə qarşı təhdidlərdən əl çəkməyə çağırıb.
Pekinin çinli diplomat vasitəsilə mesajını Vaşinqton nəzərə almayacaq. Vaşinqton hədəflərini müəyyənləşdirib və ilk sırada Çin dayanır. Bir neçə il əvvəl ABŞ üçün əsas təhdid beynəlxalq terrorrizm idi. Bu təhlükə yox olmasa da, zəifləyib. Ona görə də Vaşinqton üçün təhdidlər sırasında Çin beynəlxalq terrorizmdən ön plana çıxıb”.