Redaktor seçimi
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Günün xəbəri

İlham Əliyev TASS agentliyində -Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşüb

İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb.

Yenixeber.org:  Görüşdə birinci xanım Mehriban Əliyeva da iştirak edib.

Görüş iştirakçılarını salamlayan TASS agentliyinin Baş direktoru Sergey Mixaylov deyib: Salam, həmkarlar. Biz sizin hamınızı burada görməyə şadıq. Əlbəttə, pandemiya üzərində qələbə elan edə bilmərik, lakin yavaş-yavaş TASS-ın məşhur “TASS-ın baş redaktorları klubu”nu bərpa edirik. Ona görə yox ki, biz əlifba sırası ilə “A” hərfindən başlamağı qərara almışıq, sadəcə, belə alınıb. TASS agentliyinə gəldiyinizə görə çox sağ olun. Cənab Prezident, biz çox şadıq, Siz burada həmişə çox əziz qonaqsınız və 10 il bundan əvvəlki görüş yadımızdadır, Mehriban xanım da burada olmuşdu. Ümumiyyətlə, nisbətən yaxın vaxtlarda, 5-6 il bundan əvvəl. Adətən bizim görüşlər səmimi dostluq şəraitində keçir. İstənilən sualları verə bilərsiniz. Siz nə isə demək istəyirsinizmi?

Prezident İlham Əliyev: Çox sağ olun. Mən Rusiyanın aparıcı media rəhbərləri ilə görüşmək imkanı yaratdığına görə TASS rəhbərliyinə təşəkkür etmək istərdim. Zənnimcə, mənim Rusiyaya rəsmi səfərimin formatı və əlbəttə, xüsusən dünən qarşılıqlı müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması nəzərə alınmaqla, əsl münasib vaxtdır. Rusiya ilə Azərbaycan arasında çoxsaylı sənədlər imzalanıb – 200-dən artıq. Lakin bu, xüsusi sənəddir, çünki dövlətlərarası münasibətlər qurulmasından 30 il keçdikdən sonra biz müttəfiqlik səviyyəsinə çatmışıq. Əslində, mən deyərdim ki, biz bunu rəsmən təsbit etmişik. Ona görə ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin xarakteri, mənim fikrimcə, uzun illər boyu müttəfiqlərin münasibətlərinin bütün parametrlərinə cavab verirdi. Yəni, bu sənəd təkcə böyük işə yekun vurmaqla qalmayıb, həm də Rusiya ilə Azərbaycanın gələcək qarşılıqlı əlaqələri üçün, müsbət regional inkişaf üçün böyük perspektivlər açır. Bu sənəd imzalanandan heç bir gün keçməmiş mən buradayam. Qeyd edildiyi kimi, mən buraya ilk dəfə gəlməmişəm və bu divarlar mənə doğma olub. Xüsusən TASS-da həmişə mövcud olan sərbəstlik şəraitini, fikir mübadiləsi aparmaq və bəzən rəsmi bəyanatların çərçivəsindən kənarda olan müəyyən məsələləri aydınlaşdırmaq imkanını vurğulamaq istərdim.

Dünən Rusiya Prezidenti və mən rəsmi bəyanatlar verdik. Həmin bəyanatlar Azərbaycan mətbuatında tam şəkildə dərc edilib. Fikrimcə, onlarla tanış olmağa imkanınız olub. Buna görə təkrarçılıq etmək istəməzdim. Zənnimcə, sadəcə, bizim söhbətimiz üçün daha çox vaxt saxlamaq lazımdır. Beləliklə, sizin hamınızı görməyə çox şadam. Sağ olun ki, gəlməyə, vaxtınızı bu görüşə sərf etməyə imkan tapmısınız. Mən bunu çox yüksək qiymətləndirirəm.

Sergey Mixaylov: Buyurun, həmkarlar.

Vladislav Fronin, “Rossiyskaya qazeta”nın Baş redaktoru: Onda Bəyannaməyə aid birinci sual yaranır. Bəyannamədə 43 bənd var. Siz ümumi sözlərlə “ümumi səviyyə” deməsək, yeni səviyyə daha konkret olaraq nə deməkdir? Xahiş edirəm izah edin, həqiqətən iqtisadiyyatda, mədəniyyətdə, qarşılıqlı fəaliyyətin digər sahələrində yeni səviyyə nədən ibarətdir? Axı, bizdə neçə illərdir ki, müqavilə mövcuddur. Bəs bu, nə deməkdir, müqavilədən yüksək sənəddirmi?

Prezident İlham Əliyev: Mənim fikrimcə, elədir. Bu, müqavilədən yüksəkdir, ona görə ki, yadımdadırsa müqavilə dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında idi, lakin o, müttəfiqlər kimi münasibətlərin formatını müəyyən etmirdi. Uzun illər boyu Rusiya ilə Azərbaycan arasında münasibətləri mən də, Prezident Putin də strateji tərəfdaşların münasibətləri kimi xarakterizə etmişik. Münasibətlərin indiki formatı ali formatdır. Yəni, bundan yüksək format praktiki olaraq yoxdur. Dövlətlərarası münasibətlərdə bu, belə demək mümkünsə, aysberqin zirvəsidir. Mən tapşırıq vermişəm, Azərbaycanın Xarici İşlər Nazirliyi Bəyannamənin tam mətnini öz saytında yerləşdirib ki, hər kəs onunla tanış ola bilsin. Mənim dünən qeyd etdiyim kimi, orada 43 bənd var. Əlbəttə, bütün bəndləri şərh etmək həddən artıq vaxt aparar. Bir də ki, buna ehtiyac yoxdur, baxmaq olar. Lakin bu Bəyannamənin adının özü çox şeydən xəbər verir. Bu, artıq dediyim kimi, qarşılıqlı fəaliyyətin səviyyəsinin artırılması üzrə uzun illər boyu aparılmış çox ciddi işin nəticəsi, Rusiya və Azərbaycan nümayəndələrindən ibarət qrupun bir ildən artıq müddətdə, - keçən ilin yanvar ayından, - bu Bəyannamənin mətni üzərində konkret işinin nəticəsidir. Bəyannamə həyat fəaliyyətinin praktiki olaraq bütün sahələrini ehtiva edir. Əlbəttə, bu Bəyannaməni müxtəlif istiqamətlər üzrə konkret sazişlərlə möhkəmlədəcək silsilə sənədlər də işlənib hazırlanma mərhələsindədir.

Onu da deməliyəm ki, Rusiya və Azərbaycan tərəfindən müxtəlif istiqamətlər – ticari-iqtisadi, nəqliyyat, humanitar fəaliyyət və digər istiqamətlər üzrə qəbul edilmiş səkkiz yol xəritəsi reallaşma mərhələsindədir. Yəni, münasibətlər o dərəcədə şaxələndirilib ki, bizim hansı sahələrdə əməkdaşlıq etməyimizi müəyyənləşdirməkdənsə, hansı sahələrdə əməkdaşlıq etmədiyimizi göstərmək və ya söyləmək daha asandır. Əlbəttə, hesab edirəm ki, bizim iki qonşu ölkə üçün bu səviyyəni qarşılıqlı müttəfiqlik səviyyəsi kimi müəyyən etmək böyük nailiyyətdir və əlbəttə, böyük məsuliyyətdir. Biz gələcəkdə də həmişə bu yüksək səviyyəyə uyğun olmalıyıq.

Dmitri Kiselyov, “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru: İlham Heydər oğlu, müttəfiqlik münasibətləri bir şəraitdə və bir Rusiya ilə hazırlanıb, lakin dünyada vəziyyətin keyfiyyətcə dəyişdiyi və Rusiyanın da keyfiyyətcə dəyişdiyi məqamda imzalanıb. Biz hamımız nə barədə danışdığımızı bilirik. Bax, bu dəyişmiş şəraitdə Rusiya ilə müttəfiqlik münasibətləri nə deməkdir? Bu, vəziyyəti – bizim müttəfiqlik münasibətlərimizi nə dərəcədə dəyişir və Siz bu şəraitdə həmin münasibətləri necə açıqlayırsınız?

Prezident İlham Əliyev: Bütün bunlar o qədər yaxın vaxtda baş verib ki, əlbəttə, bunu hələ yenidən dərk etmək lazımdır. Lakin deməliyəm ki, Bəyannamənin mətni bir neçə ay bundan əvvəl hazır idi. Yəni, son mətn hazır idi, sadəcə, prezidentlərin şəxsən görüşməsi lazım idi. Əlbəttə, pandemiya ilə bağlı bütün məhdudiyyətlər və prezidentlərin iş qrafiki nəzərə alınmaqla. Hələ mənim Moskvaya bundan əvvəlki səfərim zamanı - noyabrın axırlarında razılıq əldə edilmişdi ki, bu görüş cari ilin əvvəlində olacaq. Hətta Rusiya tərəfi görüşün tarixini də təklif etmişdi. Təklif edilən tarix imzalanma günündən təqribən 20 gün əvvəl idi və biz həmin təklifi qəbul etmişdik. Təbii ki, mən bu tarixi təshih etmək imkanını heç nəzərdən keçirməmişdim, ona görə ki, haqqında sizin dediyiniz hadisələr ayın 21-də, mən təyyarə ilə buraya uçanda baş verdi. Hətta mən hələ Bakıda olsaydım belə, buraya uçub gələrdim. Buna görə də bizim münasibətlərimizdə heç nə dəyişməyib və dəyişməməlidir. Biz bundan sonra da Bəyannamədə əks olunmuş və uzun illər boyu işlədiyimiz istiqamətlərdə çalışacağıq. Biz uzun illər boyu beynəlxalq arenada həmişə bir-birimizi dəstəkləyirik. Saxta təvazökarlıq olmasın, deyə bilərəm ki, bu yolun əsasını mən qoymuşam, AŞPA-da Azərbaycan parlamenti nümayəndə heyətinin sədri olarkən. Biz oraya seçiləndə bizim təşəbbüsümüzlə Rusiya nümayəndə heyəti ilə görüş təşkil etdik və razılığa gəldik ki, bütün məsələlər barədə bir-birimizi dəstəkləyəcəyik və həmişə həmrəylər kimi səs vermişik. Bu ənənə sonradan başqa beynəlxalq strukturlara da transformasiya edib. Ona görə də bunu hətta mütəxəssis olmayanlar da izləyə bilərlər. Odur ki, mənim fikrimcə biz dünən, sadəcə, olanları rəsmiləşdirdik, bunu lazım olduğu şəkildə, bizim münasibətlərimizin ruhuna uyğun şəkildə adlandırdıq və bundan sonra da bu istiqamətdə işləyəcəyik. Əminəm ki, bizim regionda baş vermiş və hələ baş verə biləcək hadisələrlə əlaqədar istər Azərbaycan tərəfindən, istərsə də Rusiya tərəfindən heç bir düzəliş olmayacaq.

Sual: Elə bu mövzunun davamı kimi və eyni zamanda, yaxın vaxtlarda Qarabağda vəziyyətin müəyyən dərəcədə nizamlanmasını nəzərə alaraq Siz necə hesab edirsiniz, indi Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Şanxay Əməkdaşlıq Təşkilatına tərəf meyil edə bilərmi? Belə planlar varmı?

Prezident İlham Əliyev: Şanxay Əməkdaşlıq Təşkilatına gəldikdə, biz müəyyən mənada artıq fəaliyyətə başlamışıq. Artıq neçə ildir ki, biz dialoq üzrə tərəfdaşıq. Bu, birinci pillədir. İkinci pillə - müşahidəçilərdir. Biz bir neçə il bundan əvvəl öz statusumuzu müşahidəçi statusuna qədər yüksəltmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının Katibliyinə rəsmən müraciət etmişik. Təəssüf ki, bu məsələ indiyə qədər həll edilməyib. Mənim Rusiya rəhbərliyi ilə, Çin Xalq Respublikasının rəhbərliyi ilə və Şanxay Əməkdaşlıq Təşkilatının digər üzvləri ilə bu kontekstdə əlaqələrim onu göstərir ki, bizim statusumuzu yüksəltməmək üçün heç bir səbəb yoxdur. Lakin bizə məlum olmayan səbəblərə görə, bu məsələ indiyə qədər baş tutmur.

Digər inteqrasiya layihələrinə gəldikdə, biz bunun məqsədəuyğunluğunu və milli maraqlarımıza nə dərəcədə cavab verməsini əsas götürürük. Fikrimcə heç kəs üçün sirr deyil ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında aparıcı rol Rusiyaya məxsusdur. Bu, yaxın vaxtlarda MDB məkanında nümayiş etdirildi və hətta Qazaxıstan hadisələrindən əvvəl də hamıya aydın idi. Rusiya Federasiyası ilə müttəfiqlik münasibətləri, habelə 43 bənddən 2-si - 6-cı və 16-cı bəndlər, - zəruri hallarda hərbi yardım göstərilməsi ilə bağlı məsələlərə birbaşa dəlalət edir. Mənim fikrimcə bu, tamamilə kifayətdir. Axı aydındır ki, KTMT-ni KTMT edən Rusiyanın orada olmasıdır. Əgər Rusiya KTMT-də olmasa, KTMT heç kəsin yadına düşməz. Hər şey bundan irəli gəlir. Rusiya ilə Azərbaycan arasında hərbi-siyasi əməkdaşlığın səviyyəsinin artırılması istiqamətində bir addım artıq atılıb. Ermənistan istisna olmaqla KTMT-nin digər üzvləri ilə bizim çox etimadlı, yaxın, dostluq münasibətlərimiz var. Fikrimcə, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla münasibətlər də normallaşacaq. Hər halda biz Ermənistan ilə sülh müqaviləsi bağlamaq arzusunda olduğumuzu rəsmən bəyan etmişik. Yəqin ki, müəyyən mərhələdə bu, baş tutacaq. Lakin indiki geosiyasi reallıqlarda biz realist olmalı, əldə edilməsi mümkün olmayanı arzu etməməliyik. Biz Qafqazda möhkəm sülhün bərqərar olması istiqamətində irəliləməliyik. Buna görə düşünürəm ki, dünənki sənəd sizin sualınıza müəyyən dərəcədə cavab verir. Növbəti mövzuları qabaqcadan duyaraq deyə bilirəm ki, eyni sözlər Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı ilə bağlı suala da aiddir. Həm ekspertlər cəmiyyətində, həm də siyasi müstəvidə bu barədə də çoxdan diskussiya gedir. Lakin biz burada da onu əsas götürürük ki, bu, bizim iqtisadi maraqlarımıza nə dərəcədə cavab verəcək, çünki bizim strategiyamız və taktiki addımlarımız həmişə öz resurslarımıza, nəyə malik olmağımıza əsaslanıb. Biz özünəyetərli iqtisadiyyat yaratmağa və istər beynəlxalq maliyyə təsisatlarından, istərsə də hər hansı başqa maliyyə mədaxilindən asılı olmamağı bacarmışıq.

Buna görə də biz hər şeyi praqmatik baxımdan təhlil edəcəyik. Dünən Rusiya Federasiyası Hökumətinin başçısı ilə görüşdə bu mövzu müzakirə edilib. Bizim mövqeyimiz Rusiya tərəfə açıq çatdırılıb ki, biz, necə deyərlər, qarşımıza iki kağız vərəqi qoymalıyıq – harada müsbət cəhətlər, harada müəyyən məhdudiyyətlər ola bilər və ya bizim iqtisadi suverenliyimizə müəyyən dərəcədə düzəliş edilə bilər. Təbii ki, lehinə və əleyhinə olan məqamları təhlil edəndən sonra bizə sərfəli olan qərar qəbul ediləcək. Bununla yanaşı, deməliyəm ki, MDB üzvü olan bütün ölkələrlə, - təbii ki, Ermənistan istisna olmaqla, - azad ticarət haqqında, o cümlədən Rusiya ilə müqavilələr imzalanıb. İqtisadi və gömrük baryerlərinin yumşaldılması istiqamətində addım atılıb. Sonrasını isə, necə deyərlər, yaşayarıq, görərik. Heç nəyi tapmaca kimi tapmaq olmaz və biz heç vaxt qısa müddətdə əldə edilməsi mümkün olmayan hansısa hədəflər elan etməmişik. Lakin təbii ki, bu, bizim komandamızın daxilində müzakirələr çərçivəsində gündəlikdədir.

Marqarita Simonyan, “RT” telekanalının və “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru: İlham Heydər oğlu, biz yeni-yeni sanksiyaların, o cümlədən personal sanksiyaların müzakirə olunduğu prosesdəyik, burada iştirak edənlərin bəzilərinin, məsələn Dmitrinin Avropaya girişi artıq qadağan edilib, mənim kimi bəzilərinə isə yəqin ki, bu gün qadağan ediləcək. Biz insanların nəyi isə etdiklərinə və ya etmədiklərinə görə, yaxud Dmitri ilə mənim kimi nəyi isə dediyimizə və ya demədiyimizə görə harayasa getməyin qadağan edilməsinə dair çox nümunə gətirə bilərik. Biz, həmçinin vətəndaşlıq əsasında ölkəyə girişə qadağa qoyulmasına dair çox nümunə göstərə bilərik, çünki müxtəlif ölkələr arasında münasibətlər müxtəlif olur. Lakin dünyada etnik əlamətinə görə ölkəyə girişə qadağa qoyulmasına aid nümunələr demək olar ki, yoxdur. Biz hamımız bilirik ki, ermənilərin Azərbaycana girişinə qadağa qoyulub. Adətən bu, təhlükəsizlik mülahizələri ilə izah olunur. Beləliklə Azərbaycan xalqı qəribə də olsa, pis şəkildə təqdim olunur. Mənim üçün inanmaq çətindir və mən inanmıram ki, insanlar Azərbaycanda canlı etnik erməni görərsə onun üstünə atılar və onu tikə-tikə edərlər, hər halda orta əsrlərdə yaşamırıq. Siz bu məsələyə belə sivil, mədəni münasibət nümunəsi göstərmək və bu cəfəng status-kvonu, sadəcə, ləğv etmək istəməzdinizmi?

Prezident İlham Əliyev: Birincisi, deməliyəm ki, bizimlə bölüşdüyünüz informasiya yumşaq desək, həqiqətə uyğun deyil. Bizdə etnik prinsipə görə ölkəyə girişə qadağa yoxdur və erməni xalqının nümayəndələrinin Azərbaycana çoxsaylı səfərləri buna sübutdur. Onlar Avropa Oyunları kimi idman tədbirlərində iştirak edirlər. Ermənistandan olan komanda iştirak edib, mən hətta xatırlayıram ki, Ukraynanın milliyyətcə erməni olan bir nümayəndəsinə gümüş medalı şəxsən özüm təqdim etmişəm. O, qızıl medal qazanan azərbaycanlı boksçu ilə fəxri kürsüdə yanaşı dayanmışdı. Mən onun da əlini sıxıb təbrik etdim və bu, zaldakı adamların ürəyincə olmasa da, onlar məni uzun müddət alqışladılar.

Marqarita Simonyan: Mən bu əhvalatı bilirəm.

Prezident İlham Əliyev: Bax, görürsünüz. Deməli, sizin dediklərinizdə hər halda müəyyən qərəzlilik var. Ermənistan nümayəndələri, hətta etnik ermənilər Azərbaycana müxtəlif tədbirlərə gələndə də eyni vəziyyət baş verir. Bir neçə il bundan əvvəl Katalikos Qareginin səfəri olub, mən öz iş kabinetimdə onunla görüşmüşəm. O, Bakının mərkəzində erməni kilsəsində oldu və bu kilsədə erməni dilində 5 mindən çox kitabı qoruyub saxlamağımıza təəccübləndi, o, özü buna şahiddir. Mən belə nümunələri çox misal gətirə bilərəm – erməni soylu deputatlar, ictimai xadimlər, digər ölkələrin vətəndaşları. Bizdə qadağa yoxdur. Narahatlıq var, daha doğrusu, vardı ki, belə hallar xaotik şəkildə baş verəndə hansısa insidentlərin ola biləcəyi barədə müəyyən risk var. Çünki təqribən 30 il ərzində Qarabağda və Zəngəzurda bütün Azərbaycan mədəniyyəti, tarixi, dini irsi məhv edilib. Mən özümlə kitab gətirmişəm, bu, hətta kitab deyil, “Qarabağ işğaldan əvvəl və sonra” adlı fotoalbomdur. Mən onu sizə təqdim edəcəyəm, siz baxarsınız, bu, hər bir sözdən yaxşıdır, orada nə baş verib və təbii ki, çoxlu zərərçəkən, valideynlərindən, yaxınlarından məhrum olan çoxlu insanlar. Bizdə indiyədək itkin düşənlərimizin sayı təqribən 4 mindir. Əfsuslar olsun ki, onlar bizə qaytarılmır və kütləvi məzarlıqların yerləri bildirilmir.

Biz öz vətəndaşlarımızın və qonaqlarımızın təhlükəsizliyinə cavabdehik. Buna görə xahişimiz ondan ibarətdir ki, ya Ermənistan vətəndaşları, ya da erməni soyadlı vətəndaşlar Azərbaycana gələndə müvafiq orqanlar məlumatlandırılsın. Xüsusi halda Rusiyadan söhbət gedirsə, səfirlik və səfir Polad Bülbüloğlu bu təlimatları bilir. Azərbaycana gəlməyə rədd cavabı verilən hallar olub. Lakin belə hallar məhz ona görə olub ki, bu formal qaydalara riayət edilməyib.

Erməni silahlı dəstələrinin nəzarəti altında olan əraziyə təsadüfən düşmüş, öz evlərinə getmək istəyən və tutulub saxlanmış, sonra əsir götürülmüş və işgəncələrə məruz qalmış azərbaycanlıların başına gələnlər barədə danışmaq istəmirəm. Bu, başqa mövzudur. Lakin düşünürəm ki, müharibə başa çatandan sonra əgər Ermənistan rəhbərliyi sülh müqaviləsi üzərində işləməyə başlamaq barədə bizim ideyaları qəbul etsə, belə səfərlər müharibədən əvvəl olduğu kimi adi hal ala bilər. İrəvandan fərqli olaraq, Bakı həmişə çoxmillətli şəhər olub. Monoetnik dövlət olan, praktiki surətdə bütün milli azlıqların, ilk növbədə, azərbaycanlıların deportasiya edildiyi, qovulduğu Ermənistandan fərqli olaraq, Azərbaycan indiyə qədər çoxmillətli dövlətdir. Buna görə də Azərbaycanda multikulturalizm ruhu praktiki olaraq hər yerdə görünür və üstəlik, Azərbaycanda erməni millətindən olan minlərlə Azərbaycan vətəndaşı yaşayır. Onların sayı deyilən 30 mindən azdır. Yəqin ki, 30 min 10-15 il bundan əvvəl olub, bununla belə onlar var, yaşayırlar və normal yaşayırlar, heç kəs onlara heç bir iddia irəli sürmür. Buna görə də sizin sualınıza cavab vermək imkanından istifadə edərək sizi Azərbaycana gəlməyə dəvət etmək istərdim. Siz görərdiniz ki, heç bir məhdudiyyət yoxdur.

Marqarita Simonyan: Siz dediniz ki, mənim sualımda qərəzlilik var. İnanın, qərəzlilik yoxdur. Sizin dediyiniz halları mən bilirəm. Siz deyirsiniz ki, hər halda bunlar xüsusi hallardır. Onlar ölkənin Prezidentinə məlumdur – idman tədbirləri, siyasi, ictimai tədbirlər. Amma, məsələn, mənim bu sistemdə işlədiyim 20 il ərzində heç kəs oraya erməni soyadlı səs rejissorunun da daxil olduğu çəkiliş qrupu göndərə bilməyib. Əgər indi belə deyilsə, Siz erməni soyadlı məni dəvət edirsinizsə, bəlkə mən özümlə daha bir neçə həmkarımı götürüm, onlar məmnuniyyətlə gələrdilər. Mən Sizi düz başa düşdümsə, belə hallarda, əgər biz oraya qrup şəklində gəliriksə, müraciət etmək olar?

Prezident İlham Əliyev: Bəli.

Mixail Qusman: Bu, o demək deyil ki, Marqaritanın başçılıq etdiyi qrupda işləyənlərin hamısı ermənidir. Xeyr, bu, o demək deyil.

Prezident İlham Əliyev: Amma mən fikirləşirəm ki, onların əksəriyyəti ermənilərdir.

Marqarita Simonyan: Siz yanılırsınız.

Prezident İlham Əliyev: Siz də indicə yanıldınız.

Marqarita Simonyan: Mənim 6 min işçim var. Onların əksəriyyəti ingilis və amerikalıdır. Mən düz başa düşürəmmi ki, biz oraya gələ bilərik. İlham Heydər oğlu, mənim beşinci nəslim rusiyalıdır.

Prezident İlham Əliyev: Bəli, lakin mən belə başa düşdüm ki, siz indiki halda erməni kimi sual verdiniz.

Marqarita Simonyan: Mən öz əməkdaşlarını yalnız etnik əlamətə görə iki ölkəyə - erməni soyadlı insanları Azərbaycana və gürcü soyadlı insanları Abxaziyaya göndərə bilməməklə üzləşən təşkilatın rəhbəri kimi sual verdim. Sadəcə, mənə elə gəlir ki, müasir dünyada bu, düzgün deyil və indi Sizinlə söhbətimizdə hansısa etnik səviyyəyə keçməyimiz də düzgün deyil.

Prezident İlham Əliyev: Siz başladınız, mən, sadəcə, düzəliş vermək istədim, dedim ki, sizin dediyiniz düz deyil. Mən yüzlərlə belə misal göstərə bilərəm, erməni soyadlı insanlar həm çəkiliş qrupunun tərkibində, həm rəsmi nümayəndə heyətlərinin tərkibində, o cümlədən Rusiyadan, digər ölkələrdən – Fransadan, ABŞ-dan gəlirlər. Belə hallar çox olub, sadəcə, yəqin bu barədə sizin məlumatınız yoxdur. Lakin düşünürəm ki, siz öz qrupunuzla gəlsəniz, bunu yəqin edərsiniz.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva: Olarmı, mən Marqaritanın dediklərinə bir az əlavə edim.

Prezident İlham Əliyev: Əlbəttə, olar.

Mehriban Əliyeva: Bizim Moskvaya səfərimiz ərəfəsində Azərbaycan televiziyasında bir sənədli film göstərilirdi. Film bir ahıl qadın haqqında idi. Onun 79 yaşı var, Ağdama, işğaldan azad edilmiş Ağdama gəlib, öz evini axtarır. Qadın həqiqətən çox qoca idi, çətinliklə yeriyirdi və 30 dəqiqə ərzində o, praktiki olaraq göz yaşları tökə-tökə öz emosiyaları barədə, təbii ki, heç nə tapmaması barədə danışmağa çalışırdı. O, hətta evinin xarabalığını da tapmadı, yəni o, heç olmasa həmin sahəni tapmağa çalışırdı. Bu, həqiqətən tamamilə dəhşətli mənzərədir. Düşünürəm, indi imkan yaranıb, mən sizin hamınızı dəvət etmək istəyirəm. Ona görə ki, cənab Prezident kitab barədə də danışdı, lakin bunları öz gözünüzlə görmək lazımdır. Nə üçün indi bu barədə danışıram, - o qadın öz sərgüzəştini danışdı və paralel olaraq müharibədən əvvəl, birinci müharibədən əvvəl çəkilmiş kadrlar qalıb. O vaxt o qadının ailəsində toy olub, - onlar bu toyu həyətdə necə qeyd ediblər, gənc gəlini qəbul ediblər və indiki, bugünkü kadrlar. Onun gözlərindən sevinc yaşı axır: nəhayət ki, bu torpağa qovuşub. O deyirdi: “Mən bu günü gördüm. Xoşbəxtəm ki, bu günə qədər yaşadım”. Sonda həmin qadın bir ovuc torpağı götürüb öpür. İndi mən bunu ona görə danışıram ki, bunları çatdırmaq çətindir, yəqin bunu görmək, hiss etmək lazımdır ki, belə insanlar çoxdur. Birinci müharibə illərində bizdə 1 milyona yaxın qaçqın olub. Bu günü görmək arzusu ilə yaşayanların çoxu dünyasını dəyişib, sağ qalanlar üçün indi, əlbəttə, xoşbəxt günlərdir. Təbii ki, bu insanların ailələri var, tanışları var. Belə vəziyyətlər yarananda, həqiqətən Prezidentin vurğuladığı kimi, ilk növbədə, onları qorumaq lazımdır. Ona görə ki, çox vaxt biz böyük problemlərdən söz açanda ümumi şəkildə danışırıq və ayrıca insanı görmürük, - bu, bəlkə də təbiidir. Hər bir problemin arxasında yəqin ki, konkret insan dayanır, onun həyat tarixçəsi, emosiyaları dayanır və təəssüf ki, insanlar da, onların emosional fonu da fərqlidir. Məhz bu səbəbdən dövlət, - indiki halda Prezident Azərbaycan dövlətinin adından danışır, - Azərbaycana gələn hər kəsi qorumalıdır. Lakin dövlət insanların hansı emosiyalarla yaşadığını da bilir. Mən məktəbdə oxuyanda bizim sinif çoxmillətli idi – ermənilər, ruslar, yəhudilər, azərbaycanlılar... Hətta deyə bilmərəm ki, mənim sinfimdə azərbaycanlılar əksəriyyət təşkil edirdi, - yadınızdadırsa o vaxt bir sinifdə 45 şagird olurdu. Biz hamımız dostluq edirdik, əlbir idik, heç bir pislik gözləmirdik. Hesab edirəm ki, bu məziyyət Azərbaycan xalqının ən yaxşı cəhətlərindən biridir və o, yox ola bilməz. Bu gün belə olması tamamilə izah edilə biləndir və təəssüf ki, bunun baş verməsinin tarixi səbəbləri var.

Marqarita Simonyan: Sizinlə bir sinifdə oxuyan ermənilər yəqin ki, artıq Azərbaycanda yaşamırlar, onlar gələ bilərlərmi? Mən bunu soruşuram. İndi mən tarixə varmaq istəmirəm.

Mehriban Əliyeva: Əlbəttə, Marqarita, gələ bilərlər.

Marqarita Simonyan: Yəni, onlar səfirliyə müraciət etməlidirlər və gələ bilərlər.

Timur Vaynşteyn, NTV telekanalının baş prodüseri: Marqarita, bu mövzuda biz hətta səninlə danışdıq. Hətta dedim ki, mən Mehriban xanımın oxuduğu məktəbdən təqribən 150 metr məsafədə yerləşən 160 nömrəli məktəbdə oxumuşam. Bizim sinifdə də müxtəlif millətlərdən 45 nəfər var idi, özü də o zaman hələ bilmirdilər, sonralar kimin hansı millətdən olmasını öyrənməyə başladılar. Mən erməni millətindən olan məktəbli yoldaşımı konkret bilirəm, o, bir neçə il əvvəl Bakıda olub, o zaman səfirliyə müraciət edib. Bütün bunlar rəsmi idi. Aydındır ki, bizim eşitdiyimiz hallar yəqin var. Sadəcə, hadisələr olur, təəssüf ki, sosial şəbəkələrə çıxır. Lakin qlobal olaraq... Mən yaxın vaxtlarda öz məktəbimdə oldum. Orada hər şey gözəldir. Mən hətta oxuduğum illərdən əvvəl həmin məktəbdə işləmiş pedaqoqlara rast gəldim. Hərçənd mən məktəbi bitirəndən 30 ildən çox vaxt keçib. Əlbəttə, mənim diqqət yetirdiyim, heyrətamiz faktlardan biri odur ki, məktəb indi də rus dilində işləyir. Siz dünən Vladimir Vladimiroviçlə bunu müzakirə etdiniz ki, Azərbaycanda tədrisin rus dilində aparıldığı 300-dən çox məktəb - 340 məktəb və təqribən 20 ali təhsil müəssisəsi, o cümlədən Rusiyanın məşhur universitetlərinin filialları var. Mənə elə gəlir, biz bu gün Rusiyanın müxtəlif ölkələrlə münasibətindən danışanda, vacib məsələlərdən biri məhz müttəfiqlikdir. Çünki bir çox ölkələr, təəssüf ki, həmin 1990-cı illərdə rus dilində təhsil imkanlarını və ünsiyyətin qarşısını, ümumiyyətlə, kifayət qədər sərt şəkildə kəsdilər, bu gün biz ümumilikdə Rusiyanın bu ölkələrlə kifayət qədər mürəkkəb münasibətlərini görürük, mən keçmiş Sovet İttifaqı ölkələrindən danışıram. Siz necə hesab edirsiniz, bu tendensiya, ümumiyyətlə, necə davam edəcək?

Prezident İlham Əliyev: Bu, dövlət siyasətinin bir hissəsidir. Lakin sizin suala cavab verməzdən əvvəl mən söhbətimizin mövzusu barədə kiçik bir arayış vermək istərdim. Lap elə bu günlərdə, hətta ola bilər elə bu gün Azərbaycan parlamentinin iki üzvü İrəvanda Avronestin sessiya iclasında olublar. Onların ora getməsi üçün biz Dövlət Təhlükəsizliyi Komitəsi və ya Nazirliyindən, - mən bilmirəm Ermənistanda necə adlandırılır, - bu adamların təhlükəsizliyi barədə zəmanət aldıq. Bəziləri biləndə ki, onlar Ermənistandadır, iğtişaşlar başlandı. İndi buna sosial şəbəkələrdə baxmaq olar, iğtişaşlar səngimir. Mənə bu gün məlumat verdilər ki, etirazçılardan on nəfəri saxlanılıb, onlar bizim deputatlarımız üçün sadəcə, təhlükə doğurur. Bundan başqa, bu iclasın iştirakçıları üçün naharın nəzərdə tutulduğu yerdə, - orada isə təbii ki, təkcə bizim vətəndaşlar deyil, həm Avropa Parlamentinin üzvləri, həm Şərq Tərəfdaşlığı ölkələrindən üzvlər var, - restoranın sahibləri azərbaycanlılara xidmət göstərməkdən imtina ediblər. Onlar Ermənistanın baş nazirini bunda ittiham edirlər ki, guya o, azərbaycanlılar Yerevana gedəcək deyən Əliyevin fikri ilə oturub-durur. Bəli, mən bunu demişəm. Onu da demişəm ki, tanklarda yox, tədbirlərə gedəcəyik. Bu, ona görədir ki, onlar özləri razılaşdırılmadan, bütün təhlükəsizlik tədbirləri olmadan getsəydilər, onların üzərində hansı Linç mühakiməsinin qurulacağını və bütün bunların nə ilə qurtaracağını təsəvvür etmək çətin deyil. Mən əminəm ki, ən azından hamının gözü qarşısında onların başlarını kəsərdilər. Buna görə biz də tədbirlər görürük. Bu mövzu, yeri gəlmişkən, Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Viktoroviç Lavrovun səfərləri zamanı müzakirə edilib. Mən o vaxt izah etməyə çalışdım ki, biz hər hansı ekssess baş verməsinə yol verə bilmərik və onda bizi də ittiham edəcəklər ki, kimsə kiməsə hücum edib, daş atıb, buna görə də biz məsuliyyətli yanaşmalıyıq. Əgər bunların hamısı təşkil edilib və razılaşdırılıbsa, onda buyurun, heç bir məhdudiyyət yoxdur. Üstəlik, Mehribanın dediyi tamamilə doğrudur, müharibənin yaraları sağalmayıb. Əgər bu yaralar bizdə 30 il ərzində sağalmayıbsa, təbii ki, ikinci müharibədə məğlubiyyətdən sonra erməni xalqının da yaraları indi sağalmayıb. Bunu da başa düşmək lazımdır. Biz axı, hansısa vakuumda yaşamırıq, biz insanlar arasında yaşayırıq və buna məsuliyyətlə yanaşmalıyıq. Yeri gəlmişkən, bizim, o cümlədən mənim atdığım addımlar, erməni rəhbərliyindən fərqli olaraq, barışmalı olduğumuzu bəyan etməyimiz belə məsələlərin yaranmamasına, bunun adi hala çevrilməməsinə yönəlib. Yəqin ki, İkinci Dünya müharibəsi qurtarandan sonrakı ilk ildə də almanlar və SSRİ vətəndaşları bir-birinə qonaq getməyiblər. Onda da yəqin ki, müəyyən vaxt lazım olub. Təsəvvür edin, deyək ki, Ukraynanın və ya Belarusun, yaxud Smolenskin işğalı dövründə Moskvaya almanlar gəlsəydilər, onlara nə edərdilər? Yəni, bu analogiya, necə deyərlər, tam adekvatdır. Bu sözləri mövzuya qayıdaraq deyirəm.

Rus dilində təhsilə gəldikdə, bəli, bu, düşünülmüş siyasətdir. Təbii ki, biz bunu, ilk növbədə, özümüz üçün edirik, rus dilində təhsil almaq istəyənlərin – həm azərbaycanlıların, həm qeyri-azərbaycanlıların belə imkanları olsun. Bizim rus sektoru dediyimiz məktəblərə tələbat çoxdur və dediyim kimi, həmin məktəblərdə həm azərbaycanlılar, həm də qeyri-azərbaycanlılar – 140 mindən çox uşaq və ali məktəblərin rus bölmələrində 15 mindən çox Azərbaycan vətəndaşı təhsil alır. Arayış üçün deyim ki, Ermənistanda erməni millətinin uşaqlarının qeyri-erməni məktəblərində təhsil alması, ya qanunvericiliklə, ya da hansısa təlimatlarla ümumiyyətlə qadağan edilib. Bildiyimə görə, Ermənistanda cəmi bir və ya iki rus məktəbi var, onlar da hərbçilər üçündür. Necə deyərlər, baxın görün kim kimdir. Odur ki, əlbəttə, dünən imzalanmış Bəyannamədə humanitar əməkdaşlıq haqqında bənd də var, bu, qarşılıqlı əməkdaşlıqdır. Moskvaya səfərdən əvvəl mənə arayış verildi, orada deyilir ki, Rusiyada da təqribən 80 məktəbdə Azərbaycan dili bölməsi var. Biz bunu çox alqışlayırıq ki, azərbaycanlılar və Rusiya vətəndaşları, burada işləyənlər, onların uşaqları da öz dillərində təhsil ala bilsinlər. Yəni, bu qarşılıqlı proses tamamilə əməkdaşlıq ruhundadır və düşünürəm ki, Timur dediyi kimi, postsovet məkanındakı digər ölkələrlə müqayisədə, bu, məsələyə necə yanaşmaq nümunəsidir. Bu, təkcə təhsilə yox, bütövlükdə rus dilinə münasibətə aiddir. Azərbaycanda dövlət ali təhsil müəssisəsi var – Slavyan Universiteti, orada, ilk növbədə, rus dili öyrənilir, rus dili və digər slavyan dilləri üzrə müəllimlər hazırlanır.

Pandemiyaya qədər, demək olar, Bakıda hər həftə yaradıcı ziyalıların nümayəndələri çıxış edirdilər – tamaşalar, konsertlər olurdu, yəni biz bu cür qarşılıqlı əlaqədə yaşayırıq. Timur yaxşı bilir, birinci il deyil və çox vacibdir ki, bizim artıq bir dövlətdə olmadığımız illərdə yeni nəsil yetişib, biz bunu qorumağı bacardıq və bunu gələcəkdə də qorumaq üçün əlimizdən gələni edəcəyik.

Sual - Rusiyalıların nəzərində Türkiyə istirahət üçün çox populyar yerdir. Azərbaycan burada birinciliyə nail olmaq barədə düşünürmü, alkoqollu içkilər daha yaxşı, dəniz pis deyil, meyvələr və yerdə qalan hər şey, çay - əladır. Mənə elə gəlir ki, Azərbaycan Türkiyə ilə güclü rəqabət apara bilərdi.

-Yox, əlbəttə, düşünürəm bu, ağlabatan deyil. Çünki birincisi, Türkiyənin turizm sənayesi, mən hesab edirəm, dünyada ən yaxşılarından biridir və əlbəttə, iqlim şəraiti də. Yəni, sırf iqlim şəraiti səbəbindən bizim rəqabət aparmağımız tamamilə faydasızdır. Əlbəttə ki, biz, mən düşünürəm, tamam başqa seqmenti təmin edərik. Biz buraya gələnlərin özlərini evlərində olduğu kimi hiss etmələrini təmin edərik. Türkiyəyə isə görməli yerlərə baxmaq, dənizdə çimmək, xizək sürmək üçün gedirlər. Bütün bunları da Azərbaycanda etmək olar, lakin rusiyalılar çox vaxt elə bil öz evlərinə gedirlər. Yeri gəlmişkən, pandemiyaya qədər 2019-cu ildə bizdə Rusiyanın bir milyon vətəndaşı turist kimi səfərdə olub, onlar, ilk növbədə, ona görə gedirlər ki, özlərini rahat, öz mühitində, o cümlədən dil mühitində hiss edirlər. Əlbəttə ki, sizin dedikləriniz də mövcuddur, lakin bütün başqa şərait olsaydı və bu ab-hava olmasaydı, onlar yəqin ki, gəlməzdilər. Biz hər il təqribən 15-20 faiz artım müşahidə edirdik, pandemiya bütün bunları dağıtdı, lakin ötən il yenə 15 faiz artım oldu. Odur ki, biz, sadəcə, təkcə Moskvada deyil, Rusiyada daha fəal olmalı, imkanlarımızı göstərməliyik. Yəni, Azərbaycanda istirahət ən müxtəlif formalardadır və düşünürəm ki, istənilən adam, necə deyərlər, özünə maraqlı məşğuliyyət tapa bilər, sadəcə, bunu yaxşı təqdim etmək lazımdır. Əlbəttə ki, turizm sənayesinin zəif olması bizim zəif yerimizdir. Lakin burada yəqin ki, həm də obyektiv səbəblər var. Çünki bu sahə bizim üçün nisbətən yenidir və burada kadrların hazırlığı, servis məsələləri mühüm rol oynayır. Lakin məsələn, indi Rusiya şəhərləri ilə Azərbaycan şəhərləri arasında həftədə yüz reys var, əlbəttə, bu, yaxşı göstəricidir. Mən fürsətdən istifadə edib sizin hamınızı Azərbaycana dəvət etmək istərdim, ya qrup şəklində, ya fərdi qaydada.

Mixail Qusman: Yaz gələndə, təbiət çiçək açanda, - TASS-ın təcrübəsi var, - biz bütün heyətlə Azərbaycana gələrik.

Konstantin Remçukov, “Nezavisimaya qazeta”nın baş redaktoru: Avropada olanda ATV kanalını tapdım və iki həftə hər gün xəbərlərə baxdım. Aydın oldu ki, bu, Azərbaycan xəbərləridir. Mənim o zaman türklərlə Sizin əməkdaşlığınız haqqında belə geniş məlumatım yox idi: Hər gün regional aeroport, avtostansiyalar açılır və insanlar danışır. Türkiyənin regional güc kimi rolunun dinamizmini, bəzən Rusiyanın mənafeləri ilə kəsişən və ya üst-üstə düşən maraqlar, bəzən Suriyadakı kimi münaqişəli, Ukraynaya hərbi dronların tədarükü halında olduğu kimi məqamlar nəzərə alınmaqla, dünyanın bu hissəsində tərəfdaşlar kimi Azərbaycan-Türkiyə münasibətlərini səciyyələndirməyinizi xahiş etmək istərdim. Sağ olun.

Prezident İlham Əliyev: Münasibətlər də müttəfiqlik münasibətləridir. İşğaldan azad edilən Şuşa şəhərində ötən il iyunun 15-də mən və Prezident Ərdoğan tərəfindən müttəfiqlik barədə Bəyannamə imzalandı. Bu da bizim malik olduqlarımızın formallaşdırılması idi, çünki Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri birinci il deyildi ki, mövcud idi. Türkiyə Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk ölkə idi. Biz müstəqil dövlət kimi ən birinci addımlardan Türkiyə tərəfindən mənəvi dəstəyi hiss etdik. Son illər ərzində Prezident Ərdoğanın prezidentliyi dövründə və mənim dövrümdə, - bu dövrlər ümumilikdə daha çox üst-üstə düşür, - biz faydalı əməkdaşlıq fəaliyyətimizin əmsalını əhəmiyyətli şəkildə artırmışıq. Belə bir misal çəkim: Azərbaycan Türkiyə iqtisadiyyatına 19 milyard dollar, Türkiyə isə Azərbaycana 13 milyard dollar sərmayə qoyub. Podratçı kimi Türkiyə şirkətləri tərəfindən icra olunan çoxlu infrastruktur layihələri var. Təbii ki, mədəni yaxınlıq, dil yaxınlığı, etnik yaxınlıq - bunlar çox vacibdir. Bu, həmin bünövrədir ki, bizə bu münasibətləri misli görünməmiş səviyyəyə yüksəltməyə imkan verib.

Ancaq biz bilirik, etnik yaxınlıq, o cümlədən dil yaxınlığı əfsuslar olsun ki, heç də həmişə sıx münasibətlərin rəhni deyil. Bizim vəziyyətdə buna nail olundu, fikrimcə, uzun illər ərzində və indi də qorunub saxlanılan düzgün siyasət, bərabərhüquqlu münasibətlər sayəsində buna nail olduq. Əlbəttə, Türkiyə Azərbaycana İkinci Qarabağ müharibəsinin elə ilk günlərindən siyasi və mənəvi dəstək göstərən ölkə oldu. Həmçinin bu siyasi, mənəvi dəstəklə Türkiyə bəzi ölkələrdəki bir sıra dairələrin Azərbaycana münasibətdə düşməncəsinə hərəkətlərin birmənalı şəkildə qarşısını aldı. Biz bunu çox yüksək qiymətləndiririk. İkinci Qarabağ müharibəsinin ilk günündən, ilk saatlarından Prezident Ərdoğan bəyanatla çıxış etdi və sonra dəfələrlə Azərbaycanı dəstəkləyən bəyanatlar verdi. Təəccüblü deyil ki, indi Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri oynayır, onlar bizə çox kömək edirlər.

Deməliyəm ki, biz bütün bərpa işlərini yalnız öz vəsaitimiz hesabına görürük, biz heç kimdən nə kredit qismində, nə də hansısa müftə kömək kimi bir manat, rubl və ya dollar almamışıq. Biz hər şeyi öz hesabımıza edirik, lakin podratçı kimi Türkiyə şirkətlərindən çox fəal istifadə edirik. Yeri gəlmişkən, deməliyəm ki, Rusiyanın 14 şirkəti də onlara işğaldan azad edilən ərazilərdə işləmək imkanı yaradılması istəyi ilə bizə müraciət edib. Fikrimcə, əgər bizim nöqteyi-nəzərdən baxsaq dünən imzalanan sənəd mahiyyətcə tarixi nailiyyətdir. Çünki Azərbaycan iki böyük ölkə, iki qonşusu ilə müttəfiqlik münasibətlərinə malikdir. Düşünürəm ki, başqa heç bir ölkə bununla öyünə bilməz. Mən hələ o barədə demirəm ki, NATO-ya üzv ölkə ilə və KTMT-nin de-fakto rəhbər ölkəsi ilə. Bu, əslində, nailiyyətdir və yəqin, heç kim üçün sirr deyil ki, artıq əməkdaşlığın üçtərəfli formatı da de-fakto formalaşır. O, hələ formalaşmayıb, prezidentlər də daxil olmaqla, hələ xarici işlər nazirlərinin görüşü baş tutmayıb, lakin o, artıq formalaşır. O, ümumi maraqlar, praqmatizm və oxşarlıq əsasında formalaşır. Bizim idarəetmə sisteminin oxşarlığı, tərəfdar olduğumuz dəyərlərin oxşarlığı heç kim üçün sirr deyil. Məsələn, bizə çox xoşdur ki, prezidentlər Ərdoğan və Putin arasında olduqca etibarlı münasibətlər mövcuddur. Onların hər ikisi bu barədə açıq şəkildə danışırlar. Beləliklə, mən fikirləşirəm ki, bu münasibətləri formalaşdıracağımız o gün artıq uzaqda deyil. Xüsusən ona görə ki, Azərbaycan Rusiyanın və Türkiyənin müttəfiqidir, burada necə deyərlər, artıq növbəti addım tələb olunur. Ancaq bu, bizim işimiz deyil, lakin biz öz tərəfimizdən iki ölkənin maraqlarının yaxınlaşdırılması üzərində həmişə işləmişik.

Oleq Dobrodeev, Ümumrusiya Dövlət Teleradio Yayımlar şirkətinin baş direktoru: İlham Heydər oğlu, mən Sizdən bunu soruşmaq istərdim. Mənim yəqin ki, ən ağır xatirələrimdən biri 1990-cı illərin əvvəllərində Bakıda olanda yüz minlərlə qaçqın barədə idi, praktik olaraq bütün şəhər, şəhərin bütün mərkəzi qaçqınlarla dolu idi. Mənim sualım belədir. Artıq 30 ildən çox müddət keçib. Aydındır ki, bu, ağlasığmaz ağrı, faciədir, lakin Siz haqlı olaraq dediniz, ən ağrılı odur ki, bu, hər bir konkret insanın üzərindən keçir. Onlar indi hansı fəallıqla geriyə qayıdırlar?

-Hələ ki, qayıtmağa yer yoxdur, çünki birincisi, hər şey dağıdılıb və ikincisi, hər yer minalanıb. Müharibənin qurtarmasından keçən bir il üç ay ərzində minaların partlaması nəticəsində ölənlərin və əlil olanların sayı 200 nəfərdən çoxdur. Müharibə başa çatandan sonra ilk aylarda Vladimir Vladimiroviç Putinin çağırışlarına baxmayaraq, baş nazir Paşinyan onlarda mina xəritələrinin olmaması barədə inadla danışırdı. Bu, yalan idi və biz bilirdik ki, minalanmış sahələrin xəritəsi var. Bir neçə aydan sonra artıq onlar etiraf etdilər ki, bəli, belə xəritələr mövcuddur, lakin onları bizə verməkdən imtina edirdilər. Əslində, bununla beynəlxalq humanitar hüququ kobud şəkildə pozur və barələrində danışdığınız qaçqınları ölümə məhkum edirdilər. Çünki insanlar 30 il gözləmişdilər, hamının qarşısını almaq, hər yolda blok-postlar qurmaq da mümkün deyildi. Yəni, dolayı yollar var, insanlar keçir, gedirlər, öz evlərinin heç olmasa xarabalığını axtarıb tapmaq istəyirlər və həlak olurlar. Minalanmış sahələrin xəritələri yekunda bizə təhvil verildi, lakin onların dəqiqliyi 25 faiz təşkil edir. Yəni, əslində, yararsızdır. Bu, başlıca problemdir ki, niyə biz artıq indi insanları qaytara bilmirik. Buna baxmayaraq, biz indi pilot layihəni icra edirik, yəqin ki, bir neçə aydan sonra Zəngilan rayonunun kəndlərindən birində həyata keçiriləcək, ilk olaraq, təqribən 200 ailə artıq bu ilin yazında oraya qayıdacaq. Sadəcə, müqayisə üçün deyim ki, biz Livanın ərazisinə bərabər ərazini bərpa etməliyik. Həmin ərazidə heç nə yoxdur, yəni, sözün əsl mənasında, hər şey dağıdılıb. Ağdam şəhərində 30-40 min insan yaşayırdı, orada xarabalıqdan başqa heç nə yoxdur. Daşları daşıyıb aparıb, satıblar. Başdaşılarını sındırıb, aparıb və satıblar. Yəni, misli görünməmiş, ağlasığmayan miqyasda vandallıq. Bütün bunlar beynəlxalq ictimaiyyətdən gizlədilib. Əfsuslar olsun ki, işğal altında olan ərazilərə dəfələrlə səfər edən ATƏT-in Minsk qrupu bunu görməməyi üstün tutub.

Beləliklə, bizim qarşıda böyük işlərimiz var – su, işıq, qaz, yollar, minalar, evlər. Biz başlamışıq, biz ötən il 1 milyard 300 milyon dollar ayırmışdıq, bu il isə eyni vəsaiti bərpa işlərinə ayırmışıq. Pilot layihə icra olunur, lakin bu, vaxt aparacaq. Deməliyəm ki, bununla paralel olaraq, işğal dövründə biz qaçqınlar üçün fəal şəkildə evlər tikirdik, hər il təxminən 5-6 min ailəni, təqribən 30 min insanı yerləşdirirdik. Yəni, onlardan təqribən 70 faizi normal yaşayır. Biz Bakıda, Sumqayıtda, Gəncədə və bir çox şəhərlərdə evlər tikirdik. Lakin onların 30 faizi hələ də uyğunlaşdırılmayan binalarda, yataqxanalarda, uşaq bağçalarında və ağır şəraitdə yaşayır. Buna görə də, ilk növbədə, bu kateqoriyadan olan insanlar geri qaytarılacaq. Artıq bizim tərəfimizdən Ağdam, Füzuli, Şuşa şəhərlərinin tikintisinin Baş planları işlənib hazırlanıb, digər şəhərlərinki də yaxın vaxtlarda təsdiqlənəcək. Hər şey plan üzrə yerinə yetiriləcək, heç bir qarma-qarışıqlıq olmayacaq. “Yaşıl enerji” prinsipi əsas götürüləcək. Qarabağ və Şərqi Zəngəzurun bütün zonası “yaşıl enerji” zonası və “ağıllı şəhərlər”, “ağıllı kəndlər” konsepsiyası olacaq. Bu insanlar çox gözləyiblər, bu səbəbdən onlar Azərbaycanda mümkün olan ən yaxşı şəraitdə yaşamalıdırlar. Mən konkret müddət deyə bilmərəm, hətta onlarla görüşlərdə deyə bilmərəm, onları yanılda bilmərəm. Biz bu prosesi sürətləndirmək üçün hər gün, hər saat hər şey edirik. Lakin bizə, əlbəttə ki, kömək lazımdır, məhz minalardan təmizlənmə baxımından, hətta maliyyə yardımı deyil, texniki yardım lazımdır. Sadəcə, biz fiziki cəhətdən çatdıra bilmirik. Bizim Minatəmizləmə Agentliyimiz var, Müdafiə Nazirliyində bir neçə batalyonumuz var, FHN qrupu var. Lakin fiziki baxımdan çatmır, çünki bu, çox ləng prosesdir. Buna görə də biz beynəlxalq strukturlara kömək üçün müraciət etmişik. Lakin əfsuslar olsun ki, artıq bir il üç ay keçib, hələ də müraciətimiz cavabsız qalıb.

Konstantin Ernst, Birinci kanalın baş direktoru: Minalardan təmizlənmə işlərində Rusiya FHN-in böyük təcrübəsi var. Onlar Afrikada böyük müqavilələr götürürlər, onlarda təcrübə böyükdür.

- Onlar, ilk növbədə, treninq üzrə pulsuz kömək qismində iştirak ediblər, çünki hər şeydən ziyadə indi bizə bacardığımız qədər çox mütəxəssis hazırlamaq lazımdır ki, onlar bu işlə məşğul olsunlar. Əfsuslar olsun ki, minalardan təmizləmə işlərini aparanlar arasında da zərər çəkənlər var. Bu, əsas problemdir.

Əlbəttə ki, itkin düşənlər, çünki İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad etdiyimiz ərazilərdə 1700-dən çox həlak olmuş erməni hərbi qulluqçusu bizim tərəfimizdən tapılıb və biz onların hamısını qaytarmışıq. Birinci Qarabağ müharibəsi dövründən 3890 azərbaycanlı, o cümlədən təqribən 200 uşaq indiyədək itkin düşmüş hesab edilir. Biz erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciət etmişik, lakin hələ cavab yoxdur. Mən bilmirəm niyə. Yəqin onlar başa düşürlər ki, orada, sadəcə, hərbi cinayətlərin sübutları olacaq. Lakin bununla belə biz tələb edirik və yeri gəlmişkən, Avropa İttifaqı da bu məsələ ilə bağlı fikrini bildirib ki, kütləvi məzarlıqların yeri bizə təqdim edilsin. Çünki ehtimal çox böyükdür ki, hər şey Qarabağdadır, bizim işğaldan azad etdiyimiz ərazilərdədir.

Yevgeni Bekasov, “Rossiya-24” telekanalının Baş redaktoru: İlham Heydər oğlu, qısa sual verəcəyəm. Hazırda spot bazarındakı qazın qiymətinin artması barədə hamınız bilirsiniz. Azərbaycan Avropa bazarına tədarükü artırmağa hazırdırmı və hansı miqdarda?

Prezident İlham Əliyev: Belə sorğular bizə mövcud vəziyyəti nəzərə almaqla Avropa komissiyasının məsul nümayəndələri tərəfindən daxil olur. Lakin məsələ ondadır ki, bizim ölkədə Avropaya tədarükə başladığımız bütün həcmlər, biz isə bunu bir ildən bir qədər artıq, Trans-Adriatik qaz kəmərinin tikildiyi zaman etməyə başladıq, hamısı artıq çoxdan, 4 və ya 5 il əvvəl kontraktlaşdırılıb. Siz yaxşı bilirsiniz, qaz elə bir məhsuldur ki, onu əvvəlcə satmaq, sonra isə hasil etmək lazımdır, ona görə də biz, sadəcə, fiziki olaraq, buna malik deyilik, yəni, bizə əlavə qazın lazım olduğunu nəzərə almamışdıq. Bizim ən böyük istehlakçımız Türkiyədir. Ondan sonra İtaliya, sonra Gürcüstan, Yunanıstan, Bolqarıstan. Biz keçən il cəmi 19 milyard kubmetr qaz ixrac etmişik, bu il daha çox olacaq. Ola bilər ki, artığı spot bazarında satılsın.

Uzunmüddətli kontraktlara gəldikdə isə bunun üçün təbii ki, biz əlavə olaraq sərmayə qoymalıyıq. Söhbət böyük həcmlərdən gedirsə, o cümlədən Trans-Adriatik qaz kəmərinin genişləndirilməsinə sərmayə qoymaq lazımdır, çünki o, bizim qazın həcminə uyğun hesablanmışdı. Bütün bunlar, təbii ki, böyük xərc və təminat tələb edir. Artıq bizə bir neçə ölkə müraciət edir, lakin onlar özləri də, yəqin başa düşürlər ki, bu, həll oluna bilməz. Spot bazarında satışlar cüzi ola bilər, həcmi artırmaq üçün isə təbii ki, potensial var. Bir neçə ildən sonra biz ən azı iki yeni yataqdan qaz hasil edəcəyik, onlardan birindən artıq gələn il. Bu qaz, təbii ki, xarici bazarda satıla bilər.

Lakin deməliyəm ki, bizim üçün ən cəlbedici tərəfdaş Türkiyədir. Birincisi, çünki biz müttəfiqik və düşünürəm ki, Türkiyə və Azərbaycan arasında qarşılıqlı fəaliyyət təsəvvür oluna biləcək ən yüksək səviyyədədir. İkincisi, Türkiyə bazarında artan tələbatdır və Rusiya iri təchizatçıdır. Bazar da böyüyür, çünki Türkiyədə qazlaşdırma prosesi gedir. Lakin yaxşı şərtlər təklif olunduğu təqdirdə, əlbəttə, biz istənilən digər variantı gözdən keçirə bilərik. Hazırda Avropada müxtəlif ölkələr arasında Türkiyədən keçməklə Rusiya, Azərbaycan və ya hər hansı digər ölkənin qazına yönəldilmiş interkonnektorların yaradılması üzrə iş gedir. Odur ki, sata biləcəyimiz həcmi dəqiq təsəvvür etmək üçün səylərimizi əlaqələndirmək planında Rusiya ilə Azərbaycan arasında fəal əməkdaşlıq da mümkündür. Başqa sözlə, bir-birimizə problem yaratmamalıyıq. Çünki qazın yüksək qiyməti həm bizim, həm Rusiyanın maraqlarına cavab verir. Buna görə düşünürəm ki, burada söhbət rəqabətdən getmir, həcmlər müqayisə olunmazdır. Lakin, aydındır ki, qaz bazarında hətta kiçik həcmlər bəzən müəyyən əhəmiyyət kəsb edə bilər. Bax, bunun qarşısını almaq üçün biz prinsip etibarilə Rusiya tərəfi ilə bu istiqamətdə iş birliyi qurmağa hazırıq.

Jurnalist: Biz Pavel Nikolayeviçin sayəsində artıq aprel ayında Azərbaycana səfər barədə razılığa gəlmişik.

Mixail Qusman: TASS ənənəvi olaraq təşkilati məsələlərlə məşğul olur.

Prezident İlham Əliyev: Əlbəttə, maraq olsa, həmçinin istərdim ki, Siz işğaldan azad etdiyimiz ərazilərdə də olasınız. Hazırda, yeri gəlmişkən, artıq ikinci beynəlxalq səyahətçilər qrupu gəlir, üstəlik, onlar bizim onlara yardım etməyimizi xahiş edirlər, yəni, biz onları çağırmırıq, onlar özləri gəlirlər. Nomad Maniya beynəlxalq səyahətçilər qrupu vardır. Bu, yəqin ki, heç bir yerdə görə bilməyəcəyiniz bir mənzərədir. Bu, əslində, ağır, çox ağır sınaqdır. Müharibədən dərhal sonra ilk dəfə biz Mehribanla orada olanda bunu gördük. Onu heç nə ilə müqayisə etmək olmaz. Yenə də deyirəm, dağıntının miqyasını təsəvvür etmirdik, biz güman edirdik, bilirdik, orada binoklla nəyisə görmüşdük, lakin bunun bu qədər kütləvi xarakter daşıdığını təsəvvür etmirdik.

Mixail Qusman: İlham Heydər oğlu, Azərbaycanın COVID-19-la necə mübarizə apardığını mən şəxsən özüm bilirəm və ÜST yüksək qiymət verib. Hazırda vəziyyət necədir?

Prezident İlham Əliyev: Mən düşünürəm ki, bu suala Mehriban cavab versə, daha məqsədəuyğun olar, çünki bizdə bu məsələ ilə o, məşğul olur.

Birinci vitse-prezident Mehriban Əliyeva: Hazırda vəziyyətə görə demək olar ki, Azərbaycanda son dalğa azalmaqdadır. Lakin maraqlıdırsa, mən bir qədər təcrübəmiz barədə danışa bilərəm, çünki Azərbaycan da daxil olmaqla, bütün ölkələrin qarşılaşdığı vəziyyət qeyri-adi idi və problem çox böyük idi. İki ildən bir qədər artıq müddət keçəndən sonra hazırda bizdə müəyyən təcrübə var və mən onu bölüşə bilərəm. Bütün bunlar başlayanda, 2020-ci ilin fevral-mart ayları idi. Yəqin ki, hamınız xatırlayırsınız, müxtəlif versiyalar var idi, kimsə inanırdı, kimsə dərk edirdi, kimsə anlamırdı, inkaretmə mövcud idi. Fevral ayının sonunda biz aydın şəkildə dərk edirdik ki, nəyisə həqiqətən də çox ciddi hadisə baş verir və bu, qeyri-ordinar, təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir. Mən hesab edirəm ki, sonrakı işin uğurlu həyata keçirilməsinin başlıca səbəblərindən biri yəqin ki, çox peşəkar qərargahın, komandanın tez bir zamanda yaradılmasına nail olmağımızdır. Üstəlik, aydın idi ki, burada yalnız tibb işçiləri ilə kifayətlənmək olmaz, diapazon tamamilə genişdir və hökumət üzvləri, ekspertlər, gənc alimlər, xüsusilə riyaziyyatçılardan ibarət qrup toplandı. Çünki artıq o vaxt aydın idi ki, hesablamaq, proqnozlaşdırmaq lazım olacaq.

Lakin cənab Prezident sağ olsun, o, dərhal tövsiyələri dinləməyə başladı. Beləliklə, biz birinci mərhələdə sərhədlərin bağlanması barədə qərarı kifayət qədər tez qəbul etdik. Mart ayı idi. Bu, əlbəttə, müəyyən dərəcədə kömək etdi, lakin hadisələrin sonrakı gedişi göstərdi ki, güclü, ciddi karantin rejimləri nə dərəcədə kifayət imiş. Bundan başqa tez bir zamanda daha bir vacib tədbir görülməli idi və komanda bu işin öhdəsindən gəldi. Təbii ki, səhiyyə sahəsində bizim zəif yerlərimiz gözdən keçirilməli idi, çünki əsas problem – səhiyyə sistemində kollaps idi və artıq təxminən aprel ayında bizdə nəyin çatışmadığını bilirdik. Biz qısa müddətdə on, sonradan isə daha iki – cəmi 12 modul tipli xəstəxana ala bildik. Əlbəttə, yenə vəsait ayrılmışdı. Həmin xəstəxanalar çox qısa müddətdə ölkəyə gətirildi və yığıldı. Bir ildən sonra, ilk ilin təcrübəsinə əsaslanaraq, hansı avadanlığın, hansı xəstəxanaların bizə lazım olduğunu biz dəqiq bilirdik. Məsələn, pandemiyanın ikinci ilində biz artıq sırf reanimasiya çarpayıları ilə təchiz olunmuş modul tipli xəstəxanalar sifariş edirdik, çünki aydın oldu ki, adi çarpayılarla problem olmayacaq, reanimasiya çarpayıları ilə isə ola bilər.

Yəqin əsas aspektlərdən biri ondan ibarətdir ki, bu komanda işləyirdi. O, indiyə qədər işləyir. Deyə bilərəm ki, onların bu günə qədər verdiyi proqnozlar 90-95 faiz düz çıxıb. Yəni, biz hər bir dalğanı gözləyirdik. Bizdə nə vaxt artım, nə vaxt azalma, nə vaxt pik olacağı barədə xəta bir həftə ola bilərdi. Bu, bizə çox kömək edirdi, çünki hökumətin müəyyən təcili tədbirlər, karantin tədbirləri görməsi lazım olanda, müddətləri düzgün hesablamasına imkan verirdi. Təbii ki, bununla paralel olaraq zəruri tibbi avadanlıq və dərmanlar alındı. Birinci ilin sonuna, hətta ortalarına doğru artıq aydın oldu ki, söhbət vaksinasiyadan gedir. Burada da həmkarlarımız sürətlə əlaqə saxlaya bildilər. Səhv etmirəmsə, dünyada birinci vaksinasiya 2020-ci ilin dekabrında Amerikada, gərək ki, Birləşmiş Ştatlarda həyata keçirilib. Bizdə vaksinasiya 2021-ci il yanvarın 18-də başlandı. Yəni, ölkəyə vaksinlər kifayət qədər tez çatdırıldı. Bunlar Çin vaksinləri, növbəti mərhələdə Rusiya vaksinləri idi. COVAX layihəsi xətti ilə Avropa vaksinləri də aldıq. Yəni, vaksinləri seçmək imkanı vardı. Təbii ki, vaksinasiyanın könüllü olacağı qərara alındı və seçim vardı. Burada, əlbəttə, ikinci aspekt çox vacibdir. Hesab edirəm ki, Mixailin dediyi kimi, biz


Yeni xəbərlər

Reklam

Reklam