Rusiya "Sovet Avroviziyası"nı dirçəldir -İmperiya xiffəti

2022-ci ildə Moskva Ukraynaya qarşı genişmiqyaslı işğala başlayandan rusiyalılar "Avroviziya"da arzuolunmaz şəxsə çevrildilər.
Yenixeber.org: "İnterviziya" ilk dəfə 1965-1968-ci illərdə Çexoslovakiyada keçirilib. O zaman tədbir Beynəlxalq Radio və Televiziya Təşkilatının (OIRT) mədəni siması sayılırdı. Bu qurum Şərqi Avropanın radio və televiziya yayımçılarını birləşdirən şəbəkə idi.
Tədbir sosialist düşərgəsinin "Avroviziya"ya alternativi kimi təqdim olunurdu. Populyarlıqda onunla ayaqlaşa bilməsə də, siyasi yük daşıyırdı, Varşava Paktının həmrəyliyi göstərmək niyyəti güdürdü.
Müsabiqə Polşada 1977-ci ildə yenidən təşkil olundu, 1980-ci ildə həmin ölkədə iqtisadi böhran səbəbindən sonlandı.
Rusiya prezidenti Vladimir Putinin fevralda imzaladığı fərmanla "İnterviziya" qayıdıb.
Rusiya rəsmiləri müsabiqəni "beynəlxalq mədəni və humanitar əməkdaşlığın təşviqi" vasitəsi kimi təqdim edirlər. Lakin tənqidçilərin fikrincə, bu təşəbbüs musiqidən çox Moskvanın xaricdəki təsirini gücləndirməyə xidmət edir.
"Mənəvi dəyərlər"
Təşkilat komitəsinin rəhbəri baş nazirin müavini Dmitri Çernışenkodur. Prosesi prezident administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko nəzarətdə saxlayır.
Final mərhələsi sentyabrın 20-də Moskva yaxınlığındakı Novoivanovskoye qəsəbəsində yerləşən "Live Arena"da keçiriləcək.
Çernışenko daha öncə demişdi ki, "iştirakçı ölkələr üçün əsas şərt bizim mənəvi dəyərlərimizi paylaşmaqdır".
Putinin beynəlxalq mədəni əməkdaşlıq üzrə təmsilçisi Mixail Şvıdkoy isə sonradan bildirib ki, "İnterviziya" dost olmayan ölkələrdən olan iştirakçılara açıqdır.
Amma final mərhələsinə qatılan ölkələrin çoxu elə Moskvanın geosiyasi xəttini əks etdirir.
Rusiyadan başqa müsabiqəyə Belarus, Braziliya, Çin, Kolumbiya, Kuba, Misir, Efiopiya, Hindistan, Qazaxıstan, Keniya, Qırğızıstan, Madaqaskar, Qətər, Səudiyyə Ərəbistanı, Serbiya, Cənubi Afrika Respublikası, Tacikistan, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Venesuela və Vyetnam qatılır.
Los-Ancelesdən Brendon Hovardın iştirakı isə Kreml üçün açıq təbliğat uğuru kimi yozulurdu – Moskva bununla "İnterviziya"nın "Avroviziya"dan daha inklüziv olduğunu iddia edirdi. Amma Hovard son anda ailəvi səbəbləri əsas gətirərək yarışmadan geri çəkilib.
Azərbaycan bu tədbirdə iştirakdan imtina edib. Təxminən bir ildir Bakı ilə Moskvanın münasibətləri soyuyub, Azərbaycanda Rusiyaya bağlı mədəniyyət tədbirlər ləğv olunub.
Müasir reallıqlar
Sentyabrın 16-da xarici işlər naziri Sergey Lavrov deyib ki, "sovet dövrü "İnterviziya"sını dirçəldirik, amma müasir reallıqları da nəzərə almalıyıq". O, "İnterviziya"nı "qarşılıqlı anlaşma və mədəni əlaqələri gücləndirmək platforması" adlandırıb.
Kiriyenko müsabiqənin hamı üçün açıq olduğunu deyib. Onun iddiasına görə, bir çox xarici ifaçının da iştirak etmək istəməsinə baxmayaraq, siyasi məhdudiyyətlərdən dolayı bunu edə bilməyiblər.
ABŞ-də yaşayan, Qazaxıstan əsilli musiqi bloqeri Andrey Litvinov AzadlıqRadiosuna deyib ki, ""İnterviziya"nın geosiyasi məntiqi ortadadır". Onun sözlərinə görə, "İnterviziya"nı yumşaq güc aləti kimi bərpa etmək "Moskvanın özünü keçmiş sovet respublikaları və Qlobal Cənub ölkələrini təmsil edən alternativ blok üçün mədəni lider kimi göstərməsinə imkan yaradır".
Estoniyada mühacirətdə yaşayan rusiyalı mədəniyyət tənqidçisi və musiqi eksperti Artyom Troitski "Current Time"a deyib ki, "Soyuq müharibə" dövrünün musiqi müsabiqəsinin bərpası "bugünkü Putin Rusiyasının "sovok"a [Sovet təfəkkürü] qayıtdığını bir daha yada salır".
Troitski əlavə edib ki, korrupsiyanın yayıldığı bir ölkədə "İnterviziya" milyonlarla dövlət vəsaitinin mənimsənilməsi və ya qeyri-qanuni istifadəsinə yol açır.
Yazını AzadlıqRadiosunun jurnalisti Merhat Şaripjan "Current Time"ın materialları əsasında hazırlayıb.