Yenixeber.org: "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu açıqlamasında deyib ki, görüşü “ölkədə partiyaların sayı çoxdur, vətən isə təkdir” cümləsiylə başlayan Putin bəri başdan partiya liderlərinin Ukraynaya qarşı işğalçı müharibəyə dəstəklərini təkrarlamalarını eşitmək istədiyinə eyham vurub.
- Elə də oldu, çıxış edənlərin hamısı Ukraynaya qarşı işğalçı müharibəni dəstəklədi. Vladimir Putin çıxışında 2000-ci illərin başında NATO-ya üzvlük barədə düşündüyü fikrini bir daha təkrarladı: “Onlar buna imkan verə bilməzdilər. Əksinə onlar Rusiyanın dağılmasını istəyir və bu məqsədlə ölkəmizdə terrorizmə, separatizmə və “beşinci kolona” dəstək verirdilər”. Putin “kollektiv Qərbin” (Rusiya prezidenti Ukrayanaya qarşı müharibəyə başladıqdan sonra ona qarşı sanksiyalar tətbiq edən ABŞ və Avropa ölkələrini cəm şəklində “kollektiv Qərb” adlandırır) bugünə qədər Rusiyadakı “beşinci kolonu” maliyyələşdirdiyini bildirir. Halbuki, Putinin “beşinci kolon” adlandırdığı bir qrup qeyri-hökumət təşkilatı kənar maliyyədən məhrumdur. Rusiyada kənardan maliyyə alan təşkilatlara qarşı sərt qanunlar qəbul olunub.
Ekspert deyir ki, Vladimir Putinin çıxışında iki etirafı da diqqət çəkdi.
- Birincisi, Rusiya prezidenti bildirdi ki, Donbasda müharibəni Rusiya deyil Qərb başladıb: “Kollektiv Qərb 2014-cü ildə Ukraynada çevriliş həyata keçirtdi, Donbas əhalisinə qarşı genosid başladı”. Putinin bu cümlələrində yeni heç nə yoxdur. Putinin etirafı müharibə ifadəsi işlətməsiylə bağlıdır, halbuki Kreml sahibi və onun əsabələri Ukraynadakı müharibəni “xüsusi əməliyyat” adlandırırlar. Putin ilk dəfə müharibəni məhz müharibə kimi qiymətləndirdi. Putinin ikinci etirafı “kollektiv Qərbin” hədəfi ilə bağlı ifadə etdiyi cümlələr idi: “Kollektiv Qərb Rusiyanı zəiflətmək üçün fürsət axtarırdı və bu onlara nəsib oldu, bizə qarşı müharibəyə başladılar, sanskiyalar tətbiq olundu”. Putin bununla etiraf etmiş oldu ki, “kollektiv Qərb” Rusiyanı Ukraynada tələyə salıb. Bunun nəticəsidir ki, Putinin təbiri ilə desək “kollektiv Qərbin” Rusiyaya qarşı nə az, nə çox 11 min 160 sanksiya qərarı mövcuddur, -Politoloq qeyd edib.
Bu arada, Kremldə çıxış edən Rusiya Kommunist Partiyasının lideri Gennadiy Züqanov Putindən xahiş etdi ki, o SSRİ-nin quruluşunun 100 illiyi ilə bağlı Dövlət Dumasında müvafiq qanunun qəbuluna və ümumxalq bayramı kimi qeyd edilməsinə dəstək versin.
- Putinin Züqanovun bu təklifinə reaksiya verməməsi isə onu göstərir ki, Kreml sahibi SSRİ-nin təsisinin 100 illiyinin qeyd edilməsinin müsbət və mənfi tərəflərini götür-qoy edir. Putin bu təklifin reallığı əks etdirmədiyini və qonşu dövlətlərlə münasibətlərə zərər verəcəyini düşünsəydi Züqanova elə yerindəcə mənfi cavab verərdi. Demək, Vladimir Putin imperiyanı bərpası istəyindən imtina etməyib. “Rusiya nədən Qazaxıstanı cəzalandırmaq istəyir” və ya “Rusiya nədən Ermənistanın Azərbaycana sərhədinə yaxın hissəsində hərbi baza qurur” sualları üzərində düşünərkən Züqanovun təklifi və Putinin bu təklifə səssiz qalmasını unutmamalıyıq.
Kreml sahibinin səssiz qaldığı təklif
Rusiya Dövlət Duması tətilə çıxmadan öncə prezident Vladimir Putin iyulun 7-də parlamentdəki fraksiya liderlərini Kremldə qəbul etdi. Putinin bu görüş vasitəsi ilə Rusiya və dünya ictimaiyyətinə mesajlar göndərməsinə ehtiyacı var idi.