Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Prezidentin bu gün keçirdiyi müşavirə-TAM MƏTN

Prezidentin bu gün keçirdiyi müşavirənin TAM MƏTNİ 

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib.

Yenixeber.org: Dövlətimizin başçısı müşavirədə giriş nitqi söylədi.

Prezident İlham Əliyevin giriş nitqi:

-İlin üç ayı arxada qaldı. Bu gün biz görülmüş işləri təhlil edəcəyik, eyni zamanda, ilin sonuna qədər olan planlar haqqında danışacağıq. Bu ilin üç ayında ölkəmiz bütün sahələrdə uğurla inkişaf edib. Biz bu üç ayın yekunlarını keçən il əldə edilmiş uğurların davamı kimi qiymətləndirməliyik.

Keçən il ölkəmizin həyatında çox əlamətdar bir il olmuşdur. Müharibədən sonra birinci il olmuşdur. Əlbəttə ki, müharibədən sonrakı dövr üçün keçən ilin çox böyük əhəmiyyəti olmuşdur. Bizim əsas məqsədimiz keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək idi, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi və hər iki istiqamət üzrə nəticələr göz qabağındadır.

Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşımızda duran bütün vəzifələr icra edilmişdir. Biz, ilk növbədə, beynəlxalq təşkilatlarla öz təmaslarımızı, fəal əməkdaşlığımızı davam etdirmişik və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. İlk növbədə, BMT xətti ilə Şuşa şəhərində bu yaxınlarda beynəlxalq tədbir keçirilmişdir – Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir. Bu, çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur. Əlbəttə ki, biz BMT-yə üzv olandan sonra işğalla üzləşdiyimiz dövrdə gördük ki, BMT, onun Təhlükəsizlik Şurası ədalətli qərarlar qəbul etmişlər. Əfsuslar olsun ki, bu qərarlar 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmışdır. Ancaq Qarabağ münaqişəsinin həlli, Azərbaycan tərəfindən birtərəfli həlli, eyni zamanda, BMT-nin üzərindən bu yükü götürmüş oldu. Şuşa şəhərində bu tədbirin, bir daha demək istəyirəm ki, xüsusi əhəmiyyəti var idi və təsadüfi deyil ki, Ermənistanda bu, növbəti panikaya, isterikaya səbəb olmuşdur.

Digər aparıcı beynəlxalq təşkilatlardakı fəaliyyətimiz də uğurlu idi. BMT-dən sonra ən böyük beynəlxalq təsisat Qoşulmama Hərəkatıdır. Qoşulmama Hərəkatına hazırda Azərbaycan sədrlik edir və bildiyiniz kimi, bütün üzv dövlətlərin razılığı və dəstəyi ilə bizim sədrliyimiz bir il daha da uzadıldı. Bu, bizə göstərilmiş böyük etimadın təzahürüdür. Qoşulmama Hərəkatı Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirmişdir və hesab edirəm ki, müharibədən sonra bu istiqamətdə əlavə önəmli hadisələr baş vermişdir. Birmənalı şəkildə Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur.

Digər böyük beynəlxalq təşkilat İslam Əməkdaşlıq Təşkilatıdır. İslam Əməkdaşlıq Təşkilatı işğal dövründə dəfələrlə ədalətli, bizim mövqeyimizi əks etdirən qərar-qətnamələr qəbul etmişdir. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri səviyyəsindəki toplantıda bir daha bir neçə qətnamə – Azərbaycan mövqeyini dəstəkləyən, o cümlədən Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılmasına dair önəmli qərar-qətnamələr qəbul etmişdir və təşkilatın rəhbərliyi azad edilmiş torpaqlara səfərlər etmişlər.

ATƏT, hansı ki, Minsk qrupuna mandat vermişdir. ATƏT də yeni reallıqları tam qəbul edib. Bu yaxınlarda ATƏT-in fəaliyyətdə olan sədri ilə mənim görüşüm olub və görüş bir daha onu göstərdi ki, ATƏT də yeni reallıqları qəbul edir və bu da çox əlamətdar hadisədir. ATƏT-in Minsk qrupuna gəldikdə, müharibədən dərhal sonra Minsk qrupunun həmsədrləri Bakıya gəlmişdilər. Bu, onların Azərbaycana müharibədən sonra birinci və sonuncu səfəri idi və o görüşlə bağlı mətbuatda kifayət qədər məlumat var, təkrar etmək istəmirəm. Bizim mövqeyimiz həmişə birmənalı olub. Biz müzakirə zamanı nəyi demişiksə, rəsmi açıqlamalarda da eyni tezisləri, eyni fikirləri səsləndirmişik. Biz bu münaqişəni özümüz həll etdik. Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur. Bu haqda çox danışmaq istəməzdim. Nəticə göz qabağındadır və bir daha demək istəyirəm ki, nəticə sıfır və Azərbaycan bu münaqişəni özü həll edib. Hərbi-siyasi yollarla həll edib. Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər. Müharibədən keçən dövr ərzində – son Rusiya-Ukrayna müharibəsinə qədər olan dövr ərzində biz bu məsələ ilə bağlı öz fikirlərimizi bildirmişdik. Bizim xarici işlər nazirimiz Minsk qrupunun həmsədrləri ilə müxtəlif beynəlxalq tədbirlərdə görüşmüşdür və biz deyirdik ki, siz bizə deyin görək, nə ilə məşğul olmaq istəyirsiniz? Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan ərazisində Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq. Siz nə ilə məşğul olmaq istəyirsiniz, deyin, biz də bilək və öz fikrimizi bildirək. Bir ildən çox müddətdə bu məsələ ilə bağlı bizə hər hansı bir təklif verilməmişdir. İndiki şəraitdə isə Minsk qrupu, onun həmsədrlər formatı faktiki olaraq qeyri-funksional vəziyyətdədir. Bunu artıq bu həmsədr ölkələrin yüksəkvəzifəli şəxsləri bildirirlər və belə olan halda, əlbəttə ki, hər hansı bir qrup şəklində fəaliyyətdən söhbət gedə bilməz. Hesab edirəm ki, ATƏT bir mötəbər beynəlxalq təşkilat kimi öz rolunu oynaya bilər. Bu yaxınlarda qeyd etdiyim kimi, ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşlər əsnasında mən bildirmişdim ki, vətəndaş cəmiyyətinin nümayəndələri, media nümayəndələri, digər ictimai rəyə nüfuz, yəni təsir edə bilən şəxslər ATƏT-in fəaliyyəti çərçivəsində, yəni ki, bu format çərçivəsində görüşlər keçirə bilərlər ki, Ermənistan-Azərbaycan əlaqələri normallaşsın. İndi gündəlikdə duran məsələ budur. Dağlıq Qarabağ münaqişəsi həll olunub. İndi məsələ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır və istənilən beynəlxalq təşkilat, bu sahədə öz töhfəsini verə bilən təşkilat, əlbəttə ki, qəbulediləndir.

Eyni zamanda, Avropa İttifaqı ilə bizim təmaslarımız müharibədən sonra daha intensiv xarakter almışdır. Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirilmişdir. Görüşlər haqqında məlumat verilmişdir, bu məsələ ilə əlaqədar çox da danışmaq istəmirəm. Ancaq, əlbəttə ki, həm ekspertlər, həm Azərbaycan ictimaiyyəti gördülər ki, yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur, bu da təbiidir. Çünki Azərbaycan buna etiraz etmişdir və “münaqişə” sözü də yoxdur. Bu da təbiidir, çünki münaqişə yoxdur. Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə – 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir. Bildiyiniz kimi, Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir. Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da yəni, aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. Yəni, əgər bu 5 prinsipi qəbul edirsə, – bu, aprel görüşündə təsdiqləndi, – bu məsələlər bu 5 prinsipin tərkib hissəsidir. Bu, çox müsbət haldır və hesab edirəm ki, ikitərəfli əlaqələrin normallaşdırılması üçün əsas şərtdir. Razılaşdırıldı ki, həm sərhədlə, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qrupları yaradılsın. Bildiyiniz kimi, bu günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında hesab edirəm ki, yaxın tarixdə, bəlkə də son 30 il ərzində birinci dəfə telefon söhbəti də olmuşdur. Biz bunu da müsbət qiymətləndiririk. Çünki iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir. Buna köməklik göstərmək istəyənlər kömək göstərməlidirlər. Mən bunu belə görürəm, bizim mövqeyimiz bundan ibarətdir. Hesab edirəm ki, sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır. Bu prosesə biz çox böyük ümidlərlə baxırıq və vaxt itirmək lazım deyil. Hər halda, biz bunun tərəfdarıyıq ki, vaxt itirmədən məsələnin həllinə başlayaq.

Beləliklə, bir daha demək istəyirəm, müharibədən dərhal sonra apardığımız siyasət, beynəlxalq təşkilatlardakı fəaliyyətimiz, ikitərəfli formatda böyük dövlətlərlə əlaqələrimiz, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda baş verən inkişaf və hadisələr, bax, bu reallıqlara gətirib çıxarıb. Onu da bildirməliyəm ki, biz beynəlxalq təşkilatlarla yanaşı, qonşu ölkələrlə də sıx əlaqədə idik. Bütün qonşu ölkələr yeni, postmünaqişə reallıqlarını qəbul etmişlər və bu da çox müsbət hal kimi qiymətləndirilməlidir. Eyni zamanda, 3+3 əməkdaşlıq formatının işə düşməsi də bizi sevindirir. Birinci belə görüş keçirilmişdir. Birinci görüşün gündəliyi yox idi. Bu, sadəcə olaraq, bu formatı yaratmaq üçün bir görüş idi. İkinci görüş üçün gündəliklə bağlı bizim planlarımız var, hansı məsələlər orada müzakirə olunmalıdır. Hesab edirəm ki, yaxın gələcəkdə ikinci görüş də keçirilməlidir. Yəni, vaxt itirmək lazım deyil. Bizə bu formatlar, sadəcə olaraq, görüntü naminə lazım deyildir. Bu formatlar əgər konkret nəticə verməsə, onda onun əhəmiyyəti də itəcəkdir.

Biz real işlərin tərəfdarıyıq və gələcəkdə bölgənin inkişafı ilə bağlı bizim çox aydın təsəvvürümüz var, biz bilirik nə istəyirik və öz məqsədlərimizə bundan sonra da çatmaq üçün bütün imkanlardan istifadə edəcəyik. Bax, postmünaqişə dövrü ilə bağlı əsas məsələlər bundan ibarətdir və bu işlərin böyük hissəsi 2021-ci ildə, bir hissəsi isə bu ilin üç ayında görülüb. Bu, bizə imkan verir ki, əgər bütün bu gündəlik həyatda öz əksini taparsa, bölgədə, doğrudan da Cənubi Qafqazda sülh olacaq, əmin-amanlıq olacaq, müharibə riskləri böyük dərəcədə azalacaq və beləliklə, biz rahat yaşaya bilərik. Azərbaycan xalqına xas olan yüksək xüsusiyyətləri nəzərə alaraq qurub yarada bilərik. Bunu edirik və bu haqda da bu gün danışacağıq.

Eyni zamanda, əlbəttə, biz heç vaxt bu işğalı unutmamalıyıq, erməni vəhşiliyini unutmamalıyıq. Eyni zamanda, onu da unutmamalıyıq ki, bu gün Azərbaycan güclüdür, Ermənistan zəifdir. Ermənistan tərəfinin davranışı da məhz bu amillərə söykənir. Biz real həyatda yaşayırıq və 1990-cı illərin əvvəlində Ermənistan tərəfindən bizə qarşı aparılmış etnik təmizləmə siyasətini, Xocalı soyqırımını, işğalı heç vaxt unutmamalıyıq, azərbaycanlılar kimi həmişə bizim yaddaşımızda olmalıdır. Məsuliyyətli insanlar kimi həmişə biz hər şeyə hazır olmalıyıq.

Əlbəttə, gələcəyə baxdıqda, mən tam əminəm ki, Azərbaycan daha da güclənəcək. Bu gün digər məsələləri müzakirə edərkən bir daha Azərbaycan ictimaiyyəti bunu görəcəkdir. Ermənistanın isə inkişafı onun özündən asılı olacaq, Ermənistanın qonşu ölkələrə olan münasibətindən asılı olacaq. Çünki indi hər kəsə aydındır ki, Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz və onların 30 illik işğalçılıq siyasəti onların özlərinə baha başa gəldi. Onlar real müstəqil ölkə olmaq şansını itirmişlər. Biz isə 30 il ərzində, – baxmayaraq ki, torpaqlarımız işğal altında idi, – tam siyasi və iqtisadi müstəqilliyə nail olmuşduq. Ona görə bu gün inamla və qürurla öz sözümüzü bütün kürsülərdə deyirik. Ona görə Ermənistan üçün bəlkə də bu, son şansdır. Ya ölkə inkişaf edəcək, ya da daha ağır vəziyyətə düşəcək. İnkişaf üçün də, bir daha demək istəyirəm ki, ilk növbədə, Azərbaycan və Türkiyə ilə əlaqələr beynəlxalq hüquq norma və prinsiplər əsasında normallaşmalıdır.

Qeyd etdiyim kimi, biz heç nəyi unutmamışıq və unutmayacağıq. Ona görə müharibədən dərhal sonra bütün başqa bərpa işləri ilə bərabər, biz həmişə olduğu kimi hərbi sahəyə də fikir vermişik. Bildirməliyəm ki, müharibədən sonra Türkiyə və İsrail şirkətləri ilə yeni, böyük kontraktlar imzalandı. Bəzi kontraktların icrası başlanmışdır, bəzi kontraktların icrası başa çatmışdır, bəzilərinin isə icrası davam edir.

Müharibənin 44 gününün hər günü dərindən təhlil edildi və əlbəttə, bu təhlil bizə imkan verdi ki, biz gələcək ordu quruculuğumuzu real vəziyyətə əsaslanaraq quraq. Bunu nəzərə alaraq yeni silahların, texnikaların alınması da təşkil edilir. Bununla bərabər, müharibədən sonra Müdafiə Nazirliyində struktur islahatları aparılmışdır, struktur dəyişikliyi edilmişdir və bu, ordumuzu daha da gücləndirəcək, daha da müasirləşdirəcək. Müharibədən sonra yeni qoşun növü – Komando növü yaradılmışdır və Hadrutda birinci Komando hərbi bazasının açılışında mən şəxsən iştirak etmişəm. Bu, çox güclü bir qoşun növüdür. Əminəm ki, hazırda artıq bu qoşun növü istənilən vəzifəni icra edə bilər. Biz isə sadəcə olaraq, komandoların sayını ildən-ilə artıracağıq. Hesab edirəm ki, onların sayı ilə bağlı məlumat vermək yersizdir, ancaq hər kəs bilməlidir ki, minlərlə tam hazırlıqlı döyüşçü artıq hazırlanıb və hazırlanacaq.

Bununla paralel olaraq, İkinci Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırıldı və artırılacaq. Hərbi məsələlərin həlli üçün nə qədər vəsait lazımdırsa, o qədər də vəsait ayrılacaq və ayrılır. Ermənistanda isə tam bu, fərqlidir. Ermənistanda xaricdən nə qədər maliyyə yardımı, yaxud da qaytarılmayan kreditlər ayrılarsa, onlar o qədər də xərcləyə bilərlər. Bu məsələyə də mən aydınlıq gətirmək istəyirəm. Hesab edirəm ki, bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır. Ermənistanın özünün silah almağa pulu yoxdur, heç vaxt da olmayıb. İkinci Qarabağ müharibəsində biz Ermənistanın haradasa 4-5 milyard dollarlıq dəyərində hərbi texnikasını məhv etmişik. Bu texnikanın bir hissəsi qənimət kimi götürülüb, biz ondan istifadə edirik. Bir hissəsi isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Sual olunur: Kasıb ölkədə bu qədər pul haradandır? Bu kreditlər haradandır? Bu kreditlərin sonra pulu qaytarılıbmı, qaytarılmayıbmı? Yoxsa silinib? Əgər o kreditlər verilməsəydi, mən tam əminəm ki, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Ermənistan özü gəlib boynunu büküb razılığa gələrdi, necə ki, kapitulyasiya aktını imzaladı, bütün şərtlərimizi qəbul etdi və müharibədən sonra da necə deyərlər, tam başqa mövqe sərgiləyir. Ona görə əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, biz bunu qeyri-dost addım kimi qiymətləndirəcəyik və öz addımlarımızı buna uyğun şəkildə atacağıq.

Biz isə əlbəttə, öz hesabımıza yaşayan ölkə kimi bundan sonra ordu quruculuğuna, bir daha demək istəyirəm, nə qədər pul lazımdırsa, o qədər də ayıracağıq.

Postmünaqişə dövründə, əlbəttə, biz bütün bizim iqtisadiyyatla bağlı, ərazilərin bərpası ilə bağlı addımlarımızı ölçüb-biçilmiş şəkildə atmışıq və nəticələr də göz qabağındadır. Azərbaycanda postmünaqişə dövrü ilə bağlı bütün planlar yerinə yetirilir. Qeyd etdiyim kimi, beynəlxalq ictimaiyyət həm siyasi nöqteyi-nəzərdən bu reallıqları qəbul edib, eyni zamanda, bizə olan maraq daha da artıb – həm hörmət, həm maraq. Bu marağı biz böyük investisiya layihələrində görürük. Təkcə bu ilin üç ayında iki böyük investisiya layihəsinə start verildi – bərpaolunan enerji üzrə iki elektrik stansiyasının təməli qoyuldu. 470 meqavat gücündə olan stansiyalar xarici investorlar tərəfindən inşa edilir və gələn il istismara veriləcək. Beləliklə, böyük həcmdə təbii qaza qənaət edib öz ixrac imkanlarımızı genişləndirə bilərik. Eyni zamanda, bu, digər investorlar üçün də hesab edirəm ki, çox önəmli bir məsələdir. Hazırda həm aparılan islahatlar, həm şəffaflıq, həm kadr islahatları nəticəsində, eyni zamanda, İkinci Qarabağ müharibəsindəki Qələbəmiz nəticəsində Azərbaycana çox böyük maraq var. İş görmək, biznes əlaqələri qurmaq müraciətləri kifayət qədər çoxdur. Bu gün dünya miqyasında Azərbaycan nadir ölkələrdəndir ki, bu qədər marağı özünə cəlb edə bilib.

Bizim iqtisadi göstəricilərimiz də çox müsbətdir. Birinci rübün yekunları, bu rəqəmlər faktiki olaraq heç bir şərhə ehtiyac qoymur. Ümumi daxili məhsul 6,8 faiz artıb. Hazırda dünya, əgər belə demək mümkündürsə, postpandemiya dövrünə qədəm qoyur və bəlkə də “postpandemiya” sözünü işlətmək bir qədər tezdir. Amma hər halda, dünyadakı və Azərbaycandakı indiki vəziyyət buna işarə verir. Ona görə 6,8 faiz artan iqtisadiyyatımız hesab edirəm ki, böyük nailiyyət sayıla bilər. Qeyri-neft sektorunda isə bu, daha da yüksək rəqəmlərlə ölçülür. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında 18 faizdən çoxdur. Bu rəqəmlər özlüyündə dediyim sözlərin təsdiqidir. Çünki iqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması, həm ümumi daxili məhsuldakı payının, həm ixracdakı payının aşağı düşməsi – bütün bunlar reallıqlardır.

Xarici ticarət dövriyyəmiz 60 faizdən çox artıb. İxracımız təxminən iki dəfə artıb. Əlbəttə, burada neftin artan qiymətləri də nəzərə alınmalıdır. Ancaq qeyri-neft ixracımız da kifayət qədər artıb – 45 faiz. Bu da məhz aparılan islahatlar nəticəsində baş vermiş hadisədir. Mən başqa ölkələrlə Azərbaycanı heç vaxt müqayisə etməmişəm. Amma inanmıram ki, bir çox ölkələrdə buna oxşar statistika olsun. Əlbəttə, xarici ticarət dövriyyəmiz artıb və xarici dövlət borcumuz azalıb. Əgər keçən ilin aprel ayı ilə müqayisə etsək, görərik ki, keçən ilin aprelində xarici dövlət borcumuz ümumi daxili məhsulun 18 faizini təşkil edirdi, hazırda cəmi 12,5 faizini təşkil edir. Yəni, biz bir il ərzində xarici borcu təqribən 600 milyon dollardan çox bir səviyyədə aşağı sala bilmişik. Bu da xarici borcun idarə edilməsi strategiyasının icrası nəticəsində mümkün olmuşdur. Mən vaxtilə qarşıya vəzifə qoymuşdum ki, biz kreditlərin alınmasına çox böyük ehtiyatla yanaşmalıyıq. Eyni zamanda, dövlət şirkətləri hansılar ki, vaxtilə heç kimdən soruşmadan özbaşına müxtəlif kreditlər götürürdülər. Sonra da bu kreditləri qaytara bilməyəndə bu ödəniş dövlətin üzərinə düşürdü. Eyni zamanda, çox qeyri-şəffaf mənzərə müşahidə olunurdu. Buna da son qoyuldu. İndi heç bir dövlət qurumu hökumətin icazəsi olmadan bir manat kredit götürə bilməz. Hər götürülən kredit də hökumət tərəfindən təsdiqlənir və kreditləri biz ancaq vacib olan layihələrə cəlb etməliyik, yüksək texnoloji komponenti olan layihələrə, eyni zamanda, azad edilmiş torpaqlarda həyata keçirilən layihələrə. Digər layihələrə kreditlərin verilməsinə ehtiyac yoxdur. Məhz buna görə biz xarici dövlət borcumuzu həm mütləq rəqəmlərlə, həm ümumi daxili məhsula nisbətdə azaltmışıq. Təbii ki, ümumi daxili məhsul da artıb və hələ ki, mən rəqəm səsləndirmək istəmirəm. Amma hesab edirəm ki, əgər biz bu templərlə inkişafı davam etsək, ilin sonuna qədər çox əhəmiyyətli bir artım olacaqdır. Xarici ticarətin balansı da çox müsbətdir, müsbət saldo cəmi üç ayda 5 milyard dollardan çoxdur. Yəni, bu, çox böyük rəqəmdir. Mütəxəssislər onu da bilirlər ki, dünyanın əksər ölkələrində saldo mənfidir. Ölkələr daha çox idxal edir, nəinki ixrac edir. Azərbaycanda isə təkcə üç ayda 5,1 milyard dollar gəlir – bizim ixracımız idxalı üstələyir. Əlbəttə ki, ilin sonuna qədər əminəm bu rəqəm daha da artacaq. Həm makroiqtisadi sabitliyə bunun əvəzolunmaz təsiri var, eyni zamanda, valyuta ehtiyatlarımızın artması da göz qabağındadır. Üç ayda da valyuta ehtiyatlarımız artıb. Ona görə, bütün bu göstəricilərlə biz haqlı olaraq fəxr edə bilərik. Amma o demək deyil ki, biz bu nailiyyətlərlə kifayətlənməliyik. Yox. İndi dünyada proseslər mənfi istiqamətdə gedir. Toqquşmalar, müharibələr alovlanır və gələcəkdə sabitliyin təmin edilməsi ilə bağlı müxtəlif fikirlər var. Dünyada ərzaq qıtlığı ola bilər, ərzaq qiymətləri qalxır. Biz bu gün bu haqda da danışacağıq. Onu da bildirməliyəm ki, biz bütün bu nailiyyətləri öz zəhmətimiz hesabına qazanmışıq. Heç kimdən bir manat dəstək almamışıq. Azad edilmiş torpaqları da yüz faiz öz gücümüzə bərpa edirik. Bəli, xarici şirkətləri dəvət etmişik. Onlar orada podratçı kimi işləyir. Amma bu günə qədər heç kimdən bir manat almamışıq. Ancaq öz gücümüzə, öz istedadımıza güvənirik. Bunu mən xüsusilə qeyd etmək istəyirəm. Çünki adətən belə qanlı müharibələrdən, belə dağıntılardan sonra, – Qarabağ və Zəngəzurda dağıntıların dünyada bənzəri yoxdur, heç İkinci Dünya müharibəsində bu qədər dağıntılar olmamışdı, – donor konfransları, beynəlxalq təşkilatlar yığışır və bərpa planı icra edilir. İndi yenə də İkinci Dünya müharibəsinin tarixçəsinə nəzər salmaq kifayətdir. O vaxt Marşal planı tətbiq edilmişdir. Əgər Amerika Avropanı bərpa etmək üçün bu planı tətbiq etməsəydi, Avropa öz gücünə öz potensialını bəlkə də 50 ilə bərpa edə bilərdi. Digər münaqişələrlə bağlı beynəlxalq fondlar maliyyə yardımı göstərirlər. Bizə isə heç kim heç bir yardım göstərmir, nə işğal dövründə, nə də sonra. Hətta ölkələrin əksəriyyəti işğalı işğal kimi adlandırmaq istəmirdilər. Mənim yadımdadır, işğal dövründə beynəlxalq təşkilatlardakı fəaliyyətimiz, eyni zamanda, ikitərəfli formatda apardığımız danışıqlar əsnasında biz güc-bəla ilə, zorla ölkəmizin ərazi bütövlüyü prinsipini o bəyannamələrə saldırırdıq. Bir çoxları imtina edirdi. Halbuki bu, gün kimi aydın idi, kim işğalçıdır, kim işğala məruz qalan ölkədir. İkili standartlar, ədalətsizlik, bax, budur. Biz bunu bu gün də görürük, Rusiya-Ukrayna müharibəsində görürük. Vaxtilə biz torpaqlarımızı işğaldan azad edəndə və məşhur “Bayraktar” dronlardan istifadə edəndə xarici ekspertlər və mətbuat bunu ölüm silahı kimi qələmə verirdi. İndi isə Rusiya-Ukrayna müharibəsində bunu mələk adlandırırlar. Fərq budur, ikili standartlar budur, bizə qarşı ədalətsizlik budur. Bu, reallıqdır. Biz isə öz gücümüzlə yeni reallıq yaratmışıq və yaradırıq. Ona görə bir daha demək istəyirəm ki, mən hələ də ümid edirəm, beynəlxalq təşkilatlar, böyük fondlar, xeyriyyəçiliklə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatları bir nəzər yetirəcəklər. Ağdam Qafqazın Xirosimasıdır. Bunu mən yox, beynəlxalq mütəxəssislər deyir. Ağdam kimi bütün şəhərlər ermənilər tərəfindən yerlə-yeksan edilib. Biz heç kimdən bir manat almamışıq. Ancaq bu ədalətsizliklə barışmaq da olmaz. Mən hesab edirəm ki, bizim qurumlarımız, hökumət, Prezident Administrasiyası, nazirliklər, hərə öz xətti ilə bu məsələ ilə bağlı gərək ciddi fəaliyyət göstərsin. Yardım göstərmək istəmirlərsə, desinlər ki, biz sizə yardım etməyəcəyik. Biz də işimizi bilək. Yəni, müharibədən təxminən bir il yarım keçibdir. Bir fond belə bizə heç bir yardım göstərməyib. Minaların təmizlənməsi ilə bağlı – müharibədən sonra 200-dən çox insan ya həlak olub, ya da ki, ağır yaralanıb. Dünyada bu məsələ ilə məşğul olan o qədər fondlar var, QHT-lər var. Nə ilə məşğuldurlar? Gəlsinlər, kömək göstərsinlər. Bizim fiziki cəhətdən gücümüz çatmır. Biz nə lazımdırsa, almışıq. Maşın, mexanizm almışıq, texnika almışıq, hətta dronlar almışıq ki, o minalarla çirklənmiş yerləri təsbit edir. Ancaq bizdə mütəxəssis çatışmır, bizdə işçi qüvvə çatışmır. Ona görə, heç olmasa, bu sahədə bizə kömək göstərsinlər. Yenə də deyirəm, biz onsuz da öz gücümüzlə hər şeyi bərpa edəcəyik. Mən demişəm, Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bir nümunə olacaq. Ancaq mənim sözüm beynəlxalq təşkilatlaradır. İnsan hüquqları ilə məşğul olanlar, ədalət prinsiplərini rəhbər tutanlar heç olmasa, Azərbaycana da diqqət yetirsinlər və ikili standartlardan kənar olsunlar. Bir sözlə, bu mənzərə hər şeyi necə deyərlər, göstərir. Bu ilin üç ayında əldə edilmiş iqtisadi nailiyyətlər əminəm ki, ilin sonuna qədər davam edəcək. Çünki biz görürük ki, buna nail olmaq üçün imkanlar var. Beləliklə, biz bu ili də uğurla başa vuracağıq.

