Yenixeber.org: Oktyabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşəcək. XİN-in bu barədə yaydığı məlumata görə, nazirin proqramında ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüş də nəzərdə tutulur.
Bazar ertəsi ABŞ-ın məşhur “Politico” saytının yaydığı xəbərdə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın da Vaşinqtona səfərə dəvət olunduğu və Pompeo ilə ikitərəfli görüş keçirəcəyi bildirilib.
Bu arada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada mümkün görüşü barədə də müzakirələr başlayıb. İ.Əliyev TASS agentliyinə müsahibəsində bu barədə sualı cavablandırarkən belə bir təklif almadığını, amma hər hansı görüşdən boyun qaçırmadığını deyib. Paşinyan da görüşə hazır olduğunu söyləyib.
Nazirlərin Vaşinqtonda ABŞ dövlət katibi ilə ayrı-ayrılıqda görüşdükdən sonra bir araya gəlib-gəlməyəcəkləri barədə məlumat verilmir. Güman ki, belə müzakirələrə ehtiyac olub-olmadığı Pompeo və həmsədrlərlə müzakirələrin nəticəsindən asılı olacaq. Bu isə öz növbəsində Ermənistanın Vaşinqtona hansı təkliflərlə getməsindən asılıdır. Çünki Azərbaycan danışıqlar üçün qapıları açıq saxlasa da, konkret şərt irəli sürüb: Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxmalıdır. Əgər İrəvan bu tələbi ən azı qismən yerinə yetirməyə hazır olmasa, çətin ki, danışıqlarda hər hansı irəliləyiş baş versin.
Bu ərəfədə cəbhədə vəziyyət də Azərbaycanın masada əlini xeyli gücləndirir. Bu gün prezident İlham Əliyev xalqa müraciətində Füzuli, Xocavənd, Zəngilan rayonlarının 23 kəndinin və Zəngilan şəhərinin düşməndən azad edildiyini açıqlayıb. Ermənistan hərbi rəhbərliyi də cənub istiqamətində geri çəkildiklərini etiraf edib. “Geri çəkilmək hələ məğlubiyyət demək deyil. 1918-ci, 1941-ci və 1992-ci ildə də geriçəkilmələr olmuşdu, amma sonra qələbə əldə edildi. Yenə qələbə olacaq”, – deyə Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Arsrun Ovannisyan “Facebook”da yazıb.
Başqa informasiya kanaları isə döyüşlərin artıq Qubadlı və Laçın rayonlarının ərazisində getdiyini xəbər verir. Hərbi ekspertlərin rəylərinə görə, erməni qoşunlarının müdafiə mövqelərinin darmadağın edilməsi onun Azərbaycan Ordusuna müqavimət imkanlarını xeyli zəiflədib. Elə Müdafiə Nazirliyinin yaydığı videokadrlardan da Ermənistan ordusunun ağır itkilərə məruz qaldığı açıq-aydın görünür. Təkcə bir gün ərzində yüzlərlə hərbçi, onlarla döyüş texnikası – tanklar, toplar, artilleriya qurğuları vurularaq sıradan çıxarılıb. Nazirliyin bir gün əvvəl yaydığı videolarda da eyni mənzərələr təkrarlanır.
Beləliklə, iki dəfə razılaşdırılan humanitar atəşkəs təbii səbəblərdən baş tutmur. Azərbaycan Ordusu böyük təzyiqlə qarşı tərəfi vuraraq geri çəkilməyə vadar edib. Cənub istiqamətində irəliləyiş qısa müddət sonra Laçın dəhlizinə çıxışı təmin edə bilər ki, bu da Dağlıq Qarabağdakı erməni silahlı birləşmələri üçün əsas təchizat marşrutunun sıradan çıxması deməkdir. Paralel olaraq, Xocavənd rayonu istiqamətində də mühüm irəliləyişlər var.
Hərbi uğurlarını genişləndirən Azərbaycan Vaşinqtona mühüm siyasi, hərbi və psixoloji üstünlüklə gedir, şübhəsiz ki, bu da tələblərin daha qətiyyətlə müdafiə olunmasını şərtləndirəcək. Ermənistanın xarici işlər naziri Mnatsakanyan isə əksinə, ABŞ paytaxtına pessimist əhval-ruhiyyədə gedəcək. Erməni tərəfinin əsas məqsədi bu mərhələdə Azərbaycanı müharibəni dayandırmağa razı salmaqdır. Bu istiqamətdə həmsədrlərin əvvəlki dəstəyinə ümid etmək olmaz. Şərait dəyişdiyinə görə, onların hərbi əməliyyatları dayandırmaq, balans yaratmaq imkanları xeyli aşağıdır. Situasiya belədir ki, müharibənin dayanmasını, atəşkəsi Ermənistan istəyir, həmsədrlər də bu mövqedədirlər. Amma buna nail olmaq üçün Azərbaycanın müəyyən şərtləri qəbul edilməlidir. Güman ki, masada daha çox erməni nazir təzyiq altında olacaq. Ermənistan düşdüyü durumdan qismən rahat çıxmaq istəyirsə, Bakının şərtlərinə razılıq verməlidir. Bu zaman Azərbaycan qarşı tərəfin son 27 ildə destruktiv mövqeyini, öhdəliklərə əməl etməməsini və danışıqların səmərəsizliyini əsas götürüb, yeni danışıqların ilkin şərti kimi Kəlbəcər, Laçın, Qubadlı və Ağdamın döyüşsüz boşaldılmasını tələb etməlidir. Bu, substantiv danışıqlara başlamağın əsas şərti kimi irəli sürülməlidir.(pressklub)
Turqut