Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Ana dili – Vətənin müqəddəsliyidir

 

Xeberinfo.com:

Göylü Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız. Cari problemlər bu gün o qədər çoxdur ki, köklü məsələlər haqqında düşünmək sanki yada düşmür. Yaxud da ildönümündən ildönümünə yada düşür. Xalqın həyatında başlıca rol oynayan amillərdən biri dil məsələsidir. Bu günkü söhbətimiz də elə bu məsələyə həsr olunacaq. Söhbətdaşlarımız isə ideoloji-siyasi proseslərdə özünəməxsus sözü olan dəyərli ziyalımız Xaliq Bahadır, Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı və əslən Güney Azərbaycandan olan ziyalımız Ağşın Ağkəmərlidir.

Söhbətimizə Xaliq bəyin ilk sualımıza cavabı ilə başlamaq istəyərdim. Xaliq bəy, dil nə deməkdir, təkcə ünsiyyət vasitəsidirmi?

 

Xaliq Bahadır: Dilçilikdə belə bir tezis var: Dil düşüncə faktorudur. Dil düşüncədən gəlir. Hər bir xalqın dili onun varlığı deməkdir. Mənəvi varlığı deməkdir, siyasi varlığı deməkdir, ideoloji varlığı deməkdir. Ona görə də dünyanın qabağa çıxan bütün xalqları çalışır ki, dilin üzərində işləsin. Başqa cür, adi sözlə desək, dilin üstündə əsir. Bütün qabaqcıl xalqlar çalışır ki, onun dili arınmış, qabaqcıl dillərdən olsun. Bu gün dünyada belə dillər var– ingilis dili, rus dili, fransız dili, alman dili. Bu dillər də elə-belə qabaqcıl dil olmayıblar. Bunları qabağa çıxaran o xalqların qabaqcıl düşüncəli oğulları olublar. Bu işin bir yönüdür. Başqa bir yönü də dövlətin görəcəyi işdir. Bir-iki fakt demək istəyirəm. Fransada ötən yüz ilin 80-ci illərindən başlayaraq, parlamentdə qərar çıxardılıb. Bu qərar Fransız dilinin arılığı ilə bağlıdır. Hər xalq öz dili ilə bağlı qonşularından qorunmağa çalışır. Fransızların da bununla bağlı sorunları olub, ingilislərin təsiri baxımından. Onlar qərar çıxardandan sonra Fransada ingilis sözlərini fransız dilindən çıxartmaq yönündə iş başlayıb. İngilislərdə bu iş çoxdan yüksək düzəydədir. İngilislərdə belədir: bir adam, çoban da olsa, ingilis dilini gözəl bilirsə, o adama çox böyük sayğı var. Almanlarda da fransız dilindən qorxu var. Ona görə onlar da çalışırlar dillərini fransızcadan gələn sözlərdən təmizləsinlər. Bununla bağlı mən oxumuşam, onlar redaksiyalarda divara yazıb vururlar: “arı alman dilində danışırıq”. Bu çağırışdır. Gəlirəm Azərbaycana. Bizim dilimiz illərlə çoxlu etkilərə uğrayıb. Ən çox da qabaqlarda bu etki olub fars dili, ərəb dili, sonra da olub rus dili, indi də olub ingilis dili vasitəsilə. Buna qarşı da çıxacaq nəsə yoxdur. Birincisi, xalqın özündə yoxdur, aydınlarda yoxdur. İkinci də hökumətdə yoxdur. Son 20 ildə dilimiz çox qabağa gedib. Mən bu işin içində olan adam kimi deyirəm. Ancaq mən düşünürəm. Bizim dilimiz, türk dili olaraq, elə dolğun dildir ki, biz bundan qat-qat qabağa gedə bilərdik. Gedə bilməmişik. Hökumət maraqlanmır, hakimiyyətin belə bir ideologiyası yoxdur. İş ondadır ki, bizdə müxalifətin də ideologiyası yoxdur. Müxalifətin əlində o hakimiyyət rıçaqları olmasa da, başqa olanaqlar var. Onlardan yararlanıb dili qabağa apara bilər. Dildə dəyişiklik eləyə bilər, yeniləşmə eləyə bilər. Eləməyiblər onları, eləyən yoxdur. Göylü Atalı: Xaliq bəy, elə problem ordan başladı ki, dilimizin adında “türk dili”ndən “Azərbaycan dili”nə keçid oldu.

Xaliq Bahadır: Ay sağ ol. Bu yaxınlarda bir yerdə oxudum. Bizim tanınmış kitab yayını ilə uğraşan adamlardan biridir. Kimlərəsə cavab verir, deyir, düz demirlər, düz düşünmürlər, bizim dilimiz kasıb dildir.

Göylü Atalı: Bu fikir tez-tez səslənir…

Xaliq Bahadır: Mən belə adamlara söz tapmıram deməyə. Gündəlik bu dillə işləyən adamam. Mənim işlədiyim türk dilidir, Azərbaycan türkcəsidir. Mənə məktublar gəlir qəzetdə çıxan yazılarımla bağlı. Onları iki yerə bölmək olar. Bəlkə də üç yerə. Bir bölüm deyir ki, (yazılarından bilinir, onlar islamçıdırlar. İrançı islamçılardır, fars basqısı altında olan adamların düşüncəsidir, mənim dilimə qarşı çıxırlar) sən Türkiyədən söz götürürsən. Mən Türkiyədən söz götürmürəm. Sözü götürürəm türk dilindən. “Bizim dilimiz kasıb dildir” deyirlər, ona qarşı deyirəm bunu. Mən sözləri götürürəm öz türkcəmizdən. Birincisi, bizim dilimiz türk dili olub Türkiyədən qabaq, Osmanlıdan qabaq. Bizimkilər eləyiblər bunu. 1918-ci il, iyunun 27-də Azərbaycan Milli Şurasının qərarı olub: Azərbaycan dili yox, Türk dili adlansın. Türk tarixi adlansın. Bizdən çox sonra, 1923-cü ildə Atatürk Türkiyədə dili türk dili elan elədi. Atatürk onları bizdən götürdü. İndi bizdə bu yolu tutanlara deyirlər ki, sən Türkiyəçisən. Bir var ortaq türkcə, bir də var Türkiyə… Bax, bizdə nə ola bilər? Mən bunu da demək istəyirəm. Hökumət burda işləyər. Birinci, biz türk dillərindən sözlər götürə bilərik. Lap birinci biz götürə bilərik. Bizdə işlənməmiş xam bir yer var– Güney Azərbaycan. Mən filologiyanı qurtarmışam. Bu işləri yaxşı bilirəm, ona görə deyirəm. Bizdə dil öyrənilib. Adamlar gediblər, universitet, akademiya yolu ilə öyrəniblər. Sözlər toplayıblar. Azərbaycanın hər yerindən toplayıblar. Borçalıdan toplayıblar. Bu yaxşıdır. Düzdür, gərəyincə olmayıb, bu olmalıdır. Dayanmamalıdır. Yenə var. Ancaq Güney Azərbaycandan biz söz toplamamışıq. Ora xam qalıb. Günü bu gün də burdan hökumət pul ayıra bilər, ekspedisiya gedə bilər, bu bütün dünyada olan bir şeydir. Gedər, ordan bizə böyük bir xəzinə gətirə bilər. Dil xəzinəsi. Bu gün o bizdə işlənmir. Orda da məktəb olmadığına görə kitablara düşmür. Onların da çoxu el arasında gəzir. Gedib orda çay evlərində oturub çoxlu sayda söz yığmaq olar. Bayatı yığmaq olar. Elə bayatılar var ki, onlar bizdə yoxdr. Güney Azərbaycanda var. Azərbaycan özü bütövlükdə dil xəzinəsidir, ədəbiyyat xəzinəsidir. Biz bundan yararlanmırıq. Bunun da səbəbi bəllidir. Milli hökumətimiz yoxdur. Birinci bu olmalıdır. İkinci nə olmalıdır? Bütün türk ellərini gəzməlidir akademiya. Akademiyanın Nəsimi adına dilçilik institutu var. Onlar türk ellərini gəzməlidir, Alpdan Altaya qədər. Sözləri yığmalıdır. Sonra sözlüklər buraxılmalıdır. İndi bizim Nəsimi adına dilçilik institutu sözlük buraxır, hamısının üstünə yazır Rusca-Azərbaycanca lüğət. Azərbaycan dilinin izahlı lüğəti. Bunlar hələ də qabağa gedə bilmirlər. Biz qabağa getmişik. Jurnalistlər qabağa gedib. Bizim dilçilik institutu hələ qabağa gedə bilməyib. Lüğət ərəbcədir. Kitabların içinə baxanda nə görürsən? 60-cı illərdə buraxılmış kitabları bura köçürüblər. Dünyada belə praktika yoxdur. Nəyə görə? Bütün dillər durmadan qabağa gedir. Dünyada elə bir durğun dil yoxdur. Dil durursa millət ölür. Ya da başqa cür deyək, millət ölürsə dil durur. Millət sağdırsa dil durmur. Dil millətdən qabaqda gedir. O, dilin bir özəlliyidir. Biz bu faktorlara hələ indiyədək yiyələnməmişik, öyrənməmişik, araşdırmamışıq. Bunları ortaya qoymamışıq. 60-cı illərdə buraxılan sözlük kitablarından buraya söz köçürmək dünyada görünməmiş bir şeydir. Mən demirəm bütünlüklə dəyişmək, bütünlüklə dəyişmək olmaz. Ancaq çoxlu sayda söz var. Mən özüm onlardan bir az yazmışam da. “Nöqteyi-nəzər” – 60-cı il kitablarında da gedir nöqteyi-nəzər, indi buraxılan kitabda da. Akademiya buraxıb onu. Ancaq indi biz hər yerdə baxış işlədirik. Sonra başqa bir problemi də yada salmaq istəyirəm. Bizim jurnalistikamız yaman gündədir. Yaman gündə olmağının da bir başlıca nədəni var: jurnalistika fakültəsində bu gün demək olar savadlı müəllim yoxdur. Türk dili dünyanın ən dolğun dilidir. Dünyada bundan dolğun dil yoxdur. Bizdə qabaq ruscanı yaxşı bilirdilər. İndi ingiliscəni yaxşı bilirlər. Ruscanı yaxşı bilənlər bizim dilimizi pis bildiyi kimi, indi də ingilis dilini yaxşı bilənlər bizim dilimizi pis bilirlər. Dünyada belə parktika da yoxdur. Sən birinci öz dilini necə gərəkdir elə bilməlisən, sonra başqa yüz dənə dil öyrən. Bunlar hamısı bizi geri qoyan faktorlardır. Dil millətin gəlişməyində, qabağa getməyində çox böyük rol oynayır. Bizim dilimiz bu gün o rolu oynaya bilmir.

Göylü Atalı: Soylu bəy, siz dilimizin inkişafını necə qiymətləndirirsiniz?

Soylu Atalı: Dilimizin inkişafı da, yaşaması da xalqın özəlliklərinə bağlıdır. Dil o vaxt yaxşı inkişaf etmir, yaxud da yaşamır ki, xalqın özünün içi o dilə bağlı deyil. İçi deyəndə mən nəyi nəzərdə tuturam? Mədəniyyətini. Bir var məişət dili, bir var mədəniyyət dili. Söz yox məişət özü də mədəniyyətin bir cəhətidir, amma müəyyən mənada onu ayırmaq olar. Dediyim kimi, dilimizin ifadə eləməsi üçün milli ruh gərəkdir, milli mədəniyət gərəkdir. Bizim həyatımızda istər iqtisadi anlayışlarımız (terminlərimiz), istər mədəni anlayışlarımız, istər siyasi anlayışlarımız hamısı ekspansiyadır (qıraqdan köçürülmə). Biz bizə gətirilən mədəniyyət əsasında danşırıq. Çünki kənardan gələn öz adıyla gəlir. Biz də başqalarından götürdüyümüz anlayışları onların dilində işlədirik. Təəssüf ki, bizdə anlayışlar üzərində işləmək yoxdur. Birinci növbədə özümüzün içimizdə yaradıcılıq olmalıdır, ikinci növbədə aldığımiza özümüz ad qoymalıyıq. Bizdə bu proses yoxdur. Baxın, dilin inkişafında əsas rol oynayır ədəbiyyat, poeziya, sənət. Söz yox ki, ədəbiyyat, poeziya, sənət yaradıcı şəxslərin özlərinin dilə yanaşmasından, yaxud da ortaya qoyduqları obrazlardan daha çox asılıdır. O obrazlar vasitəsiylə də dili inkişaf etdirmək olar. Ancaq gəlin baxaq, bizim insanlarımız, yaradıcı qələm adamlarımız necə düşünür, hansı mədəniyyət əsasında yaşayır, hansı mədəniyyət əsasında düşünür, hansı obrazı seçir? Mili ruh onun içində nə dərəcədə hakimdir? Bu olduqca vacib məsələdir. Gəlin baxaq ötən yüzillərə. Öncəki yüzillərdə bizim gözəl poeziyamız olub. Götürək Nizamini. Nizami poeziyası dünya səviyəsində, istər elmi tutumuna görə, istər fəlsəfi tutumuna görə, istər poetik tutumuna görə möhür vurmuş poeziyadır. Ancaq Nizami, yaradıcılığını bütünlüklə fars dilində yazıb. Bu dərəcədə zəngin yaradıcılıq, poeziya örnəyi bizim dilimizin inkişafına xidmət eləmədi. Ondan sonrakı mərhələdə ayrı-ayrı şairlərimiz (Nəsimi, Füzuli…) çətinliklərlə də olsa, poeziyaya türk dilini gətirdilər. Yaxud da türk dilini poeziyaya gətirdilər. Türk dilinin poeziyaya gətirilməsiylə dilimiz artıq başladı dirçəlməyə. Müəyyən mənada xalqın içində yalnız məişətdə işlədilən dilin üzərinə artıq bir az poeziya dili gəldi, sənət dili gəldi. Sonrakı mərhələlərdə sazmız işə düşdü. Mən saz haqqında bir söz yazmışam ki, Saz dindir. Niyə deyirəm saz dindir? Din – xalq, toplum, yaxud bəşəriyyət məhv olanda yaranır. Mənəvi cəhətdən məhv olanda, özündən ayrılanda din yaranır. Bizim dilimiz də məhv olmaqdan saz vasitəsiylə qorundu. Saz bizim dilimizin inkişafında xüsusi rol oynayan din səviyyəli bir hadisədir. Poeziyamız, şeirimiz əruzdan hecaya gəldi. Təcnis, gəraylı, qoşma yarandı. Bu üslubda şeirimiz yazıldıqca ustad aşıqlarımız sazı basdı sinəsinə, el-el, oba-oba gəzdilər və öz dilimzidə nəğmə oxudular. Həmin nəğməylə dilimizi yenidən xalqa qaytardılar. Yerlərdəki sadə insanlarımız, hansı ki, xalq ruhu bütövlükdə o yerlərdədir, onlarla saz ruhunun bir vəhdəti yarandı, doğmalığı yarandı. Bax, bu, bizim müəyyən mərhələdə inkişafımız üçün ciddi təkan oldu. Bunu qorumaq çox çətin idi. Təbiidir ki, bunun yaranmasında təriqətlərin də rolu oldu. Ancaq bunun yaşaması olduqca çətin idi, niyə? Bizim içimizə ərəb dünyabaxışı gəldiyi gündən bu yana içimizdə mənəvi tənəzzül başladı, inkişaf dayandı. Geriləmə getdi. Bizdə mədəni inkişaf demək olar ki, getmədi. Çünki hər şey bağlandı ərəbin adına. Hər şey onun çətirinin altına keçdi. Dünyabaxışın etkisi xüsusi bir məsələdir. Dil xalqın ruhu ilə bağlı məsələdir. Dünyabaxış xalqın ruhunu yaradır, xalqın ruhundan gəlir, xalqın ruhunu ifadə edir, onu ayaqda saxlayır. Xalqın ruhaniyyat əsasında yaşaması gerçəkləşir. Ancaq dediyim kimi, bu gün həyatımızda hakim olan Dünyabaxış millətin ruhundan gəlmədiyinə görə, ərəb dünyabaxışına təslim olduğumuza görə bütün kurallarımızın hamısının içərisində ərəb dili hakim oldu. Bu gün də biz dilimizdə ərəb sözlərindən qurtara bilmədik. Bu da təbiidir. Çünki dünyabaxış gəlir, mədəniyyət gəlir, kitab gəlir, öz diliylə gəlir. Mənim dilimlə gəlmir ki, o mədəniyyət, öz diliylə gəlir.

Xaliq Bahadır: Düşüncə ərəbləşir.

Soylu Atalı: Bəli, ona görə də bunun qarşısında biz dirəniş göstərə bilmədik. Bizi bundan xilas elədi bu və ya başqa şəkildə saz. Bu və ya başqa şəkildə şeiriyyətə, sənətə qoşmanın, gəraylının, yəni saz sözünün, saz nəğməsinin, saz musiqisinin gəlməsi dilimizi qismən xilas elədi. Bu günün özündə bayaq vurğuladığım kimi, xalqımızın özünəməxsus mədəniyyəti yoxdur, əksinə, özünəməxsusluğun yaranmasına qarşı hücum var. Biz öz ruhumuzla yaşamaq istəyirik. Öz mədəniyyətimizin əsasında ortaya fikir qoymaq istəyirik. Yaradıcılıq, düşüncə qoymaq istəyirik, hər tərəfdən bizim baxışlarımıza qarşı hücumlar var. Uzağa getməyək, sosial şəbəkə deyilən internetdə, görürsünüzmü, bir dənə mill dəyər ortaya qoyan kimi, eyni adamlar, hamısı da gənclərə aid adlardır, milli dəyərlərə qarşı başlayırlar aşağılayıcı yazılar, fikirlər yazmağa. Aşağılayırlar, lağ eləyirlər. Mən qəti əminəm ki, onu təşkil edən İranın ETTELATıdır. Bizim mədəniyyətimiz dirçəlməməlidir prinsipi var onlarda. Ona görə də gəncliyin müəyən bir kəsimi baxır onlara, görürlər ki, əsas “inkişaf” hansı tərəfə gedir (inkişaf demək olarsa onun adına), tabe olurlar ona. Bizdə təslimçilik var bu gün. Güclü təslimçilik var. Qapımız, pəncərəmiz hamısı açıqdır. Çöldən bizim içimizə hər cür zir-zibil dolubdur. Biz ona qapı açırıq. Biz, millət olaraq, bu cəhətdən üfunət içində yaşayırıq. Mədəniyyətimiz üfunət içindədir. Ona görə deyirəm, dilin əsas hərəkətverici qüvvəsi Dünyabaxış məsələsidir. Mədəniyyət məsələsidir. Türk dili bütün dönəmlərdə zədə götürüb. Bütün dönəmlərdə dövlətin rəsmi strukturuna yaxın buraxılmayıb. Hətta Şah İsmayıl dövründə bizim dilimiz türkcə adlansa da, qurulan dövlətlərimiz tayfaların adına bağlı olub: Səfəvilər dövləti, Əfşarlar dövləti, Qacarlar dövləti. Yəni türk adına bağlı olmayıb. Dilimiz türk dili olub, amma dövlətimiz türk adına bağlı olmayıb. Bunun özü çox böyük kontrast yaradır, təzad yaradır. Görürsünüzmü, dilin inkişafı üçün vurğu elədiyim hədəflər nə qədər önəmli rol oynayır. Mən qəti əminəm ki, biz özümlü mədəniyyətə, özümlü Dünyabaxışa üz tutmayınca dilimiz bu cür bərbad vəziyyətdə olacaq. Xaliq bəy deyir bu gün bizim jurnalistikamız bərbad vəziyyətdədir. Niyə? Çünki vahid milli meyar yoxdur. Milli strategiya yoxdur. Ona görə də kim necə gəldi yazır, məsuliyyət yoxdur. Milli məsuliyyət olmalıdır. Üzr istəyirəm, ana öz doğduğuna ad qoymalıdır. Gərək bundan ötrü ana olasan ki, ad qoyasan. Bu çox prinsipial məsələdir.

