Redaktor seçimi
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Günün xəbəri

PREZİDENTİN "ANADOLU" AGENTLİYİNƏ MÜSAHİBƏSİ -TAM MƏTN

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibə verib. Müsahibə sentyabrın 27-də agentliyin saytında yayımlanıb.

Yenixeber.org: Müsahibənin tam mətnini təqdim edirik.

- Hörmətli Prezident, Anadolu Agentliyinə müsahibə vermək barədə təklifimizi qəbul etdiyiniz üçün Sizə çox təşəkkür edirik. Önəmli bir tarixdəyik - Azərbaycan Zəfərinin, 30 ilə yaxın işğal altında olan torpaqların azad edilməsinə başlandığı 27 sentyabr tarixinin birinci ildönümündəyik. O günə qayıtsaq, o günün şərtlərini zehnimizdə yeniləsək, Azərbaycan nə üçün əks-hücuma keçdi?

-Bilirsiniz, son müddət ərzində Ermənistanın bizə qarşı təxribatları müntəzəm xarakter almışdı. Həm bizə qarşı yönəlmiş açıqlamalar, eyni zamanda, addımlar onu göstərirdi ki, Ermənistan yeni müharibəyə hazırlaşır. Mən bunun səbəblərini bu günə qədər də anlaya bilmirəm. Çünki 30 il ərzində digər dövlətin torpaqlarını işğal altında saxlayan bir dövlət yeni savaşa çıxmaq fikrində olursa, bu, çox ciddi araşdırılmalıdır ki, bunun səbəbi nədir. Sözümün təsdiqi olan addımlar da göz qabağındadır. Çünki iyul ayında Ermənistan Azərbaycan-Ermənistan sərhədində hərbi təxribat törətmişdir və bu təxribat nəticəsində 13 mülki şəxs və hərbçi həlak olmuşdur. Azərbaycan o zaman düşmənə layiqli cavab verdi. Ancaq biz dövlət sərhədini keçmədik. Yəni, sadəcə olaraq, onları girdikləri Azərbaycan ərazisindən çıxardıq və bir neçə gün davam edən toqquşma sona çatdı. Ondan sonra avqust ayında bir təxribat qrupu göndərildi, təmas xəttini keçdilər və orada bizim hərbçilərimiz onları tərk-silah etdilər. Bir il bundan əvvəl Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının sessiyasında çıxış edərkən mən demişdim ki, Ermənistan yeni savaşa hazırlaşır. Üç gün sonra artıq yenidən bizim mövqelərimiz və yaşayış məntəqələrimiz artilleriya atəşinə tutulmuşdu, yenə də şəhidlər verdik və mənim əmrimlə genişmiqyaslı əks-hücum əməliyyatına başladıq və bildiyiniz kimi, bu əməliyyat böyük Zəfərlə nəticələndi.

Bir il əvvələ qayıdarkən, əlbəttə, bütün bu prosesləri, bütün bu hadisələri daha da dəqiq təhlil etmək imkanımız olur və görünür ki, Ermənistan rəhbərliyi, hakimiyyətə yeni gəlmiş rəhbərlik hansısa hərbi uğurla da öyünmək istəyirdi, hansısa hərbi uğur əldə etmək istəyirdi. Ancaq hesablamaları çox səhv apardılar, çox böyük xəta törətdilər və bunun nəticəsində acı məğlubiyyətə uğradılar.

- Cənab Prezident, bu savaşın qarşısını almaq olmazdımı? Çox uzun müddət fəaliyyət göstərən Minsk qrupu həmsədrlərinin görüşləri vardı. Minsk qrupunun həmsədrləri və ya başqa amillər bu savaşın qarşısını ala bilərdilərmi? Əslində, qarşısını necə almalı idilər?

- Təbii, qarşısını ala bilərdilər. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmazdı. Ancaq onlar bu təzyiqi etmədilər. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən üç dövlət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvüdür. Yəni, onlar dünya miqyasında ən güclü ölkələr sayılır. Məgər, onların siyasi çəkisi, siyasi imkanları olmayıb ki, Ermənistana bu ciddi mesajları göndərsinlər? Sadəcə olaraq, nə hərb, nə sülh siyasətinə üstünlük verirdilər.

Digər tərəfdən, mən Minsk qrupunun həmsədrlərinə və digər böyük dövlətlərə dəfələrlə müraciət etdim ki, Ermənistana sanksiyalar tətbiq edilməlidir. Bu da savaşın qarşısını ala bilərdi. Çünki bu sanksiyalar Ermənistan üçün böyük çətinliklər yaşadacaqdı və onlar məcbur olub bizim torpağımızdan çıxacaqdılar. Yəni, biz bütün imkanlardan istifadə etdik ki, bunu sülh yolu ilə çözək, müharibə olmasın, qan tökülməsin. Ancaq bununla bərabər, mən deyirdim ki, biz bu vəziyyətlə barışmayacağıq. Nəyin bahasına olursa-olsun öz torpağımızı azad edəcəyik və sadəcə olaraq, şans verirdik.

Bilirsiniz, Ermənistanın 2018-ci ildə hakimiyyətə gəlmiş yeni rəhbərliyi bu danışıqlar, yəni, müzakirə prosesinə də çox böyük zərbə vurdu. Çünki onların yersiz və çox məsuliyyətsiz açıqlamaları faktiki olaraq müzakirə prosesini iflic etdi, yəni, danışıqlar iflic vəziyyətinə düşmüşdü. Belə olan halda, Minsk qrupu daha müsbət, daha da cəsarətli addımlar atmalı idi. Onlar isə sadəcə olaraq, müşahidə edirdilər, sadəcə olaraq, buna müşahidəçi kimi yanaşırdılar. Ona görə, İkinci Qarabağ müharibəsinin başlanmasında, əlbəttə ki, ən böyük məsuliyyət Ermənistanın üzərinə düşür, eyni zamanda, Ermənistanı vaxtında dayandırmayan böyük dövlətlərin üzərinə düşür.

- Həmsədrlərin ölkələri uzun müddət status-kvonu davam etdirmək strategiyasını yürütdü. Ancaq Zəfərdən sonra Minsk qrupunun, həmsədrlərin yenidən prosesə daxil olması, vasitəçilik diplomatiyası yürütməsi gündəmdədir, belə tələblər var. Bununla əlaqədar nə düşünürsünüz? Bu, gələcəkdə bir həll yolu ola bilərmi, bunun bir faydası olacaqmı?

-Bilirsiniz, Minsk qrupuna sədrlik edən ölkələr, onların prezidentləri işğal dövründə bir neçə dəfə çox müsbət açıqlamalar verdilər, təqribən 7-8 il bundan öncə. Onlardan biri də o idi və açıq bəyan edilmişdi ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Biz də bunu çox müsbət qəbul etdik. Şəxsən mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim və demişdim ki, bu, uzun illər ərzində gözlənilən bir açıqlamadır. Status-kvonun dəyişdirilməsi nə deməkdir – işğala son qoyulması. Ancaq bu açıqlamalardan sonra onlar praktiki addımlara keçmədilər. Ondan da əlavə, bir müddət sonra onlar bu ifadədən də geri çəkildilər və həmsədrlər tərəfindən yeni bir ifadə ortalığa atıldı - status-kvo dayanıqlı deyil. Yəni, bunların arasında çox böyük fərq var. Biri var ki, qəbuledilməzdir, bir də var ki, dayanıqlı deyil. Mən o zaman da onları tənqid etmişdim və demişdim ki, bu mövqe dəyişikliyi Ermənistanın işğalçılıq siyasətinin dəyirmanına su tökür. Ancaq təəssüf ki, ondan sonrakı dövr də onu göstərdi ki, Minsk qrupu, sadəcə olaraq, bu məsələni həll etmək fikrində deyildi. Biz 44 günlük müharibə zamanı bunu bir daha gördük. Çünki Birləşmiş Millətlər Təşkilatında bizə qarşı məsələni qaldıran Minsk qrupuna həmsədrlik edən bəzi ölkələr idi. Müharibə gedir, biz öz torpağımızda beynəlxalq hüququ bərpa edirik, ədalət savaşına çıxmışıq. Ancaq Birləşmiş Millətlər Təşkilatında bizə qarşı hansısa sanksiya məsələsini ortaya atmaq tamamilə ədalətsizlikdir.

İndiki dövrə gəldikdə, Minsk qrupunun fəaliyyətini biz demək olar ki, görmürük. Adətən onlar danışıqlar prosesi dövründə gəlirdilər, təkliflər verirdilər, prezidentlər səviyyəsində keçirilən görüşlərin gündəliyini təsbit edirdilər, bizə təkliflər edirdilər ki, hansı məsələlər müzakirə oluna bilər. Hər iki tərəf də razılaşma əsasında bu məsələləri müzakirə edirdi. İndi isə müharibənin bitməsindən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, onlardan hər hansı bir təklif yoxdur. Bir dəfə Azərbaycana gəlmişdilər və mən onlara dedim ki, siz təklif verin. Biz bu məsələni həll etdik, Dağlıq Qarabağ münaqişəsi başa çatdı, “Dağlıq Qarabağ” adlı inzibati ərazi, yəni, qurum mövcud deyil. Bu günlərdə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyasında çıxışımda da mən bütün ölkələrə müraciət etdim və dedim, rica edirəm ki, bundan sonra “Dağlıq Qarabağ” ifadəsi işlədilməsin, Azərbaycan ərazisində belə bir qurum yoxdur. Qarabağ zonası var, Şərqi Zəngəzur var. Belə olan halda Minsk qrupunun fəaliyyəti üçün bu gün yeni məsələlər ortalığa çıxmalıdır. Yəni, məsələ - Dağlıq Qarabağ münaqişəsi bitdi. Nə ola bilər? Mənim fikrimcə, yəni, etimad tədbirləri, ondan sonra yolların açılması, dəhlizlərin açılması, sülh prosesinə dəstək vermək, Ermənistan-Azərbaycan əlaqələrini tənzimləmək, çalışmaq ki, Ermənistan-Azərbaycan arasında bizim təklif etdiyimiz sülh müqaviləsi imzalansın. Yəni, məncə, onların fəaliyyət dairəsi bu gündən sonra bundan ibarət olmalıdır. Yoxsa “Dağlıq Qarabağ” - olmayan qurumun statusu ola bilərmi? Əlbəttə ki, yox. Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə “Dağlıq Qarabağ”a status vermək istəyirsə, öz ölkəsində bir ərazi versin, orada bir qurum yaratsın, ya cümhuriyyət yaratsın, onların müstəqilliyini tanısın, biz də tanıyaq. Amma Azərbaycan ərazisində yox!

- Cənab Prezident, sözlərinizdən anladığıma görə Minsk qrupu da hazırkı - 44 günlük müharibədən sonrakı reallığı, bölgədə yaranan reallığı qəbul etməlidir və bununla bağlı addımlar atmalıdır, yeni təkliflər verməlidir. Bunlarımı ifadə edirsiniz?

- Əslində, bilirsiniz, bir daha demək istəyirəm, İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupundan bu günə qədər bizə hər hansı bir təklif verilmədi. Təklif olmadığı təqdirdə Minsk qrupunun fəaliyyəti haqqında danışmaq yersizdir. Yəni, bir il artıq keçir. Nə təklif edirsən? Deyirsən ki, bu münaqişə həll edilməlidir. Mən Azərbaycan olaraq deyirəm ki, bunu həll etmişəm, təkbaşına, bütün təzyiqlərə rəğmən. Ona görə bu təklif olmalıdır. Nə ilə məşğul olmalıdır? Mən öz fikirlərimi ifadə etdim. Qalan şeylər isə onların məsuliyyətidir.

- Yeni yaranan bu reallıqdan sonra Azərbaycan, Ermənistan, Rusiya arasında bir protokol imzalandı. Orada bəzi maddələr var, xatırladığıma görə 9 maddə idi. Siz bu maddələrin həyata keçirilməsindən məmnunsunuzmu? Ötən bir il ərzində kifayət qədər həyata keçirildimi? Həmin maddələrdən nələr əskikdir?

- Bütövlükdə məmnunam. Çünki orada olan əsas məsələlər öz həllini tapdı. Bildiyiniz kimi, Ermənistan bu Bəyanata imza atmaqla öz üzərinə öhdəliklər götürmüşdür və bu öhdəlikləri məcbur olub yerinə yetirdi. Bu öhdəliklərin yerinə yetirilməsi müharibədən dərhal sonra baş vermişdir. Yəni, o zaman işğal altında olan bölgələrdən erməni qüvvələrinin çıxarılması orada açıq-aydın göstərilirdi və müharibə bitəndən sonra 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçın rayonları bizə qaytarıldı. O zaman Ermənistan bu məsələyə çox məsuliyyətli yanaşırdı. Nə üçün? Çünki qorxu içində idi. Çünki bilirdi ki, əgər 10 noyabr tarixində bu Bəyanata imza atmasaydı, onların durumu daha pis ola bilərdi. Yəni, bizi dayandıracaq bir qüvvə yox idi və savaş dönəmində dəfələrlə mən Azərbaycan xalqına müraciət edərək deyirdim ki, Ermənistan bizə tarix versin, təqvim versin nə zaman bizim torpaqlarımızdan çıxır, biz dərhal müharibəni dayandırmağa hazırıq.

Bu tarix bizə noyabrın 9-da verildi, Ermənistan faktiki olaraq kapitulyasiya, yəni, təslim aktını imzaladı və noyabrın 10-da müharibə dayandı. Ona görə o önəmli məsələlərin həlli Ermənistanın qorxu içində olmasından qaynaqlanır. Amma ondan sonra nə oldu? Sülhməramlı qüvvələr gəldi, bir müddət keçdi və qalan məsələlərin icra edilməsi dayandı. Orada açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri bizim torpağımızdan tam çıxarılmalıdır. Müharibə başa çatandan təxminən 15-20 gün sonra Ermənistandan sülhməramlı qüvvələrin məsuliyyətində olan ərazidən – Laçın dəhlizindən azad edilmiş torpaqlara 62 nəfərdən ibarət bir təxribat qrupu göndərildi. Bu, 10 noyabr Bəyanatına tam ziddir. Azərbaycan Ordusu onları zərərsizləşdirdi və onlar həbs olundular. İndi onlara hərbi əsir deyirlər. Amma gedin baxın beynəlxalq konvensiyalara, hərbi əsir kim ola bilər. Bunlar hərbi əsir deyil. Müharibə bitdi, noyabrın 10-da Bəyanat imzalandı. Ondan sonra göndərilən hər hansı bir hərbçi təxribat qrupunun üzvü kimi təsbit edilməlidir. Yəni, bu məsələ öz həllini tapmadı. Bu, çox önəmli məsələdir və biz israr edirik ki, bu, öz həllini tapsın, tam həllini tapsın. Ola bilər ki, qismən həllini tapıbdır.

Digər məsələ dəhlizlərin açılmasıdır. Noyabrın 9-dan 10-na keçən gecə imzalanmış Bəyanatda göstərilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantı olmalıdır. Bu, bağlantı təmin edildimi? Xeyr. Amma bu bağlantını təmin etmək üçün o qədər də böyük zamana ehtiyac yoxdur. Orada quru yollarla məsafə cəmi 40 kilometrdir. Biz müharibədən sonra keçən bir il ərzində min kilometrdən çox yol çəkdik – həm torpaq yol, həm asfalt yol. İndi orada 40 kilometr yolun açılması böyük problem deyil. Ancaq buna baxmayaraq, - hətta Ermənistan buna razılıq da verib, - aparılan müzakirələr nəticəsiz qalıb. Yəni, Ermənistan 10 noyabr Bəyanatını, onun şərtlərini kobudcasına pozur. Biz hələlik səbirli, təmkinli davranırıq. Amma bizim səbrimizin də həddi var və İkinci Qarabağ savaşı göstərdi ki, səbrimiz tükənəndə nələr baş verir. Ona görə Ermənistan rəhbərliyinə şans veririk ki, noyabrın 10-da imzalanmış Bəyanatın bütün müddəalarını yerinə yetirsin və özünü məsuliyyətlə aparsın.

- Bu xüsusda bunu soruşmaq istəyirəm, cənab Prezident. Bu təxribat qruplarının rahat hərəkət etməsi və Laçın dəhlizinə nəzarət olunması. Həmin bölgələrdə xidmət aparan rus müvəqqəti hərbçiləri var, əsgərləri var. Beş il ərzində orada xidmət etməli olan rus silahlı qüvvələri var. Bu məsələdəki şikayətlərinizi Moskvaya bildirdikdə necə bir cavab alırsınız? Sizə verilən cavabların bölgədə təsiri olurmu, yəni oradakı birliklərin davranışları dəyişirmi?

-Əlbəttə, biz bütün bu hallarla bağlı Rusiyaya öz haqlı iradlarımızı bildiririk. Ancaq təxribat qrupunun oraya daxil olması o vaxt olub ki, Rusiya sülhməramlı qüvvələri hələ tam yerləşməmişdi. Çünki noyabrın 10-da müharibə başa çatdı, ondan sonra bir müddət lazım idi ki, Rusiya sülhməramlı qüvvələr - iki minə yaxın əsgər oraya yerləşsin və orada boşluqlar çox idi. Yəni, burada biz ədalətli olmalıyıq. Onlar o yeri tam mühafizə edə bilməmişdilər və ermənilər də bundan istifadə edib bizim azad edilmiş ərazilərə daxil oldular. Ancaq ümumilikdə, Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti müsbət qiymətləndirilə bilər. Əlbəttə ki, bizim narazılığımız da var, iradlarımız da var - ilk növbədə, xarici vətəndaşların ərazimizə qanunsuz olaraq gəlməsi ilə bağlı. Biz dəfələrlə bu məsələni qaldırmışıq. Çünki Qarabağ bizim ərazimizdir və bizim icazəmiz olmadan o bölgələrə heç bir xarici vətəndaş, yaxud da ki, avtomobil daxil ola bilməz, bizdən icazə alınmalıdır. Ancaq deyə bilərəm ki, bu, hələ tam yüz faiz həll olunmayıb. Halbuki onu da deməliyəm ki, xarici vətəndaşların Qarabağa qanunsuz gəlməsi halları çox az saydadır. Onu da bildirməliyəm ki, bizim siyasətimiz və təkidimiz nəticəsində artıq bu prosesə də son qoyulur. Ancaq biz, əlbəttə, istərdik ki, suverenliyimizə, ərazi bütövlüyümüzə tam miqyasda, tam həcmdə sayğı göstərilsin. Zatən, Rusiyanın rəsmi nümayəndələri, yüksəkvəzifəli nümayəndələr deyirlər ki, Qarabağ Azərbaycan torpağıdır və belə olan halda, yerlərdə, orada xidmət göstərən hərbçilər də bu bəyanatlara uyğun şəkildə öz fəaliyyətini aparmalıdırlar.

- Ötən günlərdə Ermənistan müdafiə naziri ilə Rusiya müdafiə nazirinin görüşü olmuşdu. O görüşdən sonra Ermənistanın silahlandırılması prosesi yenidən başladı deyə bir açıqlama verildi. Yəni, bu, bölgəyə nə gətirə bilər? Bu açıqlama barədə Siz nə düşünürsünüz? Əslində, yox olan bir Ermənistan ordusu var idi, 44 gündə Azərbaycan Ordusu onu darmadağın etdi. İndi yenidən rus silahları ilə ayağa qalxmağa çalışacaq. Bu məsələ barədə fikirlərinizi bilmək istərdim, cənab Prezident.

-Bu məsələdən xəbər tutanda biz dərhal Rusiya tərəfinə sorğu göndərdik və maraqlandıq ki, əcəba bu, nə məsələdir. Biz eyni fikirləri də bölüşürük. Ancaq bizə məlumat gəldi ki, Ermənistan mediasında çıxan bu açıqlama həqiqəti əks etdirmir. Yəni, Rusiya müdafiə naziri belə sözlər deməmişdir. Bu, Ermənistan təbliğatının növbəti çirkin əməlidir, belə söz deyilməmişdir. Bizə rəsmi qaydada bildirildi ki, belə planlar yoxdur. Ermənistan ordusunun yenə də pulsuz silahlandırılması ilə bağlı Rusiya tərəfindən yetərincə dəqiq cavab aldıq və biz bu məsələni artıq gündəlikdən çıxartdıq. Bu, onu göstərir ki, Ermənistan öz çirkin əməllərindən əl çəkmir. Bax ortalığa atılan bu yalan, birincisi, çox böyük yanlışlıqdır. Çünki əgər sən Rusiya müdafiə nazirinin demədiyi sözləri yayırsansa, bu, ən azı məsuliyyətsizlikdir və bu, təxribatdır. İkincisi, - bunu biz işğal dövründə və işğaldan sonra dəfələrlə görmüşük, - Ermənistan və Rusiyada fəaliyyət göstərən erməni lobbisi hər gün, müntəzəm olaraq çalışır ki, Rusiya-Azərbaycan münasibətlərində bir çat yaransın. Onların gündəlik peşəsi Azərbaycanı ləkələmək, Rusiya mediasında Azərbaycan haqqında mənfi imic yaratmaq, Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaqdır. Hesab edirlər ki, belə olan halda, revanşist qüvvələr nə vaxtsa yenə də baş qaldırıb bizə qarşı yeni savaşa çıxa bilərlər. Amma onlar yanılırlar. Birincisi, Rusiya-Azərbaycan münasibətləri kifayət qədər yüksəksəviyyəli münasibətlərdir. Biz bütün məsələləri açıq şəkildə müzakirə edirik – prezidentlər səviyyəsində, müdafiə və xarici işlər nazirləri səviyyəsində. Hansısa tərəfi narahat edən istənilən məsələ ilə bağlı biz dərhal təmasda oluruq və məsələləri həll edirik. Deyə bilərəm ki, bu gün Rusiya-Azərbaycan münasibətlərində hansısa təcili məsələni həll etməklə bağlı bir mövzu da yoxdur. Çünki bu münasibətlər kifayət qədər müsbətdir. Ermənistanın bu təbliğat cəhdləri onlara uğur gətirməyəcək. Ermənistanın yenidən silahlanması ilə bağlı bizim narahatlığımız Rusiya tərəfindən anlayışla qəbul olunur.

- Zaman-zaman Ermənistan silahlı qüvvələri və siyasətçilər tərəfindən müxtəlif fikirlər, bəyanatlar səsləndirilir. Müdafiə Nazirliyi belə açıqlamalar verərkən, baş nazir Paşinyan Türkiyə ilə görüşmək istədiyinə dair ifadələr səsləndirir. Belə cümlələri var. Ötən həftələrdə bunu bir neçə dəfə təkrarladı. Paşinyanın bu sözlərini Siz necə dəyərləndirirsiniz? Üstəlik, bu düşüncə Türkiyə və Azərbaycan üçün yetərlidirmi? Yəni, Ermənistanın görüşlərə başlaya bilməsi üçün etməli olduğu, yerinə yetirməli olduğu öhdəlikləri varmı?

-Bilirsiniz, müharibədən öncə və müharibə zamanı Ermənistan rəhbərləri tərəfindən o qədər təzadlı, o qədər yanlış və yalan bəyanatlar olmuşdur ki, onların sayı-hesabı yoxdur. İndi belə misalları saatlarla gətirmək olar. Biz şəhərləri, kəndləri azad edərkən onlar bildirirdilər ki, guya bizim şəhərlərimizi yenidən işğal edirlər. Artıq Azərbaycanın azad edilmiş şəhərlərində bayraqlar qaldırılarkən onlar bunu inkar edirdilər. Yəni, “ağa qara, qaraya ağ demək” onların xislətidir. Ona görə onlar hər hansı bir açıqlama verəndə, sözün düzü, biz bunu ciddiyə almırıq. Bunu analiz etmək, dəqiqləşdirmək lazımdır. Çünki bu açıqlamalar bir yalanın, gerçəkləşməyən arzuların, xülyaların və təxribatların sintezidir. Bugünkü Ermənistan, bax, budur. Biz deyəndə ki, bu, uğursuz dövlətdir, - yəni, bunun beynəlxalq adı da var - “Failed state”, - bunu nəzərdə tuturuq. Hər bir dövlətin dövlətçilik rəmzlərindən biri də məsuliyyətli davranışdır. Biz isə bunu görmürük.

O ki qaldı, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına, əlbəttə, biz istəyirik ki, bütün bölgədə sülh olsun. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi 3+3 platforması hesab edirəm ki, bunun ən gözəl yolu ola bilər. Ancaq Ermənistan hələ ki, buna razılıq verməyib. İndi bu, Türkiyə Prezidenti tərəfindən səslənir, Ermənistana şans verilir. Azərbaycan bunu dəstəklədi, Rusiya dəstəklədi, İran dəstəklədi, ancaq Ermənistan bunun əleyhinə çıxır. Bunun əleyhinə çıxan Ermənistan indi bəyan edir ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir. Əgər normallaşdırmaq istəyirsənsə, sən, ilk növbədə, bu təklifə müsbət cavab ver. Əks təqdirdə, burada yenə təzad yaranır, yəni, anlaşılmazlıq yaranır. Əgər nə vaxtsa Ermənistan tərəfindən səslənən rəsmi açıqlamalar gerçək siyasətlə uzlaşsa, o zaman, əlbəttə ki, təhlil etmək daha asan olacaq. Bir də siz də yaxşı bilirsiniz ki, Ermənistan konstitusiyasında Türkiyəyə qarşı torpaq iddiası var, ondan əl çəkməlidir. Öz konstitusiyasını yenidən işləyib qəbul etməlidir. Ermənistan kimi gücsüz və bu gün tamamilə darmadağın edilmiş ölkə Türkiyə kimi nəhəng ölkəyə qarşı necə torpaq iddiasında ola bilər? Bu, psixi xəstəliyə bənzəyən bir şeydir. Ona görə Türkiyəyə və Azərbaycana qarşı iddialardan əl çəkməlidirlər. Azərbaycanla olan münasibətləri normallaşdırmalıdırlar və mən əminəm ki, Türkiyə tərəfi hər zaman bölgədə sülhün və genişmiqyaslı əməkdaşlığın tərəfdarı olub. Bu gün də belədir və Türkiyədən çox müsbət siqnallar gəlir.

Amma Ermənistanda bunu gərək çox düzgün dəyərləndirsinlər. Təəssüf ki, İkinci Qarabağ müharibəsindən əvvəlki iki il ərzində Azərbaycan tərəfindən verilən müsbət siqnallar orada yanlış anlaşıldı - bir zəiflik kimi, bir gücsüzlük kimi. Biz, sadəcə olaraq, qan tökmək istəmirdik. Biz gücümüzü bilirdik və bilirdik ki, biz bu məsələni güc yolu ilə həll edə bilərik. Ermənistan isə buna inanmırdı. İndi də hələ gec deyil. Yeni yaranmış reallığı düzgün dərk etsin, bu reallığa görə addımlar atsın, xəritəyə baxıb öz yerini orada tapsın, əgər tapa bilərsə, bir nöqtədir xəritədə və buna uyğun addımlar atsın. Belə olan halda, əlbəttə ki, bölgədə genişmiqyaslı əməkdaşlıq mümkündür.

- Burada insanın ağlına belə bir şey gəlir. Yəni, bölgəsindəki ölkələrin tələblərinə, əlaqələrinə önəm verməyən bir Ermənistanın arxasında necə bir güc ola bilər? Ya da nəyi planlaşdırırlar ki, belə qərarları həyata keçirməyə çalışırlar, cənab Prezident?

- Bunu mən deyə bilmərəm. Bunu yəqin ki, bu məsələ ilə məşğul olan politoloqlar, təhlilçilər deyə bilər. Amma öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, onların bir çox addımları irrasional addımlardır, yəni, reallıqdan uzaq, hansısa mifologiyaya, xülyalara və gerçəkləşməmiş arzulara əsaslanmış bir yanaşmadır. Onu da siyasi aləmdə düzgün təhlil etmək çox çətindir. Bu, yəqin ki, tibb aləmində təhlil olunarsa, daha düzgün olar.

- Aydındır. Bir az əvvəl regional əməkdaşlıqdan bəhs etdiniz. Prezident Ərdoğanla Sizin davamlı ifadə etdiyiniz altılı əməkdaşlıq platformasının yaradılmasından bəhs etdiniz. Bu platformada İranın da adı keçir. Ancaq ötən günlərdə İrandan gələn yük avtomobillərinin Xankəndiyə getməsinə dair görüntülər ortaya çıxdı. Siz də bu mövzuda etirazınızı bildirdiniz. Bundan dərhal sonra İran sərhədində İran əsgərlərinin təlim görüntüləri paylaşıldı. Bu məsələ ilə bağlı bir dəyərləndirmənizi öyrənmək istərdim. Bu, ani bir şey idi, yoxsa planlı, müəyyən bir mesaj verən hərəkətlər idi?

- Bilirsiniz, İran tırlarının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi birinci dəfə baş vermir. Bu, işğal dövründə də dəfələrlə olan hadisələrdir. Bu tırlar müntəzəm olaraq oraya gedirdi. Bizim məlumatımız var idi. Ancaq dəqiq məlumat, yəni, indiki qədər dəqiq məlumat, əlbəttə ki, yox idi. Bunu nəzərə alaraq, biz müxtəlif kanallarla İran tərəfinə narazılığımızı ifadə edirdik. Ancaq bu proses davam edirdi.

Müharibə başa çatandan sonra artıq Laçın dəhlizi gözümüzün önündədir və bizim hərbi mövqelərimizdən Xankəndiyə gedən yola məsafə bəlkə də 5-6 metrdir. Biz Laçın dəhlizi boyunca və o cümlədən Şuşa ətrafında və digər yerlərdə kifayət qədər texniki imkanlara malikik. Kameralar var, peykdən istifadə edirik, dronlardan istifadə edirik. Biz yenə gördük ki, bu tırlar müharibədən sonra da oraya getməyə davam edir. Belə olan halda, mən bizim Prezident Administrasiyasının əməkdaşlarına göstəriş verdim ki, İranın Azərbaycandakı səfiri ilə danışsınlar. Biz bunu rəsmiyyətə salmaq istəmirik, dostcasına danışsınlar və söyləsinlər ki, buna son qoyulmalıdır. Bu, bizə qarşı hörmətsizlikdir. Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir, buna son qoyulmalıdır. Bu söhbət səhv etmirəmsə, iyul ayında olmuşdur. Ondan sonra təbii ki, biz bunu izləməyə başladıq və hər ayın başında bizdə məlumat yığılır ki, nə qədər tır girdi, neçə tır çıxdı, nə gətirdi, nə apardı. Onların nömrələrinə qədər bizim bütün bilgilərimiz var və onlar mətbuatda dərc olunub. Amma nə etdilər ondan sonra? İran tırlarının üzərinə erməni nömrələrini yapışdırmağa çalışdılar. Belə bir saxtakarlığa yol verdilər və bizi aldatmağa çalışdılar. Olduqca səriştəsiz bir addım atıldı - o tırın üstündə fars dilində yazılan sistern, altda da erməni nömrələri. Onu da sizə bildirməliyəm ki, eyni nömrələri bir neçə avtomobilin üstünə də yapışdırdılar. Yəni, o qədər səliqəsiz görülən bu iş nəyi göstərir? Onu göstərir ki, bu işi davam etdirmək, sadəcə olaraq, bunu pərdələmək istədilər. Təbii ki, belə olan halda, bir ay keçəndən sonra biz artıq rəsmi qaydada diplomatik nota verdik. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edildi, ona iradlar bildirildi və xahiş olundu ki, buna son qoyulsun. Bu, avqust ayının ortalarında olan məsələdir. Biz ümid edirdik ki, buna son qoyulacaq. Ancaq buna baxmayaraq, avqustun 11-dən sentyabrın 11-nə qədər yenə də İrandan gələn 60-a yaxın tır qanunsuz olaraq Qarabağa hərəkət etdi. Bunun qabağını almaq üçün biz artıq praktiki addımlara keçdik. Yəni, bizim davranışımız, addımlarımız məsuliyyətlidir, dostluq əlaqələrinə əsaslanandır. Birinci dəfə şifahi xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfə postlar - gömrük, sərhəd, polis. Beləliklə, biz Azərbaycan ərazisindən keçən yola artıq nəzarət etməyə başladıq və ondan sonra Qarabağa gedən tırların sayı sıfra endi. İndi baxın, buna gətirib çıxarmaq lazım idimi? İndi orada - rus sülhməramlı qüvvələrinin nəzarətində olan Qarabağ bölgəsində cəmi 25 min adam yaşayır. Yəni, bu bazar o qədər önəmlidir? O ticarət o qədər önəmlidir ki, dost, qardaş saydığın ölkəyə qarşı belə nümayişkaranə hörmətsizlik edirsən? Əlbəttə, biz beynəlxalq konvensiyalarda, beynəlxalq hüquqda təsbit edilmiş bütün imkanlardan istifadə etdik. Bəziləri deyir ki, indi İran tırlarından rüsum götürülür. Biz xarici ölkəyə gedəndə rüsum ödəyirik? Ödəyirik. Onlar Azərbaycan ərazisindən istifadə edirlər, rüsum ödəməlidirlər?

- Ödəməlidirlər.

- Ödəməlidirlər. Bu, məsələnin bir tərəfi. O ki qaldı, bizim sərhədimizin yaxınlığında keçirilən hərbi təlimlərə, bu, çox təəccüb doğuran bir məsələdir. Çünki 30 illik müstəqillik dönəmində belə hadisələr olmamışdır. İlk növbədə, deməliyəm ki, hər bir ölkə öz ərazisində istənilən hərbi təlimi keçirə bilər. Bu, onun suveren hüququdur, söz ola bilməz. Ancaq, eyni zamanda, bunu bir zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdır.

Nə üçün məhz indi? Nə üçün məhz bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan ictimaiyyəti verir. Bu sualları dünya azərbaycanlıları verir. Bir sual da verilir ki, nə üçün işğal dövründə o bölgədə təlim keçirilmirdi? Ermənilərin Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlim keçirilmirdi? Nə üçün bu, biz torpaqları azad edəndən sonra, 30 illik əsarətə, işğala son qoyandan sonra keçirilir? Bu suallar legitim suallardır.

Əlbəttə, biz istəyirik ki, bölgədə uzunmüddətli əməkdaşlığa zərbə vuran heç bir hal olmasın. Bir daha demək istəyirəm ki, Azərbaycan burada da özünü çox məsuliyyətlə aparır, təmkinlə aparır. Ümid edirik, bizim legitim addımlarımıza emosional reaksiya, yəqin ki, müvəqqəti xarakter daşıyır.

- Çox önəmli sualları gündəmə gətirdiniz. Bizim də buna İran tərəfindən cavabların verilməsini gözləməkdən başqa çarəmiz qalmayacaq. Nəqliyyat problemlərindən danışarkən, bu məsələni bir az əvvəlki suala bağlamaq istəyirəm. Məsələn, Zəngəzur dəhlizi Ermənistanın normallaşma əlaqələrinə başlaması üçün bir şərtdirmi?

- Əlbəttə, bir şərtdir. Çünki o, noyabrın 10-da imzalanmış Bəyanatda təsbit edilir və Ermənistan öz üzərinə bu öhdəliyi götürüb. Birincisi, əgər o, bu öhdəliyi icra etməyəcəksə, onda hansı normallaşmadan söhbət gedir? İkincisi, Ermənistanda, - yenə də qayıdıram əvvəlki fikirlərimə, - postmüharibə dövrünü çox düzgün təhlil etməlidirlər. Artıq vəziyyət tam fərqlidir. İndiki durum güc nisbətini açıq-aydın göstərir. İşğal dövründə də bilirdik ki, bizim imkanımız nədir, Ermənistan ordusunun imkanı nədir. Biz bilirdik ki, balansı öz xeyrimizə çoxdan dəyişdirmişik. İndi bunu bütün dünya görür. Ona görə indiki şəraitdə mən hesab edirəm ki, Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq üçün daha çox səy göstərməlidir. Çünki onlar üçün bu, önəmlidir. Biz bunsuz da yaşaya bilərik, necə ki, yaşamışıq, indi də yaşayırıq. İndi daha yaxşı yaşayacağıq. Çünki o böyük əraziyə yenə də sahib olduq, öz doğma torpağımıza qayıtdıq. Onların durumu daha da pisləşdi. Ona görə daim münaqişədə olmaq, qonşularla əsassız, saxta tarix əsasında gələcək əlaqələri planlaşdırmaq çox yanlış bir addımdır. Ermənistan maraqlı olmalıdır ki, ilk növbədə, Türkiyə ilə əlaqələri normallaşdırsın, eyni zamanda, Azərbaycanla münasibətləri normallaşdırsın. Türkiyə və Azərbaycanla öz sərhədlərini müəyyən etsin, delimitasiya, demarkasiya aparılsın. Onlar buna çox maraqlıdır, nəinki biz. Çünki bu olmasa, deməli, sərhəd yoxdur. Bilirsiniz indi Ermənistanda və bəzi xarici siyasətçilər bizi ittiham edirlər ki, biz Ermənistanı işğal etmişik. Birincisi, bu, yalandır. İkincisi, bəs Ermənistan bizim əraziləri işğal edəndə niyə səsinizi qaldırmırdınız? Niyə gözünüzü yumurdunuz? Otuzillik işğal dövründə bizim bütün tarixi, dini abidələrimiz yerlə bir edildi. Bütün binalar söküldü. Bunu görmürdünüz? Minsk qrupunun həmsədrləri dəfələrlə orada olublar, Ağdamda da olublar, Kəlbəcərdə də olublar, Füzulidə də, Cəbrayılda da, görmürdülərmi?

Otuzillik işğal dövründə, cəmi iki dəfə faktaraşdırıcı missiya göndərildi və məruzə hazırlandı. Ermənilərin bütün cinayətləri məruzədə göstərildi. Sonuncu belə bir missiya təqribən 10 il əvvəl həyata keçirilmişdi. Biz dəfələrlə Minsk qrupuna, onun həmsədrlərinə müraciət etdik ki, yenə də missiya göndərin. Çünki orada qanunsuz məskunlaşma gedir, Suriyadan, Livandan, başqa yerlərdən ermənilər gətirilir, məskunlaşdırılır. Bu, hərbi cinayətdir. Bütün beynəlxalq konvensiyalara görə bu, hərbi cinayət sayılır. Etmədilər onu. Ona görə bu işğalı 30 il ərzində görməyən, indi olmayan işğalı görən, əlbəttə ki, ya kordur, ya nankordur, ya da, sadəcə olaraq, riyakardır. Bu, daha düzgün ifadə ola bilər.

Biz isə öz dədə-baba torpağımıza qayıtmışıq. Biz 30 il orada olmamışıq. Əgər Ermənistan tərəfi deyirsə ki, sərhəd oradan keçir, nə üçün orada heç kim yox idi? Sərhəddirsə, gəl sərhədi qoru. Biz gəldik, o dağlara yerləşdik. Bizim xəritələrə görə biz öz ərazimizdə yerləşmişik. Əgər Ermənistan tərəfi fərqli fikirdədirsə, gəlsin, otursun, bizimlə bərabər bunu müzakirə edək, bir il çəkər, beş il çəkər, otuz il çəkər, kim bilir. Yenə də qayıdıram bu söhbətə. Sərhədlər məsələsində bu gün Ermənistan reallığı dərk etməlidir. O, tezliklə bizim şərtlərimizə əməl edib, onları qəbul edib, bu məsələni həll etməlidir ki, artıq hər kəs bilsin, onun sərhədi harada yerləşir.

- Problemlər də ortadan qalxsın. Kiçik toqquşmalar da olmasın.

- Təbii. Əlbəttə.

- Bəs, bu problemlərin bir daha müzakirə edilməsi, qərarın qəbul olunması üçün Sizin, cənab Putinin, Paşinyanın yaxın zamanda görüşməsi gündəmdədirmi?

- Biz üçtərəfli görüşü bir dəfə keçirdik. Bu ilin əvvəlində, yanvar ayında Moskvada üçtərəfli görüş keçirildi. O görüşdə daha çox postmüharibə dövrü ilə bağlı məsələlər müzakirə olundu. Çünki müharibədən cəmi 2 ay keçmişdi. Ondan sonra prezidentlər səviyyəsində üçtərəfli görüş olmamışdır. Ancaq bir işçi qrup yaradıldı, Baş nazir müavinləri səviyyəsində. O qrup da, ilk növbədə, Zəngəzur dəhlizinin açılması ilə bağlı işlər görürdü. Ancaq iyunun əvvəlindən Ermənistan bu qrupda öz iştirakını bitmiş hesab etdi. Dedi, bu, seçkilərlə əlaqədardır. Seçkilər orada iyun ayında keçirildi. Ondan sonra avqustun ortasında ilk dəfə yenə də bu qrup yığışdı və yəqin ki, gələn ay yenə də yığışacaq.

Hesab edirəm ki, bu, önəmli formatdır. Çünki hələ ki, nəticə olmasa da, hər halda bir təmas var. İndiki şəraitdə təmas lazım olan vasitədir ki, bu müzakirələr əsnasında bir çox məsələlər həll oluna bilər. Biz Azərbaycanda indi Zəngəzur dəhlizinin yaradılması ilə bağlı genişmiqyaslı işlərə başlamışıq. Zəngilana həm dəmir yolu çəkilir, həm də avtomobil yolu. İndi hava limanları tikilir. Ona görə hesab edirəm ki, biz öz ərazimizdə bütün işləri iki il ərzində görəcəyik. Çünki burada işin həcmi çox böyükdür. Ermənistan ərazisində dəmir yolunun və avtomobil yolunun uzunluğu 40 kilometrdir. Bu, bir ilə, il yarıma çəkilə bilər. Yəni, biz bunu gözləyirik.

- Layihələrdən bəhs etdiniz. Bir il ərzində, əslində, bir il başa çatmadan işğaldan azad edilən ərazilərdə çox böyük layihələr həyata keçirdiniz. Məsələn, Füzuli hava limanı bir il olmadan artıq təyyarələrin enib-qalxdığı bir layihə halına gəldi. Avtomobil yolları da həmçinin. Siz avtomobil yollarının Ermənistan sərhədinə qədər təməlini qoydunuz, o iş davam edir. Bu sahədə çox böyük layihələr reallaşdırırsınız. Həm bu layihələr, həm də o bölgədə yaşayan erməni vətəndaşlar var, onların, necə deyərlər, gələcəyi ilə bağlı nə deyə bilərsiniz? Onlar bu layihələrdən necə faydalanacaqlar? Onlarla bağlı fikirlərinizi almaq istəyirəm, cənab Prezident.

- Siz tam haqlısınız. Biz müharibə bitər-bitməz vaxt itirmədən dərhal hərəkətə keçdik və bu, dövlətimizin gücünü göstərdi. Çünki bu işləri görmək üçün təkcə pul kifayət etməz. Çünki resurs olmalıdır, kadrlar olmalıdır, heyətlər olmalıdır, texniki imkanlar olmalıdır, səriştə olmalıdır. Biz bütün gücləri səfərbər etdik. Bu və digər məsələləri, məsələn, elektriklə bağlı olan məsələləri bu ilin sonuna qədər bitirəcəyik. Yəni, bütün bölgə elektriklə tam təmin ediləcək. Bildiyiniz kimi, yolların inşası da davam edir və sair.

Təbii, biz bunu, ilk növbədə, öz vətəndaşlarımız üçün edirik ki, bu bölgəni yenidən quraq və keçmiş məcburi köçkünlər tezliklə oraya qayıda bilsinlər. Artıq birinci belə pilot kənd layihəsi yəqin ki, bu ilin sonuna, ya gələn ilin əvvəlinə Zəngilan rayonunda hazır olacaqdır. Eyni zamanda, Ermənistan əhalisi də, Qarabağda yaşayan ermənilər də bunu görürlər. Çünki bizim televiziyalara baxırlar, bizim radioya qulaq asırlar və görürlər ki, burada nə kimi işlər görülür. Təsadüfi deyil ki, erməni xalqının nümayəndələri artıq bir neçə dəfə bizim Şuşadakı hərbi mövqelərimizə yaxınlaşıb rica etmişdilər ki, onları da bu işlərə cəlb edək. Çünki onlar orada işsiz–gücsüz qalıblar, işsizlik, səfalət və ümidsiz bir vəziyyətdədirlər. Biz buna müsbət baxırıq, ancaq gərək bunun hüquqi tərəfi tam yerinə otursun. Çünki mən demişəm, bir daha demək istəyirəm ki, biz orada yaşayan erməniləri öz vətəndaşlarımız sayırıq. Onlar Azərbaycan torpağında yaşayırlar, Qarabağ hər zaman Azərbaycan olub - istər sovet dönəmində, istər ondan əvvəlki dönəmdə, işğal dönəmində də Azərbaycan olub. Onları biz Azərbaycan vətəndaşları hesab edirik, sadəcə olaraq, onlar bunu qəbul etməlidirlər, onlar öz yaxalarını erməni təbliğatından qurtarmalıdırlar, onlar öz gələcəyini, öz uşaqlarının gələcəyini təmin etməlidirlər. Biz hazır olarıq ki, onları işlərə cəlb edək. Niyə də etməyək?

Biz strateji nöqteyi–nəzərdən gələcəyə barış prizmasından yanaşırıq. Çünki mən istəyirəm ki, bir daha müharibə olmasın. Hər halda biz müharibə başlamayacağıq, əgər Ermənistan tərəfdə revanşist meyillər baş qaldırmasa. Əgər görsək ki, Ermənistanda bizə qarşı hər hansı bir təhdid yaranır, biz o təhdidi məhv etməliyik. Bu, bizim legitim hüququmuzdur. Ancaq bu təhdid olmasa, bizim başqa fikrimiz yoxdur. Qarabağda 25 min erməni yaşayır, onlar da bu işlərdə iştirak edə bilərlər - həm inşaat işlərində, həm də bərpa işlərində. Eyni zamanda, gələcəkdə biz onların yaşadıqları yerlərdə, kəndlərdə onlar üçün şərait yaradarıq. İndi baxın, bizim Qarabağ və Şərqi Zəngəzurla bağlı planlarımız göz önündədir. Ağdam şəhərinin baş planı təsdiq edildi. Yaxın gələcəkdə Cəbrayıl və Füzuli şəhərlərinin, bütövlükdə rayonların baş planları təsdiq ediləcək. Bu, bizim gücümüzü göstərir və biz ermənilərin indi Qarabağda yaşadıqları kəndlərdə də bunu edə bilərik.

Mən Zəfərdən sonra bölgələrə onlarla səfər etdim və orada bəzi kəndlərdə, ermənilərin yaşadıqları kəndlərdə gördüyüm mənzərə məni dəhşətə gətirdi. Yəni, insana yaraşmayan bir vəziyyət. Bəzi kəndlərin evləri indi analiz edilir, evlərin 95 faizi yararsızdır, yəni, orada heç kimsə yaşaya bilməz, onlar sökülməlidir. Yəni, 30 il belə rəzil durumda yaşayan bir toplum təbii ki, işıq üzü görmək istəyir və işıq yalnız Azərbaycandan gələcək. Anlamaq lazımdır ki, onlar üçün də bu, o qədər də asan məsələ deyil. Burada psixoloji durum da nəzərə alınmalıdır. Ancaq biz hər halda xoş niyyət göstəririk və ümid edirəm, onlar anlayacaq ki, xoşbəxt gələcəkləri, rifahla dolu gələcək ancaq Azərbaycan dövləti ilə bağlıdır.

- Cənab Prezident, Türkiyə ilə Azərbaycan əlaqələrinə toxunmaq istəyirəm. Prezident Ərdoğan BMT-də Azərbaycanın haqlı mübarizəsini başa çatdırdığını ifadə etdi, hər platformada buna bənzər açıqlamalar verir. Prezident Ərdoğanın olmadığı yerlərdə Siz Türkiyənin haqlarını müdafiə edirsiniz. Yəni, əslində, tarixdə görünməyən bir dövr yaşayırıq. Soruşmaq istəyirəm ki, Türkiyə ilə Azərbaycanın münasibətlərinin gələcəyi ilə bağlı nə düşünürsünüz?

- Deyə bilərəm ki, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan əvvəlki illərdə də yüksək platformalardan Azərbaycanın haqq işi haqqında çox geniş məlumatlar verirdi. Hər zaman bu məsələ onun xarici siyasət kursunda bir nömrəli məsələ olub. Bu dəfə artıq savaşdan, Zəfərdən sonra orada bu sözləri deməsi, əlbəttə, bizi çox sevindirir və bir daha onu göstərir ki, Rəcəb Tayyib Ərdoğan hər zaman Azərbaycanın yanındadır. Necə ki, savaşın ilk saatlarında o bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizə əlavə güc verdi və mənəvi güc verdi.

Savaşa qədər də, - siz burada uzun illər yaşayan bir insan kimi bilirsiniz, - Türkiyə Azərbaycan üçün nə qədər doğma, nə qədər əziz ölkədir və Azərbaycan da Türkiyə üçün. Bu son illər ərzində biz çox böyük yol keçdik və demək olar ki, münasibətlərimizi ən yüksək zirvəyə qədər qaldırdıq. Mən, - yəqin siz də bunu xatırlayırsınız, - nə qədər demişdim ki, dünya miqyasında buna oxşar əməkdaşlıq, dostluq, qardaşlıq yoxdur. Onu da demişdim, bir çox ölkələr var ki, onların da tarixi birdir, etnik kökləri birdir, dili birdir. Ancaq onların arasında, görün, nə qədər ixtilaf var, nə qədər inamsızlıq var, nə qədər problem var.

Yəni, etnik, dini, mədəni köklər hələ o demək deyil ki, bu ölkələr qardaş ölkələrdir. Belə hallar çoxdur, həm Yaxın Şərqdə, eyni zamanda, postsovet məkanında. Ona görə mən hesab edirəm ki, belə çox güclü bir tarixi, mədəni zəmin üzərində bu cür gözəl münasibətlər sarayını tikmək bizim xüsusi xidmətimizdir. Həm hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın, həm də mənim. Burada mən təvazökarlıqdan uzaq olmalıyam və bu, həqiqətdir. İkinci Qarabağ savaşı bunu bir daha göstərdi. Yəni, Türkiyə bizim yanımızda olmaqla, bütün dünyaya mesaj göndərdi ki, qarışmayın, müdaxilə etməyin. Azərbaycan haqq yolundadır və əgər qarışsanız, əgər müdaxilə etsəniz, qarşınızda Türkiyəni görəcəksiniz. Bu, əlbəttə, çox böyük bir üstünlük idi.

İkinci Qarabağ savaşından sonra bizim münasibətlərimiz daha da yüksək pilləyə qalxdı. Bilmirəm, siz bilirsiniz, yoxsa yox, Türkiyədə bunu bir çoxları bilir ki, mən savaş bitəndən sonra hörmətli Prezidenti Şuşaya dəvət etdim. O vaxt demişdim ki, O, Şuşaya gəlməyənə qədər oraya heç bir başqa ölkədən heç kim gəlməyəcək. Hətta Türkiyədən gələnlər olmuşdu, oraya getmək istəyənlər olmuşdu. Mən onlara dedim ki, sağ olun, amma gözləyin, Qardaşım gəlsin getsin, ondan sonra yolunuz açıqdır. Şuşa Bəyannaməsinin imzalanması bizim münasibətlərimizi daha da yüksək səviyyəyə qaldırdı. Faktiki olaraq biz Şuşa Bəyannaməsinin imzalanması ilə de-fakto olan münasibətlərimizi de-yure səviyyəsinə qaldırdıq, yəni, müttəfiqlik səviyyəsinə. Onsuz da bu, hər sahədə müttəfiqlik əlaqələri idi. Ancaq biz bunu artıq rəsmiləşdirdik və bu, gələcək fəaliyyət üçün bir yol istiqamətidir. Biz bu yolla gedəcəyik. Gündən-günə möhkəmlənən münasibətlər, artan birgə layihələr və bizim həmrəyliyimiz, qardaşlığımız hesab edirəm ki, bu gün bütün qonşu ölkələr üçün bir örnəkdir.

Əgər bütün qonşular Türkiyə ilə Azərbaycan kimi münasibətlər qursaydılar, o zaman dünyada heç bir savaş, heç bir müharibə olmazdı.

- Hörmətli cənab Prezident, çox mühüm məsələlərlə bağlı önəmli açıqlamalar verdiniz. Çox təşəkkür edirik. Son bir sual, çox qısa dəyərləndirmənizi almaq istərdim. İşğaldan azad edilən bölgələrə tez-tez gedirsiniz, görüntülər paylaşılır, biz xəbərləri alırıq. Görüntüləri çəkən və paylaşan da Sizinlə birlikdə bölgədə olan hörmətli Mehriban xanım Əliyevadır. Biz görüntüləri onun vasitəsilə, onun paylaşımları ilə alırıq. Həm Azərbaycanda, həm də Türkiyədə Sizin oradakı dialoqlarınız, hərəkətləriniz çox böyük rəğbətlə qarşılanır. Bununla bağlı nə deyə bilərsiniz?

- Bu, bilirsiniz, elə öz-özünə yarandı, təbii yarandı. Biz bunu planlaşdırmırdıq. Biz, sadəcə olaraq, ilk dəfə Şuşaya gedəndə Bakıdan səhər çıxmışdıq, çünki o zaman yol çox uzaq idi. Biz Füzulidən Şuşaya Zəfər yolu ilə təqribən 3 saata getmişdik, özü də yollar qarlı idi, buz bağlamışdı. Ona görə səhər erkən çıxmışdıq, hələ qaranlıq idi və hava işıqlandıqca çox gözəl mənzərə yarandı. Mehriban xanım onu öz telefonu ilə çəkməyə başladı və məni də çəkdi. Mən də dedim ki, yolumuz Şuşayadır və bundan başladı. Ondan əvvəl təbii ki, Ağdam və digər rayonlar da var idi. Bu, xüsusi bir təşəbbüsdür. Çünki adətən mənim səfərlərimi rəsmi heyət işıqlandırır. Adətən orada çox rəsmi görüşlər, çıxışlar, mərasimlər və sair olur. Bu isə yeni bir yanaşma idi və bilirəm ki, bir çoxlarının xoşuna gəldi. Bizim də xoşumuza gəldi. Bilirsiniz, bu sözləri deyərkən, ilk növbədə, mənim gözlərimin önünə o bölgələrdə yaşamış insanlar gəlirdi. Mən, ilk növbədə, onlar üçün bunu deyirdim. Çünki onlar 30 il həsrət içində idilər və mən gəlmişəm oraya, mən bu evi görürəm, bu binanı görürəm, onlar görmürlər. Onlar bizim gözlərimizlə onu görməlidirlər. Hər zaman mənim gözlərimin önündə onlar idi, nə qədər əzab çəkdilər, nə qədər əziyyət çəkdilər, amma sınmadılar, möhkəm durdular. Budur Azərbaycan! Budur Azərbaycan xalqı! Mən sizi də duyğulandırdım.

- Təşəkkür edirəm, cənab Prezident.

- Sağ olun.

- Allah o günləri bir daha heç kimə yaşatmasın.

- Amin, sağ olun.

- Təşəkkür edirəm.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam