Prezident baza prinsiplərinin təfərrüatını açıqladı
"Baza prinsipləri uzun illər ərzində, deyərdim ki, 10 ildən artıq müddətdə işlənib hazırlanıb. Ermənistanın əvvəlki rəhbərliyi ilə iş prosesində biz mövqelərimizin razılaşdırılması istiqamətində çox fəal irəliləyirdik. Bu, çox mürəkkəb məsələ idi. Danışıqlar istənilən halda, xüsusən belə mühüm məsələdə mürəkkəb prosesdir. Buna baxmayaraq, hər iki tərəf siyasi nizamlama yolu ilə getmək arzusu nümayiş etdirirdi. Lakin təəssüf ki, Ermənistanın indiki rəhbərliyi hakimiyyətə gələndən sonra erməni tərəfi o vaxta qədər əldə edilənlərin hamısını sadəcə kənara atdı. Üstəlik, danışıqların formatını dəyişməyə, qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma “hakimiyyət orqanları”nı danışıqlara cəlb etməyə cəhd göstərildi. Bu cəhd həm bizim tərəfimizdən, həm də ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən rədd edildi".
"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, baza prinsiplərində hər şey dəqiq yazılıb. Azərbaycanın işğal edilmiş rayonlarının mərhələli şəkildə azad olunması nəzərdə tutulur. Birinci mərhələdə işğal edilmiş ərazilərin cənub-şərq hissəsindəki 5 rayon, ikinci mərhələdə Dağlıq Qarabağ ilə Ermənistan arasında yerləşən ərazilər – Laçın və Kəlbəcər rayonları işğaldan azad edilməli, bütün kommunikasiyalar, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin digər hissələrində yerləşən kommunikasiyalar açılmalı, qaçqınlar və məcburi köçkünlər əvvəlki yaşayış yerlərinə qaytarılmalıdır.
"Bu, azərbaycanlı köçkünlərin həm Şuşa ərazisinə, həm də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər rayonlarının ərazisinə qaytarılmasını və Dağlıq Qarabağın tərəflər arasında razılaşdırılmalı olan qəti statusunun müəyyən edilməsinə dair danışıqları nəzərdə tutur. Qısa desək, Azərbaycanın həmişə hörmətlə yanaşdığı baza prinsipləri bunlardır və onları biz hazırlamışıq.
Lakin Ermənistanın yeni hakimiyyət orqanları dəfələrlə bəyan ediblər ki, bu prinsiplər onlar üçün qəbuledilməzdir, onlar bircə qarış belə torpağı qaytarmayacaqlar. Bunu Ermənistanın baş naziri deyirdi. Ermənistanın müdafiə naziri deyirdi ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə hazırlaşır. Bizim ünvanımıza daim hədələr və təhqirlər səslənirdi, nəticəsi də bax bu cür qarşıdurma oldu. Düşünürəm ki, erməni tərəf vəziyyəti, yaranmış yeni vəziyyəti ayıq şəkildə qiymətləndirməli və atəşkəs rejiminə sadiq olmalıdır. Halbuki, o, bir neçə saatdan sonra gecənin bir aləmində dinc Gəncə şəhərini bombalayaraq atəşkəsi vəhşicəsinə pozub".