Ağılla bəxt yarıdırsa taleyimizi niyə dəyişə bilmirik?-EKSPERT YAZIR
Yenixeber.org: Taleyimiz öz “əlimizdədir”? Bəs niyə biz əlimizə ancaq özümüzə lazım olan, bizi xoşbəxt edən hadisələri “götürmürük və ya götürə bilmirik?” Bir çox alimlərin tədqiqatları düşüncələrimizin həyatımızı idarə edib istiqamətləndirdiyini israr edir. Fizikanın qanunlarına görə bu belədir. Lakin bu hadisələr müəyyən dərəcədə fizikanın qanunları ilə idarə olunur. Dünyadakı müharibələr, təbii fəlakətlər, həyatımızda ağlımıza gəlməyən, ancaq başımıza gələn hadisələr bunu təsdiq etmir. Deməli, kainatda başqa qanunlar da mövcuddur...
Bəlkə hamımız taleyimizdən razıyıq? Tale yazana şükürlər edib razılaşırıq? Yer üzündə nə qədər insan varsa, o qədər tale yolu var. Bədbəxt olmağı kimsə istəməz. Bütün dünyəvi elmlər insanın taleyini dəyişdirmək gücündə olduğunu qeyd edir. Bunu mən demirəm. “Ey Rəbbim! Bizimlə halımıza görə davranma. Öz ikram və ehsanına görə davran! Bəlaları bizdən uzaqlaşdır və dəyişdir. Günahlara görə bizdən intiqam alma! Bizi əvf et!” deyərkən Həzrəti Mövlana Cəlaləddin Rumi nə isə bilirdi.
Bütün elmləri kitablardan oxuyub öyrənmək olar. Amma həyat elmi həyatın özündən başqa heç bir kitabdan lazım olan səviyyədə öyrənilə bilməz. Marketinq psixologiya kitabları yazır ki, pozitiv düşüncə insanın həyatını müsbət tərəfə dəyişir. Elədirmi? Nə qədər pozitiv düşünsək belə, insan həyatında ağır xəstəlilklər və acı ayrılıqlar qaçılmazdır. Ancaq özünü, hadisələrə qarşı münasibətini dəyişə bilərsən. İnanın, bu belədir. Sunamilər, zəlzələlər müharibələr bizim nə istədiyimiz soruşmadan gəlir. Özümə verdiyim məsləhətləri təkrar etsəm, bu məsləhətləri sizə verdiyimi zənn etməyin, sadəcə bəlkə kiməsə lazım olar deyə təkrar edirəm.
Dünyada ən böyük maneə bir iş başlayanda qorxmaqdır. Gəmini batıracağından qorxan kapitan gərək dənizə çıxmasın. Qorxsa gəmi mütləq batacaq. Lazım gələndə amansız dalğalarla ölüm savaşına girmək lazımdır. Risk etmədən istədyini əldə edə bilməzsən. Lazım gələrsə, məğlubiyyəti qəbul etmək gələcəkdə yaxşı işlərə başlamaq yolunda bir təcrübədir.
Həlli vacib olan problemi heç vaxt sonraya saxlama. Yaxşı bir iş tapsam hər şey yaxşı olacaq, həyatım dəyişəcək deyirsinizsə inanın olmayacaq. Uşaqlar böyüsün, öz həyatımı yaşayacağam deyirsinizsə yaşamayacaqsınız. Bu sizin öz həyatınızı arxa plana keçirmək xüsusiyyətinizdən irəli gəlir. Bu cür düşünmək insana öz ömürünü boş yerə mənasız ümidlərə bağlamağla yaşamasının məhsuludur.
Siz də düşünürsünüzmü, niyə pis hadisələr tez-tez olur, yaxşı hadisənin baş verməsini, istədiyimiz bir şeyin reallaşmasını çox gözləməli oluruq? Qəbul edin, dünya neqativ hadisələrlə doludur, pis hadisələrdən hamı qorxur, bu insan oğlunun xüsusiyyətidir. Əlbəttə, metro eskalatoru ilə gedənlər həmişə olacaq. Yaxşı dərzilik qabiliyyəti olan müəllim olmağa çalışsa boşuna vaxt itirəcək. Hər kəs öz yerini tapmağa çalışmalıdır.
Hər şeyin elmi əsası var. Öz üzərində işləməklə insan çox şeyə nail ola bilər, sadəcə dəyişmək istədiyin şeylər inandırıcı olmalıdır. Öz üzərində işləməklə burnunun uzunluğunu və ya gözlərinin rəngini dəyişdirməyə çalışsan bu boşuna zəhmətdir, lakin xarakterini və həyatında cərəyan edən hadisələri dəyişə bilərsən. Həyatını dəyişdirmək insan üçün əlçatmaz bir şey deyil, bu insanın qarşısına qoyuduğu məqsədə çatmaq üçün hansı yollardan və necə istifadə etməsindən asılıdır. Şəxsiyyətin potensial imkanlarını araşdıran Deyl Karneqi deyirdi: əgər siz son nəticəni əldə etməyə çalışırsanız mütləq əldə edəcəksiniz. Varlı olmaq istəsəniz olacaqsınız, yaxşı adam olmaq istəsəniz olacaqsınız, alim olmaq istəsəniz olacaqsınız. Amma bunları həqiqətən istəməlisiniz, bu istəklərinizlə eyni zamanda həyatda mövcud olan yüzlərlə digər şeylərə də can atsanız sonda istəyiniz baş tutmayacaq. Belə ki, məqsədlər çox müxtəlifdir, biri üzməyi, biri toxuculuğu, biri isə taleyini yaxşılığa doğru dəyişməyi qarşısına məqsəd qoyur ki, bu məqsədlərə aparan yollar çox fərqlidir. Bu yolda əvvəlcə nəzəri bilikləri öyrənib sonra praktiki işə keçmək lazımdır. Həkim olmaq istəyən əvvəlcə nəzəriyyəni öyrənir, sonra insan anatomiyasını praktik surətdə araşdırır.
Deyəcəksiniz ki, biz dua edirik, arzulayırıq, sonra da səbr eləyib gözləyirik. Amma illər keçsə də, istəyimizdən əsər əlamət yoxdur. Arzularımız isə arzu olaraq qalır. Səhvimiz hardadır? Ümumiyyətlə, bəxt deyilən bir şey varmı? Bəxt və tale proseslərinin olması həqiqətdirmi və mənası nədir? Ağ və ya qara bəxt mövcuddurmu, mövcuddursa bu bölgü nəyə əsaslanır? Əgər bu
bölgü allahın hökmü ilə aparılırsa niyə böyük din alimləri “allah, bizimlə ədalətinə görə davran, taleyimizi dəyişdir” kimi dualar edirlər? Allah insanın taleyini dəyişdirirmi, yoxsa insanın özünə belə bir imkan verir?
Fəlsəfə elminə görə baş verən hər bir hadisənin səbəbi var. Alın yazısına görə bütün müvəffəqiyyətlər insanın çalışmağı ilə bərabər allahın iradəsi ilə baş verir. Cəmiyyətdə insanlar arasında fərqlərin sirri də elə bundadır. Bu qabiliyyətlərin də öz növbəsində allah tərəfindən verildiyi məlumdur. Bütün bunlar məlumdursa bəs onda bəxt-tale insan həyatında hansı yeri tutur?
Bəxtin gətirməsi və ya gətirməməsi hadisəsinin səbəblərinin məchul olduğunu nəzərə alsaq, fəlsəfə elminə görə bunu izah etmək mümkün deyil. Amma metafizika qanunlarına görə səbəb görünməyə bilər, görünməsə belə haradasa tale adlı görünməyən qüvvənin daxilindədir.
İnsan öz əməlləri ilə taleyini dəyişdirə bilər. Bu barədə müxətlif fikirlərin mövcudluğu çoxdan məlumdur. Özünəkömək psixologiyası hər bir problemin xarici aləmdə deyil, insanın daxilində olduğunu qeyd edir. Bütün dövrlərdə çətinliyə düşmüş (maddi və mənəvi tərəfdən) insanlara müxtəlif yollarla kömək edən insanlar olmuşdur. Bu kömək dualarla, magiya üsulları ilə, elmi yollarla həyata keçirilmişdir. Şahlar döyüşdə orduları qalib gəlməsi üçün əsgərlərini ruhlandırırmış.
Alt şüurda toplanmış mənfi emosiyaların, acı xatirələrin silinməsi çox vacibdir. Keçmişin ağır yükündən azad olmaq üçün metafikik elmlər vardır. Bu elmlərə görə “dünya məndən başlanır”.
Heç bir insan oğluna keçmişini geriyə qaytarmaq nəsib olmamışdır. Amma gələcəyə təsir etmək bir çox hallarda insanın özündən asılıdır.
Rəvayətə görə bir mahalda üç bacı yaşayırmış. Böyük bacı həm çirkin, həm də dəhşətli dərəcədə tənbəl imiş. Ortancıl bacı da həm çirkin, həm tənbəl, həm də çox acıdil və çoxdanışan imiş. Kiçik bacı isə gözəl, xeyirhax, ailəcanlı, hamının köməyinə çatan, üstəlik də çox gözəl bir qız imiş. Bir sabah bacıların qapısında yaşlı bir qadın əyləşmiş bir araba dayanır. Qızlar qadından kim olduğunu, nə istədiyini soruşur. Qadın cavab verir:mən taleyəm, sizin ərə getmək vaxtınız çatıb, gəlmişəm sizi ərə verim. Qadın qızları arabaya əyləşdirib yola düşür. Qarşılarına bir kənd çıxır. Kəndin tarlasında bir cavan oğlan işləyirdi, bu oğlan zəhmətsevər, əlindən hər iş gələn bir igid idi. Bütün ətraf kəndlər nə işləri olsa, onun üstünə gələrdilər, oğlan hamıya yardım edirdi. Tale deyilən qadın böyük bacıya “bu sənin qismətindir, get yaşa” deyib onu arabadan endirir. Qadın yenə yola davam edir. Qarşılarına daha bir kənd çıxır. Bu kənddə çox rəhimdil, xeyirhax, insanlara əlindən gələn hər yardımı göstərən bir cavan yaşayırdı. Bu cavanın qapısına çatanda qadın ortancıl bacıya ”bu sənin qismətindir, get yaşa” deyib onu da arabadan endirir. Kiçik bacı ilə qadın yollarına davam edirlər. Bir kəndin kənarında uçuq, zibil içində bir daxma görürlər. Daxmanın həyətində orta yaşlı, cır-cındır içində sərxoş bir kişi əyləşibmiş. Qadın kiçik bacıya “bu sənin qismətindir, arabadan düş, evinə get” deyir. Gözəl kiçik bacı göz yaşı tökür:mən bacılarımdan həm xeyirhax, həm işgüzar, həm ağıllıyam, niyə onları cavan, yaxşı adamlara ərə verdin, məni sərxoş, çirkin bir qocaya? Bunu mənə necə rəva görürsən, sənin insafın yoxdurmu? Qadın günahkar görkəmlə köksünü ötürür:”sənin bacıların pis olsalar da, onlar artıq etibarlı əllərdədir, onları məhv olmağa qoymazlar. Ancaq sən olmasan bu bədbəxt artıq məhv olacaq” deyib, gözəl kiçik bacını arabadan endirir.
Taleyi dəyişdirmək metodlarından birini nəzərinizə çatdırmaq istəyirəm. Biz taleyini dəyişdirmək üçün yaşayış yerini, adını, xarici görünüşünü dəyişdirən adamlar barədə eşitmişik. Bunların nə qədər effektli olduğu barədə dəqiq məlumat olmasa da, bu yoldan istifadə etmiş adamların istədiklərinə çatması məlumdur. Bəxt və taleyin məlum istiqamətlərdə dəyişdirilə bilməsi hadisələrini izah edən numerologiya elmi sürətlə inkişaf edir. Eyni zamanda böyük alim Pifaqorun metodu da bu yolda uğurlar qazanılmasına səbəb olur. Bu metodlar barədə növbəti yazılarımızda məlumat verəcəyik. Bəxtiniz ağ olsun!..