Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

1990 il, 20 yanvar “Asala” erməni ordusu özünün 15 illiyini Bakıda qeyd etdi (Qanlı cinayətlərin görünməyən tərəfləri)

 

İlk dəfə bu xəbəri dünyaya Azərbaycanın “Vətən” cəmiyyəti çatdırdı. Xalq yazıçısı “Vətən” cəmiyyətinin sədri Elçin Əfəndiyev, əməkdaşları Gündüz Mailzadənin və Hüseyin Heydərovun cəsarəti nəticəsində bütün dünyaya elan etdilər. Ruslar bundan sonra məlumatı yayan “Teleks” rabitə qurğusunu partlatdılar. İndi isə əsl mətləbə keçirik.....

Yenixeber.org: Araşdırma materiallarına görə Vyanada (Avstriya) fəaliyyət göstərən “Erməniləri öyrənən strateji mərkəz”in direktor müavini, əslən Sumqayıt ermənisi olan E.D.Manukyan 2012-ci il, oktyabrın 3-də Dünya Erməni Diaspor rəhbərlərinə ünvanladığı çağırışda bildirirdi ki, nəyin bahasına olursa olsun, dünya arxivlərindən, ən məxvi qovluqlardan erməniləri, xalqımızı “cinayətkar” kimi tanıdan materiallardan, fakt və sənədlərdən təmizləmək vaxtıdır. Yeni yüzil bunu bizdən tələb edir. Yoxsa gələcək nəsillər bu “uydurmalara” inana bilər...

Məlumata görə artıq dünya kitabxana və arxivlərinin rəhbərləri bunu etiraf edir, çıxış yolu axtarırlar. Məsələn araşdırma materiallarına görə ötən yüzilliyin son illərinədək Sovet İttifaqının Xarici Kəşfiyyatına rəhbərlik edən general-leytenant Vadim Alekseeviç Kirpiçenkonun şəxsi arxivində qoruyub saxladığı bir neçə qovluğu yoxa çıxıb.

Kirpiçenkonun Dövlət Təhlükəsizlik Komitəsinin sədri, Siyasi Büro üzvü, ordu generalı Vladimir Aleksandroviç Kryuçkova ünvanladığı məktubda qeyd edirdi:”...Mənim yanıma əslən Livandan olan erməni mənşəli Emel Orduyan adlı birisi gəldi. Biz onunla Heratda tanış olmuşduq. (Xatırladım ki, general Kirpiçenko həmin vaxt Moskvanın Kabildəki daimi nümayəndəliyinin rəhbəri idi). O, verdiyi məlumatda iddia edirdi ki, özlərini Erməni Milli Azadlıq Ordusu hesab edən “Asala” erməni terrorçularının silahlı birləşmələri Azərbaycana hücuma hazırlaşırlar. Bu terror dəstəsinin böyük bir qrupu artıq Livanın Bəqa vadisində özlərinin döyüş taktikalarını sınaqdan çıxarırlar...” On bir gündən sonra kəşfiyyat generalı ikinci məktubu göndərir və qeyd edir:”...birinci məktuba əlavə olaraq bildirirəm ki, “Asala” erməni ordusunun (terrorçu ifadəsi çıxarılıb-R.N.) Azərbaycana müxtəlif istiqamətlərdə hücumlarına hansı səbəbdənsə Moskva dəstək verib. Kreml “Asala”nı Azərbaycana dərs vermək üçün hərbi-sursatla təminatını boynuna götürüb.” Rus generalı bunu da iddia edirdi ki, erməni diasporunun yaratdığı “Asala” silahlı birləşməsinin tərkibində

“Erməni Milli Asambleyası”nın üzvləri də var. Bu dəstəyə ABŞ-da həbsdə olan Murad Topolyanın başçılıq etməsi də maraq doğurmaya bilməz. Məlumata görə “Asala”nın yedəyində Bakıya girən bu silahlı dəstənin Baş Qərargahı Ohayo ştatındakı Bedfor şəhərində idi. Digər tərəfdən o da məlum idi ki, silahlı terror dəstəsi ilkin hərbi hazırlıqlarını Massaçusets ştatındakı(ABŞ)“Hayastan” hərbi-təlim düşərgəsində keçib.

Araşdırma materiallarına görə “Erməni Milli Asambleyası” silahlı erməni dəstəsi ABŞ Dövlət Departamentinin rəsmi sənədlərində terrorçu dəstəsi kimi qeyd olunur. Murad Topolyana gəlincə o hansı səbəblərə görə Bakıda vuruşmaq üçün (?) Bedford həbsxanasından azad olunaraq “Asala”nın sıralarında görünür. İndiyə qədər bu sualın cavabını heç kəs verə bilmir. Azərbaycana qarşı hazırlanmış qətliam planında hər şey diqqətlə ölçülüb-biçilmişdi. Bu qətliamda hansı təbəqədən nə qədər adam öləcək o da məlum idi. “Erməni Milli Asambleyası” Bakıya hücum zamanı respublikanın Daxili İşlər Nazirliyinə, MK-nın binasına (indiki PA) basqın edib, binaları dağıtmalı, tank mərmilərilə oraları yerlə-yeksan etməli idilər.

Rus kəşfiyyatının ən bacarıqlı simalarından sayılan V.A.Kirpiçenkonun məktubları baş verə biləcək çox ciddi hadisələrdən xəbər verirdi. Onun “ərəb dostu” Emel Orduyanın məlumatları başqa istiqamətlərdən də kəşfiyyat məlumatlarında öz təsdiqini tapırdı. General Kirpiçenkonun məktubları buna baxmayaraq hələ də cavabsız qalmışdı. (Sadəcə məktubların qəbulu ilə bağlı cavablar verilirdi.)

Başqa bir məlumatda bildirilir ki, həmin vaxt ABŞ-ın yeni seçilən prezidenti (1989-1990) Corc Herbert Uolker Buş idi. Prezidentlikdən əvvəl o ABŞ-ın MKİ-nin Direktoru olmuşdu. Buş Moskvadakı rezidenturasında çalışan polkovnik Hell Harvini Bakıya tələsdirirdi. Görünür Ağ Ev də “Asala”nın terror planları haqqında geniş və hərtərəfli məlumatlara malik idi. Üçüncü məktubda isə general V.A.Kirpiçenko artıq “Asala”nın Azərbaycanda törədə biləcəyi qanlı cinayətin vaxt və zamanından danışırdı. “...Məktublarıma əlavə olaraq bildirirəm;”Asala” erməni ordusu Azərbaycan sərhədlərini 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə, saat 00:15-də pozacaq. Onlar artıq kiçik dəstələr şəklində Livandan, Suriyadan, İraqdan, Bəhreyndən, Sudandan, CAR-dan, Fransadan, İngiltərədən, Bolqarıstandan... Moskvaya, Leninqrada, Rostova, Stavropola,.. uçurlar... Onlar Sovet Qoşunlarının kontingentində hissələrə bölünüblər. Verilən materialları araşdırmanızı xahiş edirəm”.

Araşdırma materiallarına görə C.Buşun, Vaşinqtonun Moskvadakı rezidentlərindən olan Hell Harvi 1990-cı il mayın 17-də təcili olaraq Bakıya gəlir. Məlumatlarda bildirilir ki, Hell Harvi İrandakı erməni icmasının gənclərini də bu plana qoşmağa təhkim olunmuşdu. Onun missiyası bu işdə başa çatmalı idi. Lakin bu məsələnin alınıb-alınmaması sual altında idi.

Digər bir məlumatda isə bildirilir ki, “Asala” erməni silahlı terror birləşmələri özünün yaranma tarixinin yubileyini Bakıda, görünməmiş qanlı cinayətlərilə qeyd etməli idi... Belə bir qərar 1989-cu ilin iyulun 15-də Beyrutda keçirilən 19 ölkənin erməni diaspor təşkilatlarının Beynəlxalq konfransında çıxarılan yekun qərarın nəticəsi idi. Sadəcə bu qərar icra olunmalı idi. Qərarın icrası isə uzun müddət Moskvanın Təhlükəsizlik Orqanlarında çalışan, Azərbaycana qarşı həmişə qərəzli mövqedə dayanan, ehtiyata buraxılmış kəşfiyyat generalı M.S.Ovanesyana tapşırıldı. Azərbaycanda isə hamı hakimiyyətə yiyələnmək hərisliyində idi. Bütün bunlar bəziləri üçün gözlənilməz olsa da, bu fakt olaraq qalır. Məlumata görə “Asala” 1975-ci il yanvarın 20-də Beyrutda (Livan) avtomobil qəzasında ölən bir erməninin – Qraç Sadafyanın məzarı üstündə yaranıb. Faktiki olaraq bu günədək “Asala”nın heç bir nizamnamə sənədi yoxdur. (Məlumata görə “Asala” 1993-cüilin iyununda “Sadval” separatçı ləzgi təşkilatı ilə birlikdə RF-nın Ədliyyə Nazirliyində “Azad, Demokratik bir təşkilat” kimi qeydə alınıb.) “Asala” erməni silahlı ordu birləşmələri Azərbaycan torpaqlarında özlərinin yaranma tarixinin on beş illiyini qanlı cinayətlərilə qeyd etdilər.

Araşdırma materialları arasında təsadüf etdiyimiz (?) məlumatlardan bu da aydın olur ki, dünyada bir sıra cinayətlərin iştirakçısı olan “Asala”nın 15 illiyi, yəni 20 yanvar 1990-cı il həm Azərbaycanın, həm Türkiyənin və həm də İranın bir sıra ərazilərində məskunlaşan ermənilər də qeyd ediblər. Azərbaycan ərazisində tarixin ən amansız və qanlı səhifələrindən birini yazan, silahsız, hərbi-sursatsız dayanan insanlara basqın edib, onları əzən, məhv edən... “Asala”ya Bakıda yaşayan ermənilərin bir qismi həmin gecə “xilaskar ordu” kimi baxırdılar. Məlumata görə həmin gecə ermənilər üçün Bakıdakı Erməni Kilsəsi (bu günkü fəvvarələr meydanı ərazisi) ən güclü istehkamlardan birinə çevrilmişdi. Maraqlısı bu idi ki, kilsədəki telefon “qovşağı”ndan sərbəst şəkildə Eçmiəzdinlə, Yerevanla, Moskva ilə, Parislə, Tel-Əvivlə, Vaşinqtonla, Londonla, Tehranla, Ankara ilə... nəhayət... 366-cı Alayla danışmaq mümkün idi. Sadəcə çəhrayı rəngli telefonun dəstəyini

qaldırmaq kifayət idi. Həmin vaxt ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən “Azadlıq” radiosu qan içində boğulan, tənha və kimsəsiz qalan Azərbaycanı “...ipə-sapa yatmayan” Şotlandlara bənzədirdi. Hamı ölüsünü, itgin düşənini axtarırdı. Heç kəs demokratiyanı, onu çiyinlərində Azərbaycana gətirən hələlik günahsız, məhkəməsiz yaşayan “...demokratları” axtarmırdı. Demokratiya “gələn” günündən onu reanimasiyaya atmışdılar.

Araşdırma materiallarına görə “Asala” erməni silahlı ordu birləşmələri Bəşəriyyətin Cinayət Tarixində (ola bilsin belə bir tarix yaransın) öz qanlı aksiyalarını bir qayda olaraq “Qurgen Yanikyan”, “Üç oktyabr təşkilatı”, “9 iyun təşkilatı”, “September Frans”, “Orli təşkilatı”, “Dro” adları ilə icra edir. Məlumata görə ötən əsrin 90-cı illərinədək “Asala” öz kadrlarını, silahlı terror birləşmələrini Beyrutdakı Fələstin Azadlıq Təşkilatının, Səudiyyə Ərəbistanının, Bəhreynin, Fransanın, ABŞ-ın, bir sıra Şərqi Avropa ərazilərindəki hərbi-hazırlıq bazalarında, təlim düşərgələrində... hazırlayırlar. Hələ 1983-cü ildə buna işarə edərək “Tayms” jurnalı mart sayında yazırdı:”...Son on illərdə Türkiyənin ayrı-ayrı ölkələrdə çalışan 36 diplomatı (dördü ABŞ ərazisində) “Asala” erməni ordusunun əskərləri tərəfindən öldürülüb. “Asala” 1975-ci ildən-yarandığı tarixdən Beyrutdakı Fələstin Azadlıq Təşkilatının hərbi-təlim düşərgəsində təlim məşqləri keçirlər...”

Məlumata görə “Asala”- Bakıda törətdikləri qırğınlardan iki gün sonra, yəni yanvarın 22-də (1990-cı il) “Hayastan” jurnalının (16 dildə) nəşrinə başladı. ABŞ-dakı erməni diasporu “Erməni Xalq Hərəkatı” adlı yeni bir təşkilatın nizamnaməsini yaydı. Nizamnaməni təhlil edən erməni terror birləşmələrinin Bakı bürosunun lideri, uzun müddət sərhəd qoşunlarında çalışan kəşfiyyat mayoru M.Q.Gevorkov iddia edir ki, biz “Asala”nın il dönümünü Bakıda təntənə ilə (?) qeyd etdik. Məlumata görə 1980-cı ilin aprelin 24-də erməni diaspor təşkilatları Dəməşq konfransında isə qərara gəlmişdilər ki, 1990-cı ilin yanvarın 22-də və 23-də həm Bakıda və həm də Moskvada yaşayan Azərbaycanın elita nümayəndələrinə sui-qəsdlər edilsin. “Asala” “Nor Serund” qəzeti vasitəsilə bütün erməni diaspor təşkilatlarını “Hay-Dad”ın il dönümünə hazırlaşmağa çağırdı və yeni bir şüar irəli sürdü:”Əzabkeş xalqın inqilabi həmrəyliyinə eşq olsun!..”

Araşdırma materiallarına görə “Asala”nın Bakıya silahlı hücumundan sonra Fransada formalaşan Erməni Milli Hərəkatı, Böyük Britaniyada qərar tutan “Erməni Təşkilatı” (1991-ci ildən təşkilatın adından “Silahlı” sözü çıxarıldı), ABŞ-da “Böyük və mütəşəkkil erməni qruplaşması”

“Asala” erməni silahlı ordusunu dünya ictimaiyyətinə “Demokratik (Xalq) Cəbhə” kimi təqdim etməyə başladılar. (Burda “Asala” zahirən özünü parçalanmış kimi təqdim etməyə cəhd edirdi. Guya Bakı hadisələrindən sonra “Asala” müxtəlif qanadlara ayrılmışdı...)

Kəşfiyyat polkovniki Q.B.Smirnov baş verən qanlı Bakı hadisəlırini araşdırarkən göstərir ki, ermənilər hücumdan öncə Azərbaycanla bağlı çox güclü və hər tərəfli təhlil olunmuş, dəqiq və təkzib olunmayan strateji kəşfiyyat məlumatlarına malik olublar. Polkovnik haqlı olaraq belə bir sualı ortaya qoyur: Kim idi bütün bunların arxasında dayanan? Təəssüflər olsun ki, Azərbaycan tərəf bütün bu məsələlərin kökünə getməkdə, dünyaya, bəşəriyyətə hər şeyi olduğu kimi göstərməkdə nədənsə acizlik göstərir. “Asala” silahlı erməni ordusunun Bakıya soxularaq dinc insanları qırması dünyada yeni səlib yürüşünün başlanğıcına bənzəyir. Mən buna təəssüf edirəm.

Polkovnik belə bir qənaətə də gəlir ki, Bakı qırğınlarını törədən “Asala”nın tərkibində ABŞ-ın Florida Ştatında geniş hərbi düşərgələrə malik, bilavasitə erməni narko-baronlarının yaratdıqları “Bubi” terror təşkilatının üzvləri də var idi. (Qeyd: “Bubi” beynəlxalq narko-ticarət qrupu işğal olunmuş ərazilərimizdə-Dağlıq Qarabağ torpaqlarında narko plantasiya sahibidirlər. Bununla bağlı RF-nın narkotik qaçaqmalçılıqlarına qarşı mübarizə departamentində sənədlər var.) “Bubi” təşkilatı narko ticarətdən ildə dörd milyard dollar gəlir əldə edir və “Asala” erməni silahlı ordusuna güclü maliyyə dəstəyi ayırır.

Polkovnik daha sonra yazırdı:”...Mən həmişə baş verən terror hadisələrini araşdırmışam. Əgər təcrübəli kəşfiyyat generalı, ölkənin ictimai-siyasi durumuna ciddi bələd olan Heydər Əliyev öz möhtəşəm və dünyanı sarsıdan çıxışında cəmi yarım saat geciksəydi... onun və onun ətrafında olanların həyatını xilas etmək mümkün olmayacaqdı...”

Məlumata görə 1990-cı il yanvarın 20-də... Heydər Əliyevin çekist dostları... general V.A.Şebarşinin və V.A.Kirpiçenkonun təkidilə yaradılmış “Anti-terror” qrupunun üzvləri Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyindən 12kq partlayıcı maddə götürərək, ətraf binalarda qərar tutan 16 nəfər erməni terrorçusunu həbs etdilər. Məhz bundan sonra Heydər Əliyevin sərbəst çıxışına təminat verildi... Bu ermənilərin qanlı cinayətlərini ifşa edən ən güclü siyasi-hüquqi sənəd idi. Məlumata görə həmin gün Heydər Əliyev və onun ətrafına zərər verə biləcək D.S.Mirzoyan (hərbi kəşfiyyat mayoru), L.M.Bazuyan (istefada olan hərbiçi), Q.M.Emilyan (tarixçi), F.M.Qalustyan (“Asala”), E.D.Melikyants (“Dro”), M.D.Şanx (Cənubi Afrika vətəndaşı),

R.B.Sarkisyan (Yerevanda yaradılmış “Krunk” təşkilatı), H.S.Samvel (bərpa olunmuş “Erməni Bürosu”nun üzvü) və başqa erməni terrorçusu həbs olundular.

1991-ci il iyulun 14-də yəni Bakı qırğınlarından sonra Vaşinqtonda fəaliyyətə başlayan “Demokratik (Xalq) Cəbhə” ermənilərin yaratdıqları “Hay-Dad”la birgə iş proqramını, “Böyük Ermənistan” ideyasını birgə həyata keçirmələri haqqında Memorandumu imzaladılar. Fransada Formalaşan “Orli qrupu” isə türk və azərbaycanlı gənclərə, onların təşkilatlarına qarşı açıq, yeni mübarizəyə hazırlaşdıqlarını elan etdilər. Məlumata görə bu qrup “Asala” erməni ordusunun bir qanadını təşkil edir və bu qrup ilkin olaraq, Xankəndi, Sumqayıt və Bakı ərazilərində yaşayan erməni gənclərindən təşkil olunan, “Yeni erməni Bürosu” adı ilə Bakıdan təqribən 25 km aralı olan “Nasosnı” deyilən təlim düşərgəsində iki aya yaxın, yəni 1989-cu ilin sentyabr-oktyabr aylarında Bakının, Gəncənin və Naxçıvanın strateji xəritələrini... öyrəniblər. Araşdırma materiallarına görə 1990-cı il yanvarın 24-də “Hasosnı” təlim düşərgəsindən qalxan 09-2001 3г işarəli təyyarə Gürcüstan istiqamətinə start götürdü. Bununla bağlı Gürcüstan hərbi kəşfiyyatının polkovniki S.N.Qabriadze yerli tele-kanala bu faktla bağlı açıqlamasını verdi. Məlumata görə 1990-cı il yanvarın 28-də Dəməşqdə ingilis dilində nəşr olunan “Suriya vaxtı” qəzeti (qəzet “Tişrin Dövlət nəşriyyatının qəzeti hesab olunur) ikinci səhifəsində “Qafqazda baş verən hadisələrin icmalı” yazısında “Asala” erməni silahlı birləşmələrinin Bakıda törətdikləri qanlı cinayətlərə haqq qazandıraraq, yazır:”...Sovet İttifaqında vaxt dayandığından... o, dağıldı. Yaxşı tanıdığınız ermənilər qədər bu diyarda əzab çəkən, öldürülən və günahsız yerə həbs olunan millət yoxdur. 1990-cı il yanvarın 20-də ermənilərin “Xilas dəstələri” (Şübhəsiz, bu “Asala” erməni ordusuna işarə idi) erməni bacı və qardaşlarını ölümdən xilas etmək üçün Bakıya ayaq basdılar. Yüzlərlə erməni ailəsi xilas olundu (?)...” Yerli radionun müxbiri Cubran İsmayılın qələmə aldığı bu yazı fransız və ərəb dillərinə də tərcümə olunub, yayıldı. Başqa bir məlumatda isə bildirilir ki, bu yazı, eləcə də bu yazıya bənzər bir neçə yazı “Ermənilər üçün qırmızı xətt” kitabçası adı altında Strasburqda satışa çıxarıldı.

Araşdırma materiallarına görə 1990-cı il fevralın 19-da Kabildən (Əfqanıstan) Moskvaya qayıdan general-leytenant, məşhur kəşfiyyatçı V.A.Kirpiçenko onun göndərdiyi məktub və teleqramları cavabsız qoyan Siyasi Büronun üzvü, Dövlət Təhlükəsizlik Komitəsinin sədri, ordu generalı V.A.Kryuçkovla görüşür.(Bax:РФ.Архив МО. ГН. 304/2.

L.M.Vlasovun qovluğu. O vaxt kəşfiyyat mayoru L.M.Vlasov ordu generalı Kryuçkovun təhlükəsizlik dəstəsində idi və generalla qohumluq əlaqələrinə malik idi). Bu vaxt generalın işlədiyi Birinci Baş İdarəyə, Heydər Əliyevin silahdaşı general Leonid Vladimiroviç Şebarşin başçılıq edirdi. Kəşfiyyat generalı 1990-cı il fevralın 26-da məktubları əsasında Siyasi Büroya “Xüsusi Arayış”ını hazırlayır. Məlumata görə general Siyasi Bürodan aydınlaşdırmağa çalışırdı ki, nə üçün Əfqanıstanda əslən Livandan olan “Sarvar” adlı agentindən əldə etdiyi məlumatlar işlənməmiş qalıb. General soruşurdu: Siyasi Büro millətləri və xalqları parçalayan, insanları məhv edən ölkə ərazisində qeyri-qanuni fəaliyyət göstərən “Asala” separatçı erməni ordusu ilə bağlı hansı tədbirləri işləyib? Daha sonra general sorğularının birində qeyd edirdi:1990-cı il yanvarın 20-də Azərbaycan xalqına edilən silahlı erməni basqınlarının təşkilatçılarına Kremldə dəstək verənlər kimlərdir? Bakı həmişə strateji əhəmiyyətinə görə xarici kəşfiyyat üçün əlçatmaz olub. Qapıları açan kimlərdir?

(Məlumata görə general rəhmətə gedənədək ordu generalı, hadisələrə biganə qalan V.A.Kryuçkovla görüşməkdən imtina edib. Faktiki olaraq general V.A.Kryuçkov yəqin etmişdi ki, Moskva, Leninqrad, Stavropol, Rostov əraziləri erməni emissarları ilə dolurdu. Yoxlama materiallarına görə təkcə Rostov ərazisinə Afrika ölkələrindən 1989-cu ilin sentyabr ayında 407 nəfər erməni gəlmişdi. Bu ermənilər tədricən İttifaq ərazisindəki erməni silahlı qruplaşmalarında görünürdülər. Maraqlı məqamlardan biri bu idi ki, 1989-cu il noyabrın 20-dən xarici ölkələrdən gələn ermənilər Bakıda məskunlaşaraq “Asala” silahlı erməni ordusunun yolunu gözləyirdilər. Bu fakt ordu generalının kəşfiyyat materiallarından biri idi. Araşdırma materiallarına görə “Andres Kastro” deyilən silahlı qrup 1989-cu ilin dekabr ayının ortalarında Bakıda göründü. Bu terror təşkilatının üzvləri, məlumata görə artıq “Asala” terror təşkilatı üçün kiçik bir plan cızmışdı.

Araşdırma materiallarına görə 1990-cı ilin qanlı yanvar faciəsindən sonra general V.A.Kryuçkovun göstərişilə ölkənin təhlükəsizlik xidməti sıralarından milliyyətcə erməni olan və bilavasitə “Asala” erməni ordusunun qurulmasında iştirak edən, ermənilərin silah və digər hərbi sursatlarla təmin olunmasında, Gürcüstandakı və Stavropolda, Rosrovda hərbi bazaların, qoşun kontingentinin, tank diviziyalarının və hərbi vertolyotların onların istifadəsinə verilməsində ittiham edilən 28 kəşfiyyat zabiti, Müdafiə Nazirliyinin tabeliyində olan Baş Kəşfiyyat İdarəsinin yüksək rütbəli 43 nəfər əməkdaşı işdən qovuldular. Çünki

1990-cı il 20 yanvar basqını ilə bağlı hərbiləşdirilmiş erməni terror birləşmələrinin törətdikləri cinayətlər haqqında Bakıdan heç bir operativ kəşfiyyat materialı göndərilməyib və yaxud göndərilən şifroqramlar və açıq mətnli teleqramlar məhv edilib. Bu gün bu istiqamətdə RF-nın kəşfiyyat idarələrində açılan “Məlumat qovluqları” bomboşdur.(?)

Araşdırma materiallarına görə 1990-cı il yanvarın 20-də ümumən respublika ərazisindəki doğum evlərində 460 nəfər hamilə qadın atılan güllələrdən, tökülən qanlardan, günahsız qırğınlardan və qəfil məlumatlardan stress vəziyyətinə düşüb. Bu vəziyyətə düşən hamilə qadınların böyük bir qismi (bəzi məlumatlara görə onların sayı 270 nəfər olub) doğum zamanı öz övladlarını itirib. Məlumata görə 35 hamilə qadın vəfat edib. Doğulan uşaqların böyük bir qismi isə şəkər, qan təzyiqi, ürək-damar və baş-beyin xəstəliklərindən bu gün də əziyyət çəkir.

Araşdırma materiallarına görə “Asala” erməni ordusunun Bakıya basqını haqqında ən ciddi və məxvi materialları RF-nın MN-nin Baş Kəşfiyyat İdarəsində üstündə “Məxvidir: 45 dərəcə bucaq altında” sözləri yazılmış qovluqda saxlanılır. Kəşfiyyat polkovniki Boris Qriqoriyeviç Bondarenkonun iddiasına görə o vaxt Moskvada yaşayan, Siyasi Büro və şəxsən M.S.Qorbaçov və onun erməni general dostları tərəfindən sıxışdırılan Heydər Əliyevin gözlənilməz, amma düşünülmüş və qəti addımı həmin qovluqda saxlanılan “Asala”nın yarımçıq qalmış planlarını alt-üst etdi.

Azərbaycan istiqamətində hazırlanmış plana əsasən Bakıda, Naxçıvanda, Gəncədə və Lənkəranda... bir-birinin ardınca fərdi qaydalarda güclü terror aktları həyata keçirilməli idi. Bu terror aktlarını isə “Asala”nın tam hərbiləşdirilmiş qanadı olan “Qnçak” qanadında fəaliyyət dairələrini genişləndirən və Azərbaycanın təhlükəsizlik orqanlarına soxulmuş hökümət və dövlətdən xəbərsiz “Vətənpərvər Erməni cəmiyyəti” yaradan məlumatlı şəxslər icra etməli idilər. Kəşfiyyat polkovniki Q.S.Mark-Nazaryan Leninqraddan 1989-cu il dekabrın 21-də bu cəmiyyətdə işləmək üçün göndərilmişdi. Maraqlıdır ki, az müddət ərzində Azərbaycanın adlarını qeyd etdiyim ərazilərində kök atan, istənilən məlumat və informasiyaya malik olan və onu cəhd edib əldə edən bu adam haqqında hələlik açıqlama verilmir və bu heç istintaq materiallarında da yoxdur.(?) Acınacaqlı hallardan biri bi idi ki, bu cəmiyyət Azərbaycan Ədliyyəsində qeydiyyata da götürülmüşdü. (Məsələ burasındadır ki, bu bədnam cəmiyyətin 1990-1993-cü illərdə

Bakı Şəhər Prokurorluğunda, XİN-də, Şəhər Məhkəməsində, Parlamentdə, Dövlət mətbuatında...özəkləri fəaliyyətdə idi...)

Tarixdə mənə elə gəlir ki, insanlara nəyisə bağışlamaq olur, üstündən keçmək qərarına gəlirsən. Əlbəttə bu böyük sərkərdə B.Napoleonun sözüdür. O, daha sonra öz əsgərlərinə deyirdi:”...Mən bir şeyi bağışlamıram. Anamın döşlərini söyənləri keçmirəm. Çünki o döşlər mənə həqiqətin şirəsini içirdib...” Bütün bunlardan sonra mənə elə gəlir ki, “Asala”nın Azərbaycanda hiylələri hələlik bitməyib.

Razılaşdırılmış ssenariyə görə (Fransa, İngiltərə, ABŞ, Almaniya, Yaponiya, İsrail) Azərbaycanın yanacaq resurslarında gözləri olan ölkələr, eləcə də OPEK-ə üzv olan bir sıra neft ölkəsi... baş verən qanlı cinayətləri faş etməməyi, susmağı məsləhət bilirdilər. Lakin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinin qapıları açılanda, nümayəndəlikdən matəm bayraqları asılanda hər şey dəyişdi. Heydər Əliyev cəsarəti dünyanı silkələdi. O vaxt Moskvanı, şəxsən ölkəyə başçılıq edən M.Qorbaçovun önündə... göz-gözə onu ittiham etmək, onu cinayətkar və cani adlandırmaq asan məsələ deyildi. Ruslar bir qayda olaraq xarici mətbuat səhifələrində, beynəlxalq tele-kanallarda iddia edirdilər ki, azərbaycanlılar bu qətliamlarda rusları günahkar bilməsinlər. Rusiyanı və rusları Beynəlxalq Cinayətə sürükləyən, onun imicinə öldürücü zərbələr vuran M.Qorbaçovu ittiham edirdilər. (Ən acınacaqlı və dəhşətlisi bu idi ki, Bakı neftini sovurub, aparan və milyardlara sahib olan Nobelin adına Beynəlxalq Sülh Mükafatına layiq görülən M.Qorbaçov abırsız və həyasız mövqeyindən əl çəkmədi). Sual olunur: hansı səbəbə görə Qobaçovlar ailəsi (M.Qorbaçov və R.Maksimovna)1985 və 1989-cu illərdə “Asala” erməni silahlı terror birləşməsinin Beyrutdakı təlim düşərgəsi üçün bir milyon dollar yardım ayırmışdılar. Məlumata görə general V.A.Kirpiçenko bütün bunları araşdırarkən Siyasi Büroya və Təhlükəsizlik Şurasına sorğu ünvanlasa da, cavabsız qalmışdı. Amma M.Qorbaçov unudurdu ki, ...bu xalq-(yəni tatarlar, türklər) həmişə kainatın əsl hökmranı olub, bütün başqa xalqlar (o cümlədən M.Qorbaçovun sığındığı ermənilər də) sanki onlara qulluq etmək üçün yaranıb. Bu xalq eyni zamanda həm imperiyalar yaradır, həm də onları dağıdır. Tarixin bütün dövrlərində dünyanı öz qüdrətlərilə sarsıtmış, həmişə xalqların qənimi olmuşlar. Onlar böyük monqolların sonsuz torpaqlarında indi də hökmranlıq edirlər. İranın hökmdarı onlardır. Kirin və Kistapsın taxtında təntənə ilə oturan onlardır. Onlar Moskvanı diz çöktürüblər. Onlar türk adlanıb Avropada, Asiyada və

Afrikada nəhəng fütuhatlar sayəsində dünyanın üç qitəsində ağalıq edirlər.

Əgər daha qədim zamanlara nəzər salsaq, görərik ki, Roma imperiyasını darmadağın edənlər də onların nəsilləridir. Çingiz xanın fütuhatları ilə müqayisədə İsgəndərin qələbələri nədir ki...

“Bu müzəffər xalqın yalnız tarixçiləri çatışmayıb ki, onların ağlasığmaz qələbələrinin şöhrətini yaysınlar...” Bu sözləri fransız yazıçısı, sosioloqu Şarl Lui Monteskye təqribən 300 il bundan qabaq deyib.

Araşdırma materiallarına görə gecə qırğınlarından sonra “Asala”nın yarımçıq qalmış qırğın planı tamamlanmalı idi. Məlumata görə 1990-cı il, 20 yanvar gecəsində, daha dəqiq desək (kəşfiyyat polkovniki B.Bondarenkonun fikrincə... onun iddiasına görə) gecə saat 4 radələrində Azərbaycanın otuz iki nəfər say-seçmə övladı məhv edilməli idi. Bu iyrənc missiya 20-dən 21-nə keçən gecə tamamlanmalı idi. Bakı müxalifəti gizlənmişdi. Bir çoxu Astara-Lənkəran zolağından İran İslam Respublikasının ərazilərinə keçib, getmişdi. Qərb mətbuatının yazdığı kimi “...onlar artıq öz missiyalarını bitirmişdilər”. Bakıda nəzərdə tutulan terror aktlarını, eyni anda nəzərdə tutan “Asala” terror qruplaşmalarının cərgəsində aktiv rol oynayan “Müdafiyə olunanlar” erməni terror qrupları yerinə yetirməli idilər. Bu qrup məlumata görə “snayper” atıcı qrupu idi ki, onun başında tarix müəllimi, bir müddət Əfqanıstanda xidmət etmiş Meyyer Rustampaşa adlı birisi idi. (Sənədlərdə onun əsl adı Miqran Rustamyan idi). Məlumata görə əldə olunan ünvanlar istiqamətində 14 nəfər snayper paylanmalı idi. Araşdırma materiallarına görə son məqamda ermənilər niyyətlərini yarımçıq saxladılar. Eçmiəzdinin məxvi işarəsilə “Müdafiyə olunanlar” öz aksiyalarını yarımçıq saxladılar.

Rus yazıçısı T.M.Serafimov həmin vaxt maraqlı bir fikrə toxunmuşdu. O, qeyd edirdi:”...Heydər Əliyev Moskvadan Azərbaycan üçün heç kəsin gözləmədiyi “Azadlıq zəngini” çaldı. Bu zəng bütün dünyanı başına götürdü. Bu Azərbaycanı öz övladı kimi sevən Heydər Əliyevin böyüklüyü idi...” Azərbaycanı qan dənizində boğmağa hazırlaşan “Asala” beynəlxalq erməni terrorçularının 2-ci cəbhəsi bağlı qaldı.

Fikrimcə o yerdə ki, həqiqət dərk olunmur, o yerdə həqiqət dərdə çevrilir. “Asala” erməni ordusunun Azərbaycan üçün nəzərdə tutduğu “45 dərəcə bucaq altında...” məxvi planı demək olar ki, baş tutmuşdu: 131 nəfər, o cümlədən 117 nəfər azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar

dürülmüş, 744 nəfər yaralanmış, 400 nəfər həbs edilmiş, 4 nəfər itgin düşmüşdü.

Bəzi mənbələrdə qeyd olunur ki, Bakıda törədilən qırğınlara SSRİ Müdafiə Naziri D.Yazov başçılıq edirdi. Məlumata görə 1990-cı il yanvarın 28-də Bağdadda ermənilərin hakim olduqları, lakin 1979-cu ildən ölkədən kənar çap olunan “Yeni fikir” qəzeti yazırdı:”...Bağdadda keçiirilən “Erməni diaspor rəhbərlərinin konfransı” başa çatdı. Konfransda Yaxın Şərq regionlarında tanınan, erməni xalqının məşhur generalları M.O.Şagiyan, D.T.Simon (Simonyan) da iştirak edirdilər. Onlar Bakıda erməni millətinə qarşı amansız mövqe tutan azərbaycanlılara qarşı hərbi əməliyyatlarda iştirak edib...” Fransada nəşr olunan “Vi” (“Həyat”) qəzeti isə 1990-cı il fevralın 2-də xəbər yaydı ki, 1990-cı il 20 yanvar qırğınlarında üç erməni generalı öldürülüb”. Mən hələ də qarşımda açıq qalan suallara cavab tapa bilmirəm. Amma fakt bu idi ki, “...baş verən Bakı qırğınlarında iki yüksək rütbəli erməni iştirak edib...”

Bütün bunlar artıq məlum idi. “45 dərəcə bucaq altında”- keçirilən əməliyyatın Bakı qırğınlarında Sovet Qoşun kontingentində yüksək dərəcədə hərbi-təlim görmüş erməni generalları “ağıllı məsləhət verməklə məşğul idilər”. Məlumata görə Heydər Əliyev baş verənlərdən artıq xəbərdar idi. Bütün bunlara görə də Heydər Əliyev 20 yanvar faciəsinə siyasi qiymət verdi, xalqın hüquqa, demokratiyaya, humanizmə zidd mövqe tutanlarını ifşa etdi, onların tutduğu yolu kobud və səhv siyasi bir yol olduğunu göstərdi.

Araşdirma materiallarına görə Beynəlxalq Erməni Diaspor Təşkilatları hələ də “Asala” erməni silahlı qoşun birləşməsini, “Azadlıq mücahidləri” kimi qələmə verir. Bakıda törətdikləri qırğınları inkar etmək kompaniyası keçirməklə məşğuldular. Şübhəsiz, bu qanlı faciələrdə Sovet Qoşun Kontingentindəki stress vəziyyətində, müsəlmanlara qarşı qisasçılıq hissilə Əfqanıstandan qayıdan rus əsgər və zabitlərinin fəaliyyətlərini yaddan çıxara bilmərəm. Təəssüflənirəm ki, bu istiqamətdə istintaq yarımçıq getsə də, “Asala” istiqamətində qovluqlarda heç bir istintaq materialı yoxdur. Mən bunu da təbii qəbul edirəm. Hansı səbəbdənsə dünyanın KİV-i, mətbuatı bütün tədqiqatı Moskva istiqamətinə yönəltdilər, erməni faktoruna kölgə saldılar. Məhz bütün bunlara görə də istintaq yarımçıq qaldı. Ən azından məsələlərə aydınlıq gətirmək üçün Ermənistanın Moskvadakı Daimi Nümayəndəliyinin binasında keçirilən məxvi iclas və yığıncaqlar

haqqında məlumatları rusların kəşfiyyat mərkəzlərində toplanmış qovluqları oxumaq, onlarla tanış olmaq lazım idi. Bu isə olmadı.

Məlumata görə “Asala”nın yaradılmasında erməni ziyalıları böyük rol oynayıb. Yeni erməni ziyalılarından olan Erik Sedikcanyan, Mavli Markaryan, Simens Xurşidyan, Akop Akopyan, həmçinin Miqran Miqrayan və Arutyun Takoşyandır. Bu adamlar vaxtilə Ermənistan Universitetlərində təhsil alıblar, Eçmiədzinin “Birinci Salonu”ndan keçiblər. Məlumata görə “Birinci Salon”un “ağır məktəbini” bitirən ermənilər üçün hər yerdə yaşıl işıq yanır. Kimin ölkə başçısı, Baş Nazir... seçilməsi və yaxud təyin olunması “Birinci Salon”da yekunlaşır.

“Asala” erməni silahlı qoşun birləşməsinin “Eçmiədzin”lə bağlılığına gəlincə, bu məsələ də ciddi məsələ kimi həmişə diqqətdə qalır. Məsələn bu gün Eçmiədzində və onun digər yaşayış məntəqələrində 255 nəfər (xüsusi xidmət orqanlarından könüllü çıxaraq) təhlükəsizlik zabiti çalışır. Məlumata görə Eçmiədzində Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında işləmək üçün hər il 120 nəfər kəşfiyyat zabiti buraxılır.

“Asala” Eçmiədzin əlaqələrinə gəlincə, bu məsələ də Azərbaycanda, eləcə də dünyada az tədqiq olunan məsələdir. Məsələn 1990-cı il 20 yanvar təcavüzündən sonra Bakıda, eləcə də Azərbaycanın digər yaşayış məntəqələrində azərbaycanlıları məhv edən, onları güllələyən 21 nəfər “Asala” üzvünə “Eçmiədzin”in xüsusi mükafatları, üstündə qızıl xaç olan “Vətən Ordeni” (?) verildi. Başqa bir məlumatda isə bildirilir ki, bu ordeni alanların içində iki nəfər (ər və arvad) azərbaycanlı da var. Bu gün onlar erməni adı altında Noyanberyan yaşayış məntəqəsində yaşayırlar.(?) Əlbəttə biz bu faktı gərəksiz bilib, tam araşdırmadıq. Digər tərəfdən biz bu araşdırmanı yarımçıq saxladıq. Çünki faktlar və məlumatlar bizi tamam başqa yerə aparıb çıxartdı. Məlum oldu ki, bu adamlar arasında heç bir ər-arvad münasibəti olmayıb və onlar elə Azərbaucan ərazisində yaşayırlar... Düşünürəm: belə şəxslər olmasaydı “Asala” Bakının heç bir strateji nöqtəsini asanlıqla əldə edə bilməzdi, Şuşa, Laçın... işğal olunmazdı, düşmən Qartal yuvalarına gedib çıxa bilməzdi. Bütün bunlar azmış kimi düşmən yolunun üstündə dayanan bu adamların Eçmiədzin tərəfdən Bakıdakı Erməni Kilsəsində işləmək üçün təyinatları da verilib.

Bəziləri elə zənn etməsinlər ki, bütün bunlar illüziya və mifdir. Ancaq yəqin edin ki, bu illüziya və mifin arxasında təkzib olunmaz fakt var. Məsələn, əgər bir azərbaycanlı (?) Ermənistan prezidentinin yanında məsləhətçi kimi gəzib dolaşırsa, bunu necə başa düşüm?.. Fikrimcə

Azərbaycana qarşı atılan hər erməni addımını mən tariximizə, mənəviyyatımıza atılan addım kimi qiymətləndirirəm.

Araşdırma materiallarına görə 1990-cı il 20 yanvar qırğınlarından bir gün sonra Bakıda yaşayan erməni qadınlarından 12 nəfərinin Azərbaycan xalqına müraciətləri dərc olundu. Müraciəti imzalayan erməni qadınları Azərbaycan xalqına baş sağlığı verir, bütün bu hadisələrdə erməni xalqını günahlandırmamağa çağırırdılar. Erməni qadınları öz müraciətlərində erməni terror təşkilatlarını, “Böyük Ermənistan” arzusu ilə millətləri, xalqları qarşı-qarşıya qoyan... erməni millətinə nifrət hissini alovlandıran diaspor təşkilatlarını lənətləyirdilər. Amma bütün bu görüntülər baş verən qanlı hadisələrdən sonra idi. Yəni heç kəsə,.. heç tarixin özünə də lazım olmayan bir müraciət idi.

Məlumata görə Bakıya “dərs vermək” üçün gələn “Asala” erməni qoşun birləşməsinin tərkibində “Qarabağın Müdafiə Ordusu”nun silahlı dəstəsi isə Naxçıvanda, Gəncədə, Lənkəranda, Şəmkirdə, Sumqayıtda qanlı əməliyyatlarda iştirak edirdilər. Məsələn silahlı birləşməyə başçılıq edən general-mayor Vitaliy Balansyan daha əcayib işlərə əl atırdı. Bu, Şamaxıda anadan olmuş həmin Vitaliy Balansyandır ki, qardaşı qızı Qretta Balansyan (familiyasını dəyişmədən) Azərbaycan xalqına müraciət edən 12 erməni qadından biri idi. Vitaliy Balansyan tank alayına başçılıq edirdi. O, silahsız insanları tankın qabağına qatıb qovmaqdan xüsusi bir həzz alırdı.(?) Onunla yanaşı Bakıya digər erməni generalları;- Vahan Xaçatryan, Movses Akopyan, David Ohanyan da tarixi cinayətlərin iştirakçısına çevrilmişdilər. “Asala”ya məxsus 316 tank (T-55/-72; BMP-1/-2, BTR-70/-80, BMD-lər) Azərbaycanın əsas strateji mərkəzlərini dövrəyə almışdı. (Bu gün həmin tanklar Azərbaycanın işğal olunmuş ərazilərində - Dağlıq Qarabağın yaşayış məntəqələrində yerləşdirilib).”Asala” son on ildə (1980-1990) Sovet Qoşun kontingentində təqribən iki min nəfərə qədər əsgər və zabiti əhatə edən 96 özək yaratmağa müvəffəq olmuşdu. SSRİ Dövlət Təhlükəsizliyi Komitəsində və Baş Kəşfiyyat İdarəsində, Xarici Kəşfiyyat İdarəsində, İqtisadi Kəşfiyyat İdarəsində, Sərhəd Qoşunları Komandanlığında 111 özəyini yarada bilib. Onun bu terrorçu xəritəsində Azərbaycan da var.

Araşdırma materiallarına görə Bakı qırğınları Moskvanın ən nüfuzlu hökümət və dövlət strukturlarında müzakirə mövzusu idi. Digər bir araşdırma materialında isə “Asala”nın lideri olan general Levon Kazançiyan əlavə 23 döyüş aparan qrupu ilə Bakıda göründü... Məlumata görə 1990-cı il yanvarın 22-də general Levon Kazançiyan Moskvadan, kəşfiyyat generalı Leonid Şebarşindən çox ciddi və təsirli

bir teleqram alır. Əldə olunan digər bir məlumatda bildirilir ki, general V.A.Şebarşin general Levon Kazançiyanı “əbləh və vicdanını itirmiş erməni” adlandıraraq, təcili Bakını tərk etməyi tələb edir. Kəşfiyyat generalı V.A.Kirpiçenko isə Heydər Əliyevə etdiyi telefon zəngində vicdan əzabı çəkdiyini etiraf edir. V.A.Kirpiçenko 1990-cı il yanvarın 22-də Azərbaycan xalqına ünvanladığı məktubda bildirirdi:”...Baş verənlərə görə bir rus zabiti kimi həmişə əzab çekəcəyəm. Çünki mən bu xalqı, onun ədəbiyyatını, tarixini, adət-ənənəsini çox sevirəm. Azərbaycan xalqı tarixdə yeri olan bir xalqdır...”

Məlumata görə MN-nin generalları A.S.Manilov, N.A.Xakimov, S.S.Aleksandrov, kəçfiyyat generalları V.V.Dmitriyev, V.A.Kirpiçenko, V.A.Şebarşin Siyasi Bürodan, şəxsən M.Qorbaçovdan tələb edirdilər ki, ölkə daxilində geniş meydan sulayan “Asala” və onun kimi erməni silahlı birləşmələrinin hər cür fəaliyyəti qadağan edilsin. Azərbaycanda baş verən qanlı cinayətə rəvac verən, arxa duran digər məsul şəxslər tapılıb, ifşa edilsin, dövlət nəzarətindən çıxmayan İstintaq Komissiyası yaradılsın.

Araşdırma materiallarına görə baş verəcək bu qanlı hadisə haqqında Moskvada fəaliyyət göstərən Böyük Britaniyanın səfirliyi 48 saat, ABŞ səfirliyi üç gün öncə, İsrail səfirliyi dörd gün qabaq, Fransa səfirliyi yanvarın 13-də, Türkiyə səfirliyi iki gün qabaq, İran səfirliyi dörd gün qabaq... məlumatlı idilər. Amma heç kəs bu haqda Azərbaycanı xəbərdar etmədi. Nəticədə nələrin baş verdiyini indi də adamlar gözləri dola-dola xatırlayırlar.

Təəssüf ki, Azərbaycan tərəfi (istintaq qrupu yaradılsa da) bu istiqamətdə heç bir, deyək ki, kəşfiyyat araşdırması aparmadı. Hamı İttifaqın ədalətli siması kimi Primakovun ətəyindən yapışdı. Bu gün əlimizdə heç bir kəşfiyyat materialı, agentura sənədi olmadığından bu istiqamətdə hər şey yarımçıq qalıb.

Həmin vaxt Moskvada təqib olunan, ölümlə üz-üzə dayanan Heydər Əliyevin səsi sərhəd tanımadı, islam və yaxud müsəlman ölkəsində baş verənləri sərhəddən-sərhədə ötürdü.

Məlumata görə bir çoxları özlərini təmizə çıxarmaq üçün Bakıda baş verənlərin əsas səbəblərindən danışmaqda çətinlik çəkirlər. Heydər Əliyevin çağırışı isə Azərbaycanı təpədən-dırnağadək silkələdi. Kəşfiyyat mayoru S.M.Komarov yazırdı:”...Heydər Əliyevin bu ittiham dolu çıxışından sonra, təbii ki, onu fiziki cəhətdən qorumaq vacib idi. Onu Moskvada İranın və Türkiyənin xüsusi xidmət qrupları

qoruyurdular. Bir də onunla vaxtilə DTK-da işləyən çekist dostları ona hər tərəfdən güclü nəzarət edirdilər...”

“Asala” erməni silahlı qoşun kontingenti 1990-cı il yanvarın 20-də özünün qanlı möhürünü Azərbaycan tarixinə vurdu.

Araşdırma materiallarında bu da bildirilir ki, ermənilər özlərinin silahlı qruplaşmalarının bir neçə dəstəsini Cəlilabad və Biləsuvar ərazisindən də ötürmək fikrində idilər. Bu isə baş tutmadı...

Son araşdırma materiallarına əsasən qeyd olunmalıdır ki, Ermənistanın hökümət və dövlət nümayəndələri arasında 39 nəfər “Asala”ya üzvlük haqqı verən məmur var. Bu haqda məlumatı Beyrutda erməni diasporunun keçirdiyi “Asala”nın 15 illiyində, vaxtı ilə Ermənistan Dövlət Təhlükəsizlik Komitəsində çalışan mayor Eduard Saakyan məlumat verib. Bu mövzu bizim üçün maraqlı olduğundan, bu istiqamətdə tədqiqatımızı davam etdiririk. Başqa bir məlumatda bu da bildirilir ki, bu günki Avropa Şurasında Ermənistanı təmsil edən üç nəfər erməni deputatı “Asala”nın Bakı hücumlarında bilavasitə iştirak ediblər. Onlar gecə-gündüz çalışırlar ki, Avropa Şurasının sənədlərində “Ermənistan işğalçı dövlətdir” fikrini çıxartsınlar.

Bizim iki cür tariximiz var. Birini xalq yaradıb, digərin isə zaman. Biz ancaq o vaxt qalib gəlib, zəfər çalacayıq ki,.. bu tarixləri xalq və zaman vəhdətində araşdırıb, öyrənək...

 

Rövşən Novruzoğlu

Siyasi elmlər üzrə fəlsəfə

doktoru, professor, politiloq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam