İrəvana Ukrayna dərsi -Azərbaycanın ərazi bütövlüyü tanınmayanadək...
Ukrayna olayları Ermənistan rəhbərliyinə tələsməyi diktə edir - Bakıdan daha bir siqnal; Paşinyan Moskvaya Azərbaycanla sülh sazişi imzalamaq üçün gedir?..
Yenixeber.org: Ukraynadakı dramatik olaylar dövlətlərin dinc-yanaşı yaşamasının əsas şərti kimi suverenlik və ərazi bütövlüyü prinsiplərinə qarşılıqlı hörmətin nə dərəcədə önəmli olduğunu qabarıq göstərdi. Yəni bu təməl prinsipləri tərəf-ölkələrdən birinin qulaqardı etməsi yetər ki, bölgədə sülh və sabitlik ciddi təhlükə altına düşsün.
Müharibə riski bölgə üzərində daim “Domokl qılıncı” kimi asılı qalsın.
Əfsus ki, işğalçı Ermənistanın hazırkı rəhbərliyi 44 günlük müharibədəki acınacaqlı məğlubiyyətə və imzaladığı kapitulyasiya aktına rəğmən, indiyədək bu sadə həqiqəti anlaya bilməyib. Baş verənlərdən hələ də dərs götürməyib. Hələ də başa düşmək istəmir ki, ölkəmizə qarşı ərazi iddiası, Azərbaycanla sülh müqaviləsindən imtina Ermənistanı yeni, daha dağıdıcı müharibəyə sürükləyir.
Ümid edək ki, heç olmasa, Moskva Bəyannaməsi Nikol Paşinyan hökumətinə ayıldıcı təsir edəcək. Çünki bu, 10 noyabr 2020 və 11 yanvar 2011-ci il üçtərəfli sazişlərinin ardınca Putinin də imzası olan və Ermənistanın əsassız iddialarına hər hansı perspektiv vəd eləməyən növbəti ciddi sənəddir, xəbərdarlıq siqnalıdır. Çünki bu sənədlərin heç birində nə “status” məsələsi var, nə də orada ATƏT-in ermənipərəst Minsk Qrupunun adı çəkilir.
Hərçənd Moskva Bəyannaməsindən sonra İrəvanın reallıqla barışmaqdan savayı yolunun qalmadığını az-çox anlayan ermənilər də yox deyil.
“Moskvada Ermənistana Azərbaycanla sülh sazişi təklif olunacaq. Yəni Ermənistan və Azərbaycan Minsk Qrupu prosesindən çıxacaq”.
Andrias Qukasyan
Bunu politoloq, Ermənistanın Konstruktiv Partiyasının rəhbəri Andrias Qukasyan “Hraparak” qəzetinə müsahibəsində Azərbaycanla Rusiya arasında imzalanan müttəfiqlik haqda Bəyannamənin Ermənistana təsiri və Nikol Paşinyanın gözlənilən Rusiya səfəri barədə danışarkən deyib.
Qukasyana görə, Paşinyanın Moskvaya çağırılması yəqin ki, elə bununla bağlıdır. “Aydındır ki, Rusiyanın Donetsk və Luqanskın müstəqilliyinin tanınmasından sonra düşdüyü siyasi şəraitdə Minsk Qrupunun həmsədrləri ilə üçtərəfli formatdan danışmaq mümkün olmayacaq. Nəticədə Ermənistanla münaqişəyə son qoyan sülh sazişi imzalanacaq. Ermənistan üçün bu, Qərbə qarşı addımdır, çünki Fransa və ABŞ 9/10 noyabr sazişinin əleyhinə idilər”.
Ancaq bu iddiaları tam ciddi qəbul eləmək də çətindir. Ona görə ki, rəsmi İrəvan, Paşinyan hökuməti Bakı ilə beynəlxalq hüququn təməl prinsiplərinə əsaslanan sülh sazişi imzalamağa hazır görünmür. Bu barədə bir daha Prezident İlham Əliyev Moskvaya son səfəri zamanı - fevralın 23-də TASS-ın ofisində Rusiya KİV-lərinin baş redaktorları ilə görüşü zamanı bildirdi. Qeyd elədi ki, Ermənistan rəhbərliyi bu günədək Azərbaycanın sülh müqaviləsi təklifindən yayınır və İrəvanın davranışını proqnoz eləmək mümkün deyil.
Bu da növbəti sübut. Belə ki, Moskva Bəyannaməsi imzalanandan iki gün sonra N.Paşinyanın Ermənistanla Fransa arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi ilə bağlı prezident Fransua Makrona göndərdiyi müraciətdə yenə anti-Azərbaycan mövqeyi, ölkəmizə qarşı ərazi iddiası yer alıb.
Sitat: “Ermənistan Fransaya minnətdardır və onun münaqişənin həllinə, erməni tarixi-mədəni irsinin qorunmasına yönəlmiş səylərini unutmur. Ermənistan Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Fransanın və ATƏT-in Minsk Qrupunun digər həmsədrlərinin açar rolunu yüksək qiymətləndirir. Danışıqlar prosesinin məqsədi Dağlıq Qarabağın statusunu onun əhalisinin öz müqəddəratını təyinetmə hüququna zəmanət verməklə dəqiqləşdirməkdir”.
Erməni baş nazirinin məktubunda həmçinin deyilir: “Biz Dağlıq Qarabağa qarşı hərbi təcavüz zamanı Fransanın və şəxsən sizin mövqeyinizi, habelə müharibə nəticəsində yaranmış problemlərin aradan qaldırılması, o cümlədən Artsaxın tarixi-mədəni irsinin qorunub saxlanılması istiqamətində göstərdiyiniz qətiyyətli səylərinizi yüksək qiymətləndiririk”.
Göründüyü kimi, rəsmi İrəvan hələ də “köhnə hava”da qalır. Azərbaycanla sülh sazişi faktiki onun, bütövlükdə erməni siyasi kəsiminin qorxulu röyasına çevrilib. Ukraynadakı olayların qonşulardan birinin digərinin ərazi bütövlüyünü tanımamasının hansı faciələrə gətirdiyini əyani şəkildə görə-görə.
Çünki rəsmi Bakının bir necə dəfə xəbərdarlıq elədiyi kimi, Ermənistan bizim ərazi bütövlüyümüzü tanımamaqla avtomatik şəkildə öz ərazi bütövlüyünü də şübhə altına almış olur. Bunun üçün Azərbaycanın əlində qat-qat çox əsaslar, tarixi, yuridik faktlar var, nəinki əksinə. Odur ki, Ermənistan rəhbərliyi heç olmasa, Ukrayna insidentindən dərs götürməli, tələsməlidir... “Müsavat”