“Onun bəxti həmişə gətirir” -Xoşbəxtliyin genetikası.
Hər bir insan ömrü boyu enişli-yoxuşlu həyat yollarında öz məqsədinə doğru gündüz-gecə yol gedir. Bu yolda hər şey var. Yalan da var, doğru da. Ədalətdə var, əziyyət də. İnsan həyatında müvəffəqiyyət və uğursuzluğun nə üçün ancaq müəyyən insanların həyatını izlədiyini hər kəs bilmək istəyir. Bəzən uğursuzluq yaxşı adamların həyatını pis adamlara nisbətən daha çox zəhərləyir, bunun niyə belə olduğunu anlamağa çalışan insan düşünür, bir çıxış yolu, bir işıq ucu tapmağa çalışır. Bizim hər birimiz ətrafımızda yaxşı tanıdığımız, insan kimi müsbət olmayan birnin çox xoşbəxt olduğunu gördükdə həyatda ədalətin olmaması qənaətinə gəlirik. Doğrudanmı belədir?
Yenixeber.org: Biz tale və bəxt barədə əvvəlki yazılarımızda bu barədə qeyd etmişdik və “taleyimizi dəyişdirə bilərikmi?” sualına cavab verməyə çalışmışdıq. İndi isə taleyimizi idarə edən qüvvələri araşdıraq və “onun bəxti həmişə gətirir” deyərkən bunun səbəblərini aydınlaşdırmağa çalışaq. Məlum olduğu kimi, tale, insan və dünya arasındakı təməl əlaqəni təsvir edən əsas və universal kateqoriyadır. Əsrlər boyu davam edən "dünya nizamını və insan davranışını idarə edən qüvvələrin" harada və ya kimin əlində olduğunu araşdıran filosoflar bu sualın cavabını hələ də tapa bilməmişlər.
Bu yaxınlarda bir proqramda gənc bir psixoloqun dedikləri diqqətimi cəlb elədi. Psixoloq xanım “hər şey insanın istəyindən asılıdır. Yetər ki, insan istəsin, mütləq istədiyinə çatacaq”. Psixoloq yəqin Türkiyə kanallarındakı proqramlara baxır, bu kanallarda belə şüarlar çox səslənir. Amma istək və məqsədin çox fərqli kateqoriyalar olduğunu bilmir. Bizim istədiyimiz və istəmədiyimizlə həll olunan məsələlər var. İnsan zəlzələlərin və ya digər təbii fəlakətlərin qarşısını pozitiv düşünməklə necə ala bilər? Çoxdan arzuladığı və nəhayət həyata keçən arzusunun arxasınca gedən insanların qəzalarda həlak olduğu barədə filmlər və məlumatlar kifayət qədərdir. Eyni zamanda "arzularınızın arxasınca gedin", " xəyallarınızı gerçəkləşdirin", "xəyal edin və həyata keçirin", düşüncələri minlərlə insanın həyatlarını dəyişdirmələrinə həqiqətən kömək edir. "Taleyinizi öz əllərinizə alın" deyərkən, mütləq taleyin nə demək olduğunu mümkün qədər düzgün izah etmək lazımdır. İnsanın arzularının tale ilə qarşılıqlı əlaqə prinsipi “səbəb və nəticə” əlaqəsi qədər asan deyil. İnsanların arzularının arxasınca gedib sonda əli boş qayıtması da çox rast gəlinir və çoxlarını xəyal qırıqlığına uğradır.
Taleyin üç əsas xüsusiyyətini nəzərə almaq lazımdır: dərk olunmazlıq, qeyri-müəyyənlik və insanın iradəsindən, həyatının gedişatından asılı olmamaq. Bu xüsusiyyətlər barədə təhlilləri bildikdən sonra insan tale, bəxt və “şans” məsələsinin qarşılıqlı asılı olduğuna inanır. Ümumiyyətlə, "taleyi idarə etməyi" öyrənmək mümkündürmü və bunu necə etmək olar? Burada xüsusi qeyd etmək lazımdır ki, insanların taleyini öyrənmək və mümkün qədər idarə etmək üçün yaradan bizə bəzi məlumatlar verib. Əllərimizin içərisində olan izlər düzgün oxunarsa müəyyən məlumatlar verə bilir. Müasir xiromantiya və dermatoqlifika elmi bunu tamamilə təsdiq edir. Dermatoglifika insan bədəninin əl və ayaqlarının dərisindəki naxışların öyrənilməsinə əsaslanan bir təqiqat üsuludur. Əllərin iç tərəfinin dərisi mürəkkəb relyefə malikdir. Bu hər bir insana xas olan və həyatı boyu dəyişməz qalan xarakterik naxışlardır. Bu barədə gələn yazılarımızda məlumat verəcəyik.
Əslində insanın taleyi, həyatın gedişindən qaynaqlanan hadisələrin dəyişkənliyi ilə əlaqədardır. Hər gün, hər saniyədə bu və ya digər istiqamətdə seçim edirik, beləliklə taleyimizin yollarını bu və ya digər istiqamətə aparırıq. Mütləq qeyd edək ki, həyatımızda fatalizm elementləri var. Biz harada, hansı ailədə və ölkədə doğulduğumuzu, hansı sosial səviyyədə, hansı sağlamlıqda doğulduğumuzu əvvəlcədən təyin edə bilmirik. Bioloji amillərin insan taleyindəki rolunun qiymətləndirilməsi də çox vacibdir. İrsiyyətin rolu haqqında, əvvəlcədən təyin olunmuş taleyin varlığı haqqında məlumatlar çoxdur. Xoşbəxtlik geni də vardır. Xüsusu bir məsələni də qeyd etmək lazımdır ki, insan ölümlüdür. Bunlar taleyin fundamental elementləridir. Bax müasir psixoloqların nəzər almadıqları və ya nəzərə ala bilmədikləri əsas proses budur. Bu gerçəkliyin əsas konteksti, yəni taleyin bizim həyat sərhədlərimizə daxil olduğu hadisədir. Burada qaçılmaz xarici və daxili amillər ola bilər. Biz bu amilləri nəzərə almaya bilərik, amma bu amillər bizi sakitcə izləməyə davam edəcək, bizdən xəbərsiz özü yazdığı ssenariyə bizi daxil edəcək, ən əsası da bizi bu ssenariyə tabe edəcək! Bax budur “şansın” üzünü döndərməyə qadir olan qüvvələr! Əslində, bir cox hadisələr boşuna baş vermir, bəzən bizə kömək olaraq göndərilir ki, "oyanaq".
Aşağıdakı əhvalatı oxuyanda nə demək istədiyimiz məlum olacaq.
Müqəddəs məkanlardan birinə gedərkən bir qadınla yol yoldaşı olmuşdum. Gözəl, üzü nurlu bi qadın idi. Bu qadın mənə öz həyatından çox ibrətamiz bir hekayə danışdı, onu sizin də nəzərinizə çatdırmaq istəyirəm: orta məktəbi bitirib qiyabi instituta daxil oldum. Uzaq qohumlarımızdan bir oğlanla hələ səkkizinci sinifdə oxuyarkən bir-birimizi sevirdik. O üç bacının bir qardaşı idi, ata-anası onu tez evləndirmək istəyirdi, atamın razılığını alandan sonra mənim institutu bitirməyimi gözləmədilər, üçüncü kursda toyumuz oldu. Həyat yoldaşımın rayonlar arası marşrutda işləməsi ilə əlaqədar maddi vəziyyətimiz yaxşı idi, hər istirahət günü bayram kimi dincəlirdik. Mənim və onun ailəsi bizim yaxşı yaşamağımıza, bir-birimizi sevməyimizə çox sevinirdi. Günlər su kimi axıb gedirdi. İnstitutu bitirdim, nəhayət qaynanamın arzusu həyata keçdi, hamilə oldum. Uşağın dünyaya gəlməsinə iki ay qalmış həyatımı qara boyayan qara xəbər qapımızı döydü, yoldaşım ağır yol qəzasında həlak oldu. Yoldaşımın ata-anası oğlunun dərdinə dözməyib iki ay fasilə ilə dünyasını dəyişdi. İndi bunu belə asan danışıram, amma o zaman hər şeyə nifrət edirdim, uşağım dünyaya gələndə onun ölü doğulmasını ürəkdən istəyirdim. Oğlan uşağıdır, allah atasının əvəzini verib deyənlərə acı cavablar verib hamını incidirdim. Bilmirəm, nə olmuşdu, atamın da ürəyinə daş bağlanmışdı, o uşağı yetimxanaya yermək istədiyini deyəndə mən razılaşdım. Uşağı rəhmətlik yoldaşımın bacılarına verməkdən belə imtina etdim. Ata-anam hələ çox cavansan, bir uşaqla səni kim alacaq, qoy yetimxanada böyüsün, biz də yanına gedib-gələrik, deyəndə hətta sevindim. (Həyatda həmişə yaxşı əri olmuş qadınlar əri ölən kimi təzə ər axtarır, bu çox təbiidir, çünki bu qadınlar həyatdan qorxur, onlar problemsiz yaşamaq üçün övladlarını belə qurban verməyə ürəkdən razı olurlar. Amma əri zalım olmuş qadınlar həyatın bütün çətinliklərinə dözüb övladının xoşbəxt böyütməyə çalışır). Mən qohumların vasitəsilə yaxşı imkanı olan bir kişi ilə tanış oldum və onunla ailə qurdum. İnsafla desək, bu dəfə də bəxtimə çox yaxşı insan çıxmışdı, məni çox sevirdi, amma onun anası mənim uşağımı görmək belə istəmirdi, o qəti şəkildə mənim uşağımın bu evə gələ bilməyəcəyini şərt qoydu və mən razılaşdım.
Çox yaxşı yaşayırdıq, hər şeyimiz vardı, uşaqdan başqa. Yoldaşımın əvvəlki arvadından iki oğlu və bir qızı vardı (uşaqların anası ölmüşdü), amma mənim yetimxanada qalmış uşağımdan başqa övlad payım yox idi. Atam rəhmətə gedəndən sonra oğluma kimsə baxmırdı, mən ora getmirdim, heç vaxt getməmişdim. Sonra eşitdim ki, bibisi gedib oğlumu öz evinə aparıb, onların evində yaşayır. Mən hər yeri gəzmişdim, müalicələr bədənimi zəhərləmişdi, amma nə fayda, övlad həsrəti, insanların mənə qınayıcı baxışı öz təsirini göstərirdi. Dünya gözümdə deyildi, nə öz oğluma yaxın dura bilirdim, nə də allah mənə bir övlad verirdi.
Bir gecə çox ağlayıb allaha yalvardım, gecə yuxuda cavan ikən qara torpağa qismət olmuş ilk sevgimi, oğlumun atasını gördüm. O mənə tərəf baxmadı, məndən narazı olduğu bilinirdi, mənim gəlinlik paltarımı qapının önünə qoydu, yenə üzümə baxmadan çıxıb getdi. Qonşuda yaşlı, quran oxuyan bir qadın vardı, səhər onun yanına gedib yuxumu danışdım. O qadın mənə pirlərə gedib allahdan bağışlanmağımı istəməyimi və yetimxanalarda çürütdüyüm oğlumundan məni bağışlamasını xahiş etməyimi məsləhət gördü. Mən bir neçə gündə yeddi pir ziyarət etdim, üzümə üz bağlayıb oğlumun ayağına getdim, diz çoküb ağladım, günahımdan keçməsini istəyib məni əvf etməsini xahiş etdim. Oğlum məndən rəhmli çıxdı, o məni bağışladı. Bu qədər müddətdə maddi imkanlarımın yaxşı olmasına baxmayaraq ona bir ana kimi heç olmasa gizlin yolla kömək etmədiyimin yalnız indi fərqinə vardım. Ürəyimdən qara qanlar axırdı, neylədiyimi, necə qəddar hərəkət etdiyimi başa düşmüşdüm. Oğlum avtomobil təmiri ustalığı öyrənmişdi, yetimlik onu hər sınağa çəkdiyindən ağıllı idi, əsgərliyini çəkmişdi, bibiləri onu evləndirmişdi, yalnız laqeyd və daş ürəkli mən olmuşdum. Mən oğluma ana ola bilməmişdim, onu həyatın amansız girdabına atıb özümə yaxşı ər tapmışdım və bir övladım olduğunu unutmuşdum. Həyat yoldaşım yaxşı adam idi, o mənim əzablarımı görür, amma günahımı görmürdü, mən o vaxt uşağıma analıq etməkdən özüm intina etmişdim, bunda o müqəssir deyildi, mən istəsəydim övladımı atmazdım. Oğlum məni bağışladı, amma mən öz günahımı yumaq üçün ömrüm boyu dua edirəm. İnsanın özünü bağışlaya bilməməsi dünyada ən ağır dərddir. Sonda yenə imtina etdiyim oğlumun çörəyinə möhtac olacağam, bunu yuxuda görmüşəm.
Qısa bir yazıda bəxtin və şansın niyə məhz müəyyən adamlara xoş münasibətinin səbəblərini izah etmək çətindir. Amma, zamanla aydınlaşdırmağa çalışarıq. Biz dünyaya gəlməmişdən çox əvvəl yaradılan bu dünyada hadisələrin passiv müşahidəçilərindən daha aktiv mövqeyə keçib öz bəxtimizin üzümüzə gülməsinə çalışmağımız mümkündür. “Taleyimiz öz əlimizə almaq” üçün əsas məsələ şüurumuzun həyatımızda rolunu araşdırmaqdır. Həyatımıza, mənəvi təcrübəmizə, maddi vəziyyətimizə, sevgimizə, karyeramıza, başqaları ilə münasibətlərimizə, bir şey itirmək və ya bir şey əldə etməmək qorxularına baxaraq, şüurun həyatımızda rolunu araşdırmaq mütləqdir. Bunu etmək tamamilə mümkündür, çünki tale, bəxt, şans dəyişməyə meyllidir. Həyatın axını ilə getməklə müvəffəqiyyət əldə etmək və həyatına nəzarəti ələ ala bilmək imkansızdır. İnsanın şansı və ya “fortuna” deyilən fenomen bir çarxa bənzəyir, bu çarxı fırlatmasan eyni yerdə dayanacaq və insanı da özünə bağlı saxlayacaq. Bunları öyrəndikdən sonra bəxtin çarxını fırladıb daha yuxarı mərtəbələrə qalxmaq mümkündür.
İnsan çox güclüdür. Lakin güclü olduğunu bilməyənlər var. Çətin bir hadisə qarşısında qalanda deyirik:“allah güc verməsəydi mən bu işin öhdəsindən gələ bilməzdim“. Bizim hər birimizin daxilində güclü bir potensial enerji var. Bu enerjini tapıb ondan istifadə etmək lazımdır. Özünə inansan bu gücü taparsan. İnsan şüuru nəyə inanırsa insan onu həyata keçirə bilər. Dünyada yaşı olmayan bir şey var;xoşbəxtlik. İnsan hər yaşda xoşbəxt olur, bu allahın insana verdiyi ən böyük nemətdir. Xoşbəxtlik insan övladının ən böyük istəyidir. Bu yerdə Mövlana Həzrətlərinə müraciət etməyi lazım bilirəm: ”İnsan bir şeyi çox istərsə bir müddətdən sonra o şeyin ruhu da insanı istər“.
Bəxt, şans və insanın istəyi qarşılıqlı əlaqədə işləməlidir. Hər bir proses ikitərəflidir, ağacların da bəxti var, külək əsəndə ağacların dözümlü olmasına yoxlamaq üçün onların qırılmamasını tələb edir. Amma, hər ağac güləyin gücünə tab gətirə bilmir, budaqları sınır. Külək dayanandan sonra ağacdan soruşsan ki, niyə zəiflik göstərdin? Ağac nə bəhanə gətirsə keçərsizdir, çünki məğlubları dinləməyin faydası yoxdur, qalibləri isə mühakimə etmirlər, onlara hörmət edib, ətrafına toplaşırlar...
Amaliya Murad
İnsan münasibətləri üzrə ekspert. İnsanın öz resurslarından istifadə etmək bacarığının inkişafı yollarını, şəxsiyyətlərarası münasibətlərdə ziddiyyətlərin və qarşıdurmaların səbəblərinin insanın düşüncə tərzindən asılılığının araşdırmaçısı.