Prinsip budur:7 rayon, Dağlıq Qarabağa qayıdış və...
Yenixeber.org: Yeni Azərbaycan Partiyasının Beynəlxalq Əlaqələr Komissiyasının katibi, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü Elman Nəsirovun Axar.az-a müsahibəsi:
İkinci Hissə
4 yararsız qətnamə nə zaman yararlı olacaq?
- Bəs, Azərbaycan öz ərazilərini hərbi yolla azad etməyə başlasa, bu alyansı necə neytrallaşdıracaq?
- Məsələ ondadır ki, biz KTMT-yə üzv olmağı hədəf seçməyimiz müvafiq sənədlərin heç birində qeyd olunmayıb. Yenə də qeyd edirəm, nə qədər ki, Qoşulmama Hərəkatına üzvük, bu haqda danışmağın özü mənasız vaxt itkisidir. O ki qaldı bizim bu təşkilatda müşahidəçi və tərəfdaş ölkə kimi təmsil olunmağımıza, əvvəla onu qeyd edim ki, biz münaqişənin beynəlxalq hüquq prinsiplərinə söykənərək dinc yolla həllinə sadiqik. İndiyə qədər də bizim torpaqları geri qaytarmaqla bağlı müharibəyə başlamamağımız məhz bu siyasətimizdən qaynaqlanır. Ancaq bu o anlamda da deyil ki, biz limitsiz olaraq, sonsuza qədər bu vəziyyətlə barışacağıq. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, ən azı Aprel döyüşləri göstərdi ki, biz torpaqlarımızın işğal altında olması ilə heç vaxt barışmamışıq və barışmayacağıq. Onu geri qaytarmaq üçün də bizim hər cür potensialımız var. Burada ilk növbədə hərbi potensialımızı qeyd etməliyəm. Bu bir həqiqətdir. Məsələ ondadır ki, biz məhz məzmun və mahiyyət üzrə danışıqlar istəyirik. Bu danışıqların hansı vəziyyətdə olması, bizi hansı perspektivin gözləməsi ilə bağlı sualın cavabını Ali Baş Komandan qədər heç kim bilə bilməz. O, hər şeyi çox gözəl bilir. Məhz o, siyasi qərar qəbul edə bilər ki, danışıqlar davam etdirilsin və ya artıq hərbi yola əl atmaq lazımdır.
Belə vəziyyətdə məcbur olub münaqişəni qeyri-dinc yolla həll etmək istiqamətində addım atsaq, bu özü də beynəlxalq hüquqa söykənən addım olacaq. Belə ki, BMT nizamnaməsinin 51-ci maddəsinə görə, ərazisi təcavüzə məruz qalan dövlətin fərdi və kollektiv müdafiə hüququ var. Necə ki, 2001-ci 11 sentyabrında ABŞ-a qarşı terakt baş verərkən bunun mənbəyi qismində Əfqanıstandakı Taliban hərəkatı göstərildi. Belə olan vəziyyətdə ABŞ xüsusi olaraq qərar gözləmədi. Elə bayaq haqqında bəhs etdiyimiz 51-ci maddəni əsas götürərək, 2001-ci ilin oktyabr ayının 7-dən Əfqanıstanın ərazisindəki Taliban rejimini bombalamağa başladı. Biz də ona əsaslanıb analoji addımı ata bilərik.
Eyni zamanda BMT Təhlükəsizlik Şurasının məlum münaqişə ilə bağlı 4 qətnaməsi var, orada Ermənistan silahlı qüvvələrinin tamamilə və qeyd-şərtsiz işğal etdiyi ərazidən çıxarılması məsələsi qoyulub. Analoji sənədləri Avropa Parlamenti, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT və digər bu kimi təşkilatlar qəbul edib. Amma bu gün həmin sənədlər işləmir. İlk növbədə biz bu halda BMT Nizamnaməsinin 25-ci maddəsinə istinad etməliyik. 25-ci maddəyə görə, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların icrası icbaridir. Onda sual yaranır ki, 1993-cü ildə qəbul etdiyiniz 4 qətnamənin icrası niyə 25 ildir gecikir?! Deməli, bu, ikili standartlardır. Özləri öz maddələrini təkzib edirlər. Hesab edirəm ki, qəbul edilib, amma işləməyən sənədlər bu gün kağız parçasına oxşayır, amma biz hərbi yolu seçəndə o kağız parçaları bizim üçün hüquqi fakt, arqumentdir. Biz hərbi əməliyyata başlasaq, bu, tamamilə beynəlxalq hüquqa uyğun addım olacaq. Sadəcə Ali Baş Komandan hələlik hesab edir ki, danışıqların limiti tükənməyib. Hələ ki, müəyyən imkan və potensial var ki, bu münaqişə dinc yolla həllini tapsın.
Buna, xüsusilə, Ermənistanda yeni şəxslərin hakimiyyətə gəlməsi müəyyən təsir göstərə bilər. Dekabrın 9-da bu ölkədə növbədənkənar parlament seçkisi keçiriləcək. Doğrudur, ayın 9-na qədər münaqişə ilə bağlı Paşinyanın çox populist bəyanatlar verməsi gözləniləndir. Paşinyan seçkidə qalib gəlmək üçün istənilən versiyaya əl ata bilər. O səbəbdən də biz hələ gözləmə mövqeyindəyik ki, o, real hakimiyyətə sahib olsun. Bu halda biz real hakimiyyətlə real danışıqlara gedə bilərik. Onda məlum olacaq ki, Paşinyan sələflərinin siyasətindən imtina edib, real siyasət həyata keçirir, yoxsa sadəcə forma dəyişilib, o da hakimiyyətdən uzaqlaşdırdığı qüvvələrin siyasətini davam etdirəcək. Bütün bu sualların cavabı, tezliklə, bəlli olacaq.
Ermənilərlə qonşu olmağa məhkumuq
- Yeni hakimiyyətə baxmayaraq, Qarabağla bağlı müzakirə edilən müəyyən həll variantları var. Bunların da hər birində Qarabağın aralıq statusu məsələsi qoyulur. Qarabağa aralıq statusunun verilməsi bizim üçün nə dərəcədə əlverişlidir?
- Bilirsiniz ki, yenilənmiş Madrid prinsipləri Qarabağda əsas müzakirə mövzusudur. Söhbət 2004-cü ildə əsası qoyulan Praqa prosesinin davamından gedir. Həm Praqa prosesi, həm də yenilənmiş Madrid prinsiplərinə görə, münaqişə paket deyil, yalnız və yalnız mərhələli şəkildə öz həllini tapmalıdır. Mərhələli həll isə nəyi özündə ehtiva edir? Burada birinci növbədə Dağlıq Qarabağın özü deyil, ətrafındakı 7 rayonun işğaldan azad olunması nəzərdə tutulur. Müxtəlif taktiki yanaşmalar var. Məsələn, 5+2 variantı ən çox hallandırılan məsələlərdir. O ki qaldı bütövlükdə Dağlıq Qarabağla bağlı məsələyə, hesab edirəm ki, bu, ən axırıncı mərhələ kimi götürülüb. Buna görə, Dağlıq Qarabağa aralıq statusu verilir. Bu statusun verilməsi o deməkdir ki, bu ərazi nə Azərbaycanın, nə də Ermənistanındır. İşğaldan digər rayonlar azad edilib bizə qaytarılır, məcburi köçkünlər öz yurd-yuvalarına qayıdır ki, bu iki xalq yenidən yanaşı yaşasın. Hərbi əməliyyatın baş verməməsi üçün də buraya sülhməramlı qüvvələr yerləşdirilir. Bu proses o vaxta qədər davam edəcək ki, bu iki xalq qonşu olduqlarının fərqinə varsın, olub-keçənləri unutsun. Buna da bəzən 10, 20, 25 il lazım olur. Elə bir zaman gəlməlidir ki, artıq müharibənin başlaması imkanları 0-a bərabər olsun. İnsanlar artıq düşünsün ki, 20 il bundan qabaq sosial, iqtisadi durum necə idi və indi necədir? Artıq elə bir vəziyyət yaranmalıdır ki, insanlar bir-biri ilə salamlaşsın, aradakı münasibətlər unudulsun, daha bir-birinə düşmən gözü ilə baxılmasın. Həmin reallıqda isə artıq oradakı etnik nöqteyi-nəzərdən demoqrafiq vəziyyət də stabilləşməlidir. Əgər Dağlıq Qarabağın hamısı erməni icmasıdırsa, bu halda 20 il yox, 100 il keçsə də, seçkilərin nəticəsi dəyişməyəcək. Yəni onlar Qarabağın Azərbaycandan qoparılmasını istəyəcək. Ona görə bu məsələ birdən-birə həll edilə bilməz. İlk növbədə zaman lazımdır ki, azərbaycanlılar Dağlıq Qarabağa, çıxarıldıqları ev-eşiklərinə qayıtsınlar, demoqrafiq vəziyyət dəyişsin, burada birgə yaşayış bərpa olunsun. Vaxtı ilə Köçəryanın dediyi etnik uyğunsuzluq məlum olsun ki, bir irqçi nəzəriyyədir. Biz etnik baxımdan, əksinə, bir-birimizə uyğun gəlirik. Hesab edirəm ki, bu halda bizim böyük üstünlüyümüz ola bilər.
İşğaldan azad olan torpaqlarımızda yenidənqurma işləri aparılır. Qondarma rejimin olduğu ərazidən baxanda görürlər ki, sözün həqiqi mənasında abad bir şəhər, kənd, hər yanda infrastruktur layihələri həyata keçirilir. Yollar çəkilir, məktəblər, xəstəxanalar tikilir və s. Yəni bir kəndin, şəhərin mövcudluğu üçün bütün ən müasir lazımi məsələlər öz həllini tapır. Erməni tərəfə baxdıqda isə dağılmış kəndlər görünür, insanlar artıq burada yaşamaq istəmirlər, infrastruktur bərbad vəziyyətdədir və s. Müqayisə edəndə onlar da görürlər ki, Azərbaycanın tərkibində olmaq ona hansı şansları yaradır, hansı gələcəyi vəd edir. Hesab edirəm ki, bu halda Dağlıq Qarabağın obyektiv, ədalətli statusunun müəyyən edilməsi işi daha asanlaşar.
- Erməni tərəfində etnik uyğunsuzluq anlayışının əsas təbliğatçısı kilsədir və onların da öz cəmiyyətlərində mövqeyi yetəri qədər güclüdür. Digər tərəfdən Azərbaycanın özündə də ermənilərə qarşı müharibənin yaratdığı müəyyən aqressiya var. Həm erməni, həm də bizim tərəfdə olan bu problem, xalqlar arasında illərdir formalaşdırılan nifaq necə həll ediləcək?
- Məsələyə iki istiqamətdən – bir böyük siyasətçi konteksindən, bir də öz cılız şəxsi mənafe nöqteyi-nəzərindən yanaşmaq var. İkincidən özünü qəhrəman etmək məqsədi güdənlər istifadə edir. Onlar “ermənilərlə necə qonşu ola bilərəm”, “heç bir halda daha ermənilərlə qonşu ola bilmərik” və s. tipli pafoslu bəyanatlar səsləndirirlər. Bu populizmdir. Məsələ ondadır ki, nə biz, nə də ermənilər buradan köçəsiyik. Biz qonşu olmağa məhkumuq. Bu reallıqdır. Sadəcə olaraq, bu reallıq fonunda ən düzgünü ağıllı siyasət yeritməkdir. Cənab Prezident dəfələrlə çıxışında qeyd etmişdi ki, Ermənistandakı rejimdən ən çox ziyan çəkən elə erməni xalqının özüdür. Erməni xalq rejimin girovuna çevrilib. Nə qədər ki, hakimiyyətdə Sərkisyan rejimi olacaq, bir o qədər Ermənistanın gələcəyi yoxdur. Bu gün, inqilab edərkən də erməni xalqı İlham Əliyevin bu dediklərini təkrarladı. Doğrudan da erməni xalqının xalq olaraq, kül halında günahı yoxdur. Bəli, siz haqlısınız, burada erməni kilsəsi dağıdıcı fəaliyyət göstərir. Eyni zamanda iki xalq arasında əsrlərdir ki, düşmənçilik toxumları səpir, amma böyük siyasət deyilən bir anlayış da var. Böyük siyasətdə maraqlar üst-üstə düşməlidir. Məsələn, Hantinqtonun “Sivilizasiyaların toqquşması” əsəri var. O deyirdi ki, gələcəkdə sivilizasiyalar toqquşacaq. Bunlar bir-birini təkzib edir və s. Amma sübut olundu ki, sivilizasiyalar yox, hər şeyi müəyyən edən maraqlardır. Bir az da açıq deyək. 1990-cı illərin əvvəllərindən sonlarına kimi Yuqoslaviya böhranı oldu. Məsələyə məntiqlə baxanda xristian xristiana köməklik etməli idi, amma ABŞ burada prinsip etibarı ilə xristian olsa da, xristian Serbiya yerinə müsəlman albanları müdafiə edirdi. Albanlara silah verir və onlara hüquqi, silahlı dəstək nümayiş etdirirdi. Niyə? Çünki albanlar serblərlə düşmənçilik edirdi, müharibə vəziyyətində idi. Fikir verin, ABŞ Serbiyadakı mövcud hakimiyyəti devirmək üçün onlarla müharibə vəziyyətində olan albanları müdafiə etdi. Deməli, hər şey maraqlara bağlıdır. Məsələyə bu konteksdən yanaşanda hesab edirəm ki, Ermənistanda da bu iki xalqın əsrlərlə yanaşı olduğunu, bunun başqa alternativinin olmadığını düşünən siyasi qüvvələr hakimiyyətdə olmalıdır və düzgün siyasət yeritməlidirlər. Əgər Ermənistan dövləti və ona rəhbərlik edənlər şovinizmi, terrorizmi, separatizmi bir kənara qoyub, Azərbaycana qarşı iddialarla və təcavüz aktı həyata keçirməsəydilər, bu halda Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, Bakı-Tiflis-Qars kimi böyük layihələrdə Ermənistanın iştirakı labüd ola bilərdi. Eyni zamanda Cənub Qaz Dəhlizində də Ermənistan iştirak edə bilərdi. Bununla da Ermənistanın büdcəsinə milyonlarla dollar vəsait gələrdi. Bu gün cılız, kasıb, perspektivi olmayan dövlət olmazdı. Bu gün erməni gənclər Ermənistanı tərk edərkən bileti bir istiqamətdə - getmək üçün alır. Heç kim ölkəyə qayıtmaq istəmir. Bunu Ermənistan ziyalıları ağ genosid adlandırır. Bu reallıq fonunda hesab edirəm ki, Ermənistandakı yeni hakimiyyət düşdüyü bu ağır vəziyyətin real səbəbinə cavab tapmalıdır. Real səbəb birmənalı olaraq, onun işğalçılıq siyasətidir. İşğala son qoyacağı təqdirdə artıq bütün proses dəyişir, Ermənistanın Azərbaycanın reallaşdırdığı bütün layihələrdə iştirakı məsələsinə yenidən baxıla bilər. Əks halda isə Azərbaycan Ermənistana münasibətdə taqətdən salmaq siyasətini davam etdirəcək. Bu isə Ermənistan dövləti, onun rəhbərliyi ağ bayraq qaldırana qədər davam edəcək. Ermənistanda inqilabın baş verməsi əslində Ermənistanın ağ bayraq qaldırması anlamında idi. Bu ölkənin heç bir gələcəyi, perspektivi yoxdur. Prezident İlham Əliyev də çıxışlarından birində demişdi ki, biz öz mövqeyimizi, rolumuzu şişirtmək istəmirik, amma Ermənistanda baş verən bu proseslərdə Azərbaycanın yeritdiyi təcrid siyasəti öz rolunu oynadı. Reallıq bu gün budur. Hesab edirəm ki, dekabrın 9-dan sonra Paşinyanın öz hakimiyyətini qanunverici orqanda da möhkəmləndirmə ehtimalı kifayət qədər böyükdür. Artıq 2019-cu ildən başlayaraq, o papağını qarşısına qoyub düşünməlidir. Ya köhnə siyasəti davam etdirməli, ya da yeni yanaşmaları öz siyasətində tətbiq etməlidir. Köhnə siyasət Ermənistanı bu günə salıb və inqilabları labüd edib. Buna dəyişiklik edilməsə, Ermənistanı nələrin gözlədiyi sualına cavab tapmaq o qədər də ağıl və dərrakə tələb etmir.
Paşinyan seçkidən sonra dəyişə bilər
- Seçkiöncəsi təbliğatda Paşinyanı Qarabağı satmaqda ittiham edirlər. Daha aktiv bəyanatlarla Respublikaçıların namizədi, Milli Təhlükəsizlik Xidmətinin keçmiş namizədi Şahnazaryan çıxış edir. Amma maraqlı olan başqa məqam bu ölkədə ictimaiyyətin Rusiya əleyhinə çıxış edən partiyaları daha çox dəstəkləməyə başlamasıdır. Levon Ter Petrosyanın şinelindən çıxan Paşinyanın bütün bunların fonunda indiyə qədər yürüdülən siyasətin kursu tamam ayrı istiqamətə dəyişə bilərmi?
- Şahnazaryanı Respublikaçılar həmişə söyürdü. İndi isə bu şəxs onların namizədi olub.
Mer seçkisində Mənim Addımım Bloku, Paşinyan və ona yaxın olan qüvvələr qalib gəldi. Paşinyanın tələsməsi də başadüşüləndir. Prinsip etibarı ilə Ermənistanda seçkilər daha gec müddətə nəzərdə tutulmuşdu. Amma o, çox tələsir. Bu, onunla bağlıdır ki, Paşinyan hiss edir ki, getdikcə inqilab eyforiyası başa çatır və bu müddətdə parlament üstünlüyünü də təmin etmək istəyir. Amma söhbət ondan gedir ki, bəs bundan sonra necə olacaq?! O, Ermənistanın bütün bəlalarının kökündə işğalçılıq siyasətinin dayandığını dərk etməlidir. Lakin seçkilərə qədər onun daha çox populist bəyanatlar verməsi də anlaşılan və gözlənilən idi. Onun bütün bəyanatları daha çox daxili auditoriyaya ünvanlanıb. O, indi daha çox Dağlıq Qarabağa səfərlər edir, Azərbaycanla həmsərhəd olan ərazidə görüşlər keçirir. Bu özü də bir mesajdır. Paşinyanın indi nə deyəcəyi bizim üçün əhəmiyyətli deyil. Onun bütün davranışı daha çox ona istiqamətlənib ki, Qarabağ məsələsində onu kompromisə meyilli siyasətçi kimi tanımasınlar. Hakimiyyətdən getmiş qüvvələr onu məhz bu məsələdə güzəştli mövqe tutmuş siyasətçi kimi təqdim etmək istəyir. Əsas məsələ odur ki, 2019-cu ilin əvvəlindən başlayaraq, münaqişənin həlli ilə bağlı hansı istiqamətdə addımlar atılacaq. Biz beynəlxalq siyasətdə belə halların şahidi olmuşuq. Məsələn, 2008-ci ilin noyabr ayında Barak Obama Demokratlardan namizədliyini verərkən erməni seçicilərin səsini toplamaq üçün, yəni daxili auditoriyada öz qalibiyyətini şərtləndirmək üçün daha çox ermənipərəst mövqe ortaya qoydu. Erməni lobbi və diasporunun güclü dəstəyini almaq üçün təkcə demədi, həm də yazılı olaraq, bildirdi ki, prezident seçilsə, erməni soyqırımı məsələsində prinsipial mövqedə dayanacaq və onu tanıyacaq. Bu 2008-ci ildə oldu. 2009-cu ildən artıq o, prezident seçildi. O, hakimiyyətdə 8 il olmasına baxmayaraq, yazılı olaraq verdiyi bu vədi yerinə yetirmədi. Hətta onun prezidentliyinin sonunda erməni lobbisi və diasporu bütün dünyaya bəyan etdi ki, hələ ABŞ-ın tarixində Obama qədər yalançı prezident olmayıb. O zaman Barak Obama cavab verdi ki, mən sözümün üzərində dayanmışam, yəni mənə 2008-ci ilin noyabr reallığını qaytarın, mən sözümün ağasıyam. Mənim çiyinlərimə o boyda dövlətin məsuliyyəti düşəndən sonra gördüm ki, belə addımların atılması ABŞ-ın milli maraqlarına hansı zərbəni vura bilər. Eyni məntiqlə Paşinyan da bu gün çox şey deyə bilər, amma real hakimiyyət onun əlində olduqdan, baş nazir kimi fəaliyyətə başlayandan sonra o da obamasayağı gedişlər etməyə məcbur olacaq.
Nəzərə alsaq ki, bu gün Ermənistan özü üçün əsas dayaq hesab etdiyi Rusiya ilə münasibətləri də heç vaxt olmadığı qədər pisdir. Amerikanın nüfuzlu “beyin mərkəzləri”ndən olan “Stratfor” (MKİ-yə yaxınlığı ilə seçilir) hesabat yaydı ki, Paşinyan hakimiyyətə gələndən sonra onun reallaşdırdığı siyasət daha çox qərbyönlüdür. İndiki halda onu Rusiyanın caynağından qoparmaq üçün çox yaxşı imkanlar var. Xüsusilə də bunun mühüm göstəricisi kimi Boltonun səfərdə olarkən Paşinyana rus silahından imtina edib, ABŞ silahını almaq təklifinə loyal münasibət göstərməsini qeyd edirlər. Bütün bunlar onu deməyə əsas verir ki, bizim indiki halda Ermənistanı Rusiyadan qoparmağımız üçün çox yaxşı şansımız yaranıb. Bundan maksimum istifadə etməliyik. Bunu Moskva da, Putin də görür. Bu, açıq təbliğat sənədidir. Hesab edirəm ki, Ağ Evə, MKİ-yə göndərilən sənədlərdə Ermənistanla bağlı daha konkret məqamlar yer alır. Bu nöqteyi-nəzərdən Paşinyan Qərb üçün vaxtı ilə Qorbaçovun SSRİ-də oynadığı rolu oynaya bilər. Yəni onun Qərbin adamı olması şübhəsizdir. Öz simasını nə qədər gizlətsə də, Putinə onun kimliyi aydındır. O, Putinlə ikitərəfli danışıqlar zamanı Rusiyanı dost adlandırıb, onun ardınca təhsil və mədəniyyət naziri vəzifəsinə rus dilinin Ermənistanda ləğv edilməsini tələb edən nazirlər gətirir. Paşinyanın Milli Təhlükəsizlik naziri vəzifəsinə təyin etdiyi şəxs bu vəzifədən öncə antirusiya çıxışları ilə məşhur idi. Bütün bu reallıqları üst-üstə gəldikdə hesab edirəm ki, bu gün münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeləri daha da güclənib. Bizim münaqişənin həlli ilə bağlı diplomatik üstünlüyümüz təmin edilib. Bu qondarma rejimin keçirdiyi sonuncu referendumda da öz əksini tapdı. Heç bir dünya dövləti, heç bir beynəlxalq təşkilat burada keçirilən referendumun nəticələrini tanımır. Bu o deməkdir ki, bütün dünya növbəti dəfə dedi ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Bununla bizim siyasi üstünlüyümüz təmin edilib. Hərbi üstünlüyümüz isə Aprel döyüşlərindən sonra hər kəsə bəllidir.
Qarabağ-İrəvan savaşı: II terakt
- Bu mövqe dəyişikliyi yəqin ki, seçkidən sonra Bako Saakyanın cəzalandırılması ilə müşahidə ediləcək?
- Məsələ ondadır ki, Bako Saakyan Köçəryanın, xüsusilə də Sərkisyanın adamı hesab olunur. Paşinyan Sərkisyanın adamının hakimiyyətdə olmasına dözməyəcək. Buna müvəqqəti dözür. Hesab edirəm ki, bu dözüm onunla bağlıdır ki, Saakyanın, ümumiyyətlə, 2019-cu ildə hakimiyyətdən getməsi qanuni yolla reallaşdırıla bilər. İkincisi, Paşinyan hakimiyyətə gəldikdən sonra danışıqlar prosesində Dağlıq Qarabağın iştirakı ilə bağlı məsələyə münasibətinə biz bir prizmadan yanaşırıq, amma Ermənistanda və Dağlıq Qarabağda buna tamamilə fərqli baxışlar var. Məsələn, biz deyirik ki, bu münaqişə Ermənistanla Azərbaycan arasında olduğundan, Paşinyanın Dağlıq Qarabağı tərəf kimi masa arxasında əyləşdirmə arzusu qəbuledilməzdir, çünki biz onlarla münaqişə şəraitində deyilik. Münaqişə tərəfi Ermənistandır, qondarma rejimi yaradan da elə Ermənistandır. Paşinyanın burada maraqlı, diqqəti cəlb edən fikri üzərində dayanmaq istəyirəm. Paşinyan Dağlıq Qarabağın danışıqlarda iştirakına belə bir izah verir. Paşinyan deyir ki, məndən öncə prezident Köçəryan, Sərkisyan olub. Onlar ikisi də qarabağlıdır və onlar Azərbaycan tərəfi ilə danışıqlara gedərkən həm Ermənistanı, həm də Qarabağı təmsil ediblər, amma mən qarabağlı deyiləm. Bu nöqteyi-nəzərdən mən danışıqlarda ancaq Ermənistanı təmsil edəcəyəm. Yəni mən Dağlıq Qarabağı təmsil edə bilmirəm. Biz də bunu qəbul etmirik, amma buna Dağlıq Qarabağda yaşayanların gözü ilə baxaq. Qarabağda söyləyirlər ki, Paşinyanın Dağlıq Qarabağı görməyə gözü yoxdur; o deyəndə ki, Dağlıq Qarabağ danışıqlarda tərəf kimi iştirak etməlidir, bunu Xankəndini İrəvandan uzaqlaşdırmaq üçün nəzərdə tutur; o, bizi onsuz da qəbul etmir və bizə deyir ki, özünüz öz başınıza çarə qılın; Paşinyan bunu açıq ifadə edə bilmir, ona görə də bunu bu şəkildə söyləyir. O bilir ki, Azərbaycan bunu qəbul etməyəcək. Paşinyan bu bəyanatlarıyla deyir ki, həm siz danışıqlarda iştirak etməyəcəksiniz, həm də artıq sizin adınızdan mən də danışmayacağam və s.
Bu o deməkdir ki, artıq Ermənistanda ermənilər özü ikiyə parçalanıb. Dağlıq Qarabağ klanı və Dağlıq Qarabağdan olmayanlar.
Dağlıq Qarabağdan olanlara son 20 il ərzində erməni cəmiyyətində böyük bir nifrət hissi var. Bu gün Ermənistan cəmiyyəti tam, bütöv cəmiyyət deyil. Hakimiyyətə bu gün elə qüvvələr gəlir ki, onlar Bako Saakyanı hakimiyyətdən hətta zorla da uzaqlaşdıra bilərlər. Hətta bir gün eşitsəniz ki, Paşinyan Bako Saakyanı həbsxanaya saldırıb, buna təəccüblənməyin.
- Mövqeyin dəyişməsiylə bağlı Ermənistanda onsuz da acı təcrübə var. Paşinyanın “ustad”ı Levon Ter Petrosyan məhz Qarabağa görə 1997-ci ildə məcburi şəkildə hakimiyyətdən göndərildi. Ardınca da məhz Qarabağa görə parlament teraktı oldu. İndiki halda ikinci bir parlament teraktı yaşana bilərmi?
- Bir dövlətdə ki terrorizm dövlət siyasəti səviyyəsinə qaldırılıb, o dövlətdə hər şey gözləniləndir. Bu, Köçəryanın və Sərkisyanın hakimiyyəti illərində təşviq olundu. Bu gün də Ermənistanın yeni hakimiyyətində Sasna Çrer terror qruplaşmasının hakimiyyətdə təmsil olunması istəyi həmin siyasətin davamıdır. Bu terror qruplaşması bu gün seçkidə iştirak edirsə, o zaman əvvəlki dövrlərlə heç bir fərq yaranmır. Bu dəfə parlamentdə Daşnaksütyunun yerinə Sasna Çrer oturacaq. Yəni toplananların yerini dəyişəndə cəm dəyişmir. Belə olan vəziyyətdə, terrorçuların hakimiyyətdə olduğu bir cəmiyyətdə “terror aktı baş verməsi qeyri-mümkündür” ifadəsi səsləndirsəm, hesab edirəm ki, bu məsələyə düşünülmüş cavab vermiş olmaram. Yəni prinsip etibarı ilə Ermənistanda hər şey mümkündür.
- KTMT-nin müşahidəçi statusu məsələsinə qayıdaq. Yeni Azərbaycan Partiyasının opponentlərinin bu məsələdə sizin partiyaya qarşı müəyyən etirazları var. KTMT-də müşahidəçilik statusu Yeni Azərbaycan Partiyasının cəmiyyət daxilində statusuna zərər vura bilərmi?
- Əvvəla, sualınızla bağlı qeyd edim ki, siz müraciət etdiniz ki, sizin partiyanız... Hesab edirəm ki, bu gün Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır. Cənubi Qafqazda ən böyük partiyadır və üzvlərinin sayı 725 mini ötüb. Bu nöqteyi-nəzərdən o bizim hamımızın partiyasıdır. Burada sadəcə çox azlıqda qalan bir müxalifət var. Ondan da lap aşağıda isə radikal müxalifət yer alır. Mən onlara “radikal siyasi qüvvə” yox, “radikal ünsürlər” deməyi üstün tuturam.
İkincisi, YAP bütövlükdə KTMT-yə tərəfdaş, yaxud müşahidəçi kimi qatılmaqla bağlı siyasi qərar qəbul etməyib. 8 noyabr tarixində KTMT-nin Astana sammitində bu institutlar təsis edilib. Həmin təsis edilən institutlardan sonra Rusiya və Qazaxıstan mətbuatında yazılır ki, Azərbaycanın Ermənistan istisna olmaqla, digər KTMT üzvləri ilə xüsusi münasibətləri belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycanın bu statusda olması mümkündür. Yeri gəlmişkən, burada Serbiyanın, Moldovanın da adını çəkirlər. Ona görə də bu gün müxalifətin Azərbaycan dövləti və hakim partiyanın xarici siyasət oriyentasiyasında bu və ya digər köklü dəyişiklik baş verməsi ilə bağlı yanaşması real vəziyyətə adekvat deyil.
Azərbaycanın müşahidəçi statusunda təşkilata daxil olması ilə bağlı bizə rəsmi müraciət də yoxdur. Yəni hər şey fərziyyələrdir. İndiki mərhələdə bu ancaq düşüncə predmetidir. Üstəlik, KTMT-yə müşahidəçi olsaq da, bizim orada səsvermə hüququmuz olmayacaq. Müşahidəçi statusu üzvlük anlamına gəlmir. Bunu bilmək lazımdır. Müxalifət də bilsin ki, əgər bizim müşahidəçi statusunda olmaq xəbərimiz belə Ermənistanda bu qədər qorxu ilə qarşılanırsa, bu özü bir göstəricidir. Deməli, bu bizim mənafeyimizə uyğundur. Əgər Ermənistanda bu şadyanalıqla qarşılansaydı, deməli, bu addım bizim ziyanımıza olardı. Hesab edirəm ki, burada heç müxalifət və iqtidar yanaşması doğru olmazdı, çünki burada söhbət Azərbaycanın milli maraqlarından gedir. Milli maraqlardan çıxış edərkən dövlətimiz öz siyasətinə bu və ya digər korrektələr edir. İndiki halda isə bizim orada müşahidəçi olmaqla bağlı məsələmiz xüsusi müzakirə predmeti olmayıb.
YAP növbədənkənar seçki planlaşdırmır
- Qarşıdan parlament seçkisi gəlir. Yeni dəyişikliklərə əsasən, prezident vəzifəsi 7 il müddətinə icra olunacaq. Bu isə 2025-ci ildə həm parlament, həm də prezident seçkisinin eyni ildə keçirilməsi ilə nəticələnəcək. Bunun qarşısını almaq üçün parlament seçkisinin tarixi dəyişdirilərək, növbədənkənar parlament seçkisi keçirilə bilərmi?
- Bir şeyi sizə söyləyim. Məsələn, Türkiyədə prezident və parlament seçkisi hətta eyni gündə keçirildi. Nəzərə alsaq ki, Türkiyəninn 80 milyondan çox əhalisi var. Yəni belə presedentlər var. 1995-ci ildə bilirsiniz ki, parlament seçkisi oldu və eyni gündə noyabr ayının 12-də Konstitusiyanın qəbulu ilə bağlı referendum keçirildi. Belə nümunələr var. Yəni mən də ara-sıra müxtəlif mətbuat nümunələrindən oxuyuram ki, parlament seçkisinin vaxtında dəyişiklik ola bilər və s. Amma mən YAP-ı təmsil edirəm. YAP-da bu məsələ ilə bağlı heç bir müzakirə keçirilməyib. Bununla bağlı hər hansı ideya ortalığa atılmayıb və müzakirə edilməyib. Konkret sizin sualınızda qoyulan məsələ ətrafında hakim partiya daxilində nə Siyasi Şurada, nə də İdarə Heyətində müzakirə olub. Bunlar hazırda daha çox KİV-də gedən müzakirələrdir. Hər halda bugünkü reallığa görə, parlament seçkiləri 2020-ci ildə, yəni nəzərdə tutulduğu vaxtda keçiriləcək.
- Hazırda parlamentdə böyük üstünlük YAP-dadır. Yəni 2020-ci il seçkisində parlamentdə parlamentə YAP-a rəqib olacaq başqa qüvvələrin gəlmə ehtimalı var?
- Hesab edirəm ki, YAP-ın rəhbərinə rəqib ola biləcək siyasətçi yoxdur. Çünki o, sözün həqiqi mənasında dünya miqyasında qəbul edilmiş siyasətçidir. Onun çox böyük siyasi erudisiyası, böyük idarəçilik qabiliyyəti və mədəniyyəti var. Eyni zamanda, özünün də qeyd etdiyi kimi, bütün uğurlarının kökündə ulu öndər Heydər Əliyevin siyasətinə sadiqlik dayanır. Ulu öndər Heydər Əliyev isə dünya miqyaslı siyasətçi idi. Dünyanın 6/1-ni təşkil edən, 250 milyonluq əhalisi və 22 milyon kvadrat kilometr ərazisi olan Sovet İttifaqını idarə edən şəxslərdən biri olub. Bu baxımdan İlham Əliyevə rəqib ola biləcək, onunla siyasi polemikaya girib, səviyyə baxımından müəyyən balansı yaradacaq siyasətçi yoxdur. Şərhsiz İlham Əliyev liderdir. Hansısa partiyanın bizim partiya ilə müqayisəsi mümkünsüzdür. Nəinki Azərbaycanda, ümumiyyətlə, Cənubi Qafqazda bizim partiya kimi böyük partiya yoxdur. Onun sıraları da genişlənməkdədir. Məndə olan məlumata görə, bu partiyanın 40%-dən çoxunu gənclər təşkil edir. Yəni gənclər öz gələcəyini YAP-da görürlər. Bu bizim böyük üstünlüyümüzdür. Məsələyə bu məntiqlə yanaşdıqda 2020-ci ildə keçiriləcək parlament seçkisində YAP-ın artıq şərhsiz lider olacağını və qalib gələcəyini indidən söyləmək mümkündür. Ona görə ki, seçən xalqdır və cənab İlham Əliyevin istənilən təşəbbüsü və ideyası xalq tərəfindən dəstəklənir. O səbəbdən ki, cənab Prezidentin siyasətinin mərkəzində xalqın rifahı məsələsi dayanır. Onun bütün siyasətinin mahiyyətini bu təşkil edir. Eyni zamanda bu siyasət müstəqildir. Hər hansı bir beynəlxalq təşkilatın, dövlətin təzyiqi altında cənab Prezidentimiz siyasət həyata keçirmir. Bu siyasət yalnız xalqın milli mənafeyinə söykənir. Bu siyasəti həyata keçirdiyinə görə də Azərbaycanı sevməyən qüvvələr birinci hədəf kimi Prezidentimizi seçirlər. Amma onlar heç bir məqsədə nail ola bilmirlər, çünki onun arxasında xalq dayanır. O, xalqına söykənir, xalqı da onu müdafiə edir. Belə siyasətçilər istənilən seçkidə labüd qələbəni qazanır. Xalqına söykənməyən, müəyyən beynəlxalq siyasi dairələrin əlində alət olan siyasətçilərin gələcəyi yoxdur. Bir zaman yetişir və onlardan hamiləri də imtina edirlər. Belə dövlətlər xaosa sürüklənir. Yaxın Şərqdə Liviyaya, Yəmənə, Suriyaya baxın. O ölkələr güclüdür ki, orada xalqın siyasi iradəsi var. O baxımdan necə ki, bu il erkən prezident seçkisində cənab prezident lider oldu, parlament seçkisində də xalqımızın mütləq əksəriyyətinin məhz YAP-a səs verəcəyi labüddür. Ulu öndərin söylədiyi kimi, YAP dünənin, bu günün, sabahın partiyasıdır.
- Bir sıra ölkələrdə parlamentdə daha çox yer qazanmış partiya digər, az səs toplamış partiyalara müəyyən jestlər edir. Məsələn, komitə sədrliyini həmin partiyalara verirlər. Bu da qanunverici hakimiyyətdə müəyyən diversifikasiyaların yaranmasına gətirib çıxarır. Hazırda Milli Məclisdə olan 15 komitənin təxminən 11-i YAP-ın, 3-ü bitərəfin, 1-i Vətəndaş Həmrəyliyi Partiyasının nəzarətindədir. 2020-ci il seçkisində biz YAP-ın parlamentdə özünə opponent olanlara belə bir jest etməsini müşahidə edəcəyikmi?
- Adətən sizin dediyiniz vəziyyətlər partiyalar daha çox blok halında seçkini qazandıqları halda əmələ gəlir. Konkret bloklar, koalisiyalar, fraksiyalar olur. Hökumətdə belə blok və koalisiyalar, parlamentdə fraksiyalar şəklində özünü göstərir. Amma bizdə fraksiya institutu yoxdur. Hər partiyanın yaranışından əsas mübarizəsi hakimiyyət uğrunda olur. Bu çox normal bir şeydir. Yəni partiya yaranıbsa, o hakimiyyətə gəlmək istəyir. Hesab edirəm ki, dediyiniz komitə sədrliyi məsələsində daha fərqli şaxələnmənin olmamasının günahı həmin partiyaların özlərindədir. Əgər bir partiyadan maksimum iki nəfər parlamentdə təmsil oluna bilirsə, bu halda komitə sədrliyi məsələsi də aktuallığını itirir. Əgər ayrı-ayrı müxalif partiyalar, yaxud bitərəflərin daha çox miqyasda təmsilçisi olarsa, yəni xalqın etimadını qazanıb parlamentdə daha çox yer ala bilərsə, bu halda təbii ki, onlar analoji iddia ilə çıxış edə bilərlər. Bugünkü reallıq odur ki, onlar niyə xalqın onlara etimad göstərmədiyi sualını özlərinə versinlər. Niyə onlara xalq etimad göstərib parlamentdə görmək istəmir? Bunun ən mühüm göstəricisi onların təşkil etdiyi mitinqlərdir. Mitinqlərə 800-1000 nəfər yığışırsa (söhbət 10 milyonluq xalqdan gedir), bu, artıq bir göstəricidir - müxalifətin hansı vəziyyətdə olmasının göstəricisi. Mənə elə gəlir ki, onların ilk növbədə bütün siyasi fəaliyyətlərinin əsas məhək daşı bu olmalıdır: biz niyə bu gündəyik?! Biz nədən zəifik?! Bu sualların cavabını tapsalar, daha faydalı işlə məşğul olarlar.