Bakıya qarşı video təxribatında ilginc hədəf - Prezidentın Avropa səfəri bitən kimi...Prezidentin Avropa səfəri bitən kimi...
Ermənistan yenə təhlükəli oyunun içində; Azərbaycan öz hərbi qələbəsinin “kölgələnməsi”nə imkan verməyəcək; İrəvanın tək bir seçimi qalıb...
Yenixeber.org: Sosial şəbəkələrdə yayılmış məlum video ilə bağlı Ermənistanın beynəlxalq səviyyədə qaldırdığı hay-küyə, ölkəmizə qarşı gücləndirdiyi antitəbliğat kampaniyasına rəğmən, Azərbaycanla sülh müqaviləsinin imzalanması öz aktuallığını saxlayır. Hətta sərhəd olaylarından sonra bu məsələ bir az da aktuallıq qazanıb. Çünki İrəvan Bakı ilə sülh müqaviləsini vaxtında, 44 günlük müharibə bitəndən az sonra imzalasaydı, daha bir neçə yüz hərbçisini boş yerə itirməzdi.
Bu yöndə nəticələr çıxarmaq, dərs götürmək əvəzinə, Azərbaycanı hərbi cinayətlərdə suçlamaq Xocalı soyqırımı kimi bəşəri cinayətə imza atmış, torpaqlarımızda etnik təmizləmə aparmış bir ölkə üçün həyasızlığın son həddidir.
Məsələ də ondadır ki, 44 günlük müharibədən ötən 2 ildə kapitulyant tərəfin əsas işi məhz sülh şanslarını daim sabotaj eləmək, vaxtı uzatmaq, işğalçı ordunu təzədən qurmaq, revanşist planlar üçün cinayətkarcasına əlverişli məqama hazırlaşmaq, ən əsası, Azərbaycanın hərbi qələbəsini beynəlxalq miqyasda “kölgələmək” olub.
Təbii ki, Azərbaycan İrəvanın bu hiyləsini anlamaya və sərt ön tədbirlər görməyə bilməzdi. Bu xüsusda iki ölkə XİN rəhbərlərinin srağagünkü Cenevrə görüşü də əslində Bakının növbəti sülhə məcburetmə tədbiri idi. Bu səylərin uğuru sözsüz ki, həm də İrəvana bəzi xarici havadarların nə dərəcədə təzyiq göstərəcəyindən asılı olacaq, nəinki Ermənistanın uydurduğu saxta gündəmə dəstək verməsindən.
“Erməni gündəmi”nin regiona, özəlliklə də erməni xalqına hansı bəlalar gətirdiyi çılpaqlığı ilə ortada. XİN başçılarının Cenevrə görüşünün bu mənada irəliyə - böyük sülhə doğru yolda məhsuldar olub-olmayacağını az sonra biləcəyik...
*****
Bu həftə Azərbaycan-Ermənistan danışıqlarını irəli aparmaq üçün daha bir şans olacaq. Oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyi adlı yeni qeyri-rəsmi qurumun təsis edilməsi gözlənilir. Xəbər verildiyi kimi, bir neçə ay öncə belə bir ideyanın təşəbbüskarı qismində Fransa prezidenti Emmanuel Makron çıxış edib. Hərgah ideyanın əsl müəllifi Böyük Britaniyanın keçmiş baş naziri Boris Consondur.
Ardınca Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti və Makronun yaxın siyasi silahdaşı Şarl Mişel ideyanı inkişaf etdirərək, yeni struktura Aİ üzvü olmayan bir sıra ölkələrin daxil edilməsini təklif edib. Bunlar - Ukrayna, həmçinin Türkiyə, Böyük Britaniya, Azərbaycan, İsrail, Gürcüstan, Ermənistan və Moldovadır. Qurumda Aİ üzvü Polşa da olacaq.
Başqa bir məlumata görə, Praqada Avropa Siyasi Birliyinin təsis sammitinə gələcək Türkiyə və Ermənistan liderləri - Rəcəb Tayyib Ərdoğan və Nikol Paşinyan arasında danışıqlar aparılacaq. Azərbaycan Prezidenti İlham Əliyevin də tədbirdə iştirakı gözlənilir.
Xatırladaq ki, Türkiyə lideri Paşinyanla mümkün görüşdən danışarkən İrəvanı sülh şansını düzgün qiymətləndirməyə çağırıb. Bu çağırışa reaksiyanın Cenevrə görüşünün davamı olub-olmayacağını da biləcəyik. Əgər rəsmi İrəvan sülh danışıqlarını imitasiya kursunu, sülh müqaviləsi ilə bağlı ikili oyunu davam etdirəcəksə, o zaman yeni və daha ağır itkilərə hazır olmalıdır.
Ermənistan iqtidarı bir gerçəyi, nəhayət, anlamalıdır: Bakı ilə böyük sülh anlaşması imzalanmadıqca Ermənistan qlobal güclərin, o cümlədən Rusiyanın əlində bölgəni qarışdırmaq üçün təhlükəli silah olaraq qalacaq - ilk növbədə də elə özünə qarşı.
Əfsus ki, erməni tərəfinin Qərb (ABŞ) və Rusiya arasında “iki stul” siyasəti bitmir, sözdə sülhdən danışsa da, altdan-altdan danışıqlar prosesinə əngəllər yaradır, pəl vurur...
*****
“İrəvanın əsas məqsədi Qərbin Azərbaycana qarşı sanksiyalar tətbiq etməsinə nail olmaqdır. Nensi Pelosinin Ermənistan səfəri, ABŞ Konqresində erməni lobbisinin fəallaşması, Avropa Birliyində təbliğat tullantıları və s. bütün bunlar Kremlin Azərbaycan qazının Avropaya nəqlini əngəlləmək sifarişinin yerinə yetirilməsidir”.
Tofiq Zülfüqarov
Bu barədə sabiq xarici işlər naziri Tofiq Zülfüqarov öz Facebook səhifəsində yazıb.
Onun əminliyinə görə, məlum qalmaqallı video da Avropa İttifaqının enerji təchizatı üçün alternativ təchizatçılar və nəqliyyat qovşaqları kimi Azərbaycan və Türkiyəyə qarşı kütləvi kampaniyaya başlamaq üçün təbliğat səbəbi kimi ortaya çıxıb.
Yeri gəlmişkən, ermənilərin video vay-şivəni məhz Prezident İlham Əliyevin uğurlu Bolqarıstan səfərinin başa satdığı günə təsadüf edir. Bəlli olduğu kimi, həmin səfər Azərbaycan-Avropa Birliyi əlaqələrində mühüm mərhələ, qitənin enerji təhlükəsizliyində ölkəmizin rolunun ciddi şəkildə artması, tərəfdaş dövlətlərin sayının çoxalması ilə yadda qalıb.
Bütövlükdə səfər tarixi hesab edilə bilər. Ona görə ki, ziyarət Cənub Şərqi Avropa ölkələrinin energetik, deməli, həm də milli təhlükəsizliyində ölkəmizin vazkeçilməz roluna öz möhrünü basdı, Azərbaycanın qitədə, xristian Qərb dünyasında dayaqlarını daha da möhkəmləndirdi, dost-müttəfiqlərinin sayını artırdı. İmzalanan anlaşma ilə Avropanın Rusiya qazından asılılığı bir az da azalmış oldu. Hərçənd Azərbaycan dəfələrlə bəyan edib ki, qlobal qaz bazarında özünü Rusiyaya rəqib saymır, bu heç mümkün də deyil.
İstənilən halda Bakının bu istiqamətdə uğurları əlbəttə ki, nə Moskvanın, nə də və hələ ki onun forpostu rolunu oynamağa davam edən Ermənistanın ürəyincə ola bilməz(di).
*****
“Azərbaycan rejiminin daha bir vəhşiliyi. Sizin müqavilə bağladığınız və etibarlı tərəfdaş hesab etdiyiniz insanlar bunlardır, xanım von der Leyen?”
Bu sərsəm statusu İspaniya parlamentinin üzvü Con İnaritu hələ rəsmi təsdiqini tapmamış məlum video ilə bağlı öz Twitter hesabında yazıb və üstəlik, həmin videonu paylaşııb.
Təsadüfmü? Əlbəttə ki, yox. Ermənistanın istədiyi də elə Azərbaycanı etibardan salmaq deyilmi? (Ursula von der Leyen Avropa Komissiyasının Prezidentidir, bu ilin iyulunda Bakıda Azərbaycanın Avropaya qaz təchizatının artırılması ilə bağlı Anlaşma Memorandumu imzalayıb və ölkəmizi etibarlı tərəfdaş adlandırıb).
Qısası, Azərbaycan və Ermənistan arasında tam normallaşmanın Rusiyaya da sərfəli olmaması reallığı gözardı edilməməlidir. Təkcə qaz məsələsinə görə yox...
“Müsavat"