Bir müsbət, bir mənfi – Hansı seçim xeyirlidir? -ŞƏT-ə üzvlük bizə nə verəcək, nə alacaq...

Çinin Tyanjin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin sammiti yekununda qəbul edilən bəyannamədə ŞƏT ölkələri hərbi, enerji və nəqliyyat sahələri də daxil olmaqla əməkdaşlığı gücləndirmək, habelə süni intellekt (Sİ) sistemlərinin təhlükəsizliyi üzərində birgə işləmək niyyətlərini bəyan ediblər.
Yenixeber.org: Bundan əlavə, onlar BMT-nin idarəetmə orqanlarında inkişaf etməkdə olan ölkələrin təmsilçiliyini təmin etmək məqsədilə “dəqiq hesablanmış islahatlar yolu ilə Birləşmiş Millətlər Təşkilatını müasir siyasi və iqtisadi reallıqlara uyğunlaşdırmağa” çağırıblar, – DW xəbər verir.
Sənəddə həmçinin ŞƏT ölkələrinin Fələstin-İsrail münaqişəsinin davam edən eskalasiyası ilə bağlı “dərin narahatlıq” və Qəzza zolağında çoxsaylı dinc sakinlərin həlak olmasına və fəlakətli humanitar vəziyyətə səbəb olmuş hərəkətləri “qətiyyətlə pisləməsi” ifadə olunub. Bundan başqa, bəyannamə mətnində İsrail və ABŞ-ın İranın nüvə proqramını neytrallaşdırmaq məqsədilə bu ölkə ərazisinə endirdiyi zərbələr də qınanır.
Sənəddə qeyd olunur ki, “dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qarşılıqlı hörmət, bərabərlik, qarşılıqlı fayda, daxili işlərə qarışmamaq, gücdən istifadə etməmək və ya onunla hədələməmək prinsipləri beynəlxalq münasibətlərin dayanıqlı inkişafının əsasını təşkil edir”. Bununla belə, sənəddə Ukraynadakı müharibə heç bir şəkildə xatırlanmır.
Ukrayna Xarici İşlər Nazirliyi bunu “danışan fakt” adlandırıb. “Təəccüblüdür ki, İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük işğalçı müharibə bu qədər mühüm və fundamental sənəddə heç bir əksini tapmayıb, halbuki orada dünyanın digər müharibələri, terror aktları və hadisələri qeyd olunub”, – Ukrayna XİN-in saytında dərc olunmuş şərhdə bildirilir.
Rusiya Prezidenti Vladimir Putin ŞƏT dövlət başçılarının Şurasının iclasında çıxış edərək bir sıra Rusiya təbliğat narrativlərini təkrar edib. Belə ki, o, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün səbəbinin guya bu ölkədə “Qərbin təhriki ilə baş vermiş dövlət çevrilişi” olduğunu və Qərb ölkələrinin guya “Ukraynanı daima NATO-ya cəlb etməyə çalışdığını” iddia edib.
Beləliklə, qeyd etmək olar ki, ŞƏT əvvəlki illərdə olduğu kimi, bu dəfə də daha çox anti-Qərb mövqeyində dayanır. Bu isə təəccüblü deyil, çünki təşkilatın ən güclü üzvü bu gün ABŞ-a rəqib olmaq istəyən Çindir. ŞƏT-in digər üzv dövlətlərini isə əksər hallarda tərəfdaş yox, daha çox Çinin satelitləri adlandırmaq olar. Bunlara Rusiya, Şimali Koreya, İran və Pakistan daxildir. Buna görə də, son zamanlar Azərbaycan və Ermənistanın bu təşkilata qoşulmaq istəyi ciddi maraq doğurur. Bəs, onların bu “şirkətdə” nə işi var? Ümumiyyətlə, ölkəmiz belə bir ittifaqdan hansı üstünlüklər əldə edə bilər? Bunlar nədə ifadə olunacaq? Və bu addım Azərbaycanın ABŞ, Aİ və NATO-dakı Qərb tərəfdaşları tərəfindən necə qarşılanacaq? Bəlkə, ŞƏT-siz ötüşmək daha məntiqlidir?
Pressklub.az-ın suallarına Kiyev Yaxın Şərq Araşdırmaları Mərkəzinin icraçı direktoru İqor Semivolos cavab verib.

Onun sözlərinə görə, əgər ŞƏT-i daha geniş mənada – 3,5 milyarda yaxın əhalisi olan böyük bazar, Çin və Hindistan kimi iqtisadiyyat olaraq nəzərdən keçirsək, Azərbaycanın bu təşkilata qoşulması yeni ticarət və investisiya imkanlarına çıxış aça bilər. ŞƏT neft-qaz sektoru və su ehtiyatlarının birgə istifadəsi də daxil olmaqla fəal layihələr həyata keçirir. “Azərbaycanın ŞƏT-də iştirakı onun “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində tranzit mərkəzi kimi rolunu gücləndirə bilər. Bundan əlavə, Çinin vəd etdiyi ŞƏT İnkişaf Bankının resurslarına çıxış imkanı da cəlbedicidir. Nəhayət, hərbi sahədə əməkdaşlıq Azərbaycanın regional təhlükəsizlik imkanlarını gücləndirə və strateji Qərb tərəfdaşlığı saxlanılmaqla onun xarici siyasətində “şərq vektorunu” möhkəmlədə bilər”, – tədqiqatçı bildirib.
O, eyni zamanda qeyd edib ki, Azərbaycanın Pakistanla əlaqələrinə görə müraciətinin Hindistan tərəfindən bloklanması ŞƏT-ə qoşulma prosesinin təşkilat daxilindəki geosiyasi ziddiyyətlərlə müşayiət olduğunu göstərir. “Bu isə üzvlükdən real faydaları məhdudlaşdıra bilər. ŞƏT-in bəzi üzvlərinin, ilk növbədə Rusiyanın anti-Qərb ritorikası və Tyanjin bəyannaməsində Rusiyanın Ukraynaya qarşı müharibəsinin qeyd olunmaması Qərb tərəfdaşlarılarının gözündə Azərbaycan üçün imic riskləri yarada bilər. Azərbaycan artıq Çin, Türkiyə və digər ölkələrlə ikitərəfli münasibətlər vasitəsilə bir çox iqtisadi və nəqliyyat layihələrinə çıxış əldə edib, bu da ŞƏT-də rəsmi üzvlüyün zəruriliyini əhəmiyyətli dərəcədə azaldır.
Beləliklə, ŞƏT-ə üzvlük Azərbaycana iqtisadi faydalar gətirə və onun regional layihələrdə rolunu gücləndirə bilər. Amma geosiyasi risklər, o cümlədən, Qərb tərəfdaşları ilə münasibətlərin soyuması və ŞƏT-in daxili ziddiyyətləri ehtiyatlı yanaşma tələb edir. Yəqin ki, Azərbaycanın tam üzvlük öhdəlikləri götürmədən, maksimum fayda əldə etmək üçün “ŞƏT+” formatında əməkdaşlığı davam etdirməsi daha məqsədəuyğundur”, – Semivolos bildirib.
Rauf Orucov