Bakıdan 2 paytaxta son xəbərdarlıq -Qarabağda “qara dəliyə” imkan verilməyəcək!
Azərbaycan özünün “qırmızı xətt”lərini son dəfə elan etdi; konstitusiyamıza sayğısız olanlar qəfil komandoslarla üzləşə bilərlər...
Yenixeber.org: Keçən həftəsonu rəsmi Bakı Qarabağda yuva salmış və getdikcə özlərini daha arxayın, daha həyasız şəkildə aparan separatçı tör-töküntülərinə qəfil və çox təsirli bir mesaj verdi. Xankəndinə ekoloq-mütəxəssislərdən ibarət monitorinq qrupunu göndərməklə Qarabağın gerçək yiyəsinin kim olduğunu erməni kriminal ünsürlərə və onlara havadarlıq edənlərə əyani şəkildə, bir daha xatırlatdı.
Bu o anlama gəlir ki, əgər özlərini yenə yaxşı aparmasalar, davamı mütləq, özü də tezliklə gələcək. Qarşı tərəf də artıq etiraf edir ki, Azərbaycan əslində bununla bir nəbz yoxlanışını həyata keçirib və istəyinə çatıb. Demək ki, terrorçu-separatçıların ayağının altında torpağın yanacağı gün elə də uzaqda deyil.
Rəsmi Bakının bu prinsipial, qətiyyətli gedişi Qarabağ anklavında müvəqqəti yerləşmiş Rusiya hərbi kontingentinin son vaxtlar artan özbaşınalığı fonunda ikiqat önəm daşıyır. Yəni ismarış təbii ki, onlara da ünvanlıdır.
Ruslar da özlərini yığışdırmalı, Azərbaycan dövlətinə sayğılı olmağı öyrənməlidir. Hər halda, komandoslardan ibarət çevik hərbi qüvvələrimiz Xankəndidən elə də uzada deyil. “Dəmir yumruq” yerində və yaxındadır. Azərbaycan və Türkiyə parlamentlərinin ratifikasiya elədiyi Şuşa Bəyannaməsini də heç kim ləğv eləməyib.
Yeri gəlmişkən, dünən qardaş ölkənin müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülerlə Bakıya gəlib. Eyni gündə iki qardaş ölkənin İranla sərhəd bölgəmiz də daxil, genişmiqyaslı ortaq hərbi təlimlərə başlaması diqqət çəkib. Bu, sözsüz ki, Azərbaycana diş qıcıyanlara, o sırada İran da daxil, Qarabağda məkrli oyunlar qurmaq istəyənlərə növbəti, apaydın və əyani bir xəbərdarlıqdır...
*****
“Qarabağda gərginlik artır. Azərbaycan çox narazıdır ki, Ruben Vardanyan Qarabağın erməni icmasına rəhbərliyə gətirilən kimi dərhal Qarabağ ərazisində qızıl mədəninin istismarı ilə pul qazanmağa başlayıb”.
Bu fikri Axar.az-a tanınmış rusiyalı politoloq Sergey Markov deyib.
“Vardanyan Bakının, BMT-nin və Moskvanın da Azərbaycan sərvəti hesab etdiyi bu qızılları özününkü sayır və gecə yük maşınlarında qızıl filizlərini Qarabağdan çıxarır. Bu iş, əlbəttə ki, İsveçrədən bir şirkət üçün rəsmiləşdirilib. Ancaq hamıya aydındır ki, Vardanyan indi orada hər kəsə rəhbərlik edir”, - deyə politoloq qeyd edib.
Onun sözlərinə görə, hələlik məsələ həllini tapıb, ancaq vəziyyət belə davam edərsə, növbəti gərginlik tez bir zamanda təkrarlanacaq. “Və bu dəfə rus general (Volkov nəzərdə tutulur - red.) da işi çözə bilməyəcək. İrəvan Bakı ilə üz-üzə qalacaq”, - deyə o əlavə edib.
*****
Qısası, Bakı 30 illik erməni işğalı dönəmində olduğu kimi, Qarabağda yenə “qara dəliy”in yaradılmasına, yəni anklavın terrorçu-banditlərin, narkotacirlərin və təxribatçı-diversantların, vardanyanların oylağına, bəzi xarici güclər üçün isə təcrübə poliqonuna çevrilməsinə imkan verməyəcək! Və kimsə də xəyal eləməsin ki, orada nələrin yaşandığından, separatçılarla rus hərbçiləri və ya iranlıların hansı “qazanı qaynatdıqları”ndan, hansı hoqqalardan çıxdığından Azərbaycan dövləti bixəbərdir və Bakı buna permanent şəkildə dözüm göstərəcək.
Əsla. Tam əksinə, heç kimə “qırmızı xətt”lərimizi keçmək lüksü tanınmayacaq. Bugünlərdə Qarabağa oğrun yolla keçən 14 iranlı diversant-casusun qısa zamanda ifşa edilməsi buna bariz sübutdur. Eyni zamanda 2 məlum paytaxta səbir kasamızın dolduğu haqda ciddi mesajdır. Söz düşmüşkən, rəsmi Bakı olayla bağlı artıq İrana nota verib və cənub qonşumuzdan 4 gündür cavab gözləyir.
Şimal qonşumuz Rusiyadan da cavabını gözlədiyimiz xeyli sual var. Ümid edək, xarici işlər naziri Ceyhun Bayramovun dünənki Moskva səfəri və həmkarı Sergey Lavrovla apardığı danışıqlar onlara əhəmiyyətli dərəcədə işıq salacaq, bir çox “i”lərin üzərinə nöqtə qoyacaq. Suallardan biri də Rusiya tərəfinin, onun Müdafiə Nazirliyinin V.Putinin imzası duran 22 fevral Moskva Bəyannaməsinin əsas müddəalarını niyə saya salmaması, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik eləməsi ilə bağlıdır...
*****
Yaranmış təhlükəli durumdan ən optimal çıxış yolu əlbəttə ki, Ermənistanın vaxt itirmədən Azərbaycanla 5 məlum prinsip əsasında sülh müqaviləsi imzalaması ola bilər. Hansı sülh müqaviləsi ki, həm Qarabağdakı Rusiya hərbi kontingentinin varlığına, həm də oradakı separatçı ünsürlərin və növbənöv “çağırılmamış qonaqlar”ın özfəaliyyətinə və təxribatlarına son qoyacaq. İki xalqın barışığı üçün nəhayət, münbit hüquqi zəmin yaranacaq. Ən vacibi, yeni və daha dağıdıcı müharibə riski aradan qalxmış olacaq. Bu isə daha çox Ermənistana, bədbəxt erməni xalqına lazımdır. Səbəbləri sadalamağa ehtiyac varmı?
“Ermənistan rəhbərliyinə Fransa ilə siyasi eşqbazlıqla məşğul olmaqdansa, vəziyyəti qarışdırmaq üçün Parisi Cənubi Qafqaza sürükləməkdənsə, Fransa qoşunlarının Qarabağda olmasına səmərəsiz ümidlər bəsləməkdənsə tezliklə Azərbaycanla danışıq masası arxasına əyləşmək, Qarabağın Azərbaycana tam inteqrasiyasının formatlarını, şərtlərini, mərhələlərini razılaşdırmaq üçün ciddi, mahiyyət üzrə danışıqlar aparmaq lazımdır”.
Bunu da politoloq Sergey Markov bildirib.
Əfsus ki, İrəvan rəsmiləri hələ də zamanın onlara işlədiyini xəyal edərək, sülh danışıqlarını imitasiya yolunu tutublar. 26 illik (1994-2020) səmərəsiz danışıqlar onlara dərs olmayıb. O halda nəticəni də gərək yaxşı hesablasınlar... “Müsavat”