Qarabağ söhbəti - “Ermənilər Laçın dəhlizinə çatmamış məsələni Rusiya ilə həll etmək lazım idi” -MÜSAHİBƏ
İlham İsmayıl: “Bəziləri Azad və Kamo uğrunda vuruşduğunu deyir, amma o kəndlərdə heç bir döyüş olmayıb”
“Rus qoşunları Azərbaycanda müvəqqəti olaraq qalmalı idi”
Yenixeber.org: Vaxtilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olmuş İlham İsmayılla müsahibəni təqdim edirik.
Qısa arayış: İlham İsmayıl 1957-ci il oktyabrın 22-də Tərtərin Sarıcalı kəndində doğulub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) Minsk Ali Kursunu bitirib.
1982-1996-cı illərdə SSRİ DTK-sında və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi, MTN-in Gəncə şəhər şöbəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili vəzifələrində çalışıb. MTN-in Şəmkir və Göyçay bölmələrinin rəisi olub. Gəncəbasar bölgəsinin erməni işğalçılarından azad olunmasında fəal iştirak edib. Xüsusi xidmət orqanlarında fəaliyyəti dövründə polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.
1995-ci ildə MTN sistemindən istefa verərək, ictimai-siyasi fəaliyyətlə məşğul olub:
- İlham müəllim, Qarabağla bağlı verəcəyiniz müsahibədə daha çox kəşfiyyat məlumatlarına istinad etməyinizi öncədən rica edirik. Siz xüsusi xidmət orqanında xidmətə başlayan illərdə, 1984-cü ildə Qazaxda Azərbaycan torpaqlarının bir hissəsi Ermənistana verildi.
- Bəli, 10 min hektar ərazi Emənistana verilmişdi...
- O vaxtkı Azərbaycan Nazirlər Sovetinin sədr müavini Şamil Rasizadə prosesdə iştirak edirdi. Onda artıq ermənilərin yaxın gələcəkdə Qarabağa da iddia edəcəkləri haqda kəşfiyyat məlumatları almışdınız?
- Erməni millətçiliyi bütövlükdə SSRİ yaranandan ortalıqdadır. Siz mənə xatırlatdınız, Minsk məktəbində bizə məruzələr oxunurdu, gürcü millətçiliyi də, erməni millətçiliyi də önə çəkilirdi. Bizim isə Azərbaycan millətçiliyi kimi bir anlayışımız yox idi. Biz düşünürdük ki, kaş Azərbaycan millətçiliyi də olaydı, burada mühazirələrdə səsləndiriləydi. Baltikayanı ölkələrin də, Ukraynanın da öz millətçiliyi var idi, amma Moldova, Azərbaycan və Orta Asiya yox idi. Erməni millətçiliyi təkcə ermənilərin azadlığı uğrunda mübarizə aparmırdı. Bu həm Türkiyəyə, həm də bizə qarşı idi. 1984-cü ildə torpaqlarımız SSRİ Nazirlər Sovetinin qərarı ilə ermənilərə veriləndə mən ikinci il idi ki, xüsusi xidmət orqanında işləyirdim. Amma elə bir analiz aparmamışdıq ki, sonradan Qarabağda da belə halın yaşanacağını bilək. Mən təcrübəsiz ola bilərdim, amma o analiz dövlət rəhbərliyinə, Dövlət Təhlükəsizlik Komitəsinin rəhbərlərinə məlum olmalı idi. Çünki erməni millətçiliyinin əsas istiqaməti Dağlıq Qarabağı Azərbaycandan ayırıb, Ermənistana birləşdirməyə yönəlmişdi. 1984-cü ildə Azərbaycanın Qazaxdan torpaq verilməsinə reaksiyası adekvat olmadı. Nə ziyalılar, nə də rəhbərlik tərəfindən reaksiya verildi. Əslində ziyalıların mövqeyi çox vacib idi. Ermənistanın bütün məsələlərini Moskva rəhbərliyi qarşısında qaldıran ziyalılar olub: Dəmirçiyan, ondan əvvəlki Ermənistanın birinci katibləri deyil, Marietta Şaginyan, Zori Balayan, Silva Kapitukyan məsələ qaldırırdı. 1988-ci ildə Qarabağ hadisələri başlayanda da SSRİ Nazirlər Sovetində çıxış edənlər rəssam İgidyan, akademik Aqambekyan kimi ziyalılar olmuşdu. Yenə təəssüf edirəm, başımıza gələn 1984-cü il hadisəsi lazımi reaksiyanı yaratmadı.
- DTK-nın o zamankı sədr müavini Bahadır Hüseynov sual ünvanlayıb ki, Şamil Rasizadəni Yerevana kim göndərib? Rasizadəni yaxşı tanıyırdılarsa, niyə Dövlət Təhlükəsizlik Komitəsi onun İrəvana getməsinə müdaxilə etmirdi?
- Mən vəzifəyə gələndə rayon partiya komitələrinin birinci katibinin rüşvətxorluğu haqqında bir neçə dəfə informasiya gətirmişdim. Mənə dedilər ki, Komitə partiyaya qarşı işləmir, dövlətin təhlükəsizliyinə, əks-kəşfiyyat tədbirlərinə cavabdehdir.Yəni rüşvət almaq da məlum idi. Bilirdilər ki, ali məktəblərə də rüşvətlə qəbul olunur, birinci katiblər - indiki icra başçıları da rüşvət alırlar və s.
Azərbaycan torpaqlarını müdafiə etmək nöqteyi-nəzərdən kiminsə İrəvana getməyində maraq yox idi. O adamı göndərirdilər ki, kosmopolit, milli hisləri olmayan, Azərbaycan tərəfindən bunun nə ilə nəticələnəcəyini düşünə bilməyən şəxs olsun. Günah tək Rasizadədə deyil ki. “Moskva belə deyirsə, belə həll olunmalıdır” prinsipi ilə yanaşırdılar. Görürsünüz, Bahadur Hüseynov demir ki, niyə torpaqları ermənilərə verirsiniz? Sualına baxın: “Niyə məhz Şamil Rasizadəni göndərirsiniz?” deyir. Yəni qeyd edirdi ki, məsələni daha rahat şəkildə yola verəcək kadr göndərəydiniz.
- Siz yeni də olsanız, informasiya mənbələriniz olardı. Məlumatlı idinizmi ki, bu görüşdən sonra Qazaxda 10 min hektar ərazi gedəcək?
- Gəncə şəhər şöbəsinin xüsusi bölgəsi var – Xanlar o vaxtı Samuxla birlikdə idi, Şaumyan – indiki Goranboy rayon ərazisi və Goranboy rayonunun özü. Bu üç rayona baxırdıq. Qazaxın ayrı bölməsi var idi və onların bu işdən xəbəri yox idi. Həm də ki, SSRİ Nazirlər Soveti qərar qəbul edəndə Qazax bölməsi ilə məsləhətləşmirdi. Bəlkə də gözləyiblər ki, hər hansı reaksiya ola bilər, reaksiya olarsa, güc tətbiq edilməli, məsələ həll olunmalıydı.
Qazax torpaqlarının verilməsi ilə bağlı yeganə hadisə stadionda plakat qaldırılması oldu. Orada bildirildi ki, Azərbaycan torpaqları Ermənistana verilib. Bu isə 1984-cü ilin sonuna yaxın idi.
- Sonra 1988-ci ildə münaqişə başladı. Amma siz, kəşfiyyat orqanları bu münaqişənin tez bitəcəyini düşünmüşdünüz. Sizə elə gəlmir ki, hadisələri düzgün proqnozlaşdırmamaq, bu gün də həmin tempdə qalmaq ictimai problemlərimizin əsasını təşkil edir?
- Tamamilə düzgündür. Amma biz çox aşağı heyətə sahib idik. Əməliyyat işçiləri verilən tapşırıqları yerinə yetirir. İnformasiyalar, Qarabağ haqqında məlumatlar ölkə rəhbərliyinə, xüsusi xidmət orqanının rəhbərinə çatdırılırdı. Biz müstəqil dövlət deyildik. Ona görə bütün bu məsələlər Moskvada həll olunurdu. İnformasiyalar Moskaya verilirdi ki, o, Ermənistana təsir etsin, işlər görsün. Hadisələr başlayanda da Moskvanın bizə qarşı təsirləri oldu. Yazırdılar ki, Azərbaycan Dağlıq Qarabağı yaxşı təmin etmir, diqqət göstərmir. Artıq ox yaydan çıxmışdı. Bir dəfə hadisələrlə bağlı Moskvaya gedəndə SSRİ prokurorunun müavininə də dedim ki, belə işlər görülür, əvvəllər belə maddə ilə həbslər olurdu. İndi deyirlər sizin razılığınız olmalıdır. Bunu edəkmi? Dedi ki, xeyr, eləməyin. “Çünki cin şüşədən çıxıb, biz onu geri qaytara bilməyəcəyik. Bu ölkə salamat qalsa, böyük şeydir” dedi. Təbii ki, o, daha təcrübəli şəxs idi. Tək mən yox, bütün əməliyyat işçiləri inanırdıq ki, Moskva məsələni bu şəkildə qoymayacaq, tez yatırdacaq, hər şey əvvəlki qayadada olacaq. Amma olmadı.
- Siz Azərbaycanın xüsusi xidmət orqanına rəhbərlik etmiş Ziya Yusifzadə, Vaqif Hüseynov, Karalevski, İlhüseyn Hüseynov, Fəxrəddin Təhməzov, Namiq Abbasovla işləmisiniz. Onları müqayisə edərkən nə düşünürsünüz, Qarabağ məsələsinə hansı daha çox can yandırırdı?
- Bunu sizə birbaşa deyə bilərəm ki, Ziya Yusifzadə SSRİ miqyasında peşəkar əks-kəşfiyyatçı idi. Amma o, hadisələr başlayandan 5 ay sonra vəzifəsindən azad olundu. Onda hadisələr belə böyük miqyası da almamışdı. Sonra təyin edilən Karalevski Azərbaycanın maraqlarını düşünmürdü, ancaq SSRİ-nin maraqlarını güdürdü. Onun nəzərində xalq şairi Bəxtiyar Vahabzadə və hansısa qaçqın ekstremist idi. Hadisələr artıq döyüş mövqeyinə çatanda sözün həqiqi mənasında bizə rəhbərlik edən, istiqamət verən, bizi silahlandıran şəxs Vaqif Hüseynov oldu. Biz onun rəhbərliyi altında Qazaxdan tutmuş keçmiş Şaumyan rayonunun və Dağlıq Qarabağın sərhədinə qədər torpaqların alınmasını həyata keçirmişdik. Müharibə baxımından ən çox iş görən Vaqif Hüseynov olub.
Vaqif Hüseyovdan sonra İlhüseyn Hüseynov gələndə hamı bilir ki, sentyabrın 7-dən sonra ümumiyyətlə, xidmət işçilərinin döyüş bölgəsinə göndərilməsi qadağan olundu. Yalnız xüsusi təyinatlılar göndərilirdi. İlhüseyn Hüseynov peşəkar kəşfiyyatçı idi. Amma bu məsələdə gözləyirdi ki, Moskva nəsə eləsin.
- Əbdürrəhman Vəzirov Ziya Yusifzadəni işdən çıxararkən DTK sədri bunun Qarabağ məsələsinə təsir etməyəcəyini bildirib. Bu haqda "KQB-MTN Görünən dağın bələdçiliyi" kitabınızda yazmısınız.
- Mən orada iştirak etməmişəm. Amma informasiya gəlirdi ki, Vəzirov xeyli kadr dəyişikliyi edir. Ziya Yusifzadə işdən çıxarıldı, Namiq Abbasov Rusiyaya gödərildi. Nəriman İmranov kadr üzrə müavin idi, Urala göndərildi. Faktiki olaraq, komitə yenidən quruldu. Onların hamısı Heydər Əliyevin kadrları idi, O isə Siyasi büro üzvlüyündən çıxarılmışdı. Yerdəki kadrları da buna görə təmizləyirdilər. Ziya Yusifzadənin çıxışı düzgün addım idi . O demişdi ki, Qarabağ məsələsində biz SSRİ rəhbərliyinə də zamanında informasiya göndərmişik. Heç kim görməyib və bundan sonra da görəcəyiniz sual altındadır. Çünki məsələ bununla bitməyəcək. Bu, onun uzaqgörənliyi idi.
- O zaman da hiss etmirdiniz ki, artıq ermənilərin iddiasının miqyası genişlənir?
- 20 Yanvar hadisələrindən sonra bir anlığa düşünüldü ki, SSRİ bizə qarşı sərt addımlar atıb, yəqin Ermənistana qarşı da addımlar atılacaq. Amma belə olmadı. Cəmi 2-3 ay sonra gördük ki, Ermənistana heç bir sərtlik göstərilmir. Artıq Ermənistanda da azərbaycanlı qalmamışdı. 1990-cı illərin ortalarından bizə məlum idi ki, SSRİ dağılmaq ərəfəsindədir, bu, açıq görünürdü. Düşünmürdük ki, Moskva məsələni həll edəcək. 1991-ci ilin avqustunda “QKÇP qiyamı” oldu ki, guya, Mixail Qorboçovu yıxırlar, SSRİ əvvəlki vəziyyətinə qayıdır və s. Amma bu, bir gün çəkdi, məlum oldu ki, oyundur. 1990-cı ilin ortalarından SSRİ-ni saxlamağın qeyri-mümkünlüyü görünürdü.
- Siz kitabınızda Xanlar rayonunun (indiki Göygöl) iki kəndinin – Azad və Komonun- döyüşsüz qaytarılmasından yazmısınız. Bu haqda bir qədər geniş danışmağınızı istərdik.
- Bu kəndlər Hacıkəndin üzərində olan kəndlərdir. 4 kənd var idi - ermənilərin Agestan, bizim Əbləh dediyimiz kənd, Mixaylovka – malakanların yaşadığı kənd, Kamo və Azad kəndləri. Son iki kənd düz yolun üstündədir, Hacıkəndə yaxındır, dərədə isə Çaykənddir. Kamo və Azad kəndlərində heç bir döyüş olmayıb. Onlar 1990-cı ilin mart ayından mənim yazdığım arayışlar nəticəsində boşaldılıb. Çünki onlarla danışıqlar aparırdım, köçməyə meyilli idilər, o biri kəndlər köçmüşdülər, amma İrəvandan gələnlərə Çaykəndə keçməyə imkan vermirdilər. Ona görə, Kamo və Azad kəndində döyüş olmayıb. Biz onlarla danışıqlar apardıq, dedilər ki, Çaykəndlə bizim aramızı kəsin, bizi köçürün. Biz də bu addımı atmışıq. Arayışımızı yazıb, Bakıya göndərəndən sonra, telefonla Həsən Həsənovla və digərləri ilə danışdım ki, detalları həll edək. Hətta dedilər, sizə pul göndərsək, həqiqətən, onları köçürə biləcəksinizmi? Dedik danışığımız olub, köçürə biləcəyik. Rusiya və Sovet ordusunun aerodromda qüvvəsi var idi, onlarla danışdıq, bir qədər hörmət, rüşvətlə, qılıqlarına girdik ki, bircə həftə Çaykəndlə aranı kəsin. Hətta bizim elə bir gücümüz yox idi ki, iki kəndin arasını kəsək. Bir həftənin içərisində kəndi köçürdük. Kəndin çox hissəsi təyyarə ilə Stavropola göndərildi. Gürcüstandan gətirdiyimiz avtomobillər, rusların avtobazaları sayəsində Ermənistana köçürdük. Amma təəssüf ki, bəzi adamlar hərdən Kamo və Azad uğrunda uğrunda döyüşdüyünü deyir. Bu kəndlər uğrunda heç bir döyüş olmayıb.
- Bir müddət sonra – 1991-ci ildə “Həlqə” (“Koltso”) əməliyyatı oldu, SSRİ ilə birlikdə. Əməliyyat gedən vaxtlarda Xalq Cəbhəsindən olan bir qrup nümayəndə etiraz bəyanatı verdi. Onları bu bəyanata təşviq edən nə idi? SSRİ-nin əməliyyatda iştirakı, yoxsa Ayaz Mütəllibova olan nifrət?
- SSRİ-in iştirakı deyəndə ki, “Həlqə” əməliyyatını keçirməyə Rusiyanın razılığı var idi. Artıq bizim xüsusi təyinatlı dəstəmiz, silahlarımız, həmçinin Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı OMON dəstəsi var idi. Biz bilirdik ki, bu kəndi ala bilərik. 1991-ci ilin aprelin 30-na qədər o vaxtkı “Ukrayna” batalyonu göndərilmişdi. Batalyonun komandir müavini mayor rütbəsində Nəcməddin Sadıqov idi. Onun iki BTR-i kəndi bizdən qoruyurdu ki, heç bir müdaxilə olmasın. Bundan sonra Moskvanın razılığı oldu ki, siz orada əməliyyatı keçirin. Vaqif Hüseynovun həmişə belə bir xətti var idi - biz Moskvanın əli ilə bu işləri görürük. Əksi mümkün deyildi, çünki biz razılıqsız döyüşə girəndə bir də görürdük, rus BTR-ləri o tərəfdən gəlir. Əlimizdə heç bir zirehli texnika yox idi. Ona görə, bizə mane ola bilirdilər.
Biz sonra eşitdik ki, Xalq Cəbhəsi nümayəndələri etiraz ediblər. Həmin bəyanatla tanış deyiləm, sadəcə eşitmişəm. Onların görünür, belə fikirləri olub ki, məsələlər sülh yolu ilə həll olunsun. Amma inanmıram ki, Azərbaycan torpaqlarının ekstremistlərdən azad olunmasına xüsusi təpki göstərəydilər. Hər halda, ikinci siz dediyiniz faktor daha önəmli idi. Çünki Ayaz Mütəllibov bununla möhkəmlənirdi. Hətta o əməliyyat gedən vaxt hər saatda zəng vururdu ki, nə oldu, məsələ niyə uzandı? Mən bunu kitabımda yazmışam ki, hadisələrin bir gün uzanmasının səbəbi məhz rusların sülh təklifinə getməyi idi. Onları tutmuşdular. Ondan sonra hadisələr bir gün gecikdi və biz onların azad edilməsi uğrunda yeni əməliyyat düşündük. Həmin vaxt bizdən adam ölməmişdi, onlardan məhv edilənlər olmuşdu. Nəticədə Çaykənd ermənilərdən azad edildi.
- Sizə elə gəlmir ki, “Həlqə” əməliyyatı davam etsəydi, Xalq Cəbhəsinin etirazları olmasaydı, Qarabağ problemi indiki qədər geniş miqyas almazdı?
- Xalq Cəbhəsinin etirazı çox cüzi idi, təsiri yox idi. Biz kəndi azad edirik, insanlarımız sevinir, kimsə də kənarda etiraz edir, bunun nə əhəmiyyəti olacaqdı? Mənim yadımdadır, biz Şəfəq kəndində mühasirəyə düşmüşdük. Çaykənd, Şaumyanın digər kəndləri azad olunmuşdu, növbəti əməliyyatımız Şəfəq idi. Xüsusi təyinatlı dəstələrimiz orada mühasirəyə düşəndə getdik ki, milis dayanıb, Xalq Cəbhəsinin nümayəndələri gəlib, gediblər. Adını da qoyublar ki, bu da oyundur. Nə oyun? Biz mühasirəyə düşmüşük, güllələr divarlarda sanki arx açmışdı. Belə oyun olur? Təsəvvür yaranmışdı ki, “KQB” işin içərisindədirsə, nə isə oyun var. Halbuki, biz torpaqlarımızı müdafiə edirdik. Xalq Cəbhəsinin isə etirazının, təsdiqinin heç bir əhəmiyyəti yox idi.
Sadəcə olaraq, “QKÇP” qiyamının bizə çox zərəri dəydi, bu hadisə olmasa idi, Vaqif Hüseynov həm Moskva, həm də ölkə rəhbərliyi ilə çox uğurlu əməliyyatlar keçirməyə davam edəcəkdi. Növbəti əməliyyatımızda isə keçmiş Şaumyan rayonunu tamamilə azad edib, Dağlıq Qarabağın sərhədinə çıxmaq idi. Ağdərə rayonunun, Tərtərçayın sol sahilinə çıxmağa bütün planlar qurulmuşdu. Mən Goranboy rayonunun kuratoru deyildim, amma Vaqif Hüseynov məhz məni də aparırdı ki, sənin artıq təcrübən var. Həm də mən Tərtərdən olduğum üçün yerlərə çox bələd idim. Yaylaq yerlərimiz olub, Şaumyan rayon ərazisi. Mən əməliyyat vaxtı malakanların yaşadığı kənddə olmalı, planları cızmalı, erməniləri öyrənməli idim. Növbəti hücum olacaqdı. Təəssüf ki, sona qədər davam edə bilmədik.
- Amma bizim cəmiyyətdə, müxalifətin köhnə “qvardiyasında” Vaqif Hüseynov haqqında heç də müsbət fikirlər yoxdur...
- Vaqif Hüseynov haqqında insanların çoxu düşünür ki, kosmopolit, Moskvanın adamıdır, milliliyi yoxdur. Tamamilə yanlışdır. Əvvəla o, bizim kimi jurnalistdir, jurnalist işləyib, Azərbaycan və rus ədəbiyyatını bilirdi, tarixi dərindən öyrənmişdi. O adamda heç bir kosmopolitlik yox idi. Əksinə, Azərbaycanın ziyalıları ilə çox yaxşı münasibətləri var idi. Bu hadisələrdə də yaxşı münasibətləri olub. Daxilində milli hissləri güclü idi. Sadəcə, o işini Moskvanın əli ilə görürdü. O bilirdi ki, biz Moskvanın maraqlarına uyğun hərəkət etməsək, ermənilərdən qurtara bilməyəcəyik. Əks təqdirdə Moskva erməniləri müdafiə edəcək. O dediyi kimi də oldu. Ermənilər Moskvanın əli ilə Qarabağı, torpaqlarımızı işğal ediblər. Təkbaşına heç nə edə bilməzdilər.
Bizim qüvvələrimiz bir müddət Vəng zirvəsinin üzərinə çıxmışdı, oradan Xankəndi görünürdü. Münasibətlər tamamilə pozuldu. Rusiya ilə əlaqələr, diplomatik münasibətlər tamamilə kəsildi, əlaqələri yaxşı qura bilmədik. Rusiyanın bəzi maraqları ilə oynamalı idik. Bu da olmadı. Əks tədbirlər nəticəsində Qarabağın ətrafındakı rayonları da itirdik.
Vaqif Hüseynov xalqını, millətini sevən şəxs olub. Onun Moskvaya bağlılığı zamanının oğlu olması ilə əlaqədardır.
- Bu sualı sıravi adama versək, yalnız nəzəri cavab verər. Amma siz əməliyyat işçisi olmusunuz. Qarabağ məsələsinin açarı Rusiyada idi, bu öz yerində. Bəs digər dövlətlərin Qarabağ məsələsində iştirakı haqqında hər hansı kəşfiyyat məlumatları daxil olurdumu?
- SSRİ yıxılana qədər başqa dövlətin burada xüsusi marağı olmayıb. Əksinə maraq olub, nə qədər vəziyyət gərginləşsə, o qədər yaxşıdır ki, SSRİ dağılsın. Qarabağda vəziyyət gərginləşsin, hər iki tərəfdə etirazlar olsun, Moskva üçün mənfi nəticələnsin. Amerikanın marağı hansısa münaqişənin həlli deyil, SSRİ-nin dağılması idi. İran üçün çox səksəkəli dövr idi. İran düşünürdü ki, nə qədər Azərbaycanda vəziyyət gərgin olsa, öz ərazisində yaşayan azərbaycanlıların Şimala meyli azalacaq. İranın bizə nə köməyi, nə də xüsusi müdaxiləsi olub. Çünki ortada SSRİ sərhədi var idi.
Türkiyənin marağı mənəvi dəstəkdən başqa bir şey deyildi. Real hərbi-texniki dəstəyi yox idi. Rusiyanın münaqişə başlayandan mövcud olan hegemonluğu bu gün də qalır. Güney Qafqazda Gürcüstanı itirəndən sonra Qarabağ Rusiyanın əlində olmalıdır ki, həm Ermənistanı, həm də Gürcüstanı təsirində saxlasın, sərhədlərinin təhlükəsizliyini təmin etsin.
- Hadisələr bir-birilə zəncirvari bağlıdır. Məsələn, AXC hakimiyyətinin yıxılmasının səbəblərindən biri də Qarabağ cəbhəsindəki uğursuzluq – Kəlbəcərin işğalı idi. Belə fikirlər də var ki, AXC iqtidarının yıxılmasında BP maraqlı olub.
- SSRİ dağılana qədər bir maraq var idi - imperiya yıxılsın. SSRİ dağılandan sonra təbii ki, istəyirdilər, artıq hansısa dövlətlərin maraqları təmin olunsun. Xalq Cəbhəsi qərbyönümlü idi. Qərbin, BP-nin də burada marağı ola bilərdi. Amma sonrakı inkişaf göstərdi ki, heç BP-nin də marağında deyil ki, burada kim hakimiyyətdə olsun. Onların təxribatı yox idi. Təxribat yenə Rusiya və İranla bağlı idi.
- 1991-ci ildə Yanvar hadisələrinin ildönümü qeyd olunanda Gəncədə İranlı şiə mollaları təxribata cəhd ediblər. Bu haqda danışa bilərsinizmi?
- Bizdə bununla bağlı məlumat var idi. Elə ərəfə idi ki, həmin anda nə rəisimiz, nə də rəis müavini Fəxrəddin Təhməzov işdə idilər. Məni müvəqqəti səlahiyyətli təyin etdilər. Mən əvvəlcədən bununla bağlı çıxış etdim ki, ola bilsin, iranlı mollalar gəlib, burada addım atsınlar. Amma bilmirəm, necə çıxış edəcəklər, ola bilər, təxribat xarakterli olsun. Həqiqətən də, mollalar gəldi. Milliyətcə Azərbaycan türkü olan, tamamilə qara geyinmiş iki molla idi. Biri çıxış etdi, bir qədər şəhidlərimizdən danışdı və Kərbəla şəhidlərinə keçdi. Ağlamağa başladı, Aşura günündə necə edirlərsə, həmin hərəkətləri təkrarladı. Bununla 20 Yanvarın milliliyini, milli mübarizədən çıxarıb, dini mübarizə formasına keçirmək istəyirdi. İndi Serbiyada səfir olan, o zamankı polis rəisi Eldar Həsənov mənə baxdı, artıq mən bildim ki, hərəkət etməliyəm. Yaxınlaşdım, mollanın ətəyindən dartdım. O burada saxlamalı olduğunu anladı, kənara çəkildi. İranın bu cür təxrübat cəhdləri çox olur. Məsələn, elə Milli Qəhrəman Mübariz İbrahimov da dəfn ediləndə məsələyə dini don geyindirməyə çalışdılar. Həmin hadisələr 20 Yanvarla bağlı da təkrarlanmışdı.
- İran tərəfi iddia edir ki, Qarabağ məsələsində bizə dəstək olublar, ta ki, Cəbhə hakimiyyəti bərqərar olana qədər. Maraqlıdır, əgər olubsa, hansı köməklikləri dəyib?
- Bəlkə kiminsə orada bizə ürəyi yanıb, bir maşın un göndərib. Amma bu xüsusi bir kömək sayılmır. Söhbət siyasi köməkdən gedirsə, İran əksinə, həmişə bizim əleyhimizə olub. İran münaqişə başlayandan bu günə qədər Azərbaycanın çox pis günə qalmağını istəyib. Azərbaycanın pis günə qalması cənublu soydaşlarımızın müstəqil Azərbaycana can atmasını əngəlləyir. Vəssalam! Ermənilərin, xüsusilə də Dağlıq Qarabağdakə ermənilərin ən xırda ehtiyaclarını ödəyən addımlar hamısı İranın əli ilə atılır. İranın özü də, Dağlıq Qarabağ erməniləri də bunu etiraf edirlər ki, İran Ermənistanın nəfəsliyidir.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton gəldi, Ermənistana da baş çəkdi, Azərbaycanda da görüşlər keçirdi. Onun İranla bağlı xüsusi göstərişləri, məsləhətləri oldu. O deyirdi ki, İranla əlaqələrinizi azaldın. Ermənistan isə bunun əksinə getdi. Ermənilər deyirdilər ki, “biz sərhədlərimizi İranla bağlasaq da, yaxşı ki, Dağlıq Qarabağın İranla sərhədləri bizim üçün açıqdır. İstədiyimiz hər şeyi oradan əldə edə bilərik. Beləlikə, bizə Bolton və digəri də mane ola bilməz”. Ermənilər üçün İran nəfəslikdir.
Nikol Paşinyanın İrana səfəri zamanı onun məhz fevralın 26-sı - Xocalı soyqırımı günü qəbul olunması İran tərəfindən mesaj idi. İran rəmzlərlə işləyən dövlətdir. Həmin gün Bəşər Əsəd kimi Tehrana daha vacib olan adam orada səfərdə idi, amma erməni baş nazirin səfərini bir gün sonraya ertələmədilər. Əsas o idi ki, Xocalı soyqırımı günü erməni baş nazir yüksək səviyyədə qarşılansın.
- Digər dövlətlərin burada marağı indi də dəyişməz qalır?
- Xeyr, indi çox şey dəyişib. Artıq burada bir neçə dövlətin marağı var. Maraq isə tək Qarabağ üzərində deyil. Türkiyənin mövqeyi bizim mövqeyimizlə bərabərdirsə, Amerikanın mövqeyi bütün Güney Qafqazda öz maraqlarını həyata keçirmək, Rusiyanın təsirini tamamilə azaltmaqdır. Gürcüstanda hansı vəziyyətdirsə, istəyir ki, Azərbaycanla Ermənistanda da o vəziyyətə yaransın. Baxmayaraq ki, həm Gürcüstan, həm Azərbaycan torpaq itkisinə məruz qalıb. ABŞ istəyir, bütün Güney Qafqazda hakimiyyətini yaysın. Ermənistan isə ayrı xətt götürüb, çox yaxşı bilir ki, Rusiya məhz Qarabağa görə, Paşinyan qərbpərəst olsa belə, əl çəkməyəcək. Rusiya özünə qarşı o söyüşləri qəbul edir, Ermənistanı da əlinin altında saxlayır. Rəsmi Moskva məcburdur ki, Ermənistanı sevsin. Paşinyan AŞPA-da çıxış edəndən sonrs foyeyə çıxanda Ukrayna televiziyası ona sual verir: “Krım kimindir?”. Paşinyanın cavabına baxın: “Dostlarımız arasında belə konflikt olanda hansı qərarı verəcəyimizi bilmirik. Bizim mövqeyimiz sülhdür”. Jurnalist yenidən soruşur ki, “axı siz Krımla bağlı qətnamələrin həmişə əleyhinə gedirsiniz, Rusiyanı müdafiə edirsiniz?” Baş nazir bu dəfə əlini yelləyir, suala cavab vermədən gedir. Onun daxilində Qərbə meyillilik olsa da, Rusiyadan asılılığını dərk edir. Erməni mətbuatını oxuyun, 80 faizi Rusiyanın əleyhinədir. Vladimir Putini ümumiyyətlə tənqid, hətta təhqir edirlər. Məsələ burasındadır ki, Rusiya öz maraqları naminə Ermənistanı müdafiə edir. “Krım kimindir” sualına Rusiyanın mövqeyindən cavab verən adam sonuna qədər Qərbyönümlü deyil. Emrənistanın maraqları naminə antidemokrat da, hər şey də olacaq. Bunu nəzərə almalıyıq.
- Zviad Qamsaxurdiya Azərbaycana gəldi, cəmi 1 gün qaldı. Amma Ermənistanın o zamankı rəhbəri Levon Ter-Petrosyan ona qucaq açdı. Biz ona qucaq açsaydıq, nə dəyişəcəkdi?
- Bu, sadəcə bir jest idi. Heç nə dəyişməyəcəkdi. Ermənistan yaxşı bilirdi ki, nə etsə də Rusiya ermənilərdən əl çəkəsi deyil. Ona görə Ter-Petrosyan Qamsaxurdiyanı qəbul etdi, sığınacaq verdi. Bizimkilər isə Rusiyanın təpkisindən elə çəkindilər ki, Qamsaxurdiyanı cəmi 1-2 saat Gəncədə saxlaya bildik. Mən kitabımda da yazmışam. Biz onları qarşılayanda heç kim evinə qəbul etmirdi. Gəncənin rəisinin evində məskunlaşmalı oldular. Yenə də “KQB” işçiləri onları öhdələrinə götürdülər ki, ayıbdır, qonaqdır, qarşılamalıyıq. Yemək-içməyi də biz verdik onlara. Sonra yenidən Qırmızı Körpüyə, Ermənistan sərhədinə göndərdik.
- Gürcüstanın Qarabağ məsələsində mövqeyi, görünməyən tərəfi bizim lehimizədir, yoxsa əlehimizə?
- Görünən tərəfi bizim lehimizədir. Gürcüstan və Azərbaycan eyni taleyi yaşayıb. Gürcüstan heç vaxt istəməz ki, bu gün üçüncü separatizm Cavaxetiya, Ahalkalaki, Ahalsitidə başlasın. Ermənistanla sərhəddir deyə, orada İrəvanın təsiri güclüdür. Ona görə, Gürcüstan Ermənistanın bəzi maraqları ilə oynamağa başladı. Rusiya ilə əlaqələndirici yol birinci Gürcüstanın özünə lazımdır. Sadəcə erməniyə şərait yaradır ki, sən də keç buradan.
- Dağlıq Qarabağa daxil olan və olmayan rayonlar işğal olundu. Elçibəyin komandasının Qarabağ məsələsində mövqeyi strateji idi, yoxsa hissi?
- Mən strateji qiymətləndirməzdim. Strateji olsa idi, indiki kimi olmazdı. Heç Kəlbəcər işğal olunmazdı. Ermənilər Laçın dəhlizinə çatmamış məsələni Rusiya ilə həll etmək lazım idi. Çünki Rusiya əks tədbir görə bilərdi. Deyirdilər ki, görüşmək, danışmaq lazımdır. Hətta Ermənistandan da təkliflər gəlirdi ki, bəlkə Dağlıq Qarabağ Muxtar Vilayətini bərpa edək? Orada strateji bir məqam yaransa idi, Moskva ilə strateji danışıqlar aparıla bilərdi. Onda indiki situasiya yaranmazdı. Bir qədər hisslər, bir qədər təcrübəsizlik vadar etdi ki, dayanmayaq. Davam edəndə isə Rusiya ordunun tərkibində, daxilimizdə qiyamlar yaratmaqla, həm də Ermənistanı hərbi, siyasi cəhətdən təmin etməklə məsələni onun xeyrinə həll etmiş oldu. AXC-nin Qarabağ məsələsinə yanaşması daha çox hisslərlə idi, strateji deyildi. Bu isə vətən sevgisinə mane olmurdu. Lakin siyasət də işlətmək lazım idi. Həmin dövrdə sonrakı proseslərin qarşısını saxlamaq olardı. Həmişə deyirik ki, rus qoşunları Azərbaycandan çıxarıldı. Düzdür, amma həmin qoşunlar Qarabağı işğal etdi. Bu hələ məsələnin həlli deyil.
- Siz kitabınızda qeyd etmisininiz ki, Elçibəy hakimiyyətindən əvvəl də Rusiya qoşunlarının Azərbaycandan çıxarılmasına başlanmışdı.
- Rus qoşunlarının çıxarılması Əbülfəz Elçibəyin təşəbbüsü deyildi. Ruslarla biz 1992-ci ilin aprel ayında danışıqlar aparmışıq. Şəmkir rayonunda 3 cür rus qoşunu var idi – həm aviasiya, həm briqadanın tərksilahı başlamışdı. Yaqub Məmmədovun dövründə biz təyyarələri, vertolyotları da tərksilah edirdik.
Rusların gedişi “QKÇP qiyamı”ndan sonra başladı. Könüllü getmirdilər təbii ki. Amma rus qoşunlarının Azərbaycandan çıxarılmasının yekunu Əbülfəz Elçibəyin dövründə oldu.
- İlham müəllim, starteji yanaşaraq cavab verək: Rusiya qoşunları Azərbaycanda qalmalı idimi?
- Rus qoşunları müvəqqəti də olsa, Azərbaycanda qalmalı idi. Sadəcə, şərt kəsmək lazım idi. Mən siyasətin tam içərisində deyildim, amma hadisələrin inkişafından bu görünürdü. Danışıqlara getmək, Rusiyadan beli bağlı olmaq lazım iidi ki, nə isə edə bilək.
- Kitabınızda qeyd etmisiniz ki, gərgin zamanda prezident Əbülfəz Elçibəy müdafiə nazirini, Dadaş Rzayevi axtarırdı. Elə şey olarmı ki, nazir çıxıb getsin, prezidentin bundan xəbəri olmasın?
- Mən kitabımdakı hadisələri kimdənsə eşidib yazmamışam. Şahidi olduğum proseslərdir. Mənə zəng etdilər ki, bilmirsən, Dadaş Rzayev haradadır? Dedim Tovuzda korpusdadır. Dedilər ki, yox, çıxıb gedib, prezident onu axtarır. İndiki kimi telefonlar da yox idi. Tapşırıq gəldi ki, sən çıx, axtar. Mən onu yolda tapdım. Zabitləri məni içəri buraxmırdılar. Dedim ki, filankəsəm, prezident göndərib, Dadaş müəllim şəxsən məni tanıyır. Məlum oldu ki, o, artıq prezidentlə danışıb. Dadaş Rzayev Gəncəyə girmədi, ətrafından geri qayıtdı. İndi düşündükdə, qəribə gəlir ki, necə ola bilər, müdafiə naziri belə addım atsın? Amma bu mənim gözümün qarşısında baş verib.
- Mətbuatda çox yazırlar ki, Surət Hüseynov Rusiyanın kadrı idi. Sizdə bunu təsdiqləyəcək kəşfiyyat məlumatı, konkret sənəd var idimi?
- Surət Hüseynov Qarabağ hadisələri başlayanda varını-yoxunu qoyub, batalyonlara çox kömək edirdi. Sadəcə olaraq, sonra ruslar gördülər ki, belə bir adam var, şəxsi təşəbbüsü ilə silah alır, yardımlar edir. Buna görə də, onunla münasibət qurdular. O münasibətlərin dərinliyi mənə məlum deyil, amma fakt budur ki, ruslar nə deyib Surət Hüseynov onu yerinə yetirib.
- Elçibəyi Surət Hüseynova güc göstərməməkdə ittiham edirsiniz. Bunun planlı olduğuna da bir növ işarə edirsiniz?
- 4 iyunda baş verən qiyamın səhəri günü hakimiyyəti dərhal tərk etmək sanki plan idi. Müəmmalı hadisədir. Qiyam yatırılmalı idi. Sən əməliyyat planlaşdırırsan, əks reaksiya verilir, əməliyyata başçılıq edənlər tutulur. Bundan sonra qiyamı yatızdırmalısan. Bir qiyamla dövlət dağılmır ki?! Amma qiyamdan qısa müddət keçmədən təyyarəyə minib Naxçıvana uçur...
Ola bilər, düşünüblər ki, hər şey yaxşı olacaq. Amma yaxşı olmadı...
- Siz hələ MTN-də işləyəndə Rəhim Qazıyev, onun müavini Baba Nəzərli, Əlikram Hümbətov MTN təcridxanasından qaçırılmışdı. Bu qaçırılma mexanizmi haqqında nə deyə bilərsiniz?
- Mən onda Göyçayda işləyirdim. İçəridən kömək olmasa, oradan heç kəs çıxarıla bilməzdi. İçəridən kömək olmuşdu. Sonradan həmin adamı tutdular. Bu, Moskvanın əli ilə təşkil edilmişdi. Mən eşitdiyimə görə onlara yol göstərilir ki, filan hissədən çıxmalısınız, amma son anda yol dəyişdirilir. Bilirsiniz ki, həmin qaçışdan sonra MTN çəpərə alındı. Ona qədər MTN-in yaxınlığına getmək də mümkün idi. Bəlkə də bu qəsdən quraşdırılıb ki, belə bir şey olsun, həmin adamlar güllələnsin.
- Sonrakı dövrdə atəşkəs sazişi imzalanana qədər, hətta ondan sonra da təhlükə qalırdı. MTN-nin o vaxtkı rəhbəri Namiq Abbasovun Qarabağ məsələsində mövqeyi sizi qane edirdimi?
- Onun Qarabağ məsələsində heç bir mövqeyi yox idi. O vaxta qədər Namiq Abbasov müavin səviyyəsində idi. Xalq Cəbhəsinin dövründə səlahiyyəti xeyli məhdudlaşdırılmışdı. Namiq Abbasov və Qarabağ - heç uyğun gəlmir.
- Amma əvvəlki illərdə elə olmayıb.
- Hadisələr yeni başlayan vaxtlar müəyyən mənada deyirdi ki, niyə informasiyalar toplanmır, xalqa çatdırılmır? Halbuki, qlobal Qarabağ məsələsində Namiq Abbasovun rolu yoxdur.
- Nə oldu ki, Namiq Abbasovla sonradan aranız dəydi?
- Mən həm 1994-cü ildəki oktyabr hadisələrinin, həm də 1995-ci ilin mart hadisələrinin Təhqiqat Komitəsinin üzvü olmuşam. Bu müddətdə çox haqsızlıqlar gördüm. Yekun arayışı mən yazırdım, Namiq Abbasov da göndərişə qol çəkirdi, Baş Prokurorluğa göndərilirdi. Orada çox haqsızlıqlar var idi. Mən də bunu qəbul etmirdim. Çünki təhqiqat olmasa, bu adamın adı niyə ora yazılsın? Xoşu gəlib-gəlməmək prinsipi deyil, şübhələnmək məsələsi deyil, konkret təhqiqat aparılmalıdır. Mən o zamandan hər şeyə “hə” demədiyimə görə münasibətlərimiz korlanmışdı. Haqsızlıq edib, düzgün olmayan qərarı icra edə bilmərəm. Əməliyyat-icraat haqqında qanunda belə bir məqam var ki, göstəriş yerinə yetiriləndə bu qanunsuzdursa, yerinə yetirən şəxs qanunun aliliyini əsas götürüb, imtina edə bilər. Bu, daha üstün sayılır. Mən bəzi göstərişləri yerinə yetirmirdim. Nəticədə bu, Namiq Abbasova xoş gəlmirdi. Tək bu deyildi, təbliğat baxımından mənə deyilirdi ki, çıx danış. İmtina edirdim.
- Bu gün cəmiyyətin, siyasətçilərin Qarabağ məsələsinə münasibəti soyuyub?
- Soyuyub deyil, yox dərəcəsindədir. Qarabağla bağlı proseslərdə biz təşəbbüskar deyilik, işğal olunan da bizik və yenə də müdafiə olunuruq. Ermənistanın müdafiə naziri David Tonoyan çıxış edir, bizi yeni müharibə ilə hədələyir, Paşinyan deyir ki, torpaq itkisinə imkan verməyəcəklər. Son zamanlar erməni tərəfi bizi hədələyir. Siz siyasi partiyalarımızın hansının xüsusi bəyanatını, mətbuat konfransını görmüsünüz? Ən sərt mövqeyi Qarabağ Komitəsi edib, amma o da siyasi güc deyil. Paşinyan hakimiyyətə gəlməzdən əvvəl də Azərbaycan siyasilərinin Qarabağ məsələsində mövqeyi çox zəif idi. Qarabağla bağlı mövqe, strategiya ortaya qoymaq lazımdır. Sülh məsələsinə vaxt qoyulmalıdır. Belə olmasa, mümkün deyil, sonsuza qədər sülh danışıqları aparıla bilməz. 25 ildir sülh danışıqları nəticə vermirsə, demək daha qətiyyəli addımlar atmaq lazımdır.
- Hazırda düşmən kəşfiyyatı da bizi izləyir, işləyir. Azərbaycanda Qarabağ məsələsini unutdurmaq üçün hansı addımlar atırlar?
- Siz mənim yaralı yerimə toxundunuz. Təəssüflər olsun ki, biz düşmənin addımlarının arxasınca gedirik. Düşmən deyir ki, Vyana görüşündən sonra humanitar danışıqlar başlayacaq. Əsirlərdən bəziləri dəyişdiriləcək. Nikol Paşinyan sosial şəbəkələrdə neqativ proseslərin azalmasını, jurnalistlərin səfərlərini təklif edir. Bizim başımızı bunlarla qatırlar. Erməni partiya rəhbərlərindən biri deyib ki, “gəlin, Sərsəng su anbarını hər iki dövlətin ixtiyarına verək, Azərbaycan da kömək etsin, Xocalı aeroportu beynəlxalq səviyyəyə qalxsın”. Bizim öz suyumuzu bizə verməklə sevindirirlər. Bu xalqları sülhə hazırlamaq deməkdir. Belə çıxır, 5-6 il də eyni hal davam edəcək. Qarabağın sülh yolu ilə həll məsələsində kreativ, substantiv addımlar atmaq əvəzinə tamamilə ikinci, üçüncü dərəcəli addımlarla məşğuluq. Sanki hadisələr yenicə başlayıb. Bizi nə ilə sevindirirlər - format dəyişmədi. Formatı irəli sürən şəxs – Paşinyan yaxşı bilirdi ki, bunu heç kim qəbul etməyəcək. Amma məsələni uzatmağa çalışırdı. Bizi öz papağımızı özümüzə qaytarmaqla sevindirirlər. İndiki situasiyada həm diplomatiyada, həm hərbi səviyyədə hücum strategiyasını seçmək əvəzinə, yenicə işağala məruz qalmış kimi, status-kvonu saxlayıb, müdafiə mövqeyində dayanmışıq. Siyasi müxalifət də səsini çıxarmır, ictimaiyyətin də səsi “Diqlas”ın yanğınına reaksiya qədər gur deyil. 10 milyon sakinin içərisində bir neçə şəxsin yazıları ilə etiraz görünür. Bununla Qarabağı qaytara bilməyəcəyik.
- Televiziyalarımız Qarabağın təbliğatı ilə bağlı yetəri qədər iş görürmü?
- Düşmənin qəddarlığı bəzən xüsusilə göstərilməlidir ki, səndə qisas hissi yaransın. Bizdə bu hiss yoxdur. Hərbi-vətənpərvərlik hissi yoxdur. Allah rəhmət eləsin şəhidlərimizə. Onların hamısına eyni münasibət göstərmək lazımdır. Televiziyalar konkret dövlət proqramı ilə fəaliyət göstərməlidir. Bu qədər müddətə bu qədər verilişlər yayımlamalısan.
Bunun üçün də stimullaşdırıcı amillər olmalıdır ki, jurnalistlər həmin proqramları hazırlamaqda maraqlı olsunlar. Nə qədər səviyyəsiz çal-çağır olar axı?!(modern.az)