Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Pozitiv düşüncənin zərəri -Beyini aldatmağın nəticələri

 

Bütün elmləri kitablardan oxuyub öyrənmək olar. Amma həyat elmi həyatın özündən başqa heç bir kitabdan lazım olan səviyyədə öyrənilə bilməz. Marketinq psixologiya kitabları yazır ki, pozitiv düşüncə insanın həyatını tamamilə istədiyi müsbət tərəfə dəyişir. Elədirmi? Nə qədər pozitiv düşünsək belə, insan həyatında xəstəlilklər, maddi problemlər, ayrılıqlar, xəyanətlər qaçılmazdır. Müharibələr, sunamilər, zəlzələlər, qəzalar bizim nə istədiyimiz soruşmadan gəlir.  Ancaq özünü, hadisələrə qarşı münasibətini dəyişə bilərsən. Fövqəlqüvvələrin etdiyinə tək-tək qarşı çıxmaq mənasızdır.

Yenixeber.org: Siz də düşünürsünüzmü, niyə pis hadisələr tez-tez olur, yaxşı hadisənin baş verməsini, istədiyimiz bir şeyin reallaşmasını çox gözləməli oluruq? Hələ Şeyx Nizami insan həyatında təsadüflərin və gözlənilməz hadisələrin böyük rolu olduğunu qeyd edir, insan xöşbəxtliyinin ağır zəhmət və mübarizə bahasına qazanıldığını göstərirdi:

Düzəltmək istəsə bir işi fələk

Əvvəlcə min oyun çıxartsın gərək

Xəznə vermiş olsa bir əkinçiyə

Gərək o əkinçi əvvəl inciyə

Həyatın yolunda olmasa tikən

Olarmı güllərin qədrini bilən?

Əkmədən çox məhsul alanlar da var,

Gör nələr törədir qoca ruzigar.

 

 

Xüsusi diqqət verin: “Əkmədən çox məhsul alanlar da var” bunu hamımız bilirik və görürük. O qədər haqsızlıqlar var ki, insan oğlu bu haqsızlıqlarla barışmağa məcburdur. Həyat bəzən bizə gül-çiçək gözlədiyimiz halda tikanlar göndərir. Çirkin, dayaz, ağılsız biri rahatlıq və hüzur içində yaşayır, dünya gözəllik festivalında tac sahibi olmuş biri isə avtomobil qəzasına düşüb şikəst olur. Qəbul edin, dünya neqativ hadisələrlə doludur, pis hadisələrdən hamı qorxur, bu insan oğlunun xüsusiyyətidir. Onu da etiraf edək ki, biz çox vaxt layiq olduğumuzu deyil, gözlədiyimizi alırıq. İnsanın xoşbəxtliyi ətrafının xoşbəxtliyindən birbaşa asılıdır deyərkən, biz övladı xoşbəxt olmayan ananın, bacı-qardaşı xoşbəxt olmayan insanların bir tərəfdən mütləq dərd çəkdiyini qeyd etmək istəyirik. Əgər iş yerində ədalət prinsipləri tapdanırsa, bu iş yerində insan özünü rahat hiss etmir. Hər dəfə bəxti gətirməyən, istədiyini əldə etmək yolunda mübarizədə məğlub olan insan həyata inamını itirir, ruhən yorğun olur.

 

İnsan öz əməlləri ilə taleyini müəyyən qədər dəyişdirə bilər. Bu barədə müxətlif fikirlərin mövcudluğu çoxdan məlumdur. Yer üzərində öz missiyasını başa düşmək insanı daxilən dəyişdirir. Bütün dövrlərdə çətinliyə düşmüş (maddi və mənəvi tərəfdən) insanlara müxtəlif yollarla kömək edən insanlar olmuşdur. Bu kömək dualarla, magiya üsulları ilə, elmi yollarla həyata keçirilmişdir. Şahlar döyüşdə orduları qalib gəlməsi üçün əsgərlərini ruhlandırırmış.

 

 

Bu günlərdə internetdə mənə bir kitab rast gəldi. Axır vaxtlar metafizika elmləri ilə çox maraqlandığım üçün doktor Co Vitalenin “Hüdudsuz həyat” kitabı diqqətimi cəlb etdi. Kitabda qədim havay üsulu ilə insanın arzularını həyata keçirmək üçün qeyri-məhdud imkanların olduğu göstərilir. Qədim havay özünəkömək psixologiyası müasir dövrdə yenidən işlənmiş, insanın yaşadığı bir çox ağır problemlərin keçmişin xatırlanması ilə bağlı olduğu isbat olunmuşdur. Bu elmə görə insan allahın iradəsi ilə razılaşmalı, daim öz ruhunu təmizləməlidir. Bir yazıda bu proses barədə qeyd edərik, bu da yaxşı bir metod kimi təsdiqini tapmışdır.

 

Hər bir insan öz həyatında onu qane etməyən hadisələri dəyişmək, özünə uyğun bir məcraya salmaq istəyir və bu çox təbiidir. Bizim dinimizə görə allah valideynlərin günahını övladların üstünə yazmır, amma valideynlərin insanın həyatında mühüm yer tutduğunu inkar da etmir. Əgər kimsə taleyini dəyişmək istəyirsə, bunun üçün mübarizə aparmağın mənasız olduğunu düşünməsin, deyə bimərəm ki, insan taleyini tamamilə dəyişə bilər, amma böyük alimlərin elə kəlamları var ki, buna şübhə etməyə bilərik. Həzrəti Mövlana Cəlaləddin Rumi məşhur dualarından birində deyir:Ey rəbbim! Bizimlə halımıza görə davranma. Öz ikram və ehsanına görə davran! Bəlaları bizdən uzaqlaşdır və  dəyişdir. Günahlara görə bizdən intiqam alma! Ey yaradılmışların ehtiyacını ödəyən rəbbim! Sən varkən başqa bir şəxsi xatırlamaq və ondan bir şey ummaq doğru deyildir. Cəfa içində keçib gedən ömrə mərhəmət et! Dua və yalvarışlarımızda sənə layiq olmayan sözləri bilmədən söyləyib xəta etdiksə, sən o kəlmələri düzəlt və duamızı qəbul et! Bizi əvf et! (Mən gördüm ki, Həzrəti Mövlananın bu duası qədim havayların duaları ilə oxşardır).

 

Burada başlayaq və pozitiv düşüncənin zərərlərini qeyd edək. Xeyri barədə hamı bilir, əslində elə hamı bu düşüncə tərzinin xeyirli tərəfini göstərir. Zərərləri barədə susurlar. Amma, Şeyx Nizamiyə inamağa məcburuq. Hər bir işin çətinliklərlə xeyirli yola çıxması özünü hər addımda göstərir. Elə adi həyati məsələləri nəzərinizə çatdrımaqla bunu biz də təsdiq etmiş olarıq. Çox ailələrdə problemli oğlanların evləndirməklə düzələcəyinə  böyük inam var. Bu inam özünü çox nadir hallarda doğruldur. Biri narkomaniyaya və ya alkoqolizmə meyllidirsə, bu adamı evləndirməklə düz yola qaytarmaq mümkün deyil. Hər kəs öz ətrafında belələrini tanıyır. İşin dəhşətli tərəfi də odur ki, belələrinə qız verənlər də lap çoxdur. Bu da sosial problemlərdən biridir. Rusiyada yaşayıb artıq qocalıq mərhələsinə qədəm qoyan 35-45 yaşlı azərbaycanlı kişilər gəlib 18 yaşlı qızlarla evlənirlər. Belələri gəlib öz rayonlarından 18 yaşlı qızı alıb aparır, bu qızların nə əziyyətlər çəkdiyini isə siz sosial proqramların hər birində görə bilərsiniz. Bax, pozitiv düşünmək burda çox zərərlidir, “imkanlı oğlandır, Rusiyada işi var, yaxşı olacaq”, yaxşı olub-olmadığını isə bilməyən yoxdur.

 

Bir tanışım var, qardaşı oğlu içkiyə çox meyyli olduğu üçün bu oğlanı yaxşı bir “ev qızı” ilə evləndiməklə problemin həll olunacağına inanan ailə doğrudan da yaxşı bir ailənin qızını bu oğlana aldılar. Bəs qız bunu bilirdimi? Bunu deyə bilmərəm, ancaq bunu bilsə belə, yenə də belələri ilə ailə quranlar o qədər çoxdur ki... Belələri ilə evlənib sonradan onlara, onların zəifliklərinə bağlananlar isə daha çoxdur. “Yazıqdır, mən onu ata bilmərəm”, “artıq uşaqlarım var, ayrılmaq mümkün deyil” və s. bunun kimi bəraətlər. Dediyim bu oğlan evləndi, amma o qız iki uşaqla daim onun sərxoşluq davalarına, narkomaniya məsələlərinə dözür, bəzən də ona pul tapmaqda da kömək edir. İnanan inansın, inanmayana nə deyə bilərik.  Kimsə inkar etməsin, belələrini siz də tanıyırsınız. Pozitiv düşünmək, “evlənəndən sonra düzələcək” demək budur. Yəni, evləndirib başından etmək, problemli adamı başqasına ötürmək. Belələrini ailələri başdan eləyir, amma bununla başqalarına ciddi problemlər yaradırlar.  

 

Bir qohumumgilə getmişdim. Qohumumun evində tanımadığım bir qadın gördüm, kimliyini soruşanda ağılasığmaz bir cavab aldım. Qadının əri narkomandır, narkotika qəbul edən kimi qısqanclığı tutur ki, niyə televizorda kişi müğənnilərə qulaq asırsan, qadının bədəni, qolları kəsik-kəsik idi. Ərinin əlindən qaçıb qonşuda gizlənmişdi. Mən “bəs niyə ayrılmırsan, ata-anan yoxdurmu?” deyə soruşanda  aldığım cavab daha da  ağılasığmaz oldu.  “Axı neyləyim, mən onu sevirəm, ayrılmaq istəmirəm”. Belə. Pozitiv düşünür, ayrılmaq olmaz. Əslində, belələrindən ayrılmağın özü də çox çətin bir məsələdir. Ayrılmaq istəyənə min bötan atırlar, fiziki zərər verirlər. Düzələcək. Bu özünü aldatmaqdan başqa bir nəticə verməz. Beyini aldatmaq yaxşı metod deyil.

 

Əlbəttə, pozitiv düşüncə, gələcəyimizin yaxşı olacağına inam gözəl bir hissdir. Amma, kor-koranə yox, analitik düşünməklə işin pozitiv tərəfini görmək lazımdır. İşin perspektivini görəndə hərəkətin istiqaməti də məlum olur.  Bütün dünya xalqlarında artıq folklora çevrilmiş bir lətifə var:biri allaha dua edir ki, nolar, mənə də bir az var-dövlət ver. O qədər dua edir ki, axırda allah bu adama bir nida göndərir ki, heç olmasa get bir lotereya al. Yəni, sadəcə pozitiv düşünüb nə isə almaq mümkün deyil. Mütləq düşüncəyə hərəkət əlavə olunmalıdır. Yeni imkanlar qazanmaq üçün hərəkət mütləqdir. Planlı, gələcəyə doğru aparan hərəkətlər. Bir hadisəni də nəzərinizə çatdırmaq istərdim, Apple şirkəninin yaradıcısı Stiv Cobs dahi bir biznesmen olub. Onu hamı tanıyır. Ağıllı, yüksək zəkalı bu insan həmişə pozitiv düşünüb, daim irəliyə doğru hərəkət edib. Stiv Cobs xəstəliyinin ilkin mərhələsində müalicəyə deyil, meditasiyalara, povitiv düşüncə metodlarına üstünlük verib. Hindistanda dağlarda meditasiyalara gedib, hind yoqları ilə xəstəliyin bədənindən çıxmasına inanıb. Bir növ aldadılıb. Artıq görüb ki, vəziyyəti yaxşılaşmaq əvəzinə pisləşir, onda mütəxəssislərə müraciət edib, amma təəssüf ki, çox gecikib. Həkimlər ona heç olmasa iki ay əvvəl gəlsəydi, müalicə mümkün idi deyiblər. Stiv Cobs bu iki ayı Hindistan dağlarında meditasiyada keçirdiyi üçün xəstəlik irəliləyib. Pozitiv düşünmək və müalicə bir yerdə olsaydı, yəqin sağalma mümkün olardı.

Biz dünyanı dəyişdirə bilmərik, zənginliyin və firavanlığın bizə tərəf gəlməsini istəyiriksə, daxili vəziyyətimiz buna uyğun olmalıdır. Pozitivistlər arzumuzun həyata keçməsi üçün materializasiya təlimləri etməyi təklif edirlər. Pis şeyləri düşünməyin, mənfi hisslərdən qurtulun. Bu bir növ bizim Mirzə Cəlilin “Ölülər” əsərindəki Şeyx Nəsrullahın “meymunu yada salmayın” deməsi kimi bir şeydir. Əgər həyatımızda bir problem varsa onu necə unutmaq olar? Bu hipnoz deyil axı. “Xəyallarınızdakı istəklərin canlı obrazının yaradın və həyata keçmək üçün Kainata göndərin. Gündə min dəfə özünü proqramlaşdırma ifadələrini təkrarlayın: "mən varlıyam", "sağlamlığım əladır", "hamı məni sevir” və eyni zamanda özünüzü bir çamadan pulun sahibi kimi təsəvvür edin”.

Bu cür ibtidai pozitiv proqramlaşdırma nəzəriyyəsi insanın inkişafına və qazandığı uğurlara ciddi ziyan vurur. Unutmaq olmaz ki, bir çox dahi şəxsiyyətlər pis əhval-ruhiyyədə və ya hətta depressiyada olanda heyrətamiz sənət əsərləri yaradıblar. Depressiyada olanda da insan işləməyə davam edir və istənilən nəticəni alır.

Bu yaxınlarda amerikalı psixoloqlar pozitiv psixologiyanın zərərinə dair elmi konfrans keçiriblər və konfransda qeyd edilib ki, psixoloji və həyat problemlərin həllinin ən effektiv yolu əksinə neqativ proseslərdən keçməkdir. Bunu həyat təcrübəsi təsdiq edir. Dünyaya “cəhrayı eynəkdən” baxmaq insana ciddi zərər verir, aldanmalar, lazım olmayan insanlara inanmaq məhz çəhrayı eynəkdən baxmağın nəticəsidir. Çəhrayı eynəkləri atın, artıq onların dövrü çoxdan bitib.

 

 

Necə fikirləşirsiniz, pozitiv düşünməklə problemləri həll etmək mümkündürmü?

                                   Fikirlərinizi aşağıda yaza bilərsiniz.                                              

_________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

 

 Amaliya Murad

İnsan münasibətləri üzrə ekspert. İnsanın öz resurslarından istifadə etmək bacarığının inkişafı yollarını, şəxsiyyətlərarası münasibətlərdə ziddiyyətlərin və qarşıdurmaların səbəblərinin insanın düşüncə tərzindən asılılığının  araşdırmaçısı.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam