Putin Ermənistana, elçisi isə Bakıya gəlir -yeni sülh sənədi masada
Kremlə lazımdır ki, “Dağlıq Qarabağ münaqişəsi” həmişə “işlək vəziyyət”də olsun, çünki...; İrəvanın seçimi yaxınlaşır, Paşinyanın, uzağı, 40 gün vaxtı qalıb...
Yenixeber.org: Rusiya Prezidenti Vladimir Putin KTMT sammitində iştirak eləmək üçün sabah İrəvana gedir. Vəziyyətin paradoksallığı ondadır ki, Ermənistanın “qərbyönlü” rəhbərliyi bu səfəri həm özünün uğuru kimi təqdim eləmək istəyir, həm də yox. Çünki Qərbdən, özəlliklə ABŞ-dan ehtiyatlanır, sonuncunun qəzəbinə gəlməkdən qorxur.
Görünür, Putinin bir hədəfi də elə budur ki, “sorosçu” Nikol Paşinyan hökumətini “naqolay” durumda qoysun. Hər halda, Ukraynada işləri yaxşı getməyən V.Putin Ermənistandakı tədbirə on-line də qatıla bilərdi. Üstəlik, nəzərə alsaq ki, “kliniki ölüm” keçirən KTMT adlı formal qurum indi faktiki yox kimidir. O zaman Kreml rəhbəri niyə İrəvana gedir?
Bir səbəbi yazdıq: iki və üç “stul”da oturmağa çalışan “qərbyönlü” Paşinyan iqtidarını dilemma qarşısında qoyub seçimə sürükləmək.
İkincisi, Ermənistan ətrafında cürbəcür oyunların oynadıldığı hazırkı həssas geosiyasi vəziyyətdə bu ölkənin gerçək yiyəsinin kim olduğunu Qərbə - ABŞ-a, Fransaya nümayiş etdirmək.
Üçüncüsü, anti-Rusiya isteriyasının hələ də güclü olduğu Ermənistan toplumunun “könlünü almaq”. Bu yöndə Putin az öncə separatçılar da daxil, ermənilərə artıq müjdə verib. Bəlli olub ki, Moskvanın Azərbaycan və Ermənistan üçün hazırladığı sülh müqaviləsi variantında “status” məsələsi gələcək nəsillərə saxlanılır. Hansı variantı ki, rəsmi Bakı bəlli səbəbdən rədd edib. Erməni tərəf isə razı olub. İndi də razıdır. Paşinyan bunu bir neçə dəfə açıq bəyan da edib. Bununla da o, Qərbin ABŞ və Aİ-nin moderatorluğu ilə neçə vaxtdır aparılan və “status”un nəzərdə tutulmadığı deyilən sülh variantından imtina edə biləcəyinin anonsunu verib.
Yeri gəlmişkən, ötən həftə ABŞ dövlət katibi Entoni Blinkenin telefon danışığı zamanı N. Paşinyana təpinməsinin əsas səbəbinin də məhz Nikolun belə “ikili oyunu”na etirazla bağlı olduğu ehtimal edilir. Çünki Qərbin hədəfi belədir ki, Bakı və İrəvan “status” məsələsi olmadan sülh müqaviləsi imzalasın, iki tərəf barışsın və Rusiya sülhməramlıları da Qarabağdan çıxsın, ardınca isə Ermənistandakı 102 saylı Rusiya hərbi bazasının varlığı əhəmiyyətsiz hala gəlsin.
Bunu sözsüz ki, Moskva, Putin də bilir. Odur ki, Qərbdən fərqli olaraq, Rusiyanın əsas məramı heç də Azərbaycan-Ermənistan barışığı deyil, tam əksinə, iki xalq arasında düşmənçiliyin davam eləməsidir. Bundan ötrü də Kremlə lazımdır ki, “Dağlıq Qarabağ münaqişəsi” tarixin arxivinə verilməsin, daim “işlək vəziyyət”də olsun, yeri gələndə dondurulsun, yeri gələndə “donu” açılsın ki, Qarabağda Rusiya “sülhməramlıları”na həmişə ehtiyac yaransın. Rusiya sülh sazişini belə təsəvvür edir. Statusun gələcəyə saxlanması həm də o deməkdir ki, Bakı heç vaxt Xankəndidə özünün suverenliyini bərpa edə bilməyəcək və anklav ərazimiz Rusiyanın “zəmanəti” altında qeyri-müəyyən zamanadək de-fakto 2-ci erməni “dövləti” kimi qalacaq. Azərbaycan əlbəttə ki, bununla razılaşa bilməz. Deməli, Rusiya variantı da reallaşmayacaq. Ya da oradan status bəndi çıxarılacaq...
“ABŞ-a Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması lazımdır, çünki bu halda növbəti mərhələdə Rusiya sülhməramlıları regionu tərk edəcək və daha sonra burada Rusiya hərbi bazasının qalması mənasız olacaq”.
Bu fikir erməni politoloq Stepan Danielyan səsləndirib.
“Bunun nəticəsində region Rusiya və İranın nəzarətindən çıxır. Rus versiyasında sülhməramlıların Qarabağda qalması üçün məsələnin gələcəyə saxlanması lazım olduğu deyilir”,- deyə o söyləyib.
Siyasi elmlər doktoru Artur Xaçikyan isə ABŞ dövlət katibi Entoni Blinkenin baş nazir Nikol Paşinyanı danışıqların tempini saxlamağa çağırmasını xatırladıb. Onun fikrincə, bu, əslində sülh sazişinin Rusiya versiyasına uyğun olaraq deyil, Qərbə sərf edən variantda imzalanmasına çağırışdır.
Böyük ehtimalla, Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin keçən həftə (Blinkenin Paşinyana zəng vurduğu gün!) İrəvana elədiyi səfərdə əsas məqsəd məhz həmin sülh müqaviləsinin Rusiya variantını irəli aparmaq olub. Xəbər verildiyi kimi, Ermənistanda o, N.Paşinyanla görüşüb, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçidəki 31 oktyabr üçtərəfli görüşünü müzakirə edib. Görüş zamanı Paşinyan bir daha bəyan edib ki, Ermənistan 2022-ci ilin avqustunda Bakı və İrəvana təklif olunan sülh sazişinin Rusiya variantını (özündə “statusu” ehtiva edən variant) tam dəstəkləyir.
Xovayevdən bir həftə sonra isə Putin İrəvana gəlir. Bu da maraqlıdır ki, Putinin elçisi Soçi görüşündən sonra öncə Bakıya deyil, İrəvana yollanıb. İrəvandan isə Bakıya yox, Moskvaya uçub. Ötən saylarımızda qeyd elədiyimiz kimi, istisna deyil ki, o, Moskvaya qayıdaraq öz rəhbərliyi ilə bəzi detalları müzakirə etdikdən sonra, yəni daha konkret təkliflə Azərbaycana gələcək.
Artıq Rusiya XİN-in İnformasiya və mətbuat departamentinin direktor müavini İvan Neçayev bildirib ki, Xovayev tezliklə, yəqin ki, elə bu həftə Bakıda olacaq. “Rusiya xarici işlər nazirinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına kömək üzrə xüsusi nümayəndəsinin İrəvana planlaşdırılmış səfəri baş tutub. Növbədə Bakıya səfər nəzərdə tutulub”, - deyə Neçayev qeyd edib.
Bəs rus diplomat Azərbaycana nə ilə təşrif buyuracaq, qovluğunda yeni nə var? Əsas sual da budur.
Xovayevin nə gətirməsindən asılı olmayaraq, bir şey aydındır: Rusiya nəyin bahasına olur-olsun, sülh təşəbbüsünün geridönməz şəkildə ABŞ-a, Qərbə keçməməsi üçün hər şey edəcək. “Vardanyan projesi” Kremlin bu yöndəki çoxsaylı cəhdlərindən biridir. Hansı projeyə ki, Azərbaycan Prezidenti keçən həftə Avropa İttifaqı təmsilçiləri ilə görüşdə sərt etiraz bildirdi.
Təəssüf ki, Moskvanın hədəfi yuxarıda deyildiyi kimi, heç də problemi kökündən və birdəfəlik həll eləmək deyil. Daha qorxulusu isə odur ki, Rusiya başqa vasitəçilərin də bunu eləməsinə imkan vermir və belə görünür sonadək dirəniş göstərmək niyyətindədir. Bizcə, Azərbaycan üçün yaxın perspektivdə ən böyük təhdid elə bu ola bilər.
Bu xüsusda Qərb - ABŞ və Avropa İttifaqı daha səmimi görünür. Amma biz hələ də əlində Ermənistana yetərli təsir rıçaqları olan şimal qonşumuzun onlardan da səmimi olmasını istəyirik. Olacaqmı? Böyük ehtimalla, Xovayevin budəfəki Bakı səfəri sonuncu suala yetərincə aydınlıq gətirəcək.
İrəvanın seçimi də yaxınlaşır. Paşinyanın, uzağı, 40 gün vaxtı qalıb... “Müsavat”