“Vardanyan layihəsi” separatçıları daha tez bitirəcək! -Bakının növbəti “dəmir qapaz”ı gəlir
Qarabağda antiterror əməliyyatı heç vaxt olmadığı qədər qaçılmaza çevrilib; türkiyəli ekspert: “Biz Ermənistanın belini qırdıq, amma siyasi hədəfimizə hələ tam çatmamışıq...”
Yenixeber.org: Rusiyanın “Vardanyan layihəsi” çox təhlükəli mərhələyə girib. Hərçənd rəsmi Moskva özünü elə aparır ki, guya baş verənlərdən xəbəri yoxdur. Amma hökumətə bağlı Rusiya telekanallarında və nəşrlərində “artsax”ın yeni “baş naziri” Ruben Vardanyanın şıdırğı təbliğatı gedir. Bu yaramazı guya mövcud olan hansısa müstəqil ölkənin legitim baş naziri, “erməni xalqının xilaskarı” kimi reklam edirlər!
Artıq Kremlin sadiq iti olduğu kimsədə şübhə doğurmayan R.Vardanyan isə bu “lütfkarlıq”dan və Qarabağda müvəqqəti yerləşmiş Rusiya hərbçilərinin himayəsindən vəcdə gələrək, Xankəndidə özünü şir kimi hiss edir və az qala hər gün “hökumətin müşavirəsi”ni keçirərək, Azərbaycan əleyhinə danışır, suverenliyimizə, bayrağımıza dil uzadır. Misal üçün, srağagün o, çıxışında “konstitusion islahatlar”ın vacibliyindən dəm vurub və belə bir cümlə işlədib: “Ölkəni böhrandan çıxarmaq üçün əlimdən gələni edəcəyəm”.
“Ölkə” deyərkən o, əlbəttə ki, mifik “artsaxı” nəzərdə tutur.
Hələ harasıdır, Vardanyan mövcud olmayan dövlətin “hökumət başçısı” postunu tutan kimi Ermənistandan, daha dəqiqi, Rusiyanın Gümrüdəki hərbi bazasından Qarabağa “humanitar yardım” adı altında silah-sursat daşınmağa başlanıb. Təbii ki, Rusiya faktı boynuna almır. Rusiya nə vaxt öz cinayətlərini etiraf edib ki?
Gerçək belədir ki, biz Moskvadan 10 noyabr kapitulyasiya aktının 4-cü bəndini reallaşdırmağı gözlədiyimiz halda, Rusiya, əksinə, qanunsuz dəstələri silahlandırmaqla məşğuldur. Putinin imzası duran 22 fevral 2022-ci il tarixli Moskva bəyannaməsini də “ili çıxmamış” unudublar. Hansı sənəddə ki, ərazi bütövlüyünə qarşılıqlı hörmət, separatizmlə və terrorçuluqla birgə mübarizə “qırmızı xətt” kimi keçir...
*****
Azərbaycan Prezidenti Zəfər Günü Şuşada “səbrimiz sonsuz deyil”, “erməni silahlıları Qarabağda nə gəzir” deyərkən, heç şübhəsiz, hər şeydən öncə ölkəmiz əleyhinə aparılan bütün bu pozucu fəaliyyəti nəzərdə tuturdu. Prezident bunu həm də hərbçilər qarşısında və hərbi geyimdə söylədi. Odur ki, ilk növbədə xaricdəki müvafiq ünvanlar, erməni separatçıları, vardanyanların havadarları bundan nəticə çıxarmalıdır. Köhnə, işlənmiş üsullarla sülh müqaviləsinin imzalanmasına əngəl yaratmağa çalışmamalıdırlar.
Amma nə görürük? Zəfər Günü ordumuzun mövqeləri Ermənistanla yanaşı, Rusiya “sülhməramlıların” yerləşdiyi ərazimizdən - Xocavənd rayonu istiqamətində də atəşə tutuldu. Özü də Azərbaycan Prezidentinin Şuşadakı çıxışından cəmi bir neçə saat sonra! Sözsüz ki, bunlar yüzdə-yüz Rusiyanın “dobrosu” ilə baş verir. Çünki İlham Əliyev öz nitqində Qarabağda müvəqqəti yerləşmiş “sülhməramlı” kontingentin səlahiyyət müddətinin uzadılmayacağının da aydın anonsunu vermişdi. “Sülhməramlıların müddəti 10 noyabr sənədində göstərilib” demişdi.
Beləcə, 5 illik müddətin cəmi iki ili kifayət elədi ki, Azərbaycanın razılığı ilə bölgəmizə gəlmiş Rusiya hərbi kontingenti separatçı ünsürlərlə qol-boyun, “ət-dırnaq” olsun, qardaşlaşsın, doğmalaşsın, onların himayəçisinə çevrilsin. Rəsmi Bakı bütün bu qanunsuz əməllərə, o sırada kriminal ünsürlərin rusun “çətiri” altında Qarabağda at oynadıb özlərini tam cəzasız hiss etməsinə uzun müddət seyrçi qala bilərmi? Özünə hörmət edən hansı dövlət buna dözər, o ki ola qalib Azərbaycan? Demək, “Vardanyan layihəsi” separatçıların sonunu daha tez gətirəcək. Bakının növbəti “dəmir qapaz”ı qaçılmaza çevrilir.
Bu da diqqətçəkicidir ki, Zəfər Günü ilə bağlı Türkiyə, İsrail, Pakistan dövləti, hətta İranın Bakıdakı səfirliyi Azərbaycana təbrik ünvanladılarsa, Rusiyadan səs çıxmadı. Eləcə də ABŞ və Fransadan. Təsadüfmü?..
*****
Abdullah Ağar
“İkinci Qarabağ savaşına qədər ortada müəyyən dairələrin bir oyunu var idi. Azərbaycanı parçalamaq və yeni torpaqlar işğal etmək üçün müharibəyə başladılar, amma son nəticədə biz həm torpaqlarımızı işğaldan azad etdik, həm də planları bumeranq kimi özlərini vurdu”.
Bu sözləri təhlükəsizlik məsələləri üzrə türkiyəli ekspert Abdullah Ağar Axar.az-a deyib.
“Ancaq həmin dairələr məkrli niyyət və məqsədlərindən imtina etməyib. Onlar hər vasitə ilə Azərbaycanın irəliləməsinə qarşı çıxır. Biz şəksiz bir qələbə qazandıq və Ermənistanın belini qırdıq. Lakin qondarma "dqr"lə bağlı məsələlər Rusiyanın himayəsində davam edir. Yəni hərbi məqsədimizə tam çatsaq da, siyasi hədəfimizə hələ tam nail olmamışıq", - deyə ekspert qeyd edib.
Analitikin sözlərinə görə, baş verənlər Ermənistanı yenə təxribatlar törətməyə həvəsləndirir, bölgədə təhlükəsizliyin və sülhün təminatı üçün böyük problemlər yaradır: “Əlbəttə ki, 10 noyabr bəyanatı ilə əldə etdiyimiz uğur çox böyükdür, lakin bölgədə konfrontasiy davam edir. Ancaq beynəlxalq münasibətlərdə məcburetmə diplomatiyası anlayışı var. Kimsə istəmir, ya da xoşuna gəlmir deyə, biz nə öz torpaqlarımızdan, nə də Zəngəzur dəhlizindən imtina edəsi deyilik. Eyni zamanda torpaqlarımızda Rusiyanın himayəsində süni şəkildə formalaşdırılmış hansısa vəziyyətin Azərbaycana zorla qəbul etdirilmə cəhdlərinə göz yummayacağıq”.
Bu xüsusda türkiyəli hərbi ekspert Azərbaycanın yeni silahlı təxribatlara hazır olmasını vacib sayır: “Bununla bağlı da hazırlığımız davam edir. Ermənistan və onun arxasında dayanan güclərin ehtiraslarının qabarması nəticəsində sinir uclarımıza toxunma həmlələrinin ardı-arası kəsilmir. Mütləq şəkildə rus sülhməramlıların məsuliyyət zonasında olan ərazilərimizi çox böyük istismara məruz qalmadan öz nəzarətimizə götürməliyik. Yəni yekun sülh müqaviləsi imzalananadək Xocalıda, Xocavənddə və separatçıların hələ ki, mövcud olduğu bölgələrdə qarşı tərəfin xeyrinə hansısa status-kvonun formalaşmasına imkan verilməməlidir. Bütün bu sadaladıqlarımız silahlı toqquşma ehtimalına hər an hazır olmağımızı labüd edir. Həm məcburetmə diplomatiyamızı güclü şəkildə irəli aparmalı, həm də yeni bir silahlı münaqişə ehtimalına hazır olmalıyıq”.
Qalib və ən güclü tərəf olaraq, Azərbaycan bütün variantlara hazırdır. Sülh arzulayanlar bizdən sülh, müharibə istəyənlər isə müharibə alacaq... “Müsavat”