TEHRAN QARABAĞLA BAĞLI SİYASƏTİNİ DƏYİŞİR? –İranda azəri icmasının tələbi və erməni azlığınının qorxusu
Ruhullah Fəqihi
“Middle East Eye”, 13.10.2020
Yenixeber.org: Hökumətin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan tərəfdarı mövqeyə keçməsindən sonra İranın azəri azlığının iğtişaş qorxuları artıb.
Ermənistan və Azərbaycan arasındakı döyüşlərin ilk günlərindən bəri İran hökuməti özünü neytral vasitəçi kimi göstərməyə çalışıb. Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Ermənistan və Azərbaycan arasında yeni danışıqların başlamasından əvvəl “becid atəşkəs”in zