Südabə İrəvanlının söz xəzinəsi
"Xeberinfo.com": Bu gün şeir yazmaq,poeziya vurğunu olmaq,onunla yoldaş,sirdaşlıq etmək,onunla nəfəs alıb yaşamaq olduqca çətin və məsuliyyətlidir.Bu məsuliyyəti dərk etmək,ağırlığını çəkmək elə də asan məsələ deyil.Ona görə ki,insanların maraq dünyası zəngindir. Və bu zənginlik içində həyata,cəmiyyətə, gələcəyə olan baxışlar da dəyişib, yeniləşib.İnsan o vaxt yaşamaq, çarpışmaq istəyir ki, inanır və inandırmağı bacarır. Əgər inanmaq, inandırmaq yoxdursa, demək həyat da yoxdur.Deməli hər bir insan həyatını özü qazanır.Bu mənada yaradıcı adamların üzərinə daha çox yük düşür.Belə insanlardan biri də ədəbi təxəllüsü İrəvanlı olan Züdabə xanımdır.Südabə xanımın şeirlərini oxuyanda hiss edirsən ki,bu xanımda müşahidə qabiliyyəti çox güclüdür.Bu da ona imkan verir ki,hər bir epizodu və yaxud lövhəni bitkin bir şeirə çevirsin. Şair başqaları kimi mövzu dalınca qaçıb tənginəfəs olmur, sanki mövzu özü onun qələminin ucundan ağ vərəqlərə axır.
Südabə İrəvanlının növbəti kitabının əlyazması qarşımdadır, oxuyub fikirimi yazıram . Xeyli vaxtdır ki, tanıdığım bu sadə,sadə olduğu qədər də səmimi və mehirban olan bu xanımın şeirlərini sosial şəbəkədən, dövrü mətbuatdan oxumuşam. Bu şeirlərdə duyumlu misralar, yeni fikirlər, deyimlər bolluğudur. O, qələminin və sözünün adamıdır.Sözə baxandır, könlü istəyən mövzuda yazır.Gündəlik qayğılarından, itirdiklərindən,tapdıqlarından tutmuş, yaşadığı sevgi hissilərinə qədər hər şey onun qələmində şeirləşə, nəğmələşə bilir. Bu şeirləşmə, nəğmələşmə anlaşıqlı,sadə və poetikdir. Elə onun qələminin və sözünün gücü, qüdrəti də sadəliyində, səmimiliyindədir. Südabə süni "obraz" arxasınca getmir. Bu obrazlılıq onun şeirlərinin ruhunda,mayasındadır.
Təkcə bu gün yox, hər zaman insanlar üçün həqiqəti söyləmək çətinlik yaradıb, həyatda həqiqətlə yanaşı yaşayan yalan bir-biriylə döyüşdə, vuruşda olub. Həqiqət odur ki. dünyanın mahiyyəti dünyanın özündən qat-qat böyükdür. Amma yalan bunun əksini deyir. Yəni dünya göründüyündən ibarətdir, mahiyyəti də gerçəkliyə bərabərdir.
Hər zaman həqiqətin tərəfində olub yalanı qamçılayan, onu qəbul etməyən Südabə İrəvanlı "Keçir" adlı şeirində yazır:
Nakişinin,biqeyrətin önündə,
Neçəsi baş əyir, dizindən keçir,
Bir badə şəraba, bir içim suya,
Çox əclaf doğmaca qızından keçir.
Bu həqiqətdir və bu həqiqətə heç nə deyə bilməzsən. Südabənin gözəl duyum dünyası var və bu duyum dünyası onun özünə məxsusdur, heç kimin duyumu ilə yaşamır. Müasir dövrün ictimai problemlərinə öz nəzər nöqtəsi, görmə və duyma bucağından baxır:
Fələk baş açmayır yaratdığından,
Haqsızlar danışır haqqın adından.
Əsrlərlə mərdlə,igidlidlə, qəhramanla yaşayan xalqın bu gün mərdə. igidə, qəhramana , el- oba təssübü çəkənə daha böyük ehtiyacı var. Ona görə də şair "hanı Koroğlum?" deyə soruşur.
Südabə xanım qürbət şairidi. Uzun illərdi ki, Vətəndən çox- çox uzaqda- Rusiyanın Noriliski şəhərində yaşayır. Ancaq buna baxmayaraq zaman-zaman müxtəlif hiylələrlə ata- baba torpaqlarımıza sahib olub özlərinə vətən,dövlət yaradan ermənilərin işğalçılığına, millətə, Vətənə, onun onun böyük tarixi keçmişinə adamların biganəliyi onu hər zaman narahat edib, hiddətləndirib, qəzəbləndirib. Şair həmkarı Eldar İsmayılın "Göyçədi" şeirinə nəzirə yazdığı "Hara Göyçədi?" adlı şeirindəki qəzəbə, haraya baxın:
Göyçə gölüm aləm idi,ay şair!
Tər gülləri şəbnəm idi,ay şair!
Hər çiçəyi məlhəm idi,ay şair!
İndi sinəmizdə yara Göyçədi,
Göstər mənə, göstər hara Göyçədi?
Dünyada baş verən haqsızlıqlara, ikili standartlara, mənfi hallara, qeyri- insani yaşama şair biganə qala bilmədiyindən,dözümlük göstərə bilmədiyindən dərdini, acısını, göynərtisini, etirazınızını şeir dilində çatdırmağa cəht edir və buna da çox yaxşı nail olur. "Göyçəyə gedəcəyəm!" şerində bu istək bir üsyana çevrilir.
Səbrim tükənibdi, dözüm qalmayıb,
Yenə tutub üz,Göyçəyə gedəcəm!
Doğrasa da yağı məni, yad məni,
Yolu tutub düz Göyçəyə gedəcəm!
Bu şeirin davamı kimi səslənən başqa bir şeirində şair deyir:
Gözlərimdən bu həsrəti silməyə,
Niskilimi paylaşmağa, bölməyə,
Heç olmasa qonşu kəndə ölməyə,
Şüşə kimi sına-sına gedəcəm,
Mən üz tutub Gürcüstana gedəcəm.
Südabə xanımın doğulub boya- başa çatdığı kənd Qərbi Azərbaycanın Cəlaloğlu mahalındakı Soyuqbulaq kəndi qonşu Gürcüstan respublikası ilə həmsərhəddir. Heç kimə sirr deyil ki,şairin getmək istədiyi torpaq da bizim dədə- baba torpaqlarımızdı. Bir sıra torpaqlarımız kimi buraları da itirmişik.O taydakı torpaqlardan bu taydakının bircə fərqi var ki.orda murdar ermənilər,burda isə soydaşlarımız yaşayırlar. Şairin gözlərindən silinməyən, qan yazılan yaddaşında qalan o yerlərə xəyalını ziyarətə göndərir və gələcəkdə reallaşacaq iddiasını ortaya qoyur:
Qoyulacaq baş daşım var o yerdə.
Şairin doğma kəndi Soyuqbulaq kimi, Sarallı kəndindəki bağ- baxcaları, çəmənlikləri, yaşıllıqları, biçənəkləri,dağları ağlar qoyub, yurdluları pərən-pərən salan, qaçğına. köçkünə çevirən erməni faşistlərinə nifrətini, qəzəbini, kinini belə bildirir:
Sinəm yaman dağlıdır,
Yolum,izim bağlıdır,
Dərd sinəmi ağrıdır,
Sarallı, ay Sarallı.
Həyatın ən adi detallarına belə poetik don geydirə bilməsi Südabə xanımın poetik fərdiyyətını, yazı manerasını göstərir. Bu fərdiyyət. manera onun yaradıcılığının başlıca komponetlərindəndir. Şairin şeirlərində parım- parça edilmiş Vətən torpağı,onun acı və kədərli taleyi poetik bir tablo kimi görünür. Qulaqlarına hicran, həsrət sədası gəlir. Və istər istəməz dünyanın bu ədalətsiz hicranına. həsrətinə içində ağrı, acı çəkirsən. Dünyanın kar və kor olan vaxtı ata- baba yurdundan uzaq düşüb yaşamağa məcbur olan, amma ayrılıq, hicran dərdini də özüylə Rusiyanın qarlı, şaxtalı düzündə gəzdirən söz və qələm sahibidir.Sözünü və qələmini ən çox narahat edən bölünmüş, satılmış, pay-püş edilmiş Azərbaycanın ürək ağrıdan. iç göynədən taleyidir. Vətən və yurd həsrəti sözün məcazi mənasında onun şeirlərinin içindən yol kimi keçir.
Südabə xanım Vətən həsrəti ilə şeirlər yazan şairlərdən fərqlənir. Bu fərq onun kədərə,ümidsizliyə,bədbinliyə boyun əyməməsidir. Onun kədərli şeirlərində mübarizlik, fədəkarlıq, dədə-baba yurda dönmək istəyi, hayqırtısı var. Ona görə ki,Südabə İrəvanlı dərdi içində əritməyi və onun fövqündə durmağı bacaran şairdi.
İstəmirəm dövlətini dünyanın,
Dərdlərimə çarə tapın,yol tapın,
Qürbət eldə qalmasın məzarım,
Oğul, məni İrəvana qaytarın.
Şair üçün dünyanın var-dölətindən öndə durur Vətən.Hətta ürəyinin yarılıb Vətən yoluna sərilməsini istəyir:
Yarın ürəyimi, sərin yollara,
Yandırın, külümü tökün yollara,
Ağarmış saçımı bükün yollara,
Oğul, məni İrəvana qaytarın.
Südabə İrəvanlı narahat şairdi. Ona görə narahatdır ki, cəmiyyət bəzən insana öz həqiqi qiymətini vermir, baş verən hadisələr ürək açan deyil.Bir çox insanlardan fərqli olaraq o, haqsızlığı, ədalətsizliyi, yalançı vətənpərvərliyi bəyənmir.
Vətəni bir ovuc pula satanı,
Ağalıq taxtını qula satanı.
Vicdanı, namusu. kölə satanı,
Vətən oğlu,sey eləmə kənardan...
Amandır,Vətəni qurtar bu dardan.
Südabə gördüyü həqiqəti yazır. Onun ilhamlı qələmi yetərincə həssasdır, itidir, kəsərlidir. başqa yazarlardan fərqli olaraq onun gözündən məqamlar, anlar, əhvalatlar yayınmır. Çünki həssas qəlbi olan şairin qələmində həyat həqiqətləri poetikləşir və samballı misralara çevrilir.
Dünyada elə bir xalqın ədəbiyyatı yoxdur ki,onda sevgi, məhəbbət mövzusunda əsərlər yazılmasın. Çünki məhəbbət müdriklikdir. Müdrik olmasan da həqiqi məhəbbəti dərk edə bilməzsən. Məhəbbət İlahidən gəlmə bir hissdir. Məhəbbət heyrətdir,əzabdır.Bu heyrətdə yaşamaq,bu əzabda şirinlik var. Südabə xanımın məhəbbət şeirlərində İlahi məhəbbət kövrək olduğu kimi, həm də güclüdür. Şairin "Getdi" şeirinə nəzər salaq:
Çox sevdiyim bir vəfasız,
Yad sözünə baxdı getdi.
Gözlərimdə yaş əvəzi,
Qan da sel tək axdı getdi.
Bu misralarda dəlicəsinə sevən bir qəlbin çırpıntıları öz əksini tapmışdır.
Bir oxucu olaraq bəzən kiminsə şeirini oxuyandan sonra istər- istəməz deyirsən ki,səsli şeirlər idi. Yəni şeiri oxuyursan, elə bil qulağına musiqi səsi gəlir. Və onda bu qənaətə gəlirsən ki,şeirin müəllifi həm də bəstəkardı. Südabə xanımın şeirləri də səsli şeirlərdi.Nümunə üçün "Boynuma dola" şeirinə diqqət yetirək:
Çoxdan ağarıbdı qara saçlarım,
Uzun hörüyüm də gödəlib daha,
Köksümün altında min ağrım, acım,
Hürkək- hürkək baxdım mən sağa-sola,
Dola qollarını, boynuma dola.
Südabənin şeirlərini oxuyanda sanki onun ürəyinin döyüntülərini eşidirsən, qəlbinin nurunu. işığını görürsən. Bəzən də səliqəylə ipə-sapa düzdüyü dərdlərini. könül ağrılarını görürsən. Şair şeirlərində tam özüdü, eşq həsrətiylə ah çəkib, öz ahına yanan Südabəni görmək olur.Onun sevgi, məhəbbət şeirlərində sözdən zərif, incədən incə, ruhu, könlü sevindirən bir gül, çiçək çələngi bağladığını da sezmək olur.
Azərbaycan aşıq yaradıcılığının mühüm yaradıcılıq növlərindən biridə deyişmə janrıdı. Çox təəssüf ki, bu janır son vaxtlar unudulmaqda, yaddan çıxmaqdadır. Yaxşı ki,Südabə xanım yeni kitabında bu janıra da geniş yer ayrıb və bəzi şairlərlə deyişmələrini verib.
Südabə İrəvanlını Azərbaycanda yaxından görüb tanıyan azdı.Bəzi söz adamları, yazarlar da onu sosial şəbəkədən, şəbəkədə olmayanlar isə qəzet və jurnallarda çıxan şeirlərindən tanıyırlar. Tanımayanlara da məsləhət görərdim ki, onun özünü görmək, səsini eşitmək istəyirsinizsə, onda onun şeirlərini oxuyun. O, özüylə, səsiylə şeirlərindədir. Şeirlərində özü olduğu kimi,səsində də özüdü. Bu şeirləri oxuyanda, səsi eşidəndə həyatda heç kimin tanımadığı. görmədiyi bir Südabəni görəcəksiniz. Südabə bir deyil, ikidir. İkinci Südabə onun iç dünyasındadır.Bəlkə də doğmalarının, yaxınlarının belə ondan xəbəri yoxdur, amma ikisi də bir-birindən gözəldir,istedadlıdır.O Südabəyə diqqət kəsilən yoxdur,mayası halal və ilhamla yoğrulmuş şeirlərini oxumurlar,sözünün dəyərini,çəkisini bilmirlər.rəngini görmürlər. Südabə xanım tanınmaq, gözə girmək, məşhurlaşmaq üçün də çalışmır,şairəm deyib sinəsinə döymür. Sözün yaxşı mənasında başını aşağı salıb, duyğularını,hissilərini, qəlb çırpıntılarını, düşüncələrini qələmə alıb yaşadır.Ruhunu və ruhları sözüylə,özü də necə sözüylə qidalandırır. Tanrı başqa sahədə ona xəsislik etsə də. bu sahədə tükənməz sərvət, qiymətsiz xəzinə olan söz verib.Dəyərli dost,Tanrı verdiyi söz xəzinən tükənməsin,xərclədikcə xərcləyğsən.
Məhərrəm Şəmkirli