PUTİNİN “VAŞİNQTON VARİANTI” QORXUSU –Kreml İrəvana hansı siqnalları ötürür?
“Biz Ermənistana nəyisə diktə edə bilmərik və etməyə hazılaşmırıq. Əgər Ermənistan xalqı və rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa variantını seçmək lazımdır - başa düşdüyüm qədər bu “Vaşinqton planıdır”, hansı ki, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını özündə əks etdirir - o zaman buyursunlar”.
Yenixeber.org: Bunu Vladimir Putin Valday Diskussiya Klubunun dünənki plenar iclasında bildirib.
Azərbaycandakı rusiyapərəstlər Putinin bu sözlərini hər nə cür “malalamağa” çalışsalar da, bu açıqlama növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü, Qarabağ üzərində suveren hüquqlarını sual altına almaq, hətta tanımamaq mənasını daşıyır. Həmçinin bu çıxış bir daha göstərir ki, sülhün yaranmasının qarşısında duran ən başlıca maneə məhz Rusiyadır!
Digər yandan bu, Ermənistandakı revanşistlərə “pas vermək”dir, erməni cəmiyyətini bir növ “oyatmaq” cəhdidir ki, “Paşinyan Qarabağı Azərbaycana verir, niyə susursunuz?”
Bu açıqlama həm də onun etirafıdır ki, Kremlin “Vaşinqton planı” adlandırdığı və Avropa İttifaqının timsalında Qərbin dəstəklədiyi variantda Qarabağ üzərində Azərbaycanın suverenliyi tanınır. Rusiyanın təklif etdiyi və dəstəklədiyi variant isə Qarabağdakı erməni əhalisinin və qondarma separatçı qurumun Azərbaycanın bədənində “qara yara” kimi qalmasına (əlbəttə ki, rus “sülhməramlıları” ilə birgə-C.M.) hesablanıb və Kremlin niyyəti yenə ermənilərdə hansısa “status” xülyasını yaşatmağa, gələcəkdə Azərbaycandan qisas almaq ümidini saxlamağa yönəlib.
Putin “ermənilər Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını qəbul edirlərsə, o zaman buyursunlar” fikri ilə bir növ ermənilərin boynuna minnət qoyur ki, Qarbağı Azərbaycana verirsinizsə (Həm də əgər Rusiyanın icazəsi olmadan verə bilərsinizsə-C.M.), o zaman buyurun, verin.
Rus dilinin incəliklərini və Kremlin xislətini anlayanlar bilirlər ki, Putinin bu fikri dolayısı ilə ermənilərə “siz versəniz də, biz qoymayacağıq” deməkdir.
Putinin bu çıxışı bir daha əminliklə onu deməyə əsas verir ki, Rusiya dövlət kanallarının son günlər aktivləşən anti-Azərbaycan və ermənipərəst ritorikasının mənbəyi hansısa erməni əsilli aparıcı, yaxud ermənipərəst politoloq-filan yox, Kreml və şəxsən Putinin özüdür!
Onun Valdaydakı bu çıxışı da Rusiya dövlət kanallarındakı “Vaşinqton planı” isterikasının davamıdır. Doğrudan da Qərb münaqişənin tezliklə bitməsinə və Ermənistanı mümkün qədər tez zamanda özünə tərəf çəkməyə, digər yandan Rusiyanın Ermənistandakı hərbi varlığını və ümumilikdə regiona təsirini heçə endirməyə çalışır. Qarabağın “statusu” məsələsi isə bu planın yerinə yetirilməsinə əngəldən başqa bir şey deyil. Odur ki, böyük ehtimalla Qərbə Qarabağ adlı başağrısı olmayan Ermənistan lazımdır, nəinki həmin bu başağrısı səbəbindən Rusiyanın caynağında sıxılıb qalan Ermənistan.
O da şübhəsizdir ki, Qərbin Putinin dili ilə desək, “Vaşinqton planı” heç də onun bizə olan sevgisinin təzahürü deyil, sadəcə, Ermənistanı ağır yükdən azad edib, özünə tərəf çəkmək istəyindən xəbər verir. Rusiyaya isə əksinə, Azərbaycan başda olmaqla, bütün qonşularına qarşı ərazi iddiaları olan, işğalçı, cığal, yəni özü əxlaqda bir Ermənistan, eyni zamanda da işğaldan əziyyət çəkən, ərazi bütövlüyü, suverenliyi sual altında qalan, nəticədə Moskvanın təsir dairəsindən, orbitindən heç cür çıxa bilməyən bir Azərbaycan lazımdır…
Putin və Kreml təbliğatı həmişə Qarabağ münaqişəsini “ağır məsələ” adlandırıb və onun həllolunmazlığına işarə edib. Bu da Rusiyanın mütləq bu regionda olmasını, qalmasını tələb edir. Eyni zamanda, Moskva hər zaman Qarabağ ermənilərini hansısa xüsusi statusla, yaxud onların Ermənistana birləşdirilməsi ilə bağlı ümidləndirib. Putinin dünənki çıxışı da həmin tezislərin təkrarı oldu: “Əgər Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağ hansısa xüsusiyyətə malikdir və bu xüsusiyyət nəzərə alınmalıdır, o zaman belə də mümkündür. Sözsüz ki, elə eləmək lazımdır ki, bu razılıq Azərbaycan üçün də məqbul olsun. Bu, çox çətin, birbaşa desək, ağır məsələdir. Ermənistan bizim strateji tərəfdaşımız, müttəfiqimizdir və biz əlbəttə ki, Azərbaycanın da maraqlarını nəzərə almaqla, Ermənistanın təkliflərinə əsaslanacağıq”.
Hamı bilir ki, “Azərbaycanın da maraqlarını nəzərə almaqla” ifadəsi burada şərti xarakter daşıyır və torpaqlarımızın işğalda olduğu 30 ildə bizim maraqlarımızın necə “nəzərə alındığı” yaxşı məlumdur. Əvəzində, Putin Azərbaycanın bitmiş, bağlanmış məsələ hesab etdiyi Qarabağ münaqişəsini yenə “çox çətin, ağır məsələ” adlandırır və bir növ yenidən ona “nəfəs verir”. 44 günlük müharibədən əvvəl də belə deyirdi, indi də eyni şeyləri deyir. Belə çıxır ki, müharibə bu məsələni, Rusiyanın ona baxışını, mövqeyini qətiyyən dəyişməyib, həll etməyib.
Buna paralel olaraq da “Ermənistan bizim strateji tərəfdaşımızdır və onun təkliflərinə əsaslanacağıq” deməklə, yenə də ermənilərə hansısa “status”, üstünlük tanımaq şansı verir. Hansı ki, sülhlə “status” məsələsi bir-birilə antoqonist ziddiyyətdədir və məhz “status” tələbləri sülhü mümkünsüz edir.
Putin çıxışında həmçinin, bildirib ki, Ermənistana beş rayonu Azərbaycana verib, iki rayonu - Kəlbəcərlə Laçını Qarabağla əlaqə üçün saxlamağı təklif edib: “Axı, Ermənistan faktiki olaraq Azərbyacanın yeddi rayonuna nəzarət edirdi. Təklif etdik ki, iki rayonu saxlasın. Hansısa mərhələdə Azərbaycan tərəfi ilə razılaşarıq. Beş rayonu verin. Onlar lazım deyildi. Saxlamaq mənasızdır… Amma Qarabağla əlaqəsi olan iki rayon olduqca böyükdür… Lakin Ermənistan rəhbərliyi öz yolu ilə getdi. Məlum olduğu kimi, bu da bugünkü vəziyyətə gətirib çıxardı”.
Bu fikirlər Azərbaycandakı “rusbaşlar”a verilən daha bir cavabdır. Deməli, Rusiya Kəlbəcər və Laçın rayonlarının birdəfəlik və birmənalı olaraq, Ermənistana verilməsinə çalışıb. Şuşanın qaytarılması isə ümumiyyətlə, gündəmdə olmayıb. Putinin bu etirafı həm də bizdəki “rusbaşlar”ın “Rusiya Azərbaycana şərait yaratdı” kimi Azərbaycan Ordusunu, onun şücaətini, zəhmətini, tökülən qanları gözdən salmağa yönələn saxta, xain tezislərini puç edir.
Ukraynalı politoloqlar, şərhçilər, jurnalistlər Rusiyanın bu dövlətə qarşı işğalçılıq savaşı başlayandan sonra Putinin çıxışları ilə bağlı bir tezisi, daha doğrusu, öz qənaətlərini bu cür ifadə edirlər: “Putin ictimai çıxışlarında nə deyirsə, deməli onun əksini düşünür və əksini etmək fikrindədir”.
Onun sözügedən çıxışındakı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin vacibliyinə dair fikirləri də bu qəbildəndir: “Sülh müqaviləsi əlbəttə ki, lazımdır. Bizim mövqeyimiz sülh nizamlanmasını dəstəkləməkdən ibarətdir. Eləcə də sərhədlərin delimitasiyasını, sərhəd məsələsinin tam nizamlanmasını dəstəkləyirik. Biz bunun tərəfdarıyıq… Bütün hallarda, hansı variant seçilsə, əgər bu sülhə gətirib çıxaracaqsa, biz ancaq bunu dəstəkləyirik”.
Xeyr! Əlbəttə ki, bu deyilənlərlə Rusiyanın real siyasəti, əməlləri, niyyətləri tam ziddiyyət təşkil edir. Rusiya bunu uzun illərlə və dəfələrlə sübut edib ki, bu iki xalq arasında sülh və əminamanlığın bərqərar olması onun maraqlarına qətiyyən uyğun deyil.
Məhz Rusiyanın imperiya ambisiyaları və maraqları bu xalqların iki yüz ilə yaxındır davam edən qan davasını körükləyən əsas səbəb olub və bu səbəb olmasaydı, bəlkə də çoxdan normal münasibətlər qurulmuşdu, “can bir dost” olmasaydıq da, heç olmasa bir-birimizə qatı düşmən kəsilməzdik, bu qədər qan tökülməzdi və bu münaqişə hər iki tərəfi on illərlə geri salmaz, Rusiyanın təsir dairəsində saxlamazdı. “Azpolitika”