"Tarixin yaralarına toxunmayın" -Vitse-spikerdən iranlı deputatlara cavab

Yenixeber.org: Azərbaycanın Zəfər savaşından sonra bölgədə Türkiyə-Azərbaycan İttifaqının söz sahibinə çevrilməsi, Türk Dövlətləri Təşkilatının yeni beynəlxalq güc mərkəzi kimi ortaya çıxması anti-türk qüvvələri hərəkətə gətirib. Təəssüflər olsun ki, bu sırada bəzi xristian qərb dövlətləri ilə yanaşı adını islam respublikası qoyan cənub qonşumuz İran da yer alıb. Minlərlə müsəlmanı qətlə yetirən, məscidləri murdarlayan erməni hökuməti ilə can bir qardaşlıq nümayiş etdirən Tehranın parlament üzvləri etdikləri əməllərdın xəcalət çəkmək əvəzinə bu günlərdə tamam əndazəni aşaraq sərsəm bəyanatlar səsləndirib. Belə ki, bir qrup iranlı deputat Azərbaycan prezidenti İlham Əliyevin Türk Dövlətlərinin 9-cu Sammitində Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların dil hüquqları haqqında fikirlərində əndişələnib. Onlar Azərbaycan prezidentinə Azərbaycan Respublikasının İranın bir hissəsi olduğunu, şimali Azərbaycan ərazisinin Gülüstan müqaviləsinə əsasən İrandan ayrıldığını xatırladıb. Fars dilində tarixi səhv edən bu mandat sahibləri siyasi normaları da pozub. Bu kəslərə xatırladıram ki, bu müqavilələr nəticəsində 50 milyonluq Azərbaycan türkü ikiyə bölünüb. Suz bu müqavilələrin adlarını xatırlatmaqla güneydə yaşayan 30 milyonluq xalqın hisslərinə toxunursuz. Həm Gülüstan, həm də Türkmənçay müqaviləsi imzalanandan sonra bir neçə dəfə ləğv olunub. 1921-ci ildə sovet Rusiyası çar Rusiyasının imzaladığı bütün müqavilələrin birtərəfli qaydada ləğv olunduğunu elan edib. Bundan başqa Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bu müqavilə ləğv olundu və İran Azərbaycanın ərazisi ilə bir yerdə onun varlığını tanıdı. Yeri gəlmişkən, 1919-cu ildə Paris sülh konfransında İran torpaq iddiası ilə çıxış edib və Avropalılar bu iddianı dilinə gətirən İran nümayəndəsini otaqdan qovub. Təbii ki, o müqavilə çoxdandır tarixi hadisəyə çevrilib. Ona görə də bu gün o haqda danışmaq siyasi hoqqabazlıqdır və yalnız daxili auditoriya üçün təbliğati əhəmiyyəti ola bilər. Şimali Azərbaycan, yəni indiki Azərbaycan Respublikasının vətəndaşları da Türkmənçay və ya Gülüstan müqavilələrini tarixin zorakı olayı kimi xatırlayır və unutmur. Çünki bu müqavilə ilə parçalanan bizim vətənimizdir. Tarix bütün həqiqətləri öz yerinə qoyan ən böyük hakimdir. Şimali Azərbaycan öz müqəddəratını çoxdan müəyyən edib.

Fəzail İBRAHİMLİ, Milli Məclis sədrinin müavini