UŞAQLIĞININ GÖRÜŞÜNƏ GEDƏN ŞAİR- Məhərrəm Şəmkirli
Dəyərli dostum Rəşid Abbasov “Uşaqlığımın görüşünə gəlmişəm” adlı şeirlər kitabını mənə verəndə yadıma bir olay düşdü və dodaq aitı qımışdım. Soruşdu ki, niyə qımışırsan? Doğrusu, demək istəmədim. Dedim, birdən özünə götürər və xətirinə dəyər, məndən inciyər. Buna baxmayaraq onu intizarda qoymamaq üçün olayı danışdım.
Yenixeber.org: Deyir bir nəfər gənc “şair” ilk “kitab”ını həqiqi sözə, şeirə dəyər verən, kitab oxuyan bir nəfər ziyalıya verir. Ziyalı kitabın ilk səhifələrinə göz gəzdirir və etik cəhətdən nə qədər qəbul edilməz olsa da əlindəki kitabı müəllifə qaytarıb deyir:- Xahiş edirəm, bunu kitab oxumayanlara ver.
Bu gün kitab nəşriyyatları çox, yazarlar çox. Kim nə yazır, necə yazır naşirlər fərqinə varmır. Pulunu alıb bir ucdan çap edir.
Rəşid Abbasov sözün, şeirin böyüklüyünü, urvatını gözləyən, saxlayan şairdir. Xeyli yaşı olmasına baxmayaraq hələ ki, mənə verdiyi kitab onun sayca beşinci kitabıdır. Onun bir neçə kitabını qabaqlar oxumuşam. Açığını deyim ki, xoşuma gəlib, ruhumu oxşayıb. Sözü uca tutduğuna, oxucuya sayğı göstərdiyinə, kitabı kitab oxumuyanlar üçün yox, əsil oxuyanlar üçün yazdığına görə Rəşid Abbasova böyük təşəkkürümü bildirmişəm.
Şairin bu kitabında onun son illərdə yazdığı qoşmaları, gəraylıları və müxtəlif insanlara həsr etdiyi şeirləri toplanmışdır.
“Uşaqlığın görüşünə gəlmişəm” kitabına müəllifin uşaqlıq dostu filologiya üzrə fəlsəfə doktoru Zirəddin Xasıyev “Onun həsrət dünyası” adlı dörd səhifəlik ön söz yazmışdır. Ön sözün müəllifi özünü Rəşid Abbasovun tənqidçisi kimi görür və dostunun yazdığı hər bir misraya, hər bir şeirə tənqidi yanaşır, bəyənmədiyi misranı, sevmədiyi şeiri deyir, nöqsanları göstərir. Məncə əsil sadiq dost elə belə də olmalıdır. Rəşid dostu Zirəddinin iradlarını anlaşıqlı qarşılayır, qəbul edir, incimir, küsmür, əksinə minnətdarlığını bildirir.
Dünya yaranışından belədir: İnsanı sevindirir, kədərləndirir, güldürür, ağladır. Bu bir həyat həqiqətidir- olum, ölüm. Bu mənada müəllif kitabının birinci bölümünü “Qınama bu dünyanı” adlandırıb.
Deyirsən bu dünya yaman dəyişib,
Dünya o dünyadı, dəyişən bizik.
Oğul kəc olub, qız həddini aşıb,
Dünya o dünyadı, dəyişən bizik.
Bu misralar Rəşidin “Dünya o dünyadı, dəyişən bizik” şeirindən bir parçadır. Müəllif dünyaya qahmar çıxır, onu yamanlayanları başa salırı ki, dünyanı qınaman, dünya heç dəyişməyib, elə yaranışından belədir. Biz insanlar dəyişmişik. Özümüzlə vuruşa bilmədiyimizə görə hər pisliklərimizi, murdarlığımızı, ədalətsizliyimizi, haqsızlığımızı dünyanın boynuna atırıq. Dünyanı cənnətə döndərən də, xarabazara çevrən də bizik. Çünki nəfsimizin quluyuq, onun ardınca gedirik. Bunu bilə- bilə də hər zaman dünyanın faniliyindən, namərdliyindən, haqsızlığından şikayət edib, onu yamanlayırıq, narazılığımızı bildiririk.
Şeirin axırıncıdan əvvəlki bəndinə diqqət yetirək:
Deməyə çox şey var, deyə bilmirəm,
Kimlərisə açıq söyə bilmirəm.
Niyə düzəlmirik, niyə bilmirəm,
Dünya o dünyadı, dəyişən bizik.
Vətən, torpaq, el- oba sevgisi hər bir şairin yaradıcılığında əsas mövzulardan biridir. Rəşid Abbasovun elə bir şeiri yoxdur ki, orda Vətənin böyüklüyü, müqəddəsliyi böyük sevgi və ilhamla nəzmə çəkilməsin.
“Vətən ay Vətən” şeirində aşağdakı bəndə nəzər salaq:
Sən qoluma qüvvət, gözümə nursan,
Gedişimə, gəlişimə uğursan,
Həyatımda, varlığımda qürursan,
Ürəyim, canımsan Vətən, ay vətən.
Göründüyü kimi müəllif bütün varlığı ilə vətəninə bağlıdır. Vətənin adi tikanlı kolluğu- kosluğu da onun üçün güllü gülüstandır, dağı- daşı isə arxadır, dayağıdır.
Şairin “Qürbət eldən vətən olmaz”, “Oğullar vətən deməkdir”, “Kənd həsrəti”də bu qəbildən olan şeirlərdəndir.
Həyatda elə bir insan yoxdur ki, hərdən doğulduğu yeri, orda keçirdiyi uşaqlığını yadına salmasın, xatırlamasın və sonra da təssüf hissiylə bir ah çəkməsin. Rəşid Abbasov uzun illər şəhərdə yaşasa da heç vaxt doğulduğu kəndi unutmur. Hərdən yır- yığış edib yaşıl çəmənlərin, laləli düzlərin, yasəmənli bağların görüşünə gedib, orda qoyub getdiyi uşaqlığı ilə görüşüb hal-əhval tutur. Amma uşaqlığını, gəncliyini qoyub getdiyi yerdə hər şey dəyişib, tanınmaz olub. Bir sözlə hər şey və hər kəs dəyişib. Özü də pisliyə, qəbul edilməzliyə doğru. Şair bu dəyişgənliyi heç cür qəbul etmir, narazılığını, kileyini bildirir. Uşaqlıqda əlinə tikanı batan, qolunu cızıb qanadan, şalvarına, köynəyinə ilişib buraxmayan böyürtikandan, dovşanları naşı ovçudan gizləyən yovşanlıqdan, “Cəmənlərin qara gözlü laləsi”ndən, “daşda səkən kəklik”lərdən belə əsər- əlamət yoxdur. İş elə gətirib ki, “Dəli Kür də dəlliliyi atıbdı. Yatağında lilənibdi, yatıbdı.”
Sən hardasan, ay daş atan sapandım,
Danla məni, haqqın var, qoy utanım.
Qarğı atım, mənim yarış “ceyranım”,
Gec olsa da, görüşünə gəlmişəm.
Bütün unudulmuşlara görə şair danlanmasını və bu haqlı danlanmaqdan utanmasını istəyir. Şeirin sonunda məlum olur ki, şair ilk məhəbbətini də burda itirib. Kəndə qalan uşaqlığının, itirdiyi ilk məhəbbətinin arxasınca gələn şair nə uşaqlığı ilə görüşə bilir, nə də itirdiyi məhəbbətini tapır.
Şair ermənilərin Xocalıda törətdikləri soyqrımını “Qanlar axdı Xocalıda” şeirində belə təsvir edir:
Bu nə ahdı, nə talandı,
Hər yan cəsəd, hər yan qandı!
Canlı, cansız oda yandı,
Qanlar axdı Xocalıda.
Belə bir qətilama dünya laqeyid qalır. Və doğru olaraq Rəşid dünyanı dil bilməz, söz anlamaz kimi təsvir edir. Əgər dünya və beynəlxalq təşkilatlar dil bilsəydilər, söz anlasaydılar bu illərdə işğalçı Ermənistanın ipini çəkib, yerində oturdardılar, Xocalı qətlanımını soyqrım kimi tanıyardılar.
Rəşid Abbasovun Azərbaycan musiqisinin Allahı sayılan Üzeyir Hacıbəyliyə böyük qürur və iftixar hissi ilə həsr elədiyi “Üzeyrin nəğmələri” adlı şeirində onun böyüklüyünü poeziyanın incə diliylə oxucuya çatdırır və doğru olaraq göstərir ki, Üzeyir bəyin özü də, dünyanı dolaşan ölməz əsərləri də Azərbaycanın şanıdır, şöhrətidir.
Könüllərin aynasıdır,
Anaların laylasıdır, Əsrlərlə qalasıdır,
Üzeyrin nəğmələri.
İnsan nəfsini cilovlamaq, pisliklərdən uzaqlaşmaq, haqqı tanımaq, ədalətli olmaq istəyirsə, mütləq özüylə vuruşmalı, döyüşməlidir. Bu döyüş, vuruş da çox çətin və ağır. Bu döyüşə, vuruşa hələm- hələm adamlar girə bilmir. Bunun üçün adamda cəsarət, fədəkarlıq və güc lazımdır. Təbii ki, özündə bu keyfiyyətləri tapan adam kamil insan sayılır.
Yalançının boşdu əli,
Nə düz bildi, nə də qandı,
Özgələrlə çox asandı,
Özümüzdən qorunaq,
Özümüzdən qorunaq.
Dəyərli oxucu, Rəşidin “Özümüzdən qorunaq” şeiri bilirsiniz mənə nəyi xatırlatdı? Böyük şəxsiyyət və şair Bəxtiyar Vahabzadəni və onun “Özümüzü kəsən qılınc” əsərini. Biz həmişə özümüzə qarşı qəddar, amansız olub, yağı kəsilmişik. Düşməni dost, qardaşı, qonşunu düşmən bilmişik. Şair özümüzü özümüzdən qorumağı və bunun necə çətin olduğunu xatırladır.
Yaşadığımız olumlu, ölümlü dünyada heç də hamının işi rəvan getmir. Kiminin çörəyi daşdan, kiminin ki, də haqsızlıqdan çıxır. Dünya yaranışından bərabərlik görməyib. “Dünya o dünyadır, dəyişən bizik” şeirinin davamı kimi səslənən “Qınama bu dünyanı” şeirində şair üzünü dünyadan narazı olanlara tutub deyir:
Düzəlməz işlərə görə,
Qınama dünyanı qardaş.
Rəşid Abbasov sözün çəkisini və dəyərini bilən şairdir. Cəmiyyətə hansı ismarıncları çatdırmağı da gözəl bilir. Oxucuya nə deməyi, nəyi rəva bildiyi də aydın və alnaşıqlıdır.
Şairin bir çox şeirlərində dünəni görməmək, ona bu günün gözüylə, fikiri, düşüncəsiylə baxa bilməmək məyusluğu var. Bu günkü davranışı, əxlaqı, ədəb- ərkanı sinirə bilməyən şair təəssüflənir, narazılıq edir.
Rəşid öz yaş dövrünün xarekterinə uyğun olan, ictimai əhəmiyyət daşıyan şeirlərlə yanaşı həm də, sevgiyə, məhəbbətə, ayrılığa, vəfasızlığa və s. aid şeirlər də yazır. Onun hər bir şeirində yeni fikir və düşüncə bolluğuna rast gəlmək olur.
Şair dostum tam əmin ola bilər ki, kitabını əsil kitab oxuyana verib.
Rəşid Abbasov, əsil kitab oxuyanlar yeni- yeni kitablarının sorağında olsunlar!
Məhərrəm Şəmkirli
AYB-nin və AJB-nin üzvü