“Yaşamaq istəmirəm” deməyin... -Ekspert yazır
Həyatda insan qədər qiymətli bir varlıq olmadığından onun sağlamlığı və xoşbəxtliyi də dünyanın ən vacib məsələsidir.
Yenixeber.org: Qaranlığı yox etmək üçün işığın yanması kifayətdir. Soyuq evi (təbiəti isitmək üçün günəşin qüdrətini bilməyən yəqin ki, yoxdur) isitmək üçün ocağın yanması lazımdır. Əgər insan xoşbəxt deyilsə onda onu xoşbəxt etmək üçün bir yolun olması da tam real bir şeydir. Bunun üçün elə bir formula və ya qanun varmı? Əlbəttə var, ancaq bunu hər bir insan fərdi üçün eyni qanunauyğunluqla işləyib hazırlamaq mümkün deyil. Siz elə bilirsiniz ki, hər adam həyatını dəyişdirmək uğrunda mübarizə aparmaq istəyir? Əgər istəsə belə, bunu necə həyata keçirməyin yollarını bilir? Məncə bu, dünyada insanların qarşısında duran ən ağır və çətin bir problemdir. Adi bir həyati problemi ağır faciə formasında qəbul edib intihar edən adamlar barədə hər kəsin məlumatı var. Hər hansı problemə təslim olub streslər keçirən və depressiyaya düşən insanlar öz sağlamlığını necə təhlükə altında qoyduğunu təəssüf ki, çox gec başa düşür.
Hər hansı bir həyati problemlə qarşılaşanda dünya işığına həsrət qalan və ya bir addım atmağa qabil olmayan möhtac insanları düşünürsünüzmü? Allahın bizə bəxş etdiyi dünyada ən gözəl nemət olan mükəmməl sağlamlığı lazımınca qiymətləndiririkmi? Nicholas Vuyçiç (tetraameliya (əllərin və ayaqların inkişaf etməməsi) sindromu ilə doğulmuş avstraliyalı motivator, xeyriyyəçi və yazıçı) barədə məlumatları axtarın və onun mübarizliyindən ibrət götürün. Mənfi enerji ilə dolu insan özünə uyğun proqram seçir, bu emosiyalarla insan öz yollarını bağlayır. Söz çox böyük qüvvədir desək də, ancaq buna əməl etmədən ağlımıza nə gəldi danışırıq. Artıq bu sözlər bir çox adamların adi danışıq tərzinə çevrilib ”adam bu cür hadisələri görəndə yaşamaq istəmir.”, “hər dərd məni tapır” və s.
Toxumu torpağa səpirlər və bu toxum torpaqdan özünə məxsus qidalı maddələri mənimsəyir və böyüməyə başlayır. Əgər bu toxuma insan həyatı nöqteyi-nəzərindən baxılsa məsələ aydındır.
Həyatın bizə hazırladığı sınaqlara üsyan edib “yaşamaq istəmirəm” deyəndə həyatın bizə rəhmi gəlmir. Biz özümüz çıxış yolu axtarmalıyıq. Bu gün, yəni hər açılan sabah ən xoşbəxt günümüzdür. Bu günlə, onun qayğıları və sevincləri ilə yaşamaq ən düzgün yoldur. Hər açılan sabah öz ruzisi ilə gəlir. Sabahı hər bir normal insan düşünməlidir. Amma gələcəyi dərd edib qorxu ilə gözləsək bu bizi ömrün sonuna tez yaxınlaşdırar. Məktəbi bitirmək və universitetə girmək üçün tələsirik. Universiteti tez bitirib ailə həyatı qurmaq və işləyib pul qazanmaq üçün tələsirik, narahatçılıq bizi üzür, tələsirik... Hər gün sabah üçün qorxuruq ki, nə cür yaşayacağıq, filan işi nə cür həll edəcəyik, pulu hardan tapacağıq və sair... Amma illər keçəndən sonra dönüb ömür yolumuza baxanda bunlarla əlaqədar olan səbəbsiz narahatlıqlardan başqa bir şey görmürük. Gələcəyi bizim qorxularımızmı həll edir? Hər gün üçün qorxmaq insan orqanizminə hansı mənfi təsirləri göstərlir? Qorxmaqla həyatımız yaxşılığa doğru dəyişməyəcək, buna tam əmin ola bilərsiniz. Pis hadisələri gözləmək lazım deyil, onlar lazım olanda bizdən soruşmadan özü gələcək, həmişə yaxşı hadisələri gözləmək lazımdır.
Əgər siz mənim düşüncələrimə şübhə ilə yanaşsanız özünüz belə bir tədqiqat apara bilərsiniz. Yaxşı tanıdığınız və ağlına inandığınız adamlardan soruşun ki, yaşadıqları ömürdən tam razıdırlarmı? Bu suala çox az adam müsbət cabab verəcək. Çünki bizim hər birimiz öz həyatımız boyu mütləq müəyyən çətinliklər çəkməyə məhkumuq. Əlbəttə bizdən, yəni biz insanlardan çox şey asılıdır. “Səndən hərəkət məndən bərəkət” nöqteyi nəzərindən insan öz həyatını yaxşılığa doğru dəyişmək üçün daim axtarışda olmalıdır. Niyyətin hara mənzilin ora.
Qorxu və narahatlığın insana zərəri barədə bir rəvayəti nəzərinizə çatdırmaq istərdim. Bir rahib uzaq səfərə gedərkən yolda taun xəstəliyi ilə rastlaşır. Rahib narahatlıqla soruşur ki, hara gedirsən, məqsədin nədir? Taun cavab verir: sənin vətəninə gedirəm, mənə min nəfərin həyatı lazımdır, qoca, cavan, uşaq, fərqi yoxdur, həyatlarını alıb geri dönəcəyəm. Rahib taunun bu sözlərindən qəm dəryasına qərq olur, amma əlindən heç nə gəlmədiyi üçün susub yoluna davam edir. Rahib səfərdən qayıdanda vətənində min nəfərin deyil, beş min nəfərin öldüyünü eşıdir və qəzəblənərək taunu axtarmağa gedir. Taunu tapıb deyir: niyə mənə yalan danışdın, min nəfərin əvəzinə beş min nəfər öldürmüsən? Taun sakitcə cavab verir: mən yalnız min nəfəri öldürmüşəm, qalan dörd min nəfər qorxudan ölüb.
Mən bunlarla demək istəmirəm ki, insan arsız olmalı, heç nəyin fikrini çəkməməlidir. Tam əksinə. Hər işin yolunda getməsinə nəzarət etmək lazımdır ki, sonra problem yaranmasın. Ancaq sizdə mənimlə razılaşın ki, qarşısını almaq mümkün olmayan hadisələrlə barışmaqdan başqa yol yoxdur. Düzdür həmişə çıxış yolu var, amma bu yolu görmək hər kəsə nəsib olmur. Buna görə də sakitləşib qarşıda duran problemin həllinə ağılla və hərtərəfli yanaşmaq lazımdır.
Psixologiya və psixoanaliz elmi son dövrlərdə elə inkişaf edib ki, insan ağır hadisələrlə qarşılaşanda belə onun stress vəziyyətindən çıxması üçün sonsuz imkanlar var. Dəhşətli zəlzələlər zamanı, təyyarə qəzalarında ailəsini, yaxın adamlarını itirən insanlara psixiloji yardımlar göstərilir və bu adamlar müəyyən müddət keçəndən sonra adi həyata qayıda bilir. Zaman hər yaranı sağaldır. Səbr və ağılla yanaşdıqda çıxış yolu həmişə var. Təəssüf ki, müasir cəmiyyətdə intihar etməklə həyatla hesablaşma forması kifayət qədər yayılmışdır. İntiharın çox müxtəlif səbəbləri ola bilər, insan həyatın psixoloji və sosial xarakterli çətinliklərinə qarşı bu yolu seçir. İntihar da digər ciddi sosial problemlər kimi geniş müzakirə olunmalıdır, bu məsələni gizli saxlamaqla onun qarşısını almaq mümkün deyil. Əslində, intihar məsələsinin qarşısının alınması, onun profilkatikası ilə məşğul olan təşkilatlar olmalıdır. Bu sahədə mütəxəssislər hazırlanmalı, bu mütəxəssislər insana öz dəyərini, öz resurslarından istifadə yollarını başa salmalıdır. Konfliktli və kritik vəziyyətlərdən çıxmaq yollarını öyrədən mütəxəssislər tez-tez depressiyaya düşən insanlarla işləməlidir.
Həyatın amansız qanunlarına tabe olmaqdan başqa bir yol varmı və bu yol haradadır?“ deyə uzun illər axtaran insan sonda universal bir üsul tapmır. Sonsuzluğa qədər mübarizə ilə yaşamaq çox çətindir, hamı mübarizə apara bilmir. Nə qədər güclü insan olsa belə görəndə ki, bacarığı və biliyi ondan qat-qat aşağı səviyyədə olan birisi vəzifə pilləsində daim yüksəlir, yaxşı ailəsi var və müvəffəqiyyət onun yol yoldaşıdır, bunun səbəbini anlamaq istəyir. Daim çalışan, ancaq güclə dolanışığını təmin edən savadlı və səviyyəli biri isə bataqlığa düşmüş kimi bu vəziyyətdən necə xilas olmaq üçün düşünür, hey düşünür ancaq... Çıxış yolunu görməyən insan sonda intihara qərar verir...
Araşdırmalara görə, intihar etməyi planlaşdıran insanların 75%-i intihar niyyətlərini bu və ya digər şəkildə büruzə verir. Nadir hallarda intihar etmək firki ani yaranır. Bu insanların demək olar ki, əksəriyyəti psixoloqlara, həkimlərə müraciət etmək istəyirlər. Bəzən onların bu fikirlərinə etinasız yanaşılır, belə insanları dinləyən, onların dərdinə şərik olan olsa, yəqin intihar etməzlər. Çünki, səmimi söhbət əsnasında planlaşdırılan intihar əlamətləri ortaya çıxır və ya depressiya əlamətləri özünü göstərir. Belə insanlar bir tərəfdən ümidsizlik yaşayırlar, digər tərəfdən qurtuluşa ümid edirlər. İntihar etmək istəyən birinə sadə dəstək sözləri ilə də kömək etmək mümkündür. Belə edilməzsə, tərəzi intiharın lehinə əyiləcək. Buna görə planlaşdırılan intihar haqqında əlamətləri bilmək çox vacibdir. Əəlbəttə, qısa bir yazı ilə intiharın profilkatikası və ona qarşı mübarizə barədə metodik göstəriş verilə bilməz. Bu sahə dünya səviyyəsində çox ciddi bir məsələdir və bu məsələyə hərtərəfli yanaşmaq lazımdır.
Nəhayət sizdə “yaşamaq istəmirəm” deyə düşünürsünüzsə mütləq beyninizə bunun tam əksi olan sözlərlə qida verin ”mənim işlərim yağ kimi gedir”, “pullar üstümə sel kimi axır” “mən allahın sevimli bəndəsiyəm” və s. Əgər siz özünüzü sevməsəniz sizi kim sevəcək? Özünü sevməyən, öz dəyərini və qiymətini bilməyən adamı kimsə sevməz. Yaşamaq gözəldir, ah-uf etmək insanın psixologiyasını pozur, insan bu cür psixoloji vəziyyətə adət edir və özünə ancaq belə həyat proqramlaşdırır. Gec-tez bu həyat bu cür fikirlərlə yaşayan adamın istədiyini verəcək.
Siz dünyanın ən dəyərli adamısınız, dünya rənglərini sizin qəlbinizdən alıb. Günəş sizin üçün doğursa ay da sizin üçün gecələri işıqlandırır. Siz dünyaya gəlmək hüququ qazanandan bu günə qədər yer kürəsi sizin üçün günəşin ətrafında fırlanır. Hər gün azı yüz dəfə təkrar edin: “mən allahın istəkli bəndəsiyəm, mənim ürəyimdən nə geçirsə o mənə qismət olur, elə bil allahım ürəyimi oxuyur, nə istəyirəm beş qat artıq verir” və s. Siz özünüzə uyğun olan, ürəyinizə daha yaxın sözləri təkrar edə bilərsiniz, təki müvəffəqiyyətə doğru addımlayın, ürəklə addımlayın. Hər açılan sabahın xeyirli olmasını yatmazdan qabaq ulu tanrıdan diləyib gözəl günlər gözləmək arzusu ilə... Bu gözəl günü ürəkdən arzulasanız o gün mütləq gələcək...
Amaliya Murad: xüsusi olaraq yenixeber.org üçün
İnsan münasibətləri üzrə ekspert. İnsanın öz resurslarından istifadə etmək bacarığının inkişafı yollarını, şəxsiyyətlərarası münasibətlərdə ziddiyyətlərin və qarşıdurmaların səbəblərinin insanın düşüncə tərzindən asılılığının araşdırmaçısı.