“Bakını daha kimsə dayandıra bilməz!..” -Putinin vədi, Pyotrun vəsiyyəti
Sərhəddəki bir günlük müharibənin yaratdığı yeni reallıq və dərs; rusiyalı politoloq: “Azərbaycan Zəngəzur dəhlizi məsələsinin praktiki həllinə yaxınlaşıb...”
Yenixeber.org: Ermənistan yenə qaynayır. Doğrudan da unikal, mazoxist bir toplumdur. Əzab-əziyyət, ağrı-acı içində yaşamaqdan, qıvrılmaqdan sanki zövq alırlar. Mənfur qonşuları yeni və ağır canlı-maddi itkilərə tuş edən, özlərinin səbəb olduğu bir günlük sərhəd müharibəsinə başqa ad tapmaq olmur.
Məsələ də elə ondadır ki, erməniləri üstümüzə xarici güclərdən daha çox, ilk növbədə özləri qızışdırır, sonra da altını çəkirlər. Çünki xislətləri belədir. Həmişə haqlı və “əzabkeş xalq” sayar özlərini. Bu səbəbə az qala, bütün dünyanı özlərinə borclu bilərlər. Qərbdən Şərqə, Rusiyaya kimi.
*****
Təsadüfi deyil ki, son qanlı sərhəd insidentindən dərhal sonra yenə də xilaskarları Rusiyanı, Putini söyməyə, satqınlıqda ittiham eləməyə başlayıblar. Amma cəmi bir gün qabaq rəhbərləri Nikol Paşinyan növbəti dəfə Putinin ayağına düşmüş, ondan kömək istəmişdi - 44 günlük müharibədə olduğu kimi. Ancaq Putin ermənilərə necə kömək eləsin, əgər Azərbaycan Ermənistan ərazisinə girməyibsə, ən azı, sərhəd qeyri-müəyyəndirsə. Hərçənd qeyri-müəyyənlik bir şey də yoxdur.
Ermənilər eyni dərəcədə kollektiv Qərbdən narazılıq edirlər ki, nədən Qərb Azərbaycanın “məsum və yazıq” Ermənistana qarşı “aqressiyası”na sərt reaksiya vermədi, Bakını qınamadı? Beləcə, hamıda günah görürlər, özlərindən savayı. Hərçənd reallığı da yaxşı bilirlər.
“Bəlkə biz Rusiyadan həddən çox şey gözləyirik və tələb edirik? Bəlkə o, heç görünmək istədiyi qədər güclü deyil? Bütün bunları anlamağa, qəbul etməyə, ümidləri Qərbə bağlamağa necə, dəyərmi? Qərb bizə həqiqətən kömək edəcək, yoxsa biz ilğım dalınca qaçırıq? Təəssüf ki, elə belədir ki var - ilğım dalınca qaçırıq”.
“Yeni Müavat”ın məlumatına görə, bu barədə Armenianreport.com-un dünənki redaksiya məqaləsində deyilir...
*****
Əlbəttə ki, üstündə Rusiyanın əli olmasa, Ermənistan adlı süni və qondarma dövlət dünyanın siyasi xəritəsindən qısa zamanda silinər. Di gəl, 1-ci Pyotrun məlum vəsiyyəti var. Hansı vəsiyyətin ki, özlərinə aid hissəsini, “Pyotrun vədini” erməni mediası utanmazcasına vaxtaşırı Moskva rəsmilərinə xatırladır, ruslara minnət qoyurlar. Halbuki vəsiyyətin qayəsində Türkiyəyə qarşı əsassız iddialarla yanaşı (“Rusiya o zaman xoşbəxt ola bilər ki, Bosfor və Dardanel onun boğazları, İstanbul onun paytaxtı olsun, isti dənizlərə çıxış əldə edib dünyanın hökmdarına çevrilsin”), ermənilərdən qonşu xalqlara qarşı alət kimi istifadə eləmək fəlsəfəsi yatır.
Gerçəkdə isə Ermənistan Rusiya üçün getdikcə daha ağır və mənasız yükə çevrilməkdədir. Bir növ “qulpsuz çamadan” kimi. Rusiya onu nə ata bilir, nə də daşınması asan və ucuz başa gəlir. Elə bu səbəbə Putin noyabrın ilk on günlüyünə nəzərdə tutulan Putin-Əliyev-Paşinyan görüşünü faktiki boykot edən Paşinyanı cəzalandırmadı. İstəmədi. Yenə səbir göstərdi.
Ancaq günün birində mütləq atacaq. Çünki həmin bu “qulpsuz çamadan”a görə Azərbaycanı, Türkiyəni itirmək istəməz. İndi dünya da, regiondakı reallıq və şərtlər də bambaşqadır.
*****
Bu da var ki, Ermənistanın növbəti fiaskosu ilə bitən sərhəddəki bir günlük müharibə sözsüz ki, Paşinyan hökuməti ilə birgə, Ermənistan müxalifətinə də dərs oldu. Artıq radikal müxalifət də, revanşist qüvvələr də anladılar ki, Paşinyan iqtidarını devirsələr belə, kapitulyant tərəf kimi Ermənistanın durumu və statusu dəyişməyəcək və 10 noyabr 3-tərəfli kapitulyasiya aktını yerinə yetirmək lazım gələcək. Həm də o səbəbə ki, 1 nömrəli qarantor ölkə kimi Rusiya, “Rus NATO-su” ermənilərin belə hərbi avantüraları və hoqqalarını təqdir etmədiyini açıq-aşkar göstərdi.
Qərb də İrəvana lazımi dəstək vermədi. Odur ki, Nikol Paşinyanın yavaş-yavaş “valı” dəyisdiyi müşahidə olunur. Məntiqlə indi o cəmiyyətə də, müxalifətə də kapitulyasiya aktının bəndlərini daha rahat “həzm etdirə”, “müharibə partiyası”na öz yerini daha sərt şəkildə göstərə bilər...
*****
Bununla belə, Azərbaycan ehtiyatı, sayıqlığı bir an belə əldən verməməlidir. Çünki Ermənistanın analoji təxribata əl atmayacağına əminlik yoxdur.
“Mən hələ 4 ay bundan əvvəl açıq şəkildə yazmışam ki, Azərbaycan dövlət sərhədi xəttini müəyyən etmək üçün yeni müharibəyə hazırlaşmalıdır. Ermənistan Qarabağdan imtina etməyəcək, sülh və dövlət sərhədi haqqında danışıqlara getməyəcək”.
Bunu rusiyalı tarixçi alim və analitik Oleq Kuznetsov deyib (Axar.az).
“Azərbaycan bir il bundan əvvəl Qarabağda erməni işğalçı ordusunu darmadağın etdi, lakin Ermənistan üzərində siyasi qələbə qazanmadı, müharibə dayandırıldı, amma başa çatmadı”, - deyə o qeyd edib.
O.Kuznetsova görə, indi Ermənistan özünü Qafqaz və Mərkəzi Asiya regionunda Türkiyə təsirinin yayılması yolunda forpost kimi göstərməyə çalışa bilər: “Bununla Ermənistan Türkiyənin geosiyasi düşmənlərinin və iqtisadi rəqiblərinin dəstəyinə sığınmağa və dünya geosiyasətinin qarşısında türk dünyası təcavüzünün qurbanı rolunu öz üzərinə götürməyə çalışacaq”.
Öz növbəsində digər rusiyalı tanınmış analitik, beynəlxalq məsələlər üzrə mütəxəssis Qriqori Trofimçuk hesab edir ki, “hazırda Azərbaycan öz problemlərini təkbaşına həll edir, lazım bildiyi yerlərdə sərhədlər təyin edir və Zəngəzur dəhlizi məsələsinin praktiki həllinə getdikcə yaxınlaşır”.
“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, Minval.az-a açıqlamasında söyləyib.
Onun sözlərinə görə, əgər dəhlizi İran sərhədinə yaxın açmaq mümkün deyilsə, onda o, “erməni Sünikinin” (Qərbi Zəngəzurun) düz ortasından da keçə bilər. “Niyə də olmasın? Azərbaycan öz qarşısında duran vəzifələri əvvəlki üslubda həll edir və hələlik kimsə onu dayandıra bilməz” - Trofimçuk bildirib.
Bununla belə, politoloqun fikrincə, Ermənistan yəqin ki, kabus görürmüş kimi, “axın üzrə üzməli” olacaq, nəinki onun əksinə. “Moskva isə baş verən hər şeyə görə tam məsuliyyət daşımalı olacaq. Çünki ATƏT-in Minsk Qrupu baş verənlərdən ”ağıllı şəkildə" uzaqlaşıb", - deyə ekspert əlavə edib.
Düz də edib. Ermənipərəst Minsk Qrupunun qayıdışı onsuz da ağır gedən sülh prosesinə yalnız əlavə problem yaradardı... “Müsavat”