Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

“Mixaylo” ola bilməyən, qürbətdə ölən xan övladı... –HƏYAT HEKAYƏTİ

news content


“Əlimdə avtomat olsaydı, biçərdim onları, çünki çox təhqir olunmuşdum”

Yenixeber.org: Uşaqlığımızın xarizmatik film qəhrəmanıdır. Bir-birinin ardınca çəkildiyi filmlər Azərbaycan kinosunun tarixidir. Yalnız “Arşın mal alan”da Süleyman bəyi xatırlamaq yetərlidir ki, qalan rolları gözlərimiz qarşısında sıralansın. Bu adı kim tanımır ki... Hacı Murad Yagizarov. 

Almaniyada 86 yaşında dünyasını dəyişən Xalq artistimizlə son müsahibəmi təqdim edirəm. Hacı Murad Yagizarov, öz dilindən, olduğu kimi...

                 Uşaqlığı 

Bakıda doğulub böyümüşəm, köklü bakılıyam. Atam hərbçi olub, anam müəllimə idi. Atam dağıstanlıdır, anam Şamaxı xanı Mahmudun nəvəsidir. Ata tərəfimin hamısı ya diş həkimi idilər, ya da zərgər. Ana tərəfin isə əksəriyyəti dövlət qulluğunda olublar. Nazir, diplomat. Dayım da diplomat idi, istəyirdi ki, mən də onun yolu ilə gedim. Nəslimdə kökümdə incəsənət adamı olmamışdı mənə qədər. Qonşumuz Ələsgər Ələkbərovun təsiri ilə mən tez-tez Dram Teatrının tamaşalarına gedirdim. İncəsənətlə bir peşə kimi məşğul olmaq ağlıma da gəlmirdi. İdmanla məşğul olurdum, boks üzrə Respublika çempionu idim. Voleybolla, üzgüçülüklə, karate ilə ayrı-ayrı vaxtlarda məşğul olmuşam. Orta məktəbin sonuncu sinfində məktəbin dram dərnəyinə düşdüm, görkəmimə görə məni kiçik bir idmançı rolunu oynamağa dəvət etdilər. Mühitə düşdüm, ardınca buraxılış gecəsi üçün bir tamaşa hazırladıq, orda da oynadım. Tamaşaya Ələsgər Ələkbərov gəlmişdi. Ailəm iştirak etmədi, çünki məəttəl qalmışdılar ki, mən neyniyirəm, hansı peşəni seçmək istəyirəm, birdən incəsənəti seçərəm. Ələsgər Ələkbərovdan xahiş etmişdilər ki, baxsın görsün mənim incəsənətə bir aidiyyatım var, ya yox. O da baxdı tamaşaya və ailənin içində mənə dedi ki, sənin incəsənətə getməyin məsləhətdir, istedadlısan, səndə öz gəncliyimi görürəm. Beləliklə, sənədlərimi verib İncəsənət İnstitutuna qəbul olundum. 

                   Kinoda

Elə birinci kursda Ələsgər Ələkbərov məni “Uzaq sahillərdə” filminin sınaq çəkilişlərinə apardı ki, Mixaylo roluna çəkilim. Çox gənc olduğum üçün götürmədilər, filmdə bir partizanı oynadım. Ondan sonra “Ögey ana”da çoban obrazına çəkildim. O illər ərzində hansı filmə çəkildimsə, Ələsgər Ələkbərovla bir yerdə çəkildik. “Böyük dayaq” da həmçinin. Təhsil aldığım illərdə bir neçə filmə çəkilmişəm.  

“Böyük dayaq”da Şirzad diplom işim oldu. Ardınca “Ulduz”, “Arşın mal alan”, “O qızı tapın”, “Bir cənub şəhərində”. Əsasən Eldar Quliyevin filmlərində çəkilirdim, çünki uşaqlıq dostum idi. Həyatımda üç dəfə jurnalist obrazında oynamışam. “Həyat öyrədir”, “Əsas müsahibə”, “Bir cənub şəhərində”. “Arşın mal alan”ın ssenarisini Tofiq Tağızadə mənə oxumağa verdi, oxudum və xahiş etdim ki, Süleyman rolunu mənə versin, çünki o rolu özümə daha yaxın hesab etdim. Bu rolla öz köklərimə qayıdırdım. Öz mühitimin adamı idi, xaricdə təhsil almış, dövrünün intellektualı. Bir-birinin ardınca kinolara çəkilirdim, 35 film “Azərbaycanfilm”in istehsalıdır. NTV-nin Azərbaycanla birgə istehsalı olan “Dronqo”da nazir müavini, iki Gürcüstan filminə çəkilmişəm, iki filmə də Almaniyada rol almışam. “Şpeyer və o” filmində Sovet polkovniki rolunu oynamışam, bir də “Şübhə altında” bədii filmində Azərbaycan naziri obrazına çəkilmişəm. Almaniyada “Məkkə” adlı filmdə də çəkilmişəm, onu azərbaycanlı çəkib. 

                 Teatrda 

Hələ tələbə ikən Rus Dram Teatrında işləməyə başlamışam. O vaxtdan 200 rol oynamışam, müxtəlif xarakterli rollarım olub. Bu da mənim həyatım. Rəsmi surətdə təqaüddəyəm, amma hamı bilir ki, aktyorun təqaüdə göndərilməsi onun ölümü deməkdir. Ona görə də demək olar ki, bütün tamaşalarda varam, oynayıram. İndi əvvəlkindən çox şey dəyişib, çünki epoxa dəyişilib. Çox işləyirdik, işimizin müqabilində qəpik-quruş alırdıq, amma gələcəyə kommunizmə inanırdıq. Fəxri ad, orden, medal verirdilər, amma dolanışıq yox idi. Bizi dövlətimiz istismar edirdi. İndi heç olmasa çəkilişlərə görə o vaxt olduğundan çox qonorar alırıq. Düzdür, Moskva aktyorları ilə heç müqayisəyə gələ bilmərik, amma şükür, prezident təqaüdü alırıq. Fəxr etdiyim bir məqam var ki, yaxşı təhsilli, öz intellektini yüksəltməyə çalışan gənclik yetişir. Dünya miqyaslı tədbirlər bizdə keçirilir, bu da gözəl haldır. Bir-birinin ardınca teatrlar təmir olunur. Azərbaycan çox inkişaf edir. Hayıf ki, bizim həyatımızın çox uzun bir hissəsi keçid dövrünə düşdü. Bu keçid dövründə mədəniyyətimiz çox itirdi. Nəsillər arasındakı ardıcıllıq itdi. Böyük bir nəsil kadrları itirdik. Kadrlar getdilər, yerlərini tutan yoxdur, çünki ara böyük oldu. İndi yenilərinin yetişməsi üçün zaman gərəkdir. 

                      Şəxsi həyatı 

Həm Almaniyada, həm də Bakıda yaşayıram. Ailəm ordadır, mən Bakısız qala bilmirəm, 10 gün sonra havam çatmır, qayıdıram Bakıya. Bakı üçün necə darıxıramsa, özümə yer tapa bilmirəm. Birdən hiss edirəm ki, artıq qayıtmalıyam, bunu heç nə ilə izah etmək olmur – vətəndir, vəssalam. Gəlirəm, məzarlığa gedirəm, əzizlərimi ziyarət edirəm. Atalığım rəhmətə gedəndə ona layiq məzarüstü düzəltdirə bilməmişdim. Mənimki belə gətirib ki, atam da olub, atalığım da. O, böyük elm adamı idi, bu il ona layiq məzarüstü düzəltdirdim, bir az rahatladım. Hiss edirəm ki, bizdən sonra gələn nəsillər üçün belə məqamlar heç bir rol oynamayacaq, təəssüf ki, belədir, amma biz belə yetişmişik, bizim üçün ata, ana, böyüklərin məzarı ziyarətgahdır. Gəlirəm, hökmən onları ziyarət edirəm. Bakıya düşən kimi kerosin qoxusu məni vurur, onu ciyərlərimə çəkirəm, çünki bu Bakının qoxusudur, mənim uşaqlığımın qoxusudur. Arvadım, qızım, bir oğlan nəvəm var. Ailəm mənim hər şeyimdir. Onlardan danışmaq istəmirəm, gözə gələcəklərindən qorxuram. Onlar üçün yaşayıram, Allahdan sağlamlıq istəyirəm ki, onların qayğısına qala bilim. Heç kim onlara pislik edə bilməsin. Qızım xoreoqrafiya məktəbini bitirib, sonra da Xarici Dillər Universitetində təhsil alıb. Dörd dil bilir. 

 90-cı illərin əvvəli idi, xaos hökm sürürdü. Maşınımı saxlayıb teatra girmək istəyirdim, bir  neçə nəfər əllərində zəncir, kəsdilər qarşımı ki, bizi Bayıla apar. Dedim, uşaqlar, bağışlayın, mənim məşqim başlayıb, axşam tamaşam var. Girdim teatra, bir də gördüm arxadan dəhşətli səslər gəlir, çönüb gördüm ki, maşınımı salıblar dəmir, ağac, nə bilim əllərinə nə gəldi, onun altına. Maşından əsər-əlamət qalmadı, qayıtdım geri, məni aldılar mühasirəyə, təhqiramiz ifadələr işlətdilər. Həmin məqamda əlimdə avtomat olsaydı, biçərdim onları, çünki çox təhqir olunmuşdum, alçaldılmışdım. İllər keçdi, mən “Sovetski”də böyümüşəm, dostlara bu məsələni danışdım, onları çox sərt cəzalandırdılar. Həmin illər “Azadlıq” radiosundan Mirzə Xəzər mənə təklif elədi ki, gəl, burda səni də, ailəni də işlə, evlə təmin edirik, qal. Dedi, çox az qalıb, Sovetlər Birliyi dağılmaq üzrədir, səni burda məcburi köçkün kimi sənədləşdirək, bir dənə o sözə görə getmədim. Mən bakılı, azərbaycanlı kimi bunu edə bilməzdim. Ailəmin təhlükəsizliyi üçün onları göndərdim. Həqiqətən də çox keçmədi Sovetlər Birliyi dağıldı, o vaxt bu heç ağla gəlməzdi. Mən elə bir ömür yaşamışam ki, heç kimi alçaltmamışam, satqın olmamışam, satılmamışam, sülh adamıyam. Müharibə olmasın, öz sənətimizlə məşğul olaq. Bu yaşımda məni yalnız uşaqların, müharibə görməyən uşaqların gülüşü xoşbəxt edər...(pressklub)

Ramilə Qurbanlı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam