Yenixeber.org: Bu barədə The Guardian məlumat yayıb.
Mak Rezerford qeyri-adi səyahətinə bu il martın 23-də başlayıb. Onun 52 ölkəni əhatə edən uçuşu avqustun 24-də Bolqarıstanın paytaxtı Sofiyada başa çatıb. Pilot elə buradan 5 ay əvvəl dünyanın ən sürətli ultra yüngül təyyarələrindən biri olan "Shark" ilə havaya qalxıb. O, təyyarəni icarəyə götürübmüş və hava maşınını xüsusi olaraq bu səfər üçün yığıb. Təyyarəyə əlavə yanacaq çəni quraşdırılıb, iki yerlik kabinə tək oturacaqlıya çevrilib.
17 yaşlı Belçika əsilli britaniyalı pilot 5 qitədə, 52 ölkədə olub və iki dəfə ekvatoru keçib.
Beləliklə, o, dünyanı tək başına dövrə vuran ən gənc insan olaraq Ginnesin Rekordlar Kitabına düşüb. Bu rekord bundan öncə 18 yaş 150 günündə olan britaniyalı Trevis Ladlouya məxsus idi.
Maraqlıdır ki, Rezerford həm də ailə rekordunu qırıb. Onun 19 yaşlı bacısı Zara da bu ilin əvvəlində oxşar səfər edib və ultra yüngül təyyarə ilə dünyanı dövrə vuran ən gənc insan və ən gənc qadın olub.
Rekordçu-pilot uçuş zamanı çoxlu problemlərlə üzləşdiyini deyib. Bunlar Sudanda qum fırtınaları, Dubayda güclü istilər, Hindistanda hava limanlarının bağlanması və musson yağışları olub. Həmçinin bir sıra texniki problemlər, sənədlərlə bağlı çətinliklər və digər arzuolunmaz olaylar marşrutun dəyişdirilməsinə səbəb olub.
O, ən çətin anını Berinq dənizi üzərindən 11 saatlıq uçuş zamanı kimsəsiz Sakit okean adasına enişi adlandırıb.
"Bu, əslində tərk edilmiş adadır, ona görə də nə isə arzuolunmaz hadisə baş versəydi, o adada tək qalacaqdım. Mən oraya endim və uçuş-enmə zolağının kənarındakı kiçik bir çətirin altında yatmalı oldum. Ada 10 ildən çoxdur ki, tərk edilib”, - pilot deyib.
Pilotun valideynləri deyirlər ki, Mak üç yaşından səmada olmağı arzu və xəyal edirmiş. O, 2020-ci ildə, 15 yaşında artıq dünyanın ən gənc ixtisaslı pilotu olub.
“Bu səyahətlə mən həm də gənclərin dünyanı yaxşılığa doğru dəyişə biləcəyini göstərməyə çalışdım. Xüsusi bir şey etmək üçün 18 yaşında olmağınız vacib deyil. Sadəcə olaraq arzularınızın ardınca gedin və onlar nəhayət gerçəkləşəcəklər”, - rekortçu qeyd edib.