Xaliq Bahadır: Bayaq yadımdan çıxdı demədim, Fransa hökuməti, Fransa dövləti dünyanın hər yerində milyonlar xərcləyir fransız dilinin yayılması üçün. Fransız dilini öyrətmək üçün. Fransadan qıraqda. Biz ölkəmizin içində də buna çalışmırıq.

Soylu Atalı: Xaliq bəy bayaq dedi ki, adətən hər bir dövlət öz qonşusundan qoruyur dilini. Deyək ki, fransa ingilisdən. O biri bundan. Nəyi ilə qoruyur? Necə qoruyur? Onun mədəniyyətinin bunun içərisinə soxulmasının qarşısını alır. Çünki dil mədəniyyətlə daxil olur. Dil qılıncla gəlmir, top-tüfənglə gəlmir. Dil mədəniyyətlə gəlir.

Göylü Atalı: Ağşın bəy, siz necə düşünürsünüz, Dövlət üçün dilin əhəmiyyətini?

Ağşın Ağkəmərli: Millətin varlığı üç şeylə əlaqələndirirlir: birinci onun ərazi bütövlüyüdür, ikinci onun mədəniyyətidir, başqa bir yön də onun dünyabaxışıdır. Çünki bu üç şey olanda millət öz mövcudiyyətini ortaya qoyur. Mədəniyyətin, kültürün başında gələn birinci dildir. Xaliq bəy və Soylu bəy bu məsələyə geniş aydınlıq gətirdilər. Mən bu gün İranda gedən proseslə əlaqədar canlı faktorları demək istəyirəm. 1924-25-də ingilislərin əliylə Pəhləvi hakimiyyəti iqtidara gələndə birinci gördüyü iş orada fars dilini rəsmi dövlət dili elan eləməsi oldu. Onunla yanaşı ideologiyanı – irançılıq, paniranistlik məsələsini gündəliyə gətirdi, Pəhləviçiliyi. Həmin illərdə bugünkü İran adlanan ərazidə 11 dənə dil var idi. Lor, lar, lər dilləri, kürd, türk, türkmən, bəluc, fars və s. Bu gün onlardan beşi qalıbdır. Qalanı assimilə olub gedibdir. Əgər bu gün bəluç dili mövcuddursa, onun müəyyən hissəsi Əfqanıstanda və Pakistandadır. Bir hissəsi də İrandadır. Azərbaycan türkcəsinə gələndə, onun bugünkü inkişaf mərhələsinin Güneydə əsas prosesi bu tayda, yəni Quzey Azərbaycanda dövlətin mövcudiyyətindən və bu dilin uzun müddət, ən azından yüz ildən artıq, məktəblərinin mövcudiyyətindən asılıdır. 20-ci əsrin əvvəllərində Birləşmiş Millətlər Təşkilatından öncə  yaranmış bir təşkilat vardı.

 

Xaliq Bahadır: Millətlər Liqası…

Ağşın Ağkəmərli: Hə, Millətlər Liqası. O dönəmdə təxminən 6600 dilin mövcudluğunu rəsmi qeydiyyata almışdılar. YUNİCEF-in qeydiyyatında 1992-ci ildə o dillərdən, səhv eləmirəmsə, 4800 dil qalmışdı. Təxminən 1800 dil digər dillərin tərkibində əriyib yox olmuşdu. Yəni demək olar ki, böyük bir mədəni varlıq, kültür, eyni halda millət məhv olub getmişdir. Ümumən dil məsələsində başqaları bizlərdən daha artıq onun varlığına, mövcudiyyətinə əhəmiyyət verir. Məsələn, ərəblər, ruslar, farslar, hətta ermənilər. Bu gün ermənilərin əsas mövcudiyyəti erməni diliylə əlaqədardır. Dəfələrlə söhbətlərimizdə demişik, İsfahanın Culfa adlanan bölgəsinə (Səfəvi dövründə Güney Azərbaycandakı Culfa bölgəsinə) gedən 40 min erməni adı da özü ilə aparıb, dilini də. Yəni İsfahanın mərkəzində öz məktəbini açmışdır. Amma biz bu məsələnin nə qədər əhəmiyyətli olduğuna düzgün yanaşmamışıq. Hətta İsrail dövləti yarananda birinci dil konqresini yaratdılar. Yəni ölmüş, unudulmuş bir dili. Çünki İstrailin əsas mövcudiyyəti, varlığı onunla paralel getdiyinə görə birinci dil konqresini yaradıb. Bu gün, 21 fevral dünyada “beynəlxalq ana dili günü” kimi qeyd olunur. Bunun əsas səbəbi Pakistanla bağlıdır. Pakistan adlanan bugünkü ölkə Hindistanın tərkib hissəsi idi. Ayrılandan sonra Pakistan iki bölümdən ibarət olur –Şərqi və Qərbi Pakistan. Qərbi Pakistan İrana – Bəlucistana yaxın bir ölkə olduğuna görə onlar Urdu dilini götürürlər. Benqal dili ortada qalır. Şərqi Pakistanda Benqal dili istifadə olunurdu. Sonra Benqal dili istifadə olunmadı. Buna görə çox əziyyət çəkirlər. Çünki bilirlər ki, bunlar get-gedə Urdu dilinin tərkibində assimilyasiya olub gedəcəklər. Səhv etmirəmsə, 1955-ci ildə bu, etirazlara səbəb olmuşdu. Həmin illərdə nəticə etibarilə Şərqi Pakistan Qərbi Pakistandan ayrılır, bugünkü Benqladeş ortaya çıxır…

Xaliq Bahadır: Ağşın bəy, yaxşı yada saldınız, İsraili. Ancaq üstündə durmadınız. Üstündə durulası bir moment var. İsrail dövləti nə vaxt quruldu? 2000 il sonra. 2000 il dövləti yox idi, yer üzünə dağılmışdılar. Qurulanda qruplara ayrılırlar. Bir qrup deyir fransız dilini götürək. Öz dilləri yox idi, itmişdi. Bir qrup deyir ingilis dilini, rus dilini götürək, bir qrup da deyir ki, yox, biz öz dövlətimizi yaradırıqsa, milli dövlətimizi, öz dilimiz olmalıdır. Deyirlər axı öz dilimiz yoxdur, itib-batıb. Deyirlər ki, yaratmalıyıq. Vur-tut 8000 söz olub. Axırda öz dilimiz olmalıdır deyənlərin baxışı üstünlük qazanıb, onların dilini götürüblər. Yox yerdən İsrailin dövlət dili yaranıb. Baxın, millət bir olanda, çəkici bir zindana vuranda, deməli, yox yerdən dil yaradır. Çoxları inanmırmış, özləri, deyirlərmiş yox ey, bu dil itib-batıb, bunu yaratmaq olmaz. Görürsüz, ortada bu gün ivrit dili var. Onunla dünyaya çıxırlar. Biz elə tənbəlləşmişik ki, dünya boyda dilimiz var, onun üstündə dayana bilmirik.

Ağşın Ağkəmərli: Yenə də siz mənə xatırlatdınız, bir faktı deyim. Bu gün Avropada hansısa bir xarici tələbə, hansısa bir universitetdə oxuyursa, onun maddi çatışmazlığı olanda bunlar ona yaxınlaşırlar ki, ikinci dili ivrit dilini götürərsənsə, biz sizin oxumağınızı maliyyələşdiririk. Bu qədər əhəmiyyət verirlər məsələyə. Bayaq siz deyən kimi, 200 il bundan qabağa kimi, Amerika, BMT yaranmamışdan qabaq bütün sənədlər fransızca gedirdi. İngilislərin özləri bu məsələdə inanmırdılar ki, dünya çapında olan sənədlər ingiliscə yazıla bilər. Ancaq Amerika dövləti yaranandan sonra, həmin dövrdə birinci dəfə olaraq, böyük bir etirazla qarşılansa da, dünya çərçivəsində gedən hansısa bir sənəd ingiiscə yazıldı. O gündən etibarən ingilis dilinin əhəmiyyəti gündəmə gəldi.

Göylü Atalı: Xaliq bəy, dilimizin aşırı dərəcədə mürəkkəb təsirə malik olmasının səbəbini nədə görürsünüz? Bu gün bəs qədər dilimizdə yad-yabançı sözlər var. Aydındır ki, mütləq qarışıqsız dil mümkün deyil. Dildə alınma sözlər qarşısıalınmazdır. Bu normal bir şeydirmi, yoxsa bunun qarşısı alınmalıdırmı? Yəni nə dərəcədə saflaşdırmaq mümkündür dili?

Xaliq Bahadır: Bizdə bu gün ortaya çıxan görsəniş dillə bağlı anormal görsənişdir. Bayaq dedim, bizim dilimiz olduqca dolğun dildir. Bilirsiniz necədir? Başqa nə iləsə bağlı yalan danışmaq olar, ört-basdır eləmək olar, dildə bu yoxdur. Dillə bağlı yalan deyə bilməzsən. Nəyə görə? Qarşında duran adam deyəcək ki, fakt qoy ortaya. Mən fakt deyirəm. Bizim dilimizdə, türk dilində, çox dolğun dil olduğuna görə, elə bir görsəniş yoxdur ki, bir anlam iki sözlə bildirilsin. Bir anlam bir sözdür. Farslar deyirlər əhvali şoman çetorğəst? Sizin kefiniz necədir? Ancaq biz nə deyirik? Necəsən?

Göylü Atalı: Xaliq bəy, bu, dildə üstünlükdür, yoxsa?.. Onunla adətən fəxr edirlər ki, bir fikri çox sözlərdə ifadə edirlər.

Xaliq Bahadır: Bizim qabaqkı çağlarda olan nadan başçılarımız fars dilini dövlət dilinə çeviriblər. Bizdə bu, xarakter görsənişidir (türklərdə). Başqalarını özümüzdən üstün tuturuq. Başqalarını özümüzdən çox istəyirik. Dilimizdə də bu baş verib. Bu cür gözəl dildir. Farsda bir anlamı işlətmək üçün 3-4 söz işlənirsə, bizdə tərsinədir. Bizdə bir anlamı bildirən çoxlu sayda sözlər var: Şkafın gözü, adamın gözü, nəyin gözü, görürsünüz, bizdə belə çoxlu örnəklər var.

Ağşın Ağkəmərli: Bizdə sözün kökü dəyişilmir. Ancaq bir ifadə ilə, bir sözlə hansısa bir hadisəni bəyan edə, dilə gətirə bilirik. Eyni halda həmin sözü başqa bir dildə şəkilçilərlə əlavə eləmək olar. Baxın, məsələn, birinin bir otağa girişini çoxsaylı sözlərlə ifadə edə bilirik: gəldi, girdi, buyurdu, soxuldu, təpildi, dürtüldü.

Xaliq Bahadır: Hər birinin ayrı anlamı var, görürsünüz.

Ağşın Ağkəmərli: Buyurmaqla soxulmağın yerlə-göy qədər fərqi var.

Xaliq Bahadır: Görürsünüz, bir dənə sözlə görüntü yaradır. Baxın, təpildi, soxuldu, buyurdu. Çox doğru deyirsiniz. Bu bizim dilimizdədir. Fars dilində belə gözəllik yoxdur.

Ağşın Ağkəmərli: Mən fikirləşirəm ki, heç ingilis dilində də bu yoxdur. İndi siz rus dilini yaxşı bilirsiniz.

Xaliq Bahadır: Yoxdur. O bizdədir. Rus dilinin özünün də dolğunluğu bizim dilimizdəndir.

Göylü Atalı: Xaliq bəy, dilə sevgini kim yaratmalıdır? Dövlətmi, xalqın özümü? Ümumiyyətlə, o sevgi, yaxud biganə münasibət hansı təsirlərdən doğur?

Xaliq Bahadır: Mən Rusiya qəzetlərini çox oxuyuram. Rusiya bizim qonşumuzdur. Son 3 yüz ilin imperiya dövlətidir. Bu gün də imperiya dövləti olaraq qalır. Bir çox nədənlərdə onlar bizdən qabaqdadırlar. Bu gün də Rusiya qəzetlərində dillə bağlı çoxlu yazılar gedir. Birbaşa hökumətin kontrolu altındadır onlar. Sözsüz, aydınlar böyük rol oynayır, çoxlu çıxışlar edirlər. Bizdə bir dənə də çıxış görmürsən. Tək-tük olur, məsələn, bizdə bir neçə alim var, ortaq türkcədən danışırlar. Onların ondan danışmağa hüquqları yoxdur. Onlar türk dilində danışmırlar. Ərəb-fars dilində danışırlar. Ortaq türkcədən danışırsansa, birinci özün ortaya örnək qoymalısan. Mənim yazılarım ortaq türkcədədir. Onu mən özüm yaratmışam.

Göylü Atalı: Xaliq bəy, ortaq türk dili hansı olmalıdır?

Xaliq Bahadır: Çoxları deyirlər Türkiyə türkcəsi olmaldıır. Türkiyə türkcəsi ola bilməz. Azərbaycan türkcəsi olmalıdır. Nəyə görə? Bunu mən dönə-dönə yazmışam, demişəm. Ona görə yox ki, Xaliq Bahadır Azərbaycan türküdür, o belə istəyir, yox. Mən bunu obyektiv olaraq düşünmüşəm. Türkiyə türkcəsi ərəb-fars sözləri ilə, Avropa sözləri ilə doludur. Eləcə də bizim o biri qardaşlarımız… Ən gəlişmiş dil Azərbaycan türkcəsidir. Soruşa bilərsiniz nəyə görə? Tarix boyu Azərbaycanda çox böyük başlar, aydınlar çıxıb ortaya. Onların sayı çoxdur. Mən ordan-burdan deyəcəm. Birinci, Dədə Qorqud kitabı. Mən dünya ədəbiyyatını oxuyan-bilən adamam, Dədə Qorqud mənim ən sevimli kitabımdır. Olduqca gözəl kitabdır. Mən başqa dilləri bilmirəm rus dilindən başqa. Bilənlər deyirlər, dünyada elə bir dil yoxdur ki, min il bundan qabağı bu günü ilə, Dədə Qorqud kimi üst-üstə düşsün. Deyirlər bu ancaq türk dilindədir. Dədə Qorqudu oxuyursan, anlaşılmaz nəsə yoxdur. Anlaşılmaz nəsə varsa, o, katiblərin ora saldığıdır. Ərəbi-farsı oxuyan katiblər ora salıb, o da baxan kimi bilinir. Qalanı bu gün bizim işlətdiyimiz türk sözləridir. Bundan başqa Nəsimi türkcə yazıb. Sonra gəlir Füzuli, Şah İsmayıl, türkcə yazıblar. Şah İsmayılla Sultan Səlim bir dönəmdə yaşayıblar. Sultan Səlim Türkiyənin başında durub, Şah İsmayıl Azərbaycanın. Sultan Səlim şeirlərini farsca yazırdı, Şah İsmayıl Türkcə. Şah İsmayıl yalnz özü türkçü olduğuna görə elə yazmırdı. Şah İsmayılı türkçü kimi yetişdirən Azərbaycan ortamı var idi. Bax, o ortam Şah İsmayılı ora gətirdi. Eləcə də Nəsimi. Ondan sonra, sazın özünü də Şah İsmayıl saraya gətirdi. Mən yazmışam ki, Şah İsmayıl saza dövlət statusu qazandırdı. Bu doğrudan belədir. Saz ondan sonra hər yerə ayaq açdı. Onadək də var idi, ondan sonra daha geniş yayıldı. Sonra gəlirəm 20-ci yüzilin başlanğıcına. Türk dövlətləri arasında ilk olaraq Azərbaycanda türk dili anlayışı ortaya gətirildi. Kim gətirdi? Azərbaycan Demokrtaik Respublikası. 1918-ci il, iyunun 27-də. Bizdən çox sonra, 1923-cü ildə Atatürk onu araya gətirdi. Atatürk də çətinliklə gətirdi. Dövlətin başında dururdu. Çox sayda adam deyirdi yox, Osmanlı dili olmalıdır. Atatürk deyirdi ki, Osmanlının 500 il tarixi var. Türkün tarixi daha qədimdir. Ona görə türk dili olmalıdır. Azərbaycan tarix boyu bütün türk ellərindən qabaqda olub. İntellekt baxımından da biz qabaqda olmuşuq. Bu gün də bizim türkcəmiz onlardan qabaqdadır. Eləcə də coğrafi baxımdan. Ola bilsin ki, biz Özbəkistanda olardıq, burda özbəklər doğulub böyüyərdi. Onda yenə bura olacaqdı. Nəyə görə? Bura ortadadır. Hamısı gəlib burdan keçir. İndi çoxları deyirlər ki, neft qurtarandan sonra bizim xoşbəxtliyimiz başlayacaq. Boş şeydir. Min illər qabaq, neft olmayan çağlarda Azərbaycan uğrunda savaş gedirdi. Azərbaycanın geopolitik durumuna görə. Azərbaycanın geopolitik durumu min il qabaq olub, min il sonra da olacaq. Batı ilə Doğu arasında Azərbaycan bir körpüdür. Bizim beynimizin, düşüncəmizin gəlişməyində bu körpü çox böyük rol oynayıb. Bu da batmır, dağılmır. Neft olanda da olacaq, olmayanda da. Ortaq türkcə Azərbaycan türkcəsi olmalıdır.

Ağşın Ağkəmərli: Siz çox incə bir məsələyə toxundunuz. Ortalıqda bir ideologiya olanda bu həm dövlətə gərəkdir, həm də millətə. Bayaq siz dediniz ki, Şah İsmayılı yetirən amil var idi. O, Səfəviliyin düşüncəsini daşıyırdı ki, 15 yaşında bir uşaq öz qabiliyyətini və bacarığını ortaya qoydu. Həm də bir şair kimi, bir sərkərdə kimi özünü göstərdi. Fars dövləti yarananda düşünürdülər ki, dövləti qorumaq üçün ideologiya olmalıdır. İdeologiya ortaya gələndə dili də gətirdi dövlətə. Dil o dönəmə qədər fərdi-hüquqi mahiyyət daşıyırdı. Sonra isə dövlət statusu – siyasi status qazandı. Ancaq biz hələ də siyasi statusu dilimizə qazandıra bilməmişik. Ona görə ki, ortalıqda bir ideologiya yoxdur. Məsələn, erməni dənizdən dənizə ölkə yaratmaq üçün bir ideologiya ortaya qoyub. Fars 17 qafqaz şəhərini almaqla yanaşı, bir ucu Hindistandan, bir ucu Pakistandan, o biri ucu Çin sərhəddindən tutmuş yunan sərhəddinə qədər gedir. Onun əsasında dilini sərgiləyir. Biz bu gün bu şəraitdə müdafiə eləmək qabiliyyətində, durumunda da deyilik dilimizi. Ona görə ölkəmizi böyütmək, bərpa eləmək də istəmirik. İdeologiya sərgiləmək istəmirik. Biz hələ başqa dillərin təsiri altından çıxmaq üçün ortaya bir fikir qoymamışıq. Biz hələ məsələnin fərdi-hüquqi məna daşımasından o tərəfə getməmişik ki, dilimizə siyasi hüquq verək. Bu, əsas boşluqlardan biridir.

Göylü Atalı: Soylu bəy, Xaliq bəy ortaq türk dili kimi Azərbaycan türkcəsini görür, siz necə hesab edirsiniz?

Soylu Atalı: Bu gün bizim mövzumuz ortaq türk dili deyil. Ona görə o məsələyə çox az toxunacam. Konkret olaraq dilin özünün yönü var, inkişaf mərhələləri var. Buna əngəl olan məsələlər var. Söhbət əsasən bu yöndə getməlidir. Mən bu dediklərimlə bağlı bir məqama toxunmaq istəyirəm. Bayaq vurğuladım ki, bizim bu çağa qədər olan dövlətlərimizin adında türk müəyyənliyinin olmaması bir səbəb oldu ki, türk dili əsaslı şəkildə inkişaf eləmədi. Xaliq bəy, Ağşın bəy ayrı-ayrı adamların adını çəkirlər. Görün türk dilimiz nə qədər baxımsız qalıb ki, biz tarixdən faktlar axtarırıq, dilimizin ləyaqətini sübut eləyək. Dövlətin Türk adına bağlı olmamağı istər-istəməz milli- mənəvi gedişatın hərtərəfli inkişafını təmin etməyib. Bu gün də, baxmayaraq ki, dövlətimiz Azərbaycan Respublikası adlanır, rəsmi olaraq türk adı heç yerdə yoxdur. Lap respublika sözünün yanında türk sözü olsaydı belə, heç nə dəyişməzdi. Çünki tayfaçılıq aradan qalxmayıb. İdarəetmədə, strukturda tayfaçılıq dəyişməyib. Tayfaçılıq strukturu nə qədər ki var, dilin inkişafından danışmaq mümkün deyil.

Göylü Atalı: Soylu bəy, mən elə bu məsələyə toxunmaq istəyirəm, dilin inkişafına təsir edən amillər.

Soylu Atalı: Elə onu vurğulayıram. Biz ideoloji basqılar altında olduğumuza görə, dini basqılar altında olduğumuza görə dilimizə sahib çıxa bilməmişik və dilimizin mədəni əsasları işlənmədiyinə görə o, başqa dillərin kölgəsində buraxılıb. Baxın, neçə onillərdir ki, bizim üzərimizdə fars dilinin çox ciddi etkisi var. Hətta toplumumuzun içərisində türk dilinə qarşı bir ironiya əhvalı yaradırlar. Sayğısızlıq, sevgisizlik yaradırlar. Bir misal da deyim, yazmışam bununla bağlı. Toplumumuz hansısa bir feli işlədəndə, deyir türkün sözü, türkün məsəli. Türkün sözü, türkün məsəli o deməkdir ki, işlətdiyin söz ədəbsiz sözdür. Əslində belə deyil, bizim fellərin heç biri ədəbsiz deyil. Fars ona ədəbsizlik statusu verib. Toplumumuz da onu işlədəndə utanır. Türkün sözü filan şey. Məsələn, soxuldu, qayırdı, bu kimi ifadələri işlədəndə deyir türkün məsəli. Bunlar o deməkdir ki, bizim dilimiz qeyri-etik dildir, mədəni dil deyil, ədəbsizdir sözlərimiz. Dilimizə böhtan atırlar. Təəssüf ki, ziyalı sayılan təbəqə, elm, təhsil ocaqları bu məsələylə ciddi və əsaslı məşğul olmur. Nəinki məşğul olmur, deyilən məsələləri qüvvədə saxlayır. Dilin dəyəri sözdür, dilin ayrı dəyəri yoxdur. Söz də milli ruhu, milli kimliyi ifadə eləyir. Bu mənada dil özü vətəndir. Vətən təkcə coğrafi məkan deyil ki. Dil özü vətəndir. Vətəni qorumaq ona görə önəmli rol oynayır ki, bu vətəndə bu dildə konuşan, mədəniyyət yaradan, ruhani kimliyini ortaya qoyan bir xalqın dilini qoruyursan. Xalqın dəyərlərini qoruyursan. Vətəni qorumaq o anlama gəlir. Biz isə dilimizə qarşı, vətənimizə qarşı biganəyik, hamısının əsasında bu durur. O ki, qaldı ayrı-ayrı insanlarımız sözlərin farsca variantını işlədirlər, fars sözönlüyü işlədirlər, bunlar hamısı ona görədir ki, fikirsizliyi gizləsinlər. Əcayib sözlər işlədirlər. Fikir yoxdur. Sözçülük var, oxuyursan, anlamırsan. Baxırsan cümlədə heç bir məna yoxdur. Ancaq yeni anlaşılmaz sözlərdir. Bu gün tərcümələrimiz var. Kitablar çevirirlər. Çevrilən kitabları mən oxuya bilmirəm. Həm dil bərbaddır, həm də düşüncə bərbaddır. Çünki çevirən özü o çevirməyə biznes kimi baxır. Dilə biznes kimi, qazanc, gəlir mənbəyi kimi baxır. Bax, bunların hamısı ciddi, əsaslı problemlərdir. Ümumən, dilin inkişafının əsasında nə durur? Milli ideya. Biz illərdir mübarizə aparırıq. Asif Atanın yaratdığı ideya həm xalqın ruhani varlığının, həm də dilin özünün qorunması və yaşaması deməkdir. Çünki xalqın ruhunu yaradır, başqa sözlə, xalqı öz ruhuna qaytarır, öz ruhuna qovuşdurur. Dilimizi qoruyan cəhətlərdən biri də əlifbadır. Dilin dəyəri Sözdür, Sözün geyimi də əlifbadır. Bizim, türk olaraq, türk dilimizin inkişafı o vaxt olar ki, dediyimiz amillərin hamısı öz həllini tapsın. Özümümzün abemiz yaransın. Sözümüzü öz əlifbamızda yazaq. İndi ortaq türk dili ilə bağlı bir neçə kəlmə demək istəyirəm. Mən bir yazı yazmışdım və türk toplumlarına xitab etmişdim. Ortaq türk dili dediyiniz dildə hansı mədəniyyəti konuşacaqsınız, mənim sevimli türklərim? Siz, Türk boyları, müsəlmansınız, xristiansınız, buddistssiniz; Qərbçisiniz, avropaçısınız, farsçısınız, rusçusunuz. Hansı mədəniyyəti konuşacaqsınız?! Ortaq türk əlifbasında hansı ideyanı yazacaqsınız?! Hansı sözə geyim eləyəcəksiniz bu əlifbanı?! Bunun üzərində iş getməlidir. Görün necə bir-biri ilə bağlıdır. Bu təzadları aradan qaldırmaq lazımdır. Xalqın içində bu təzadların aradan qaldırılması yönündə iş getməlidir. O ki, qaldı Azərbaycan türkcəsinə, mən də bunun üzərində düşünmüşəm və vurğu eləmişəm. Bütövlükdə dünya dilləri içərisində heç bir dilə qarşı aşağılayıcı münasibətim olmaylb, ola bilməz. Amma bir fakt var, həqiqət var. Bütün xalqların dilləri ən çox ağız boşluğunda qaynayır, ifadə olunur. Bizim dilimiz içəridən, daxildən, dərindən gəlir. Ona görə bizdə saz alındı. Sazı başqa dildə oxumaq mümkün deyil. Muğamın özü də, bizim muğamımız nə qədər fərqlidir. O, içəridən, dərindən qaynaya-qaynaya gəlir. Dərində ruh var. Ruhdan gəlir. Dil özü ruhdan gəlir. Asif Ata təsadüfi demir ki, ərəb dili – məscid dili, fars dili – məclis dili, türk dili – Yol dili, iz dili. Bizim dilimiz yol dilidir. Biz yol millətiyik, ideya millətiyik. Əgər bu gün bu keyfiyyətlərimizdən ayrılmışıqsa, bu, məsələnin ayrı tərəfidir. Ortaq türkcəylə bağlı deyəcəyim məsələ, yenə mən Asif Atanın o fikrini vurğu eləmək istəyirəm: “Türkiyə türkün qolu və kürəyi, Azərbaycan türkün beyni və ürəyi”. Bunu qafiyə xatirinə deməyib. “Azərbaycanımız – Azərbaycanlığımız” sistemi qoyub ortaya, – Zərdüştdən Saza qədər 7 möhətəşəm ruhani dəyər. Başqa türk boylarımızın içərisində olan dəyərlərimiz də bizimkidir. Bizim Azərbaycanımızla bağlı dediklərimiz də təkcə bizimki deyil, həm də bütün türklərindir. Bax, ortaqlıq odur. Ortaqlıq odur ki, Babək təkcə Azərbaycanın deyil, Babək Türkiyənindir, Babək Qırğızıstanındır, Babək türkmənindir, özbəyindir, qazağındır, yakutundur, başqırdındır. Manas təkcə qırğızın deyil, Azərbaycanındır, türkündür, hamısınınkıdır. Bax, ortaqlıq odur. Türk etnosunda hər bir “Qol”un özünəməxsusluğu ifadə olunmaqla böyük bir mədəniyyət ortaya gəlir. Özünəməxsusluqların vəhdəti. Bütün boyların özünəməxsusluqlarının vəhdətindən böyük bir dəyər ortaya gəlir. Biz bunu qısqandırmaq üçün demirik, əsas ağırlıq mərkəzi isə düşür Azərbaycanın boynuna.

Xaliq Bahadır: Ortaq türkcə ilə bağlı bir fakt deyim. 1926-cı ildə Bakıda I Türkoloji Qurultay keçirildi. Dünyada ilk Türkoloji Qurultay idi. Dünyanın hər yerindən ora türkoloqlar gəlmişdilər. O türkoloqlardan indi demək olar heç kəs yoxdur. Uzun çıxışlardan sonra bu qərara gəlmişdilər ki, ortaq türkcə Azərbaycan türkcəsi olsun. Orda Türkiyə alimləri də vardı, qırğız da vardı, qazax da vardı, eləcə də macar alimi Nemed. Dünyanın ən böyük türkoloqlarından idi. Azərbaycanda elə bir dövlət yox idi, indi neftlə parlayır, onda onlar da yox idi. Sovetin içində 15 respublikadan biri idi. Dünyanın tanınmış türkoloqları o qərara gəlmişdilər.

Soylu Atalı: Xaliq bəy, bu gün Avropa ən çox Qədim yunan mədəniyyətinin üzərində vurğu edir. Avropanın ortasında qədim yunan mədəniyyəti bütövlükdə Avropanın özünü dünyanın mərkəsinə gətirir. Əgər bütün türk dünyası Azərbaycan dəyərlərinə tapınarsa, Azərbaycanın dəyərlərini özününkü kimi qəbul edərsə, regionda türk dəyəri, türk mədəniyyəti dünyanın diqqətinə gələcək. Şumerdən üzü bu yana Azərbaycan deməkdir.

Xaliq Bahadır: Bayaq dedim dillə bağlı yalan danışmaq olmaz. Dil yalan deyə bilər, ancaq dillə bağlı yalan demək olmaz. Dilin yalan deməyi adamdan asılıdr. Qərar çıxdı, getdi Stalinin stolunun üstünə. M.Ə.Rəsulzadənin belə bir sözü var. Deyir “Stalin türk xalqlarının qatı, amansız düşməni idi”. Stalin o qərarın üstündən xətt çəkdi, o adamların da çoxunu güllələtdi. Onlardan biri Bəkir Çobanzadə idi, 6 dil bilirdi. Krımdan gəlmişdi, Bakıda yaşayırdı. Bakını sevib qalmışdı burda, çox böyük alim idi. Türkiyəlilər, Nemed, qayıtdılar getdilər, ancaq burdan olanlar güllələndilər. Başlıcası da Azərbaycan alimləri. Nəyə görə? Soylu bəy deyəndir. Soylu bəy böyük milli mədəniyyət yaranmalıdır deyir. Stalin elə-belə adam deyildi. Stalin onu bildi. Ortaq türkcə Azərbaycanda olacaqsa, Azərbaycan türkün başı olacaq. Bütövlükdə türk dünyası birləşəcək, türk mədəniyyəti birləşəcək. Türk siyasəti birləşəcək. Onun qorxusundan Stalin onun üstündən xətt çəkdi, o adamları da güllələtdi.

Soylu Atalı: Sizə böyük və qəribə səslənməsin, Azərbaycan hətta Şərqin mərkəzi ola bilərdi.

Xaliq Bahadır: Sözsüz .

Göylü Atalı: Soylu bəy, dil və din arasında nə kimi bağlılıq var ?

Soylu Atalı: Məncə bunu vurğu elədim. Bir neçə cümlə əlavə edim. Dil və din arasında, başqa sözlə dil və Dünyabaxış arasında bağlılıq əsaslıdır. Bu da xalqın təkcə bu gününə hesablanmış bir şey deyil. Xalqın uzaq gələcəyinə hesablanmış bir durumdur bu bağlılıq. Biz dilimizin inkişafını doğru düşünmürük. Ona görə ki, dilimizin inkişafını düşünəndə çox incə mətləblər ortaya çıxır. Baxın, yas törənlərinə. Yas törəni xalqın ən böyük gələnəklərindən biridir. Amma görün ölünün yas məclisində kimdən danışırlar, nədən danışırlar, necə danışırlar?! Ərəb dilində söz oxunur, Ərəb kimliyi qabarır. Hüseyndən danışır, Zeynəbdən danışır, Əlidən danışır, Vəlidən danışır, Abbasdan danışır. Bir nəfər göstər, Bilgədən danışsın, Tonyukukdan danışsın, göstər Babəkdən danışsın, Nəsimidən danışsın, belə bir şey yoxdur. Ona görə dilin ən çox basqı gördüyü dindir. Din bizim şəxsiyyətlərimizi, milli kimliyimizi ləğv edir. Bu kurallar dəyişilməlidir. Əlbəttə, bu, bir ilin, beş ilin söhbəti deyil, on illərə bərabər olan bir prosesdir. Bu proses Asif Ata tərəfindən başlayıb, getməlidir.

Göylü Atalı: Hər birinizə təşəkkür edirəm dəyərli fikirlərinizə görə. Çox sağ olun!

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam