"Rusiyaya birbaşa Amerika agentləri nəzarət edib" -"Görünür, biz yenidən Moskvaya qədər geri çəkilməli olacağıq"
Yenixeber.org: Rusiyalı politoloq, ictimai xadim. Geosiyasi Ekspertiza Mərkəzinin direktoru, Moskva Dövlət Universitetinin Sosiologiya fakültəsinin Mühafizəkar Araşdırmalar Mərkəzinin rəis müavini, Avrasiya Komitəsinin üzvü, Beynəlxalq Avrasiya Hərəkatı rəhbərinin müavini, Avrasiya İnformasiya Agentliyinin baş redaktoru, İzbor klubunun daimi üzvü Valeriy Korovin Rusiyadakı mövcud durumu belə şərh edib:
"Xersonun təslim olması son 30 ilin bütün dövlət sistemində ümumi tənəzzülə gətirən ideologiyasızlığından və kadr siyasətinin olmamasından qaynaqlanır.
İlk on illə bağlı müzakirə ediləcək bir şey yoxdur, ölkəyə əslində xaricdən, birbaşa Amerika agentləri nəzarət edib, onların vəzifəsi Rusiyanı bir dövlət, nüvə qalxanı kimi sıradan çıxarmaq idi. Sadəcə Yeltsin birdən-birə irrasional gediş edərək, inadkarlıq etdi və bu alınmadı.
Bundan sonra bəlkə də bir az daha yaxşı ola bilərdi, amma olmadı, çünki kadr seçimində əsas meyar şəxsi sədaqət və texnoloji səmərəlilik oldu. Ancaq ideyalara əhəmiyyət verən yox idi. Yalançı vətənpərvərlik şüarları altında gizlənən aşkar liberalların (altıncı kolon) mimikriyası da buradandır. Başlıca motivasiya da şəxsi mənfəətdir (heç bir öz ideyamız yoxdur, yalnız Qərbinkidir).
Əslində dövlətin bütün kadr siyasəti məhz bu iki sütun üzərində qurulub: adsız idarəetməyə sədaqət və loyallıq. Bu, orduya da təsir etdi. Orada da eyni vəziyyətdir, nə qədər axmaq və sakitsənsə, karyeran bir o qədər yaxşı olacaq. Əsas odur ki, gözə girmə, rəisin kefini pozma, sus, heç bir şey etmədən gözə kül üfür ki, heç nəyi korlamayasan.
Hərbi təlim əvəzinə - hesabatlar, atəş sınaqları əvəzinə - çəkiliş videoları. Motivasiya da mülki strukturlarda olduğu kimidir - qazanc, karyera, sakit çörək yeri, imtiyazlar. Heç bir ideoloji motivasiya yoxdur, çünki ən yuxarıdan sifariş verən yoxdur. Ümumiyyətlə, düşüncə, idealizm, vətənpərvərlik (real, nominal yox) sifariş olunmur. Pula və imtiyazlara görə isə heç kəs ölməyəcək.
Son iki onilliyin kadr siyasəti sadəcə heyrət doğurur.
Mediada və federal kanallarda təbliğ olunanları tam olaraq "Qorxu Partiyası" idarə edir (təslimçilik, məğlubiyyət və s.). Məqsəd hər şeyi olduğu kimi saxlamaqdır. İdeoloqlar CIA-nın birbaşa agentləridir. Onlara nəsə deyən də yoxdur, - "özüylə dostdur". Rəisi narahat etməmək üçün kimsənin kəkələməyə belə cürəti çatmaz.
Daxili siyasət açıq-aşkar bir sektaya verilib. Onun prinsipi hamnı susdurmaqdır. Heç bir problem yoxdur, çünki olmamalıdır. Nöqtə.
Tutaq ki, Müdafiə Naziri və Xarici İşlər Nazirliyi mövcud olanların ən yaxşısıdır, amma qalan hər şey açıq-aşkar zibildir, prinsipsizdir, mənasızdır, pul hərisliyidir, ən alçaq insan materialıdır. Onlardan nə gözləmək olar: səfərbərlik, idealizm, fədakarlıq, qələbələr?..
Hətta indi yubanmadan yuxarıdan kadr inqilabına başlasaq (indiki şəraitdə və ümumiyyətlə Rusiyada başqa bir şey ağlasığmazdır), onda çox böyük səylər və illərlə hazırlıq tələb olunacaq. Otuz il ərzində qəsdən səpələnmiş kadrları yavaş-yavaş toplamalı olacağıq. Axı idealistləri, ziyalıları, vətənpərvərləri nəinki diqqətdən kənarda qoyublar, onlarla kifayət qədər şiddətli mübarizə aparıblar. Ancaq bu istiqamətdə heç bir tərpəniş əlaməti belə yoxdur.
Bu mənada müharibə şansdır - cəmiyyəti, dövlət sistemini, hakimiyyəti sağlamlaşdırır. Ancaq bunun üçün yenidən Moskvaya qədər geri çəkilməkmi lazımdır? Hər şeyin ciddi, ideyaların vacib, Qərbin şeytan olduğunu, məğlubiyyətçilərin Qərb agentləri, ideyasız zibillərin məğlubiyyətin açarı olduğunu nəhayət başa düşmək lazımdır.
Hansı nəticələr çıxarılmalıdır? (onsuz da heç kim bunları eşitməyəcək). Ən əsası: ABŞ bizim ontoloji (ölüm-dirim) düşmənimizdir, Vaşinqton qərar qəbuletmə mərkəzidir, əsas zərbəni ona vurmaq lazımdır. Əlbəttə ki, nüvə zərbəsi də vura bilərsiniz (başqa bir şey etmək üçün kifayət qədər ağlınız yoxdursa). Amma heç nədənsə, yenə bu yaxşıdır.
Ancaq daha yaxşısı, düşməni şəbəkə texnologiyalarının köməyi ilə məhv etməkdir. İdeyalar, üsullar var, amma sifarişçi (dövlət tərəfdən) yoxdur. Çünki qorxu partiyası heç kəsi əsas məsələyə yaxın buraxmayacaq (geyşa-ideoloq buna imkan verməyəcək), effektiv metodistlərin liberal partiyası isə hamının ağzını yumacaq və üstünə beton tökəcək.
Beləliklə, görünür, biz yenidən Moskvaya qədər geri çəkilməli olacağıq. Ondan sonra nüvə zərbələri mübadiləsimi olacaq? Bəlkə, bundan sonra heç olmasa lazımlı kadrlar üçün yer boşaldı..."
Tərcümə, Nadir Qocabəylinindir