Yenixeber.org: Azərbaycan Ordusu işğalda olan rayonları bir-birinin ardınca azad etdikcə, rəsmi Bakı öz mövqeyini sərtləşdirir. İndi cəmi bir ay əvvəlki situasiyadan əsər-əlamət yoxdur. Nə status-kvo, nə təmas xətti, nə də üzərində müzakirələr aparılan hansısa sülh planı…
Bu gün gələn xəbərlərə görə, Azərbaycan Ordusunun hissələri Qubadlı və Laçın rayonlarının bir neçə kəndinə daxil olub. Qarabağın taleyini həll edən Laçın dəhlizinin artıq nəzarət altında olduğu bildirilir. Dəhlizin nəzarətə götürülməsi Dağlıq Qarabağdakı erməni hərbi birləşmələrinin təchizat marşrutundan məhrum olması deməkdir. Onların uzun müddət müqavimət göstərmək imkanları yoxdur. Bu isə qısa müddətdə işğal altındakı bütün ərazilərin azad edilməsi üçün münbit şərait yaradır.
Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətlər diplomatik-siyasi müstəvidə Bakının əlini ciddi şəkildə möhkəmləndirib. Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində ölkənin mövqeyini belə ifadə edib:
“Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazilərin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti mövcuddur. Öz müqəddəratını təyinetmənin müxtəlif növləri var, icmaların müxtəlif növləri var. Məsələn, mədəni muxtariyyət ola bilər. Biz Avropanın inkişaf etmiş ölkələrində bu nümunələri görürük ki, insanların öz bələdiyyələrində, öz icmalarında müəyyən hüquqları var. Azərbaycanın istənilən yerində olduğu kimi, əlbəttə, Azərbaycanda yaşayan ermənilərin də bu formada təmasları ola bilər. Lakin biz heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verməyəcəyik. Bundan söhbət gedə bilməz. Bir sözlə, referendum olmayacaq, heç vaxt”.
Prezidentin bəyanatından məlum olur ki, artıq Azərbaycan münaqişənin həllində yenilənmiş Madrid prinsiplərini qəbul etmir. Bu prinsiplər:
– Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması;
– Dağlıq Qarabağa onun təhlükəsizliyini və özünüidarəetməsini təmin edəcək müvəqqəti statusun verilməsi;
– Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin yaradılması;
– Dağlıq Qarabağın yekun statusunun hüquqi öhdəlik yaradan öz iradəsini ifadəetmə (referendum) yolu ilə müəyyənləşdirilməsi;
– Bütün məcburi köçkün və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qaytarılması;
– Sülhməramlı əməliyyat da daxil olmaqla, beynəlxalq təhlükəsizlik təminatları verilməsini ehtiva edir(di.)
Baza prinsiplərindəki 6 bənddən cəmi biri – bütün məcburi köçkünlərin öz əvvəlki yaşayış yerlərinə qaytarılması bəndi aktuallığını qoruyur. Yeni situasiyada qalan məsələlər Azərbaycanın beynəlxalq hüquq çərçivəsində həyata keçirdiyi güc tətbiqi ilə həllini tapır. Artıq Azərbaycanın əvvəlki vədi – erməni icmasına ən yüksək özünüidarəetmə hüququ verilməsi məsələsi gündəmdən çıxdı. Ermənistanın maksimalist mövqeyi – Qarabağa müstəqillik tələb etməsi indi onu minimum hədəflərdən də məhrum edir. Ehtimal ki, bu yanlış siyasətin gətirdiyi dəhşətli uğursuzluq erməni cəmiyyətində böyük dəyişikliklərə gətirib çıxaracaq…
Sülhməramlıların yerləşdirilməsi barədə təkliflərə gəlincə, rəsmi Bakı buna da isti baxmır. Prezident bildirib ki, bu barədə danışmaq tezdir: “İndi döyüş əməliyyatlarının aktiv fazasıdır. Bu müşahidəçilər və ya sülhməramlılar harada yerləşdiriləcək? Onların həyatı risk altında ola bilər. Onların mandatı necə olacaq? Onlara mandatı kim verəcək? Aydındır ki, biz bu barədə danışanda Azərbaycan ərazisi barədə danışırıq. Bu, Ermənistanın ərazisi deyil. Ona görə də, əlbəttə ki, bununla bağlı həlledici sözü biz deməliyik. Bu səbəbdən, sözsüz ki, bütün bu məsələlərlə məşğul olmaq lazımdır. Prinsipcə, biz bunu inkar etmirik. Lakin sözsüz ki, vaxtı gələndə biz öz şərtlərimizi irəli sürəcəyik”.
Bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin diplomatik həll yolunu tamamilə inkar edərək əhalini silaha sarılmağa çağırmışdı. İndi hər şey aydınlaşır, Paşinyan Azərbaycanın baza prinsiplərindən imtina etdiyindən xəbərdar olub. Erməni mətbuatının yaydığı məlumata görə, o, bir gün əvvəl Rusiya prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxlaya bilib, amma bu barədə ictimaiyyətə rəsmi informasiya verilməyib. Paşinyan Ermənistanın yeni mövqeyini telefonda Putinə çatdıraraq Azərbaycanla atəşkəsə vasitəçilik etməyi xahiş etsə də, aldığı cavabdan məyus olub. Putin onu çox dinləmək istəməyib, təklifləri yazılı olaraq ona göndərməyi xahiş edib. İndi Ermənistanda hamı məyusdur, çünki tarixi səhvlərin nəticəsi dəhşətli itkilərlə müşayiət olunur.
Bu arada, situasiyaya təsir edən başqa hadisələri də vurğulamaq lazımdır. Məsələn, ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison jurnalistlərə bildirib: “Bu problem 30 ildir çürüyür. ABŞ, Rusiya və Fransanın daxil olduğu Minsk Qrupu münaqişəni başlanğıc mərhələyə, yəni Azərbaycanın suveren sərhədlərinə qaytarmaq istəyir, erməni əhali də burada yaşaya bilər. Bunu həll etmək olar və onda münaqişə başa çatacaq”. Yəni, Vaşinqton Ermənistanı taleyi ilə barışıb, Azərbaycanın diktə etdiyi şərtləri qəbul etməyə çağırıb.
Türkiyənin müdafiə naziri Hulusi Akarın növbəsi dəstək bəyanatı daha ötkəm və qətiyyətli notlarla zəngindir: “Ermənistan işğal etdiyi əraziləri tərk etməlidir, vəssalam! Bu işin çox sadə yolu var. Ermənistan işğal etdiyi əraziləri tərk edəcək, muzdluları oradan çıxaracaq, terrorçuları bölgədən geri göndərəcək və məsələni bitirəcək. Bu qədər sadə”.
Beləliklə, mənzərə bundan ibarətdir: Azərbaycan beynəlxalq hüququn gücü ilə əldə edə bilmədiyi mövqelərini hərbi güc tətbiq etməklə geri qaytarır. O da məlum oldu ki, dünya ancaq güclünün hüququnu tanıyır…(pressklub)
Turqut