İndi isə bəzi məsələlərlə bağlı mən məlumat dinləmək istərdim. Birincisi, indi ilin üç ayı arxada qaldı, büdcənin icrası ilə bağlı vəziyyət nə yerdədir, maliyyə naziri məlumat versin.

Maliyyə naziri Samir Şərifov: Möhtərəm cənab Prezident, hörmətli müşavirə iştirakçıları.

2022-ci ilin birinci rübünün nəticələri 2021-ci il ərzində Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərin davam etdirilməsi kimi qiymətləndirilə bilər. Ötən ilin sosial-iqtisadi yekunları göstərmişdi ki, Vətən müharibəsində böyük Qələbədən sonra Azərbaycan çox tez bir zaman kəsiyində öz qüvvələrini səfərbər edərək iqtisadiyyatda böyük irəliləyişə nail olmuşdur. Belə ki, ötən ilin ümumi daxili məhsulu üzrə nəzərdə tutulan artım artıqlaması ilə icra edilmişdir, yəni, 2,2 faiz artıq, 3,4 faizin əvəzinə 5,6 faiz. Bu ildə də biz bu tendensiyanın davamını görürük. Həmin bu müsbət meyillər dövlət büdcəsinin cari ilin birinci rübündəki göstəricilərində də özünü büruzə vermişdir. Birinci rübdə dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 6,3 faiz və yaxud 418 milyon manat artıqlaması ilə icra olunmuşdur və dövlət büdcəsinin gəliri 7 milyard 10 milyon manat təşkil etmişdir.

Onu da qeyd etmək istərdim ki, daxilolmalar üzrə proqnoz göstəriciləri Dövlət Vergi Xidməti üzrə 539 milyon manat və yaxud 23,8 faiz, Dövlət Gömrük Komitəsi xətti ilə isə 236 milyon manat və yaxud 23,7 faiz üstələməklə icra edilmişdir. Sosial sığorta haqları üzrə isə 961 milyon manat proqnoza qarşı 1 milyard 41 milyon manat icra təmin edilmişdi. Qeyd etməliyəm ki, Dövlət Vergi Xidməti üzrə proqnozların artıqlaması ilə icra edilməsinin böyük hissəsi, yəni, 90 faizə yaxın hissəsi qeyri-neft sektoru üzrə gəlirlərin artması ilə bağlıdır. Ümumiyyətlə, qeyri-neft sektorundan gəlirlər birinci rübdə 80 faizdən yuxarı, ümumi daxilolmaların, vergi üzrə ümumi daxilolmaların 80 faizdən yuxarı hissəsini təşkil etmişdir. Belə vəziyyətdə Dövlət Neft Fondunun dövlət büdcəsinə nəzərdə tutulan transfertləri 3 milyard 180 milyon manata qarşı 2 milyard 757 milyon manat icra olunmuşdur, yəni, 423 milyon manat az. Bu da onunla bağlıdır ki, dövlət büdcəsinin icra göstəriciləri olduqca yüksək idi.

Möhtərəm cənab Prezident, onu da qeyd etməliyəm ki, birinci rüb üzrə büdcənin xərclərinin icrası adətən o qədər yüksək olmur. Amma cari ildə bu, 99 faiz olmuşdur. Hətta belə bir yüksək icra səviyyəsi şəraitində dövlət büdcəsinin gəlirlərinin bir tərəfdən fiskal orqanlar tərəfindən artıqlaması ilə yerinə yetirilməsi, digər tərəfdən isə Dövlət Neft Fondundan 423 milyon manat məbləğində vəsaitin alınmaması şəraitində dövlət büdcəsinin profisiti 1 milyard 380 milyon manat təşkil etmişdir. Bu, olduqca gözəl bir göstəricidir. Dövlət büdcəsinin xərcləri, qeyd etdiyim kimi, həmin dövr üzrə 5 milyard 630 milyon manat və yaxud 99 faiz icra edilmişdir. Əsas dövlət vəzifələri, dövlətin büdcədən maliyyə yardımları və digər proqramlarının maliyyələşdirilməsi tam təmin olunmuşdur və dövlət büdcə təşkilatları tərəfindən xəzinədarlıq orqanlarına təqdim etdiyi büdcə sifarişləri tam icrasını tapmışdır.

Qeyd etmək istərdim ki, Qarabağın yenidən qurulması proqramının icrası üçün dövlət büdcəsindən ayrılmış vəsait 2,2 milyard manatdır, birinci rüb ərzində 346 milyon manat, yaxud 16 faizə yaxın hissəsi artıq icra olunmuşdur. Dövlət əsaslı vəsait qoyuluşu proqramının icrası da təxminən eyni faiz nisbətində təmin edilmişdir. Möhtərəm cənab Prezident, Sizin tapşırıqlarınızın icrası təmin olunmuşdur.

Ərzaq təhlükəsizliyi proqramı çərçivəsində, əsasən də dünyadakı ərzaq problemləri ilə əlaqədar cari ilin birinci rübündə 220 milyon manat vəsait ayrılmışdır. Bu da kənd təsərrüfatı sahəsinə müəyyən əkin subsidiyalarının verilməsi ilə bağlıdır. Büdcənin icrası ilə bağlı bu qədər.

Prezident İlham Əliyev: Aydındır. İndi xarici dövlət borcumuzun gələcək parametri ilə bağlı məlumat verin. Çünki mən qeyd etdim ki, strategiya var və uğurla icra edilir. 12,5 faiz o rəqəmdir ki, hər bir ölkə bu rəqəmlə fəxr edə bilər. Amma bilirsiniz, mən bir neçə il bundan əvvəl vəzifə qoymuşdum ki, xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun 10 faizindən çox olmasın. Yəni, biz buna yaxınlaşırıq. Bununla paralel olaraq, biz, əlbəttə, kreditlər də götürməliyik, bundan tam imtina etməməliyik. Ona görə, builki vəziyyət haqqında məlumat verin. Bu il dövlət büdcəsində xarici borcun qaytarılmasına nə qədər vəsait nəzərdə tutulur, təxminən nə qədər kredit alınacaq və növbəti illər üçün strategiyanın qısamüddətli parametrləri nədən ibarət olacaq? Bu barədə məlumat verin.

Samir Şərifov: Möhtərəm cənab Prezident, qeyd etmək istərdim ki, Sizin 2018-ci il 24 avqust tarixli Sərəncamınızla təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün strategiyanın icrası davam etdirilməkdədir. Xarici dövlət borcunun ümumi daxili məhsula nisbətinin 10 faizə çatdırılması istiqamətində Sizin qarşımızda qoyduğunuz işlər davam etdirilir. Bu istiqamətdə vacib məsələlərdən biri də ümumi dövlət borcunun, yəni, xarici və daxili dövlət borcundan ibarət olan dövlət borcunda xarici valyutada ifadə edilmiş borcun məhz Siz dediyiniz həmin istiqamət nəzərə alınmaqla tədricən azaldılması və eyni zamanda, daxili dövlət borcunun xüsusi çəkisinin borc portfelində artırılması istiqamətində işlər görülür. Strategiya qəbul edilən zaman həmin nisbət 94 faiz idi, yəni, 94 faiz xarici dövlət borcunun payına düşürdü. Hazırda isə bu, 82 faizə endirilmişdir. Bu da onunla bağlıdır ki, daxili borcun xüsusi çəkisi artmışdır. Daxili dövlət borcunun, yəni, daxili maliyyə bazarlarının inkişaf etdirilməsi üçün biz bazara daha çox dövlət qiymətli kağızları, dövlət istiqrazlarını təklif edirik və strategiyanın qəbul edildiyi müddət ərzində həmin borc bazarda 3,2 faiz artmışdır. Hazırda 2,5 milyard manat təşkil edir və proqram davam etdirilməkdədir.

Şübhəsiz ki, dövlət büdcəsinin icrasının göstəriciləri yaxşı olduqda, yəni, fiskal orqanlar profisitlə təmin etdikdə büdcə kəsiri yaranmır və nəticə etibarilə biz bir o qədər daxili borcu buraxmırıq. Amma bu proqram davam etdiriləcəkdir.

Möhtərəm cənab Prezident, Sizin bu yaxınlarda imzaladığınız Sərəncama əsasən, ümumi dövlət borcunun ortamüddətli dövrdə ÜDM-in 20 faizi səviyyəsində saxlanılması, xarici dövlət borcunun ortamüddətli dövrdə 15 və uzunmüddətli dövrdə 10 faizə endirilməsi nəzərdə tutulub.

Bu gün vacib məsələlərdən biri də bizim borclanma strategiyamızdır – biz nə qədər əlavə borc götürəcəyik. Möhtərəm cənab Prezident, eyni zamanda, Sizin bu yaxınlarda imzaladığınız Sərəncamla Azərbaycan Respublikasının büdcə qaydası üzrə müəyyən göstəricilərin, ilk növbədə, qeyri-neft baza kəsiri üzrə nisbətlərinin təsdiq edilməsi bizim üçün müəyyən çərçivəni formalaşdırır. Həmin çərçivə əsasında ümumi borclanma növbəti üç il üçün 4,3 milyard manat məbləğində nəzərdə tutulur. Yəni, buraya borcun yenidən maliyyələşdirilməsi daxil edilmir. Biz borcun yenidən maliyyələşdirilməsini də daxil etsək, söhbət 8,3 milyard manat həcmində borcun cəlb edilməsindən gedir. Yeni cəlb ediləcək borcun 1,3 milyard manatlıq hissəsini bu günədək imzalanmış kreditlər üzrə əldə edəcəyimiz vəsaitlər təşkil edəcək. Yəni, bunlar müəyyən layihələr üzrə imzalanıb, lakin bu kreditlərin tam istifadəsi hələ ki, təmin olunmayıb. Yeni borc 3 milyard manat məbləğində nəzərdə tutulub.

Möhtərəm cənab Prezident, onu da qeyd etmək istərdim ki, bizim bugünkü ümumi daxili məhsul üzrə göstəricilərimiz kifayət qədər yüksəkdir. Bu ilin sonuna gözlənilən nəticələr də nəzərə alınmaqla, növbəti illər üzrə İqtisadiyyat Nazirliyi tərəfindən mart ayında bizə artıq yeni ortamüddətli proqnozlar təqdim edilmişdir. Bu proqnozlar nəzərə alınmaqla, hesab edirik ki, borclanma üzrə əlavə imkanlarımız ola bilər.

Cənab Prezident, Siz qeyd etdiyiniz kimi, bizə bu gün kifayət qədər böyük həcmlərdə borc vermək niyyətində olan beynəlxalq qurumlar var. Sizin müəyyən çıxışlarınızdan sonra Avropa İttifaqı artıq 2 milyard avro məbləğində borcun bizə verilməsi barədə niyyətlərini bildirib. Bu borcu iki bank vasitəsilə – Avropa Yenidənqurma və İnkişaf Bankı, eyni zamanda, Avropa İnvestisiya Bankı vasitəsilə verməyə hazırdırlar. Digər tərəfdən, başqa beynəlxalq maliyyə qurumları, ilk növbədə, Dünya Bankı yenidənqurma işlərində təcrübələri çox olduğuna görə öz kredit xətlərini bizə təklif edirlər. Asiya İnkişaf Bankı da Azərbaycan hökumətinin təqdim etdiyi proqramlar əsasında kifayət qədər böyük həcmlərdə borc ayırmağa hazırdırlar. Burada, belə desək, “top bizim tərəfdədir”. Hansı layihələri seçməyimizdən asılı olaraq, Sizin qarşımızda qoyduğunuz borc çərçivəsi daxilində biz bu vəsaitləri cəlb edə bilərik.

Prezident İlham Əliyev: Burada hədəflər aydındır. Mən də bir daha demək istəyirəm, xarici borcumuzu ümumi daxili məhsula nisbətdə 10 faiz səviyyəsinə endirməliyik. Buna yaxınlaşmaq üçün siz gərək təkliflər verəsiniz, biz nə qədər almalıyıq və nə qədər qaytarmaq məcburiyyətindəyik. Avropa İttifaqının kredit vermə təklifləri, əlbəttə ki, müsbət haldır. Çünki bildiyiniz kimi, müharibə başa çatandan sonra Ermənistan üçün kredit və qrant paketi təqribən 2,6 milyard avro səviyyəsində idi. Azərbaycana isə cəmi 140, ya 160 milyon. Əlbəttə ki, biz buna səssiz qala bilməzdik. Müsbət haldır ki, Avropa İttifaqı Azərbaycana da 2 milyardlıq paket elan edib. Mən bunu çox müsbət hal kimi qiymətləndirirəm. Ancaq, eyni zamanda, mən o təkliflərə də baxdım. Elə layihələr var ki, o layihələri biz borc götürmədən icra edə bilərik, təbii ki. Ancaq bununla yanaşı, bizim istəyimiz və ədalətli mövqeyimiz ondan ibarətdir ki, Ermənistana hansı şərtlərlə bu borc və ya qrant verilirsə, bu, bizə də eyni şərtlərlə təklif edilməlidir. Biz bundan istifadə edəcəyik, yoxsa etməyəcəyik, bu, başqa məsələdir. Ancaq yanaşma eyni olmalıdır. Xüsusilə nəzərə alsaq ki, Ermənistanda dağıntılara məruz qalmış bir koma da yoxdur. Azərbaycanda isə 10 min kvadratkilometr ərazidə bir salamat bina yoxdur. Mən bunu heç vaxt kənara qoya bilmərəm. Ona görə bu da nəzərə alınmalıdır. O ki qaldı, aparıcı beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığımıza, mən bilirəm ki, bu yaxınlarda Dünya Bankının missiyası gəlmişdi. Mənə Baş nazir məruzə etmişdi. Onların təklifləri var. Əlbəttə ki, ənənəvi tərəfdaşlarımız Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı. Avropa İnvestisiya Bankı nisbətən təzə gəlib Azərbaycan bazarına. Birinci onların layihəsi qaz infrastrukturu ilə bağlı idi. Bir də Asiya İnfrastruktur və İnkişaf Bankı ilə də bizim əlaqələrimiz inkişaf edir. Biz o ölkələrdənik ki, bu bankın təsisçisi kimi iştirak etmişik və səhmdarıq orada. Hesab edirəm ki, biz dünyanın bu əsas maliyyə qurumları ilə işləməliyik. Sadəcə olaraq, biz bu strategiyanı vaxtaşırı təftiş etməliyik ki, daha da çox borc götürək, az götürək, çox qaytaraq, az qaytaraq. İndi siz buna baxın və təkliflər verin.

Xarici borcla bağlı başqa hansısa fikirlər var, məlumat vermək istəyən var? Buyur.

Samir Şərifov: Möhtərəm cənab Prezident, mən təkcə bir şeyi qeyd etmək istərdim ki, Dünya Bankı üzrə bunlar bu gün bizə xüsusi şərtlər təklif edirlər. Biz onlarla növbəti ilin ortalarına qədər tam razılığa gəlsək, o şərtləri əldə edə bilərik.

Prezident İlham Əliyev: Yəni, güzəştli şərtlər.

Samir Şərifov: Güzəştli şərtlər. Yəni, onlar bizim Qarabağın yenidən qurulması proseslərini nəzərə alaraq, belə bir qərar qəbul ediblər ki, bizə güzəştli şərtlərlə kreditlər verə bilərlər.

Prezident İlham Əliyev: Ondan istifadə etməliyik.

Samir Şərifov: Bəli. Siz tamamilə düzgün qeyd etdiyiniz kimi, bu şərtlər çərçivəsində bizə lazım olan layihələri seçə bilərik. Yəni elə layihələr var ki, məsələn, avtomobil yollarının tikintisi, biz onlara xarici komponentli valyutanı cəlb etməməliyik. Amma biz layihələri seçərkən istənilən halda valyuta xərclərimizi nəzərə almalıyıq. Yəqin ki, bu məqsədlər üçün biz vəsait cəlb edə bilərdik.

Prezident İlham Əliyev: Bir də dünyanın aparıcı maliyyə qurumları özəl sektora da kreditlər ayırırlar. Hesab edirəm ki, daha da böyük məbləğ ayıra bilərlər. Onlarla təmaslar əsnasında bu məsələ həmişə müzakirə edilməlidir. Çünki mən bilirəm ki, misal üçün, qeyd etdiyim bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının tikintisinə də aparıcı maliyyə qurumları kredit ayırırlar. Bizə yox, investorlara, xarici investorlara. Ona görə yerli şirkətlərə, yerli sahibkarlara da onların kreditlərinin ayrılması zəruridir. Düzdür, bizim özümüzün mexanizmimiz var və İqtisadiyyat Nazirliyi bu işləri təşkil edir. Ancaq burada özəl sektora, misal üçün, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, digər bankların daha da böyük həcmdə kreditlərinin verilməsinə mütləq baxmaq lazımdır.

Hər kəs yaxşı bilir ki, hazırda dünyada ərzaq məhsullarının qiymətləri kəskin artır. Bu proses bir neçə ay bundan əvvəl başlamışdır. Əlbəttə ki, Rusiya-Ukrayna müharibəsi bunu daha da sürətləndirib, xüsusilə nəzərə alsaq ki, Rusiya və Ukrayna dünyada aparıcı taxıl ixracatçıları arasındadırlar və digər ərzaq məhsullarını dünya bazarlarına ixrac edirlər. İndi artıq təbii qıtlıq hiss olunur və hiss olunacaq. Bizim ərzaqlıq buğda ilə təminatımız, əlbəttə ki, diqqət mərkəzində olmalıdır. Hökumətə bu məsələ ilə bağlı göstəriş verilmişdir. Operativ tədbirlər görülüb və ehtiyatlar yığılır. Biz daha çox ehtiyat yığmalıyıq. Ancaq, eyni zamanda, bilməliyik ki, belə vəziyyət uzun müddət ərzində davam edə bilər və yəqin ki, davam edəcək. Ona görə burada, ilk növbədə, daxili təminatımız artmalıdır. Bu məsələ ilə bağlı göstərişlər verildi. Həm azad edilmiş torpaqlarda əkin işlərinin daha da genişmiqyaslı aparılması üçün göstərişlər verildi, həm də digər bölgələrdə. Əlbəttə ki, burada suvarma layihələrinin uğurla icrası böyük nəticələrə gətirib çıxara bilər. Amma hər halda indiki şəraitdə ərzaq qiymətlərinin qalxması və süni qiymət artımının qarşısının alınması məsələləri, hesab edirəm ki, ən vacib məsələlərdən biridir. Bu məsələ ilə bağlı vəziyyət nə yerdədir? İqtisadiyyat naziri məlumat versin.

İqtisadiyyat naziri Mikayıl Cabbarov: Möhtərəm cənab Prezident, bu istiqamətdə Sizin müvafiq tapşırıqlarınıza və hökumət tərəfindən verilən müvafiq qərarlara uyğun olaraq, biz müvafiq strukturlarla birlikdə fəaliyyətimizi əlaqəli şəkildə qurmuşuq. Bu fəaliyyət üç istiqamətdən ibarətdir. Birincisi, daimi monitorinq mexanizmləri mövcuddur və biz gündəlik əsasda ərzaq, un, şəkər tozu və bir sıra digər məhsullar üzrə gündəlik anbar qalıqlarını sahibkarlıq subyektləri və dövlət agentləri ilə birlikdə monitorinq edirik. İkinci istiqamət qanunvericilik tənzimlənməsidir. Bununla bağlı bir sıra qərarlar, son olaraq Nazirlər Kabinetinin qərarı qəbul edilibdir. Biz hazırda belə bir rejim tətbiq edirik ki, o balans təmin etsin. Başqa sözlə, Azərbaycanda istehsal olunmayan və bizim idxaldan asılılığımız yüksək olan məhsulların ölkədən ixracı xüsusi nəzarət rejimi ilə həyata keçirilir. Eyni zamanda, sahibkarlıq subyektlərinin ixrac potensialının azalmaması və ixrac bazarlarının itirilməməsi üçün biz ölkədə istehsal olunan və yaxud istehsal potensialı olan məhsullara dair analoji şəkildə həmin çərçivədə fəaliyyəti tənzimləyirik ki, bu fəaliyyət də uyğun olaraq həyata keçirilə bilsin.

Nəhayət, üçüncü istiqamət sahibkarlıq subyektləri ilə fəaliyyətimizdir. Burada da dövlət tərəfindən aidiyyəti təşviq mexanizmləri tətbiq edilir. Xüsusilə mən ən son məlumat olaraq vurğulamaq istəyirəm ki, Baş nazirin 5 aprel tarixli müvafiq tapşırığına uyğun olaraq 115 milyon manat vəsaitin sahibkarlıq subyektlərinə yumşaq təşviq kreditləri kimi ayrılması istiqamətində və həmçinin strateji ərzaq məhsullarının pandemiya dövründə uğurla istifadə olunan mexanizmi Sizin müvafiq tapşırığınıza uyğun olaraq xatırlayarsınız ki, bir sıra sahibkarlıq subyektlərinin kredit borclarının, faizlərinin ödənilməsində dövlət subsidiyaları ayrılmışdı və analoji mexanizmdən istifadə edərək biz bunu edirik. Bunun məntiqi nədən ibarətdir? Aşağıdakı kimidir: daimi ehtiyatları təmin etmək məqsədilə sahibkarlar tərəfindən həmin ehtiyatların mal qalıqlarının artırılması tələb olunur. Bu da öz növbəsində onlar tərəfindən daha çox dövriyyə kapitalına ehtiyac yaranır. Biz belə çevik mexanizmlərlə işləyirik ki, bir tərəfdən sahibkarların maraqlarına toxunulmasın, digər tərəfdən dövlət qarşısında duran vəzifələr tam həcmdə yerinə yetirilsin.

Möhtərəm cənab Prezident, sualınızla bağlı son olaraq onu da qeyd etmək istəyirəm ki, 2020-ci ilin əvvəlində, pandemiyanın ilk günlərindən biz əsas təchizatçı ölkələrin bir çoxunda məhsul ixracının qadağan olunmasını, ərzaq məhsullarında bəzi malların olmamasını digər ölkələrdə müşahidə etmişik. Azərbaycanda istər o dövrdə, istərsə də, indiki dövrdə bu istiqamətdə hesab edirik ki, qənaətbəxş nəticələr əldə olunubdur.

Müvafiq tapşırıqlarınıza və mövcud vəziyyətə uyğun olaraq, ərzaq qiymətləri təbii ki, başqa bir prioritetimizdir. Bununla bağlı antiinflyasiya tədbirləri haqqında imzalanmış müvafiq qərara əsasən fəaliyyət həyata keçirilir. Bu gün münaqişədə, müharibədə olan hər iki dövlət Azərbaycan üçün ərzağın həm ixracı, həm də idxalı nöqteyi-nəzərindən vacib tərəfdaş olduğuna görə, biz çalışırıq ki, bu prosesləri də əlaqələndirilmiş şəkildə quraq.

Məruzə etmək istəyirəm ki, Azərbaycan cari ilin ilk rübündə daxili bazarı tam təmin etməklə yanaşı, müxtəlif ölkələrə 60 min ton müxtəlif çeşidli meyvələr, 37 min ton tərəvəz, 12 min ton şəkər, 3,5 min ton meyvə-tərəvəz emalı məhsulları ixrac etmişdir. Digər tərəfdən isə, biz həmin struktur asılılığımız olan məhsullar üzrə idxalın sadələşdirilməsi üçün artıq sadaladığım tədbirləri həyata keçiririk.

İnflyasiyanın təbii olaraq Mərkəzi Bankla və digər aidiyyəti strukturlarla birlikdə aradan qaldırılması üçün qısamüddətli tədbirlərlə yanaşı, hesab edirik ki, orta və uzunmüddətli tədbirlərə də dair addımlar atıla bilər. Qaldırılan məsələlərin müsbət həllinə görə, xüsusilə də kiçik və orta sahibkarlığa, ərzaq istehsalçılarına güzəştli dövlət maliyyələşməsinin təmin edilməsində kapital yardımının göstərilməsində verdiyiniz dəstəyə görə fürsətdən istifadə edərək Sizə təşəkkürümü bildirmək istərdim.

Prezident İlham Əliyev: Mənə verilən məlumata görə, son üç ayda inflyasiya 18 faizə qalxıb. Bu, əlbəttə ki, yüksək rəqəmdir. Amma onu da bilməliyik ki, bunun bir hissəsi idxal edilmiş inflyasiyadır. Çünki dünyada ərzaq məhsullarının və digər məhsulların qiymətinin artması, təbii ki, daxili qiymətlərə də təsir edir. Ancaq, eyni zamanda, onu da bildirməliyəm ki, üç ayda əhalinin gəlirləri təxminən 20 faiz artıb və əgər biz inflyasiyanı əhalinin gəlirləri ilə müqayisə etsək, burada yenə də real gəlirlər artmış olur. Ancaq o demək deyil ki, biz buna laqeyd yanaşmalıyıq. Ona görə antiinflyasiya tədbirlərinin görülməsi, gücləndirilməsi zəruridir. Əlbəttə ki, burada əsas məsələ süni qiymət artımının qarşısının alınmasıdır. Çünki belə hadisələrdə, belə geosiyasi vəziyyətdə bəzi natəmiz sahibkarlar bundan istifadə etməyə çalışırlar və heç bir əsas olmadan qiymətləri artırırlar. Buna xüsusi diqqət göstərilməlidir. Ərzaq təminatı ilə bağlı sənin bir sözün var?

Baş nazir Əli Əsədov: İnflyasiyanı iki hissəyə bölmək olar. Yəni, söylədiyiniz 18 faiz ərzaq inflyasiyasıdır. Ümumi inflyasiyamızın göstəricisi üç ay ərzində 12,2 faizdir. İnflyasiyanın tərkibində idxal olunan ərzaq məhsulları 60 faizdən artıqdır. Bunun səbəbini də Sizin tərəfinizdən verilən tapşırığa uyğun olaraq iqtisadiyyat naziri ardıcıllıqla dedi. Siz o məqamı ki, dediniz, bu situasiyalarda çox vaxt qiymətlərin şişirdilməsi və sui-istifadə halları var. İlin əvvəlindən, biz subsidiyaları çörək üçün saxlayan dövrdə xalq arasında “zavod çörəyi” deyilən çörəklərin 5 qəpik artırılan qiymətlərindən sonrakı proseslər monitorinq olundu və indiyə qədər davam etdirilir və sahibkarlar da bunu bilir. Bu proseslər ciddi şəkildə nəzarətdədir. Ehtiyatlarla əlaqədar iki vacib məqamı icazənizlə qeyd edim.

Hələ pandemiya dövrünün başlanğıcında, mart ayından başlayaraq Sizin tapşırığınızla bu proseslər əsasən, ərzaq məhsulları və digər defisit məhsullar, o cümlədən respublikanın dərmanlar və tibb ləvazimatları ilə təchiz olunması istiqamətlərində aparıldı. İctimaiyyət də bilir, cənab Prezident, Ukrayna-Rusiya müharibəsi ilə əlaqədar qiymətlər, taxılın qiyməti ən pik həddə qaldırıldı. Söhbət ancaq heç qiymətdən də getmir. Söhbət ondan gedir ki, bu gün ərzaq taxılı idxal etməyin öz prosesi var. Siz dediyiniz kimi, Ukrayna və Rusiyanın dünya taxıl istehsalında aparıcı rollarını, Ukraynada bu il çətinliklər olacağını nəzərə alaraq bu ehtiyatları artırırıq. Bir məqamı da demək istəyirəm. Sizin tapşırığınızla yerli istehsal, idxaldan asılılığın azaldılması istiqamətində də konkret layihələr hazırlanır və burada foksda olan tədbirlər yaxın dövrdə təqdim olunacaq. Siz bu gün Qarabağda, işğaldan azad olunmuş ərazilərdə əkini dediniz və bizim digər böyük təsərrüfatlarda da bu iş gedir.

Cənab Prezident, Mikayıl Cabbarov dedi, hər məhsul üzrə monitorinq aparılır, əsasən də minimum istehlak bazarına daxil olan, əhali tərəfindən gündəlik istifadə olunan 12 əsas məhsulun həm qiymət baxımından, həm anbarlarda, respublikada olan ehtiyatlar baxımından günbəgün monitorinqi aparılır. Təbii olaraq, bu gün elə bir dövr gəlib ki, ölkələrin çoxu ancaq özlərinin təminatı ilə ilk prioritet edirlər. Bunları nəzərə alaraq, biz də, ilk növbədə, öz daxili ehtiyatlarımıza baxırıq. Əgər artıq yerli istehsal, planlar varsa, onlara ixrac verirlər və sahibkarların İqtisadiyyat Nazirliyinə müraciətinə əsasən beş gün ərzində operativ qaydada bunlara baxılır. Yəni, deyə bilərəm ki, bu gün Azərbaycanda əsas ərzaq məhsulları üzrə kifayət qədər ehtiyatlarımız var.

Prezident İlham Əliyev: Aydındır. Bu məsələ ilə bağlı danışarkən, biz, ilk növbədə, ərzaqlıq buğdanın istehsalını artırmalıyıq. Əlbəttə ki, ehtiyatları yığmalıyıq. Çünki bizdə ümumi taxıl istehsalı ölkə tələbatının 60 faizini təşkil edir, ərzaqlıq buğda ilə isə biz özümüzü cəmi 25 faiz təmin edirik. Ona görə məsələ qoyulub ki, ərzaqlıq buğda ilə biz özümüzü ən azı 70-75 faiz təmin edək. Buna nail olmaq üçün potensial var, imkanlar var – həm azad edilmiş torpaqlarda, həm ölkəmizin digər yerlərində. Həm bu il, həm gələn illərdə dövlət investisiya xərcləri artırılmalıdır. Eyni zamanda, sahibkarlara məqsədyönlü kreditlər, güzəştli kreditlər verilməlidir ki, məhz bu sahə inkişaf etsin. Çünki buğda əsas ərzaq məhsuludur. Bizim həm coğrafi yerləşməyimiz, iqlimimiz, eyni zamanda, bəzi yerlərdə torpağın keyfiyyəti və şərait imkan vermir ki, biz özümüzü bu gün buğda ilə yüz faiz təmin edək. Ancaq buna çalışmalıyıq və altı ay keçməmiş biz azad edilmiş torpaqlarda indi böyük əkin işləri ilə məşğuluq. Təxirəsalınmaz tədbirlər nəticəsində ikinci dəfə əkin aparırıq və bu il haradasa 50 min hektarda əkin aparılacaq. Bu, çox yaxşı nəticədir. Həm azad edilmiş torpaqlarda, həm də bütün başqa yerlərdə məhsuldarlığı artıra biləcək tədbirlərə əlavə vəsait ayrılmalıdır. İlk növbədə, suvarma, suvarma sistemləri, gübrələr və digər məsələlər öz həllini tapmalıdır.

Bizim şəhid ailələri, müharibə əlilləri üçün inşa etdiyimiz evlərin, mənzillərin sayı artır. Bu, həm işğal dövründə prioritet məsələlərdən biri idi və İkinci Qarabağ müharibəsindən sonra bu məsələlər öz həllini tapır. Burada məsələ qoyulmuşdur ki, şəhid ailələrinin – həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin şəhid ailələrinin, müharibə əlillərinin yaşayış məsələləri tezliklə öz həllini tapsın. Bu istiqamətdə bu il və keçən il önəmli addımlar atılmışdır. Əmək və əhalinin sosial müdafiəsi naziri məlumat versin, bu işlər nə yerdədir və ilin sonuna qədər hansı işlərin görülməsi nəzərdə tutulur?

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev: Möhtərəm cənab Prezident, Sizin ali rəhbərliyiniz ilə Azərbaycan Ordusunun Qələbəsi nəticəsində ərazilərimizin işğaldan azad olunmasından sonra həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də müharibədə iştirak edən və həyatını itirən şəhidlərimizin ailə üzvlərinə, öz sağlamlığını itirən müharibə əlillərimizə, eyni zamanda, müharibə iştirakçılarına dövlət dəstəyinin genişləndirilməsi idi. Bu istiqamətdə Sizin tapşırıqlarınıza uyğun olaraq tədbirlər bir neçə sahə üzrə aparılmışdır. İlk növbədə, sosial ödənişlərin təminatı üzrə 93 min unikal şəxsə 103 min sosial ödəniş təyin olunmuşdur. Burada həm şəhid ailəsi üzvləri, həm müharibə əlilləri, eyni zamanda, müharibə veteranları da əhatə edilmişdir. Mən xüsusi olaraq vurğulamaq istəyirəm ki, Sizin müvafiq fərman, sərəncamlarınızla 2021-ci ilin əvvəllərində bu kateqoriyadan olan insanlara ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 60 faizədək artırılmışdır. Bu ilin əvvəlindən isə əlilliyə görə aldıqları sosial müavinətlər də 60 faizədək artırılmışdır. Ümumilikdə qeyd etdiyim kimi, 93 min şəxsə 103 min sosial ödəniş təyin olunmuşdur.

Digər bir istiqamət məşğulluq sahəsinə dəstək tədbirləri olmuşdur. Bu çərçivədə 11 min şəhid ailəsi üzvü və müharibə əlilinə məşğulluq tədbirləri görülmüşdür. Onların yarısı özünüməşğulluq proqramlarına cəlb edilmiş və bu çərçivədə onlara kiçik ailə təsərrüfatının qurulması imkanı yaradılmışdır. Digər bir istiqamət isə işədüzəltmə, münasib işlə təminetmə proqramı olmuşdur ki, burada da məşğulluq marafonu çərçivəsində, xüsusilə sahibkarlarımızın bu proqrama aktiv qoşulması nəticəsində yaradılmış vakansiyalara iki mindən artıq şəhid ailəsi üzvü və müharibə əlilləri cəlb edilmişdir. Bu proqramın ən önəmli istiqamətlərindən biri Sizin vurğuladığınız kimi, mənzil təminatı məsələləri idi. Ötən il üç minədək mənzil məhz şəhid ailələri və müharibə əlillərinə təqdim olundu. Cari ilin birinci rübündə də 200 mənzil bu kateqoriyadan olan insanlara təqdim edildi. İlin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə 1500 mənzilin təqdim olunması planlaşdırılıb. Bu çərçivədə yaxın dövrlərdə növbəti yaşayış kompleksinin açılışı planlaşdırılır ki, ondan sonra bu proses daha da sürətlənəcəkdir.

Cənab Prezident, xüsusi olaraq vurğulayım ki, son üç il ərzində Sizin fərman-sərəncamlarınızla 6300 mənzil məhz bu kateqoriyadan olan insanlara təqdim olunub. Ümumilikdə müstəqillik dövrümüzdə bu rəqəm 12 min 500 mənzildir. Bunun 6300-ü məhz son üç ilin genişləndirilmiş proqramı çərçivəsində icra edilib ki, ilin sonunadək əlavə 1300 mənzilin də təqdim olunması, əlbəttə, bu kateqoriyadan olan insanlarımızın həyat şəraitinin yaxşılaşdırılması üçün çox önəmlidir.

Digər bir istiqamət də reabilitasiya məsələləri idi. Bu çərçivədə müharibədə yaralanmış 8 min əsgərimizə nazirlik tərəfindən 23 min reabilitasiya xidməti göstərilib. Bunu xüsusi olaraq vurğulamaq istərdim ki, əzalarını itirən 190 qazimiz bu günədək dördüncü nəsil 200 elektron protezlə təchiz edilib. Əlavə olaraq, müharibədə yaralanmış 3 minədək əsgərimizə 16 min reabilitasiya vasitəsi təqdim olunub. Bu proses də uğurla icra olunur və davamlı şəkildə həyata keçiriləcəkdir. Ümumiyyətlə, Vətən müharibəsində iştirak edib əzalarını itirən cəmi 6 qazimiz qalıb ki, onlar protezlə təmin olunmayıblar. Bunun da səbəbi onların müalicə proqramıdır. Çünki müalicənin müəyyən bir nöqtəsindən sonra məhz protezləşməyə təqdim oluna bilərlər. Bu sahədə işlərin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi üçün ötən ilin yayında Sizin verdiyiniz Fərmana uyğun olaraq, avqust ayından etibarən Vahid Əlaqələndirmə mərkəzləri yaradılmağa başlandı – həm DOST mərkəzlərində, həm də Dövlət Sosial Müdafiə Fondunun regional filiallarında. Bu günə artıq Bakı şəhəri və 33 rayonumuz Vahid Əlaqələndirmə Mərkəzi ilə əhatə olunub. Yaxın iki ay ərzində 15 rayonu birləşdirən daha üç mərkəz də yaradılacaq. Ümumiyyətlə, ötən 6 aylıq dövr ərzində bu mərkəzlərdə 26 min vətəndaşımız – şə


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam