Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

ZƏRİF DUYĞULAR ŞAİRİ ARİF MUSA

Yenixeber.org: Şairlərin böyüklüyünü, onların Tanrının ən sevimli bəndələri olmağını şəxsən mən onların poeziyaya, sözə ən sadiq və etibarlı dost, sirdaş olmalarıyla əlaqələndirirəm. Çünki poeziya- insan duyğularının, hissilərinin, düşüncələrinin ən səmimi etirafı və ifadəsidir. Poeziya ailəmi elə bir ilahi, ideal və saf aləmdir ki, orda yer- göy, dağ- daş, gül- çiçək, sevinc- kədər, bir sözlə həyatda nə var hamsı çox gözəl və cazibədardır. Şeiri oxuduqda özünü bu gözəllikdə, bu cazibədarlıqda hiss edirsən, bənzərsiz bir həyat yaşayırsan. Və bu bənzərsizlikdən nə vaxtsa ayrılacağına belə inanmırsan. Şeirin hər misrasında şairin ürək yanğısı, yaşamaq həvəsi, duyumu, həqiqəti və optimizmi duyulmursa, o oxucunu özünə çəkə bilməz.

 Hər zaman yaradıcılığını həvəslə izlədiyim və oxuduğum, hər bir şeirində yeni fikirlə, böyük fəlsəfi tapıntılarla rastlaşdığım və sözün həqiqi mənasında heyrətlindiyim şair dostum Balayar Sadiq yazır: “Hər şair bir qapıdır, misra-misra açılır ulu Sözün üzünə... Şairlik təkcə şeir yazmaqla tamamlanmır, bu, bir tale işidir...”

 Poeziyanı, sözü taleyinin ömür qapısından böyük sevgi ilə içəri buraxan Arif Musa mənim yaxşı tanıdığım insan və şairdir. Bu günlərdə Azərbaycan nəşriyyatının ikinci qatında yerləşən iş otağının qarşısında rastlaşdıq, bir- birimizdən hal- əhval tutduq. Birdən nəsə yadına düşübmüş kimi “bir dəqiqə” deyib otaqdakı yazı masasına yaxınlaşıb  ordakı kitablardan birini əlinə götürüb geri qayıtdı və bu ilin sentyabr ayında işıq üzü görmüş “Könül duyğularım” adlı kitabını avtoqrafla mənə hədiyyə verdi. Sözə dəyər verən, onu hər zaman urvatlı görmək istəyən mənim kimilər üçün bu ən yüksək, ən dəyərli və əvəzsiz hədiyyədir. Bu hədiyyəyə görə uca dostum Arif Musaya dönə- dönə təşəkkür etdim. Doğrusunu deyim ki, Arif Musanın yaradıcılığı haqqında bir elə də geniş məlumatım yox idi. Uzun illər yaxın bir dostumun mənzilində onun ilk şeirlər kitabı ilə və ara- sıra qəzetlərdə çıxan şeirləri istisna olmaqla. Və mən Arif Musanı səmimi insan və istedadlı şair kimi tanımışam. Yazımın bu yerində istəyirəm zəruri bir haşiyəyə çıxım: Yuxarıda qeyd elədiyim kimi Ari Musanın iş otağı nəriyyatın ikinci qatında yerləşir. İllərdir mən bu otağın qapısını bağlı görməmişəm. Düşünmüşəm ki, yəqin Arif müəllim qapının açarını itirib, ona görə də heç vaxt bağlamır. Amma sən demə bu mən düşündüyüm kimi deyilmiş. Balayar Sadiq demiş Arif Musa ürəyinin qapısını böyük sözə açdığı kimi, iş otağının qapısını da yazarların üzünə açıbmış.

 Mənə görə yeni yaranan, doğulan hər bir yaxşı şey şeir, hekayə, ümumilikdə ədəbi əsər onu yaradan müəllifin ədəbi uğurudur, qazancıdır. Söz adamlarının, yaradıcı insanların azadlıq arzusu, istəyi bu gün onların bədii yaradıcılığının leytmotivinə çevrilib. Bu yolda saysız qurbanlar verən Azərbaycanın səsini, harayını, sözünü dünyaya və dünyanın böyük dövlətlərinin, beynəlxalq təşkilatlarının həqiqəti, haqqı, ədaləti, doğrunu eşitməyib kar olan, görməyib kor olan gözlərinə soxmaq üçün söz silahına sarılmalıdırlar. Dövlətin, millətin həqiqətini, ədalətini, haqqını bir misrayla, bir sözlə çatdırmaq belə yazarın qələm və vətəndaşlıq borcudur.

 Şair Arif Musanın “Könül duyğularım” kitabının ilk səhifəsində AYB-nin üzvü, Beynəlxalq Rəsul Rza ədəbi mükafatı lauratı, Prezident mükafatçısı şair və naşir Balayar Sadiqin “Sözün Arifi” ön sözü verilib. Balayar Sadiq şair dostu haqqında belə yazır: “Arif Musa poetik sözə könül bağlayan istedadlı şairlərin sırasındadır. Şərq peziyasının beşiyi, dahilər yurdu Şamaxı torpağında dünyaya göz açıb”.

 Kitabda ön sözdən sonra yer alan şeir şairin 1990-cı ildə ürək ağrısı ilə qələmə aldığı “Qanlı Yanvar”şeirdir. Bakı onlarla millətin nümayəndələrinin rahat, mehirban yaşadıqları beynəlmiləl bir şəhərdir. Yetmiş il “qardaş” deyib bir yerdə yaşadığı dövlətin qaniçən ordusu bir gecədə Bakının küçələrini qızıl qana boyadı. Dinc əhalinin qocasından tutmuş körpəsinə belə aman vermədi, yüzlərlə insanı qətlə yetirdi, şikəst elədi.

                                                  O gecə geyindin matəm paltarı,

                                                  Dağlar ağı dedi, göylər ağladı.

                                                  Dəyişdi bir anlıq ana təbiət,

                                                  Bütün Azərbaycan qara bağladı.

 İnsana verilən cəza onun elədiyi, törətdiyi günaha görə verilir. Amma bu qanlı olayı törədənlərə heç gözünüz üstündə qaşınız var belə deyilmədi. “Dost” gülləsinə tuş gələn oğlun, qızın, ahılın, körpənin günahının nə olduğunu bilən olmadı. Və şair Arif Musa bunu taleyin qisməti bildi və Vətənə müraciətlə: “Qurbansız parlamır sənin ulduzun”- dedi. Arif Musa bu misralarıyla oxucuya tarixi ədalətsizliyi çatdırır. Yüz illərdir ki, Azərbaycan dediyimiz Vətənimiz xain, nankor, çörəyi dizinin üstündə olan, namuszuz, əxlaqsız qonşumuz tərəfindən şərlənir, böhtanlanır və biz bu şərlənmədən, bu böhtanlamadan acılar çəkirik, başımız qalda olur.

 Bilmirəm, biz Tanrıya neyləmişik ki, qaraçı təbiətli, şərəfsiz, satqın, xain bir milləti bizim coğrafiyada məskunlaşdırdı? Məgər bu boyda yer kürəsində başqa yer tapılmırdı? Gərək elə bizim içimizdə yaşayaydılar və sonra da bizə meydan oxuyaydılar?

 “Böyük Ermənistan” xülyasıyla yaşayan ermənilər biz Azərbaycanlıları əsrlərlə yaşadığımız dədə- baba torpaqlarımızdan qovmağa və özününküləşdirməyə başladılar. Bu ağrımız, acımız hər zaman ədəbiyyatın aparıcı mövzularından olub. Arif Musa da bu mövzuda xeyli şeirlər, məqalələr yazıb. Onlardan biri də 1992- ci ildə qələmə aldığı “Şuşam” şeiridir. Şuşa Azərbaycanın qeyrət, ucalıq sinvoludur. Şuşa başımızın tacıdır, Şuşa Qafqazın konservatoriyasıdır, Şuşa musiqi beşiyidir, Şuşa alınmaz qaladır və s. və i. Xəyanət nəticəsində mat olan Şuşa bu gün Şahdır.

                                                   Yad ayaqlar təpik döyür,

                                                   Yaralanmış sinən üstə.

                                                   Yamacında, yaylağında

                                                   Ke çəkirlər dəstə- dəstə.

 Şükür Tanrının böyüklüyünə ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti və müzəffər Azərbaycan Ordusunun qəhramanlığı, şücaəti sayəsində 30 il murdarlanmış torpaqlar ermənilərdən təmizləndi.

  Vaxt vardı Vətən deyəndə başımızı qaldırıb bir- birimizin üzünə şax baxa bilmirdik. Hər birimizin gözünün içində böyük bir kədər vardı. Bu kədər itirdiyimiz torpaqların kədəri idi. Artıq o günlərin kədəri sevinclə, qürurla əvəzlənib.

 Həyatın cövhəri olan eşq və məhəbbətə, insanın şəxsiyyət vəsiqəsi, yəni kimliyi olan doğma el- obaya həsr etdiyi şeirləri Arif Musanın iç dünyasının görünən işığıdır.

 “Könül duyğuları” kitabı Arif Musanın oxucuları ilə növbəti görüşüdür. Bu kitaba müəllifin müxtəli illərdə və müxtəlif mövzularda yazdığı şeirləri daxil edilmişdir. Kitabda daha çox, şairin şəxsi hiss və düşüncələrinin, qəm və kədərinin ifadə olunduğu şeirləri yer almışdır. Eyni zamanda müəllifin şeirlərinin alt qatında bəşəri düşüncələri və vətən sevgisi özünü burizə verir.

 Dostluqda dürüst olan şair şeirlərində də insanları dürüst olmağa səsləyir.

 Yer üzündə elə bir şair yoxdur ki, onun yaradıcılığında İlahi sevgiyə, təmiz məhəbbətə şeir həsr eləməsin. Arif Musa da “Həsrətin yollarında saraltmayaq gözləri” başlığı altında toplanmış “Şəkil”, “Şübhə və məhəbbət”, “Gözlərəm”, “Sahildə”, “Daha məndən incimə”, “Darıxıram” və s. şeirlərində İlahi eşqin cismani eşqdən daha ucada durduğunu göstərmişdir. Kitabdakı şeirlərin hər birində vətən eşqi kimi çağlayan ürək var, şair ürəyi, vətənə, torpağa bağlı insan ürəyi, humanis millətin humanist duyğuları...

 Arif Musanın şeirlərində ana surəti xüsusi yer tutur. Onun poeziyasında ana məhəbbəti, ana sevgisi o qədər gözəl ifadə olunur ki, çox az şairdə bu səmimiyyəti duymaq olur. Şairin analı dünyası bşqa dünyadır.

                                                            Deyirəm, övladın hər bir dərdinə,

                                                            Həmişə şəfalı dərmandır ana.

                                                            Onu qorumaqgun dərddən- bəladan

                                                            Ən böyük,ən əziz loğmandır ana.

 Əminəm ki, dostumun “Könül duyğularım” kitabı Arif sevərlər tərəfindən rəğbətlə qarşılanacaq. Uğurlar Arif Musa!

Məhərrəm Şəmkirli,

AYB- nin və AJB-nin üzvü.                     

                                  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam