Erməni milyarder məşhur kanalı satın aldı – Qərbin sanksiyaları altındadır

Rusiyalı media meneceri Aram Qabrielyanov “Baza” nəşrini aldığını təsdiqləyib. O, bu barədə “RBK”ya məlumat verib, lakin sövdələşmənin məbləğini açıqlamayıb.
Yenixeber.org: Qabrielyanov bildirib ki, “Baza” onun rəhbərlik etdiyi “News Media Holding”in tərkibinə daxil olmayacaq. Qeyd edək ki, həmin holdinqə artıq “Life”, “Mash” və “SHOT” kimi layihələr daxildir. Bununla belə, media bazarındakı mənbələr “Baza”nın gələcəkdə holdinqə birləşdirilməsini istisna etmirlər.
Sövdələşmə “Baza” rəhbərliyinə qarşı başlanmış cinayət işi fonunda baş tutub. Belə ki, sentyabrın 18-də nəşrin baş redaktoru Qleb Trifonov və prodüser Tatyana Lukyanova istintaq təcridxanasından ev dustaqlığına buraxılıblar. Onlar iyul ayında həbs edilmişdilər. İstintaqın versiyasına görə, “Baza” əməkdaşları hüquq-mühafizə orqanlarının əməkdaşlarına rüşvət verərək xidməti məlumatlar əldə ediblər. “Mediazona” yazır ki, Trifonov və Lukyanova ittihamları qəbul edərək etiraf ərizəsi imzalayıblar.
“Baza” 2019-cu ildə Qabrielyanovun keçmiş komandasının üzvləri – Nikita Moqutin, Anatoli Suleymanov, Raul Smır və Aleksandr Potapov tərəfindən təsis edilib. Nəşr əsasən “Telegram” üzərindən fəaliyyət göstərir və hüquq-mühafizə orqanlarındakı anonim mənbələrə istinadən operativ məlumatlar yayması ilə tanınır.
Qeyd edək ki,, 2024-cü ilin iyununda Avropa İttifaqı Aram Qabrielyanovu sanksiyalar siyahısına daxil etmişdi. Brüsselin açıqlamasında bildirilirdi ki, o, “Ukraynanın suverenliyi və ərazi bütövlüyünə qarşı hərəkətləri dəstəkləyir və həyata keçirir”.