Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

PREZIDENT İLHAM ƏLİYEVDƏN “VALDAY”DA PAŞİNYANA SƏRRAST CAVAB: "Qarabağ Azərbaycandır və nida işarəsi” -TAM ÇIXIŞLAR

Xəbər verildiyi kimi, oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası keçirilib.

Yenixeber.org: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak edib.

Xatırladaq ki, “Valday” Beynəlxalq Diskussiya Klubu 2004-cü ildə yaradılıb. Klubun ilk konfransı Rusiyanın Veliki Novqorod şəhərində, Valday gölünün sahilində keçirilib. Elə klub adını da buradan götürüb. Ötən illər ərzində dünyanın aparıcı ekspertlərinin görüş yerinə çevrilən klub tədqiqatlarında qlobal siyasət və iqtisadi proseslərin araşdırılmasına xüsusi yer verir. İndiyədək klubun işində 74 ölkədən dünya elmi birliyini təmsil edən 1000-dən çox nümayəndə, həmçinin dövlət və hökumət başçıları iştirak edib. Onu da bildirək ki, digər ölkələrin rəhbərləri bu tədbirlərə məhdud sayda dəvət olunurlar.

Sessiyada əvvəlcə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin çıxış edib.

Prezident Vladimir Putinin çıxışı

-Zati-aliləri Kral Abdulla. Hörmətli İlham Heydər oğlu. Hörmətli Kasım-Jomart Kamaloviç. Hörmətli cənab Rodriqo Duterte. Dostlar. Xanımlar və cənablar.

Sizin hamınızı “Valday” klubunun Soçidə keçirilən illik iclasında salamlamağa çox şadam. Yaranmış ənənəyə görə biz bu məkanda cari siyasi problemləri, hətta diplomatik diskussiyaları da bir kənara qoymağa və tarixi, mədəni və fəlsəfi kontekstdə, necə deyərlər, “uzaq gələcəyə” baxmağa, onun konturlarını cızmağa çalışırıq.

Bu dəfə təşkilatçılar bizə həqiqətən tükənməz və mən deyərdim, çox maraqlı bir mövzu – Şərq mövzusu təklif ediblər. Dünyanın ən iri və əhalisi sıx olan qitəsi kimi Asiyanın dünya məsələlərində rolu. Rusiya ilə Asiya dövlətlərinin münasibətləri bizim üçün həmişə vacib olub və xüsusi əhəmiyyət kəsb edib, zənnimcə bu münasibətlər hamı üçün maraqlıdır. Asiya ilə bizim-Rusiyanın münasibətlərinin belə xarakteri təkcə bugünkü reallıqların tələbi deyil, tarixin tələbidir.

Hindistan və Çin, Misir və İran, Türkiyə və Yaponiya, Mərkəzi və Cənub-Şərqi Asiya ölkələri böyük və qədim sivilizasiyaların varisləridir, onlar bəşəriyyətə nadir biliklər və texnologiyalar, təbabət, riyaziyyat, mədəniyyət və incəsənət sahəsində nailiyyətlər bəxş ediblər.

Ziyalı, yaradıcı insanlar mühitində Asiya həmişə xüsusi duyğular oyadıb, bir qədər müəmmalı və mistik görünüb, bəlkə heç də həmişə sona qədər aydın olmayan, lakin hökmən maraq doğuran mənəvi qüvvə və müdriklik mənbəyi kimi məşhurlaşıb.

Rusiyada Şərqin əlvan rəngləri bizim neçə-neçə yazıçı, şair, rəssam, musiqiçi üçün ilham mənbəyi olub. Mən Puşkini, Rimski-Korsakovu, Arsenyevi, Vereşşagini, Kandinski və Rerixi nəzərdə tuturam. Bu adlar Rusiya auditoriyasına yaxşı məlumdur, özü də təkcə Rusiya auditoriyasına yox. Bu gün Asiya Məğribdən və Yaxın Şərqdən Şərqi və Cənub-Şərqi Asiyaya qədər bütün ucsuz-bucaqsız məkanda dünya məsələlərində onun böyük irsinə bugünkü, şübhəsiz böyük və artan potensialına uyğun təbii yerini özünə qaytarır.

Asiya dövlətlərinin mövqelərinin möhkəmlənməsi bütün sahələrdə nəzərə çarpır. Əlbəttə, xüsusən iqtisadiyyatda. Dünya üzrə məcmu məhsulun üçdəbir hissəsindən çoxu artıq bu regionda formalaşır. Həyat səviyyəsi də yüksəlir, dünya üzrə orta göstəricini aşır. Ən qabaqcıl texnologiyalar fəal tətbiq edilir. Əhatə dairəsinə görə misilsiz inteqrasiya prosesləri, qloballaşma həm ayrı-ayrı xarici oyunçuları, həm də onunla həmhüdud olan bütöv subregionları Asiyaya cəlb edir.

Asiya ölkələri sanballı tərəqqi nümunələri nümayiş etdirməklə bərabər, öz bənzərsizliyini saxlayır, ənənələrini qoruyur, öz köklərini xatırlayır və irəliyə doğru hərəkətində sübut edirlər ki, dövlət suverenliyi prinsipləri açıqlığa və qloballaşmaya zidd deyil, davamlı inkişaf müstəqillik və sərbəstlikdən imtina edilməsi əsasında deyil, onlara əsaslanaraq mümkündür, dövlətin artan iqtisadi və humanitar potensialı həm də siyasi subyektivlik tələb edir.

Qanunauyğun haldır ki, qloballaşmanın, texnoloji inqilabın bəhrələrindən, mənfəətlərindən müdrikliklə istifadə edən və iqtisadi liderlər sırasına daxil olan Asiya dövlətləri dünya siyasətində də daha mühüm rol oynamağa çalışırlar. Bu, tamamilə təbii prosesdir. Onlar beynəlxalq gündəliyin mühüm məsələləri barədə öz fikirlərini müdafiə edir, müstəqilliyin qədrini bilir və hesab edirlər ki, onların obyektiv artan təsiri tanınacaq. Bizim fikrimizcə bu, ədalətlidir və həm bugünkü, həm də gələcək reallıqlara tamamilə uyğundur.

Yeri gəlmişkən, vaxtilə Asiyanın belə adlandırılan oyanışı, region ölkələrinin milli və mədəni dirçəlişi beynəlxalq münasibətlərin demokratikləşməsində çox böyük rol oynayıb. Bu gün isə aşkar görünür ki, Asiyanın iştirakı olmadan qlobal problemləri həll etmək, sadəcə, qeyri-mümkündür. Əlbəttə, ətalət üzrə və köhnə yaddaş əsasında bunu etməyə cəhd göstərmək olar. Lakin qloballıq və universallıq iddiasında olan belə qərarların legitimliyi və ən başlıcası, onların praktiki mənası çox şübhəlidir.

Çox cəhətdən Asiya dövlətlərinin sayəsində dünya obyektiv olaraq çoxqütblü və nəticə etibarilə, şübhəsiz ki, daha mürəkkəb olub. Lakin çoxqütblülük,- mən bu barədə danışmışam,- hər dərdin çarəsi deyil və o, heç də o demək deyil ki, beynəlxalq münasibətlərdə kəskin məsələlər və ziddiyyətlər bir anda öz-özünə aradan qalxacaq.

“Valday” klubunun illik məruzəsinin müəllifləri iddia edirlər və biz indicə eşitdik ki, dünya nizamının ümumiyyətlə olmayacağı dövrə qədəm qoymuşuq. Bu, praktiki olaraq indicə deyilib. Bəli, belə ssenari həqiqətən mümkündür. Lakin onun təhlükəli cəhətləri çoxdur və biz hamımız bunu başa düşürük. Ümid etmək istərdim ki, dövlətlər arasında münasibətlər nə qədər mürəkkəb olsa da, məsələn, nüvə və raket sınaqları sahəsində hüquqi məqamlar nə qədər təhlükəli olsa da, beynəlxalq hüququn mühüm roluna əsaslanan dünya nizamı transformasiyaya məruz qalacaq, lakin saxlanacaq. Biz hamımız onu qorumaq üzərində işləyəcəyik. Şübhə yoxdur ki, başqa yol demək olar bütün bəşəriyyəti qlobal təhlükələrə aparır.

Əlbəttə, dünya sistemi rəngarəng və mürəkkəb, eyni zamanda, misilsiz dərəcədə qarşılıqlı əlaqəli sistemdir. Hər kəsin öz obyektiv, heç də həmişə başqalarının maraqları ilə üst-üstə düşməyən maraqları var. Bu da aydındır. Lakin ümumi məsuliyyət hissi də var. Nəhayət, ümidvaram və əslində şübhə etmirəm ki, sağlam düşüncə, təhlükəsizliyə meyil də var.

Buna görə də dünya nizamı sistemli olmalıdır. Lakin şübhəsiz, çeviklik və qeyri-xəttilik də lazımdır. Bu, sistemdən imtina etmək deyil, reallıqları nəzərə almaqla mürəkkəb prosesi təşkil etmək bacarığı deməkdir. Bu, müxtəlif mədəni dəyərlər sistemlərini nəzərə almağı, əlbir hərəkət etməyi, stereotipləri və geosiyasi şablonları dəf etmək bacarığını nəzərdə tutur. Qlobal, regional və milli səviyyəli məsələləri yalnız bu yolla səmərəli şəkildə həll etmək olar.

Belə nümunələr göz qabağındadır. 2015-ci ildə “Valday” klubunun iclasında iştirak edənlər yəqin ki, xatırlayırlar: praktiki olaraq, həmin günlərdə Suriyada Rusiya əməliyyatlarının başlanması haqqında qərar qəbul edildi. Açıq deyirəm, o vaxt zalda olanların heç də hamısı, o cümlədən ekspertlər də inanmırdılar ki, bu əməliyyat bu cür müsbət şəkildə başa çata bilər. Əksinə, buna çox şübhə ilə yanaşırdılar, çoxları bunun nəyə lazım olması barədə suallar verir, soruşurdular ki, biz hansı bir arı yuvasına girdiyimizi başa düşürükmü? Bəzi əcnəbi tərəfdaşlar isə, – əlbəttə, burada iştirak edən ekspertləri deyil, sadəcə, beynəlxalq arenada işlədiyimiz əcnəbi tərəfdaşları nəzərdə tuturam, – açıq desək bizə mane olmağa, müqavimət göstərməyə çalışırdılar. Lakin sizin diqqətinizi görülmüş işlərin ən başlıcasına cəlb etmək istəyirəm. Əlbəttə, ilk növbədə, bizim ölkəmiz üçün edilənləri nəzərdə tuturam, çünki mən onun mənafelərini təmsil edirəm. Biz Suriya ərazisində artıq praktiki olaraq qalib gəlmiş beynəlmiləl terrorizmi məğlub etdik və onun qayıtmasının, bizim ölkəmizə və qonşu dövlətlərə sızmasının qarşısını aldıq. Yeri gəlmişkən, həmin dövlətlərlə bizim viza rejimimiz yoxdur, onlarla sərhədlərimiz şəffafdır. Biz yüzlərlə, gələcəkdə isə bəlkə də minlərlə silahlı başkəsənin ölkəmizə sızmasının qarşısını aldıq.

Bir neçə il ərzində Suriya ərazisinin çox hissəsi terrorçulardan azad edildi, zorakılıq səviyyəsi əsaslı şəkildə azaldı. Biz Astana formatı üzrə tərəfdaşlarımızla birlikdə BMT-nin dəstəyi ilə Suriyadaxili siyasi prosesi işə salmağa, bu məqsədlə İran, Türkiyə, İsrail, Səudiyyə Ərəbistanı, İordaniya, Yaxın Şərqin digər ölkələri və Birləşmiş Ştatlarla sıx işgüzar əlaqələr yaratmağa nail olduq. Hörmətli həmkarlar, razılaşın ki, çox fərqli dövlətlərin, bir-birinə münasibətdə çox fərqli emosiyaların bu cür mürəkkəb diplomatik toplusunu bir neçə il bundan əvvəl hətta təsəvvür etmək belə çətin idi. İndi isə bu, gerçəkləşmiş faktdır, biz buna nail olmuşuq.

Bizim fikrimizcə, Suriya nizamlanması regional böhranların həlli üçün bir növ model ola bilər. Həm də əksər hallarda məhz diplomatik mexanizmlər işləyəcək. Burada güc tətbiq edilməsi ifrat, məcburi istisnadır. Axı, biz Suriyada bütöv bir terrorçu kvazidövlət yaratmaq cəhdi ilə, tamamilə mübaliğəsiz deyirəm, əsl terrorçu ordu ilə üzləşdik.

Bəzən adama elə gəlir ki, həm yeni, həm də xroniki köhnə problemlərin, böhranların çoxu həddən artıq dolaşıb, onlara yanaşma da məlum deyil. Lakin təkrar edirəm, indi qeyri-ordinar, qeyri-standart addımlar və hərəkətlər dövrüdür. Suriya istiqamətində Rusiya tərəfdaşları ilə birlikdə – əlbəttə, bunu təkbaşına heç vaxt edə bilməzdik, – məhz tərəfdaşları ilə birlikdə, beynəlxalq hüquq normalarına əsaslanmaqla və onlara riayət etməklə, suverenliyə hörmət etməklə, ilk növbədə, insanların həyatı, təhlükəsizliyi və maraqları barədə düşünərək hər halda çox iş görüb.

Əminəm ki, dünyada, o cümlədən Asiyada mövcud olan başqa problemləri də məhz bu cür yanaşmalar əsasında həll etmək olar. Məsələn, çoxdan bəri “məngənədə” olan Koreya yarımadasındakı vəziyyət bu qəbildəndir.

Bununla əlaqədar qeyd etməliyəm ki, Birləşmiş Ştatlar Koreya Xalq Demokratik Respublikası ilə, özü də ilkin rəsmiyyət və şərtiliklər olmadan, adi, bəzən çox kobud, təhqirlər dərəcəsinə çatan ritorika olmadan birbaşa danışıqlar aparmağı qərara alan kimi dərhal məsələnin sülh yolu ilə nizamlanmasına ümid yarandı.

Əlbəttə, biz başa düşürük və görürük ki, həll edilməmiş problemlər hələ çoxdur, qarşıda çox böyük yol var. Lakin hər halda düzgün istiqamətdə hərəkət var. Burada Prezident Trampın cəsarətinə, qeyri-ordinar addımlar atmaq bacarığına lazımınca qiymət verməliyik. Axı, onilliklər boyu Amerika prezidentləri Koreya Xalq Demokratik Respublikasına etinasızlıq göstərir, onu izqoy hesab edirdilər. Cənab Tramp tarixi addım atmağa, anlamamaq və rədd etmək kimi “demarkasiya xətti”ni aşmağa, Kim Çen In ilə görüşməyə və danışıqlar prosesini başlamağa müvəffəq oldu.

Bir daha təkrar edirəm, ən mürəkkəb münaqişə düyünlərini qarşılıqlı əməkdaşlıq, hörmət, tərəflərin maraqlarını tanımaq, müxtəlif qəbildən olan blok fəlsəfəsindən imtina etmək prinsipləri əsasında həll etmək lazımdır və mümkündür. Məsələn, Fələstin-İsrail, Əfqanıstan, İranın nüvə proqramı ətrafında vəziyyət kimi düyünləri.

Bununla əlaqədar xatırlatmaq istəyirəm ki, Rusiya məhz bu məntiqlə cari ilin iyulunda Körfəz zonasında kollektiv təhlükəsizliyin təmin edilməsi Konsepsiyasını təqdim edib. Zənnimcə, bu ideya regionda cari gərgin və gözlənilməz şəraiti nəzərə alaraq, hələ də çox aktualdır.

Biz yığılıb qalmış yanlış təsəvvürləri, qarşılıqlı iddiaları bir kənara qoyaraq, bu regionda təhlükəsizlik və əməkdaşlıq üzrə təşkilatın yaradılmasına yeni səhifədən başlamağı təklif edirik. Bu təşkilata Körfəz ölkələri ilə yanaşı, müşahidəçi statusu ilə Rusiya, Çin, ABŞ, Avropa İttifaqı ölkələri, Hindistan və digər maraqlı dövlətlər daxil ola bilərdi.

Hörmətli görüş iştirakçıları. Gələcəyə istiqamətlənmiş bərabərhüquqlu siyasi münasibətlərin, o cümlədən Asiya ölkələri arasında münasibətlərin əsası, şübhəsiz ki, hamının davamlı və uzunmüddətli inkişafı üçün real perspektivlər açan iqtisadi tərəfdaşlıqdır.

Nümunə kimi nəqliyyat sahəsində qarşılıqlı əlaqələri göstərmək istəyirəm. Müasir avtomobil, dəniz, dəmir yolları infrastrukturu yaradılmadan ticarəti, sənaye kooperasiyasını inkişaf etdirmək, hər hansı digər sahələrdə qarşılıqlı mübadiləni təşkil etmək mümkün deyil. Bu cür Avrasiya nəqliyyat karkasının, geniş və meridian ticarət marşrutları şəbəkəsinin formalaşdırılmasını necə sürətləndirmək barədə birlikdə düşünməliyik.

Şübhəsiz ki, Rusiya bu cür birgə iş üçün açıqdır və artıq burada bir sıra birgə layihələr həyata keçirir. Onlardan biri – Şimal-Cənub ticarət marşrutu bizim ərazimizdən, Xəzər regionundan keçməklə, Avropa ölkələrindən Mərkəzi Asiya dövlətlərinə, İran və Hindistana uzanır. Digəri – Avropa-Qərbi Çin marşrutu Baltik dənizindəki Rusiya limanlarını Sarı dənizdəki limanlarla birləşdirəcək.

Daha bir perspektivli marşrut Arktika–Sibir-Asiyadır. Onun məğzi ondadır ki, Şərqi Sibirdən – Avrasiyanın mərkəzindən nəqliyyat magistralları ilə Şimal dənizinin limanlarını Sakit və Hind okeanlarının limanları ilə birləşdirmək mümkün olsun. Bu ideyanı reallaşdırmaq, çatışmayan elementləri formalaşdırmaq üçün biz Rusiyanın ən şimalında, Yamal yarımadasında yerləşən Sabetta limanına dəmir yolu xəttinin tikintisini, “Şimal en gedişi” layihələri kompleksinin reallaşdırılmasını, həmçinin Rusiya Federasiyasının şərqindəki Tuva Respublikasında Kuraqino-Kızıl dəmir yolu magistralının gələcəkdə Monqolustan, Çin və regionun digər ölkələrinə çıxışını təmin etməklə inşasını sürətləndirmək və başa çatdırmaq niyyətindəyik. Ümumavrasiya əhəmiyyətli bu təşəbbüs üzrə bütün maraqlı tərəfdaşlarla işləməyə hazırıq.

Fikrimizcə, transsərhəd, transmilli nəqliyyat arteriyaları təkcə təbii rəqabətə əsaslanan münasibətlərin qurulmasında açar, stimul deyil, həm də həmrəylik baxımından çox mühümdür. Çünki marşrutun keçdiyi ölkələrdən birində siyasi və iqtisadi sabitlik olmasa, onda bütün zəncir fəaliyyətini itirəcək. Buna görə də, qonşular təbii yolla bir-birinin tərəqqisinə can atmalıdırlar.

Məhz birgə ümumi tərəqqi prinsiplərini rəhbər tutaraq biz tərəfdaşlarımızla Avrasiya İqtisadi İttifaqını qururuq. Bu inteqrasiya birliyi hüquq bərabərliyinə, praqmatizmə, bir-birinin maraqlarının nəzərə alınmasına əsaslanır. Bu halda bizim ittifaqımız qapalı bazar deyil.

Avrasiya İqtisadi İttifaqı beynəlxalq əlaqələri fəal inkişaf etdirir. Vyetnamla azad ticarət zonası haqqında saziş imzalanıb, bu yaxınlarda, lap elə bu günlərdə Sinqapurla da bu cür müqavilə imzalamışıq. İranla azad ticarət zonası haqqında müvəqqəti saziş imzalanıb. İsrail və Misirlə danışıqlar aparılır, tezliklə Hindistanla danışıqların birinci raundu olacaq. Avrasiya İttifaqı Çinlə ticari-iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Avrasiya Komissiyası ilə ASEAN arasında 2019-2020-ci illərdə əməkdaşlıq proqramının həyata keçirilməsinə başlanılmışdır.

Bütün bu razılaşmalar Avrasiya İqtisadi İttifaqı, MDB, ŞƏT, ASEAN ölkələrinin və bir sıra digər dövlətlərin potensial iştirakı ilə Böyük Avrasiya Tərəfdaşlığının formalaşdırılması baxımından vacibdir.

Avrasiya İqtisadi İttifaqı layihəsi ilə Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün əlaqələndirilməsi Böyük Avrasiyanın “daşıyıcı dirəklərindən” biri olmalıdır. Biz çinli dostlarımızla bu işin sürətləndirilməsi barədə razılıq əldə etmişik.

Bütün bu misalları gətirərək çox sadə və zənnimcə, aşkar fikri vurğulamaq istəyirəm-dövlətlər arasında praqmatizmə, bir-birinin maraqlarının nəzərə alınmasına əsaslanan bu cür münasibətlərin qurulması xoş arzular və xəyallar, çox da uzaq gələcəyin məsələsi deyil. Bu mümkündür və üstəlik, indi reallaşdırılır.

Hörmətli həmkarlar, Rusiya lap əvvəldən, təşəkkül tapdığı və formalaşdığı vaxtdan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Məlum mənada bu ölkə elə bir sivilizasiyadır ki, bir çox ənənələri və mədəniyyətləri üzvi şəkildə mənimsəyib, onların özünəməxsusluğunu, nadirliyini qoruyub, həm də orada yaşayan xalqların birliyini saxlayıb. Biz Rusiya Federasiyası xalqlarının bənzərsizliyinin və ümumi taleyinin harmoniyası ilə çox qürur duyuruq və onu yüksək qiymətləndiririk. Biz aşkar görürük ki, dövlət daxilində müxtəliflik normal haldır. O, sözün əsl mənasında öz modelini aksiom kimi qəbul etdirməyi yox, səbirli, dözümlü olmağı, müxtəlif nöqteyi-nəzərləri anlamaq və qəbul etmək bacarığını, ənənələri və qaydaları öyrədir. Düşünürük ki, bizim bu təcrübəmiz bir çox digər tərəfdaşlarımız üçün də faydalı ola bilər. Ümumilikdə dünyadan danışdıqda bütün dövlətlərin şübhəsiz ki, müxtəlif olduğunu nəzərə alaraq, yeknəsəklik, universallaşdırma prinsipcə mümkün deyil. Müxtəlif dəyərlərin, ideyaların, ənənələrin birgə mövcud olduğu, qarşılıqlı fəaliyyət göstərdiyi və bir-birini zənginləşdirdiyi, eyni zamanda, öz xüsusiyyətlərini və fərqli cəhətlərini qoruduğu və üzə çıxardığı sistem lazımdır.

XIX əsrdə diplomatiyada belə bir obraz olub. Burada mənim həmkarlarım olan yaxşı diplomatlar var və bizim Xarici İşlər naziri mənə söylədi ki, belə demək mümkünsə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu günüdür. Çünki mənim həmkarlarım arasında Qazaxıstan Prezidenti və Azərbaycan Prezidenti MDBMİ-nin məzunları, digər iki həmkarım – Prezident Duterte və İordaniya Kralı isə bu universitetin fəxri professorlarıdır. Bu universitet ənənəvi olaraq, lap əvvəldən diplomatik xidmət üçün kadrların hazırlanması sahəsində aparıcı ali məktəbdir.

Vaxtilə, XIX əsrdə “böyük dövlətlərin konserti” haqqında danışırdılar. Bu gün inkişaf modellərinin, maraqların, mədəniyyət və ənənələrin qlobal “konserti” haqqında danışmaq vaxtıdır ki, burada hər alətin çıxardığı səs mühüm, əvəzolunmaz və qiymətlidir. “Musiqinin” xaric səslənməməsi, kakofoniyaya oxşamaması, əksinə harmonik səslənməsi üçün beynəlxalq həyatın bütün iştirakçılarının rəyinin və maraqlarının nəzərə alınması vacibdir. Təkrar edirəm, əsl qarşılıqlı hörmətə əsaslanan, praqmatik, deməli – gözlənilən və sıx münasibətlər məhz müstəqil, suveren dövlətlər arasında qurula bilər.

Rusiya bu cür yanaşmalara səmimi olaraq sadiqdir və müsbət gündəliyi reallaşdırır. Biz beynəlxalq hüquqa qeyd-şərtsiz əməl olunmasının, qarşılıqlı etimadın və ehtiramın möhkəmləndirilməsinin tərəfdarıyıq. Biz dövlətlərarası münasibətləri və ünsiyyəti BMT Nizamnaməsinin müddəalarına əsaslanaraq, ədalətli, demokratik prinsiplər üzrə qururuq.

Bizim ölkəmiz diqqətini təhlükəsizliyin və sabitliyin möhkəmlənməsi, beynəlxalq terrorizmə, digər çağırış və təhdidlərə qarşı mübarizə üzərində cəmləşdirib. Biz Asiya da daxil olmaqla bərabər və bölünməz təhlükəsizlik sisteminin geniş kollektiv iş əsasında yaradılması istiqamətində fəaliyyət göstəririk.

Yeri gəlmişkən, üç həftədən sonra elə burada, Soçidə Rusiya-Afrika sammiti keçiriləcək. Biz onun gedişində afrikalı həmkarlarımıza, dostlarımıza bərabərhüquqlu və ən müxtəlif sahələri – iqtisadiyyat, energetika, nəqliyyat, təhsil və ekologiyanı əhatə edən geniş gündəlik təqdim etməyə hazırıq.

Sonda mövzudan kənar da olsa, amma hər halda bizim əsas mövzumuzla bağlı olan hadisəni danışmaq istəyirəm. Təxminən iyirmi il əvvəl-2000-ci il ərəfəsində mənim “Rusiya minilliklərin qovuşuğunda” sərlövhəli məqaləm dərc olundu. Məqalədə o zaman dünyanın vəziyyəti, inkişaf perspektivləri ilə bağlı təhlil, mənə elə gəlir ki, ümumilikdə reallığa uyğun idi.

Rusiya həqiqətən də XX əsrin 90-cı illərini öz tarixinin ən çətin dövrlərindən biri kimi yaşayıb. Kəskin daxili siyasi, iqtisadi, sosial böhranlarla yanaşı, biz həm də beynəlxalq terrorizm tərəfindən təcavüzə məruz qaldıq. O zaman Rusiya çox təhlükəli, arxasınca hər bir xalq, hər bir millət və ölkə üçün ən pis hadisələrin – dağıntı və dövlətin süqutunun baş verəcəyi həddə yaxınlaşmışdı. Bu təhdid havadan asılmışdı və insanların bir çoxu onu hiss edirdi.

Biz o zaman, əlbəttə, tamamilə real olaraq irimiqyaslı vətəndaş müharibəsinə yuvarlana, dövlət bütövlüyümüzü, suverenliyimizi itirə və dünya siyasətinin periferiyasında qala bilərdik. Yalnız rus xalqının və Rusiyanın digər xalqlarının müstəsna vətənpərvərliyi, igidliyi, nadir səbri və əməksevərliyi nəticəsində ölkəmiz bu təhlükəli xətdən uzaqlaşdırıldı.

Bu iyirmi il ərzində yəqin ki, nələrisə başqa cür, daha yaxşı etmək olardı. Lakin biz nadir təcrübə qazandıq və düşünürəm ki, o, dünyada da istifadə oluna bilər. Biz həmkarlarımızla bu zala daxil olmazdan əvvəl ən mühüm problemlərdən biri – terrorizm haqqında danışırdıq və müzakirə aparırdıq.

Həqiqətən bizdə – Rusiyada həll edilməmiş problemlər hələ çoxdur. Bununla yanaşı, siyasi sabitlik, bütün xalqın öz gücünü səfərbər etməsi sayəsində Rusiya nəinki dirçəlib və iqtisadi, sosial sahələrdə möhkəmlənməkdə davam edir, həm də planetin aparıcı, nüfuzlu və məsuliyyətli dövlətləri arasında inamla öz yerini tutur. Bizim ölkəmiz mövcud dünya nizamının qarantlarından biri kimi öz öhdəliklərini tam şəkildə yerinə yetirir. Əminəm ki, bu, gələcəkdə də belə olacaq. Əgər biz birlikdə fəaliyyət göstərsək, bu, daha səmərəli olacaq.

Diqqətinizə görə çox sağ olun.

x x x

Hörmətli həmkarlar, sözü bizim qonaqlara verərkən, necə deyərlər, Qərbdən Şərqə gedirik ki, çıxış etmək üçün söz vermək prinsipimiz aydın olsun. İndi sözü növbəti çıxışçıya – Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə veririk.

Azərbaycan Prezidenti İlham Əliyevin
çıxışı

-Hörmətli Vladimir Vladimiroviç.

Hörmətli xanımlar və cənablar.

İlk növbədə, “Valday” Diskussiya Klubunun növbəti iclasında iştirak etməyə dəvət üçün Vladimir Vladimiroviç Putinə dərin təşəkkürümü bildirmək istərdim. Qeyd etmək istərdim ki, klubun fəaliyyətini Azərbaycanda böyük maraqla izləyirlər. O, müasir dünyanın aktual məsələlərinin müzakirə edildiyi və əməkdaşlığın dərinləşməsi üçün tövsiyələr verilən ən mühüm beynəlxalq məkanlardan birinə çevrilib.

Mən Vladimir Vladimiroviçin çıxışını böyük maraqla dinlədim və hər məsələdə onunla razıyam. Minilliklərin sərhədində Rusiyada yaranmış vəziyyətdən bəhs edərkən onun demədiyi yeganə məsələ budur ki, Rusiyanın çox ağır sınaqlardan şərəflə çıxmasında əsas amil Vladimir Putin amilidir. Bu, həqiqətdir, bunu hamı bilməlidir. Məhz onun cəsarəti, qətiyyəti, müdrikliyi, vətənpərvərliyi sayəsində Rusiya ən çətin sınaqlardan çıxdı və bu gün dünyanın aparıcı böyük dövlətidir. Bu gün Vladimir Vladimiroviçlə bizim görüşümüz oldu. Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır və hətta bir neçə aylıq kiçik fasilə bizə pauza kimi təsir bağışlayır. Ölkələrimiz arasında münasibətlər strateji əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, biz bir-birimizi strateji tərəfdaşlar adlandırırıq. Bu gün biz ikitərəfli münasibətlərin çox geniş gündəliyini nəzərdən keçirdik və gələcək qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirdik. Ölkələrimiz arasında çox fəal siyasi dialoq mövcuddur. Dövlət başçılarının və digər rəsmi şəxslərin müntəzəm görüşləri əməkdaşlığımızın dərinləşməsinə şərait yaradır. Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayırıq, ən mühüm, ümdə məsələlərdə ənənəvi olaraq bir-birimizi dəstəkləyirik. Avropa Şurası Parlament Assambleyasının iyun sessiyasında Rusiyanın bu təşkilata qayıtması məsələsi müzakirə edilərkən Azərbaycan nümayəndə heyəti tam tərkibdə çıxış edərək Rusiyanın AŞPA-ya qayıtmasının lehinə səs verdi. Mən bu münasibətlə həmkarlarımızı təbrik etmək istərdim.

Ticari-iqtisadi münasibətlərimizin inkişafında müsbət dinamika müşahidə olunur. Biz əmtəə dövriyyəsini hər il artırırıq. Bu, get-gedə çətinləşir, çünki keçən il biz təqribən 20 faiz artım barədə danışırdıqsa, bu il artım daha çox olub. Beş “Yol xəritəsi” çərçivəsində əməkdaşlığın prioritet istiqamətlərinin müəyyən edilməsi, şübhəsiz ki, ticari əlaqələrin daha da genişlənməsinə səbəb olacaq. Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycan Rusiyada 1,2 milyard dollar, Rusiya Azərbaycanda 4,6 milyard dollar həcmində sərmayə qoyub. Burada biz geri qalırıq, lakin bunun obyektiv səbəbləri var. Onu da qeyd etmək istərdim ki, sənayeləşmə məsələsində Rusiya bankları bizə çox kömək edir. Onlar iqtisadiyyatın real sektorunda həyata keçirilən layihələr üçün təqribən 1 milyard dollar kredit ayırıblar.

Hərbi-texniki əməkdaşlıq fəal inkişaf edir. Bu gün biz bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəldik. Hərçənd, Rusiyadan texnika alınması çərçivəsində bizim aramızda artıq imzalanmış kontraktların məbləği 5 milyard dollar təşkil edir, bunun 3 milyard dolları artıq reallaşıb. Dediyim kimi, biz bu istiqamətdə işi davam etdirmək niyyətindəyik.

Bizim əməkdaşlığımızın mühüm istiqamətlərindən biri də nəqliyyat sahəsidir. 2018-ci ildə Şimal-Cənub dəhlizi vasitəsilə daşınmış yüklərin həcmi əvvəlki ildəkindən 8 dəfə çox olub. Həcmlər hələlik böyük deyil, lakin dinamika güclü təsir bağışlayır. Onu da qeyd etmək istərdim ki, Şimal-Qərb dəhlizi də işə düşüb. Rusiyadan yüklər Azərbaycan ərazisindən keçməklə, həm cənub, həm də qərb istiqamətində göndərilir. Bu, çox cəhətdən onun sayəsində mümkün olur ki, biz tarif siyasətimizi razılaşdırmışıq və son vaxtlar Azərbaycanda müasir nəqliyyat infrastrukturuna böyük sərmayə yatırılıb.

Bizim əlaqələrimizin bir göstəricisi həm ölkələrimiz, həm də xalqlarımız arasında münasibətlərin ruhu və xarakteri barədə parlaq təsəvvür yaradır. Keçən il 880 min rusiyalı Azərbaycana səfər edib. Bu il onların sayı daha çoxdur. Sirr deyil ki, turistlər təkcə görməli yerlərə baxmaq və milli mətbəx təamlarını dadmaq üçün getmirlər. Onlar o yerə gedirlər ki, orada özlərini təhlükəsiz, rahat, öz evlərində olduğu kimi hiss edirlər. Zənnimcə, bu fakt turizmin sürətlə artmasına dəlalət edir.

Təhsil sahəsində böyük uğurları qeyd etmək istərdim. Artıq neçə ildir ki, Azərbaycanda Moskva Dövlət Universitetinin filialı, habelə Birinci Moskva Dövlət Tibb Universitetinin filialı fəaliyyət göstərir. Azərbaycanın bütün dövlət ali məktəblərində rus dili bölmələri var. Ölkəmizdə 25 min tələbə rus dilində təhsil alır. Təhsilin rus dilində olduğu 338 məktəbdə 130 min şagird də rus dilində oxuyur.

Daimi diskussiyaların mövzularından biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsidir. Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir. Onun vasitəçilik üçün mandatı var. Qeyd etməliyəm ki, Dağlıq Qarabağ və Azərbaycanın digər 7 rayonu 25 ildən çoxdur erməni işğalı altındadır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Qeyd etməliyəm ki, bu münaqişə ilə əlaqədar çox vaxt reallığı əks etdirməyən geniş fikir müxtəlifliyi var. Bu məsələyə aydınlıq gətirmək üçün deməliyəm ki, 1921-ci ildə Qafqaz bürosunun qərarında Dağlıq Qarabağın çox vaxt erməni tərəfinin interpretasiya etdiyi kimi, Azərbaycana verilməsi deyil, onun Azərbaycanın tərkibində qalması göstərilmişdir. Münaqişə başlayana qədər Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan azərbaycanlı və erməni əhalinin say nisbəti 25:75 faiz kimi olub. Münaqişə nəticəsində Dağlıq Qarabağdan, həmçinin digər 7 rayondan bütün azərbaycanlı əhali qovulub, başqa sözlə desək, orada etnik təmizləmə aparılıb.

Bu gün də işğal olunmuş ərazilərdə azərbaycanlı əhali yoxdur və işğal olunmuş ərazilər, onların böyük bir hissəsi yandırılmış, dağıdılmış torpaqlar, viran qoyulmuş evlər, məktəblər, ictimai binalardır. Münaqişə nəticəsində Azərbaycan humanitar fəlakətlə üzləşib. Dağlıq Qarabağdan və Azərbaycanın işğal olunmuş digər ərazilərindən olan 700 mindən çox məcburi köçkün, üstəgəl müasir Ermənistanın ərazisindəki öz tarixi torpaqlarından qovulmuş 250 min azərbaycanlı. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. İyirmi beş ildən çoxdur ki, bu qətnamələr yerinə yetirilmir. Burada biz mühüm məsələyə – qəbul olunmuş qərarların yerinə yetirilməsinə gəlirik. BMT Təhlükəsizlik Şurası ali beynəlxalq orqandır. Əgər 25 ildən çox müddətdə Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar yerinə yetirilmirsə, onda bu, həmin təşkilatın səmərəliliyi ilə bağlı bir çox suallar doğurur. Azərbaycanda bizi qətnamələrin yerinə yetirilməsinin reallaşdırılmasının seçmə xarakteri narahat edir. Bəzən onlar bir neçə gün ərzində yerinə yetirilir, bəzən isə müəyyən hərbi əməliyyatların həyata keçirilməsində onlara, ümumiyyətlə, ehtiyac qalmır. Bizimlə bağlı məsələdə isə qətnamələr kağız üzərində qalır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır. Ermənistanın baş naziri son vaxtlar tez-tez təkrarlayır ki, münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır. İndi deməliyəm ki, “Dağlıq Qarabağ xalqı” məfhumu mövcud deyil. Dağlıq Qarabağın əhalisi var, münaqişə başlayana qədər bu, bərabər hüquqlara malik olan Azərbaycan və erməni əhalisindən ibarət idi. Azərbaycan üçün hansı həll variantının məqbul olmasına gəldikdə isə, o, Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunması, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından ibarətdir. Bu, Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur.

Deməliyəm ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü bu gün də davam edir. Dünən erməni snayperi tərəfindən dinc sakin, münaqişə zonasından uzaqda, Ermənistanın Azərbaycanla sərhədində yerləşən Qazax rayonunun sakini qətlə yetirilib. Həmçinin deməliyəm ki, 2016-cı ilin aprelində hərbi təxribat zamanı altı dinc sakin, o cümlədən balaca qız qətlə yetirilib.

Həmçinin Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də “Valday” forumu çərçivəsində müvafiq cavab verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi.

İşğala, 1990-cı illərin əvvəlində ölkəmizdə hər səkkiz nəfərdən birinin qaçqın olduğu humanitar fəlakətə baxmayaraq, Azərbaycan böyük inkişaf və quruculuq yolu qət edib. Ölkədə oyuncaq, xalqazidd, satqın Xalq Cəbhəsi rejiminin hakimiyyətdə olduğu müstəqilliyin ilk illəri istisna olmaqla, 26 ildir Azərbaycan sabitlik şəraitində yaşayır və burada əsas xidmət vətəndaş müharibəsinin qarşısını almış, işğalı dayandırmış, xaosun, dağıntının öhdəsindən gəlmiş və Azərbaycanı quruculuq yoluna çıxarmış Prezident Heydər Əliyevə məxsusdur. Beləliklə, 26 ildir ki, Azərbaycan xalqı sabitlik və inkişaf şəraitində yaşayır. Ölkəmizin beynəlxalq mövqeləri möhkəmlənir. Bunun göstəricilərindən biri bir neçə il əvvəl ölkəmizin 155 dövlətin səsi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir. Bu, o qədər də asan deyildi, bizim üçün 3 gün və 16 tur tələb olundu, lakin ədalət zəfər çaldı. Həmçinin qeyd etmək istərdim ki, Rusiya Federasiyası və digər 154 ölkə bizə böyük dəstək verdi.

Bizi sevindirir ki, Bakı artıq bir neçə ildir Rusiya və NATO-nun ali hərbi komandanlıqlarının görüş yeri seçilir. Bunu bizə göstərilən etimadın ifadəsi kimi qiymətləndiririk. Bu ayın sonunda Bakıda Qoşulmama Hərəkatının sammiti keçiriləcək. Azərbaycan 3 il müddətinə bu təşkilatın sədri olacaq.

Qarşımızda duran beynəlxalq gündəliklə yanaşı, əlbəttə, biz diqqətimizi iqtisadi inkişafla bağlı daxili problemlərə yönəldirik. Bu istiqamətdə böyük nəticələr əldə olunub. Azərbaycan xarici borcu az olan dövlətdir. Bu göstəriciyə görə biz 9-cu yerdəyik, xarici borc Ümumi Daxili Məhsulun 17 faizini təşkil edir. Məlumat üçün deyim ki, Rusiya 6-cı yerdədir. Biz rəqib deyilik, lakin həmişə ən yaxşı nəticələrə istiqamətlənirik. Yoxsulluğun azaldılması üzrə böyük işlər görülür və bu göstərici 2003-cü ildəki 49 faizdən 5 faizə endirilib. İqtisadi artım sosial problemlərin həllinə də imkan verir. Bu il minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faiz artıb. Biz müasir texnologiyalara sərmayə qoyuruq, əhalimizin 80 faizi internet istifadəçisidir. Azərbaycan 3 peyki olan ölkədir. Bunlardan ikisi telekommunikasiya, biri isə Yer səthini müşahidə edən peykdir.

Son olaraq Vladimir Vladimiroviçin nəqliyyat layihələrinin təkcə ticarətin inkişafına kömək etməməsi, həmçinin xalqlar arasında körpü olması barədə tezisinə dəstək olaraq demək istəyirəm ki, bu istiqamətdə bizim ölkəmizdən keçən Şimal-Cənub və Şərq-Qərb dəhlizləri məhz beynəlxalq əməkdaşlığın genişləndirilməsi və risklərin azaldılması istiqamətində addımlardır, layihələrdir.

Diqqətinizə görə təşəkkür edirəm.

x x x

Sessiyada çıxış edən İordaniya Kralı II Abdulla, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Filipin Prezidenti Rodriqo Roa Duterte “Valday” Beynəlxalq Klubunun əhəmiyyətinə toxundular, Asiya regionunun dünyada artan rolundan, terrorizmin doğurduğu təhdidlərdən, dünyada gedən qlobal siyasi və iqtisadi proseslərdən bəhs etdilər.

Sonra Prezident İlham Əliyev və tədbir iştirakçıları sualları cavablandırdılar.

– Sualım Prezident Əliyevədir. Bizim ölkələrimizin iştirakı ilə iqtisadiyyat sahəsində inteqrasiya layihələri, o cümlədən Şimal-Cənub ticarət marşrutu, Sizin xatırlatdığınız Şimal-Qərb nəqliyyat dəhlizi regional təhlükəsizlik üçün nadir əsaslar yaradır. Bu sistemin parametrləri Bakıdan necə görünür? Təhlükəsizlik sahəsində Rusiya-Azərbaycan əlaqələri onun qurulmasına necə kömək edir?

– Şübhəsiz ki, bu məsələlər qarşılıqlı əlaqəlidir. Mən öz şərhlərimdə demişəm ki, nəqliyyat layihələri yük göndərənlər, yaxud tranzit ölkələr üçün təkcə gəlir qazanmaq üçün əlavə imkanlar yaratmır, bunlar ölkələri qarşılıqlı asılı vəziyyətə salır. İstənilən tranzit ölkə öz qonşuları ilə yaxşı münasibətlərə malik olmalıdır, yoxsa bu tranzit sadəcə baş tutmayacaq. Azərbaycana gəlincə, biz artıq çoxdandır həm müasir nəqliyyat infrastrukturunun, həm də regionumuzda etimad mühitinin yaradılmasına investisiya qoyuruq. Düşünürəm ki, biz tərəfdaş ölkələrin birgə səyləri ilə nadir əməkdaşlıq formatı yaratmağa nail olmuşuq. Həmin format bu gün xalqlarımızın rifahına, eləcə də təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. Hesab edirəm ki, beynəlxalq təcrübədə qarşılıqlı asılılıq və qarşılıqlı tamamlama bütövlükdə sabitlik və təhlükəsizlik amillərindən biridir.

Azərbaycan nəqliyyat infrastrukturuna xeyli vəsait qoyub. Biz Bakı yaxınlığında çox böyük ticarət limanını istifadəyə vermişik. Həmçinin dəmir yolları bizi üç qonşumuzla birləşdirir. Avtomobil yolları da yük axınının artmasına təkan verir. Coğrafi yerləşmə təbii ki, geosiyasi vəziyyətdən asılıdır. Onun həm müsbət, həm də mənfi cəhətləri ola bilər. Fikrimcə, hər bir hökumətin vəzifəsi ölkəsinin coğrafiyasını müsbətə yönəltməkdir. Zənnimcə, biz buna nail olmuşuq. Azərbaycan “Bir kəmər, bir yol” layihəsinin fəal iştirakçısıdır və bu ilin aprelində Pekin konfransında Cənubi Qafqazın yeganə ölkəsi kimi iştirak edib. Biz, həmçinin Şimal-Cənub layihəsinin mühüm tərəfdaşıyıq. Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərində iştirak edən yeganə ölkədir. Mən bu gün dedim ki, biz artıq Şimal-Qərb dəhlizinin işə düşməsinə şadıq. Beləliklə həmin layihələr, təbii ki, regional təhlükəsizliyin möhkəmlənməsinə kömək edəcək.

Sizin sualınızın ikinci hissəsinə – Azərbaycanla Rusiya arasında münasibətlərin təhlükəsizliyə necə kömək etməsi məsələsinə gəlincə, düşünürəm ki, toqquşmaların, xaosun, vətəndaş müharibələrinin, münaqişələrin, dini ekstremizmin tüğyan etdiyi dənizdə Rusiya və Azərbaycanın sabit ictimai-siyasi vəziyyətdə olan və o cümlədən beynəlxalq terrorizmə, ekstremizmə qarşı mübarizədə qarşılıqlı fəaliyyət göstərən ölkələr olduğunu görmək üçün bizim regiona baxmaq kifayətdir. Həm Rusiya, həm də Azərbaycan Qafqaz ölkələridir. Təbii ki, bizi Qafqaz birləşdirir. Bizi Xəzər dənizi birləşdirir. Qeyd etməliyəm ki, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi işində ötən ilin avqustunda Aktauda Xəzər dənizinin hüquqi statusunun tənzimlənməsi haqqında konvensiyanın imzalanması böyük rol oynadı. Beləliklə, Rusiya-Azərbaycan münasibətləri artıq çoxdan ikitərəfli çərçivədən çıxaraq regionumuzda sabitliyin mühüm amilinə çevrilib.

x x x

Fransa Beynəlxalq Münasibətlər İnstitutunun eksperti Tatyana Kostuyeva Janın ekologiya ilə bağlı sualını cavablandıran Prezident Vladimir Putin bu barədə Prezident İlham Əliyevin də öz münasibətini bildirməsini xahiş edərək dedi:

-Ümumiyyətlə, ekologiya məsələləri yəqin ki, hamını narahat edir. İlham Heydər oğlu, bəlkə, həqiqətən, bu barədə fikrinizi bildirəsiniz?

-Mən Vladimir Vladimiroviçin tezislərini tam dəstəkləyirəm. Öz tərəfimdən demək istərdim ki, Azərbaycanda da elektrik enerjisinin istehsalında qaz və hidroresurslardan istifadə edirik. Bu planda biz, həmçinin tullantılar üzrə öhdəliklərimizi yerinə yetiririk. Mövzu qlobal xarakter daşıyır və əlbəttə, əsas, həlledici sözü iqlimin istiləşməsində başlıca töhfə verən ölkələr deməlidir. Bizim ölkəmiz ərazi baxımından kiçikdir və əhalisi də azdır, ona görə də biz qlobal proseslərə ciddi təsir etmirik. Lakin beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi öz tərəfimizdən həm ölkəmizdə, həm də Xəzər regionunda ekoloji şəraiti yaxşılaşdırmaq üçün zəruri tədbirlər görürük. Çünki bu, təkcə bizə yox, həm də digər sahilyanı ölkələrə və bütövlükdə regiona aiddir.

Sonra dövlət başçılarının “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının iştirakçıları ilə qeyri-formal görüşü oldu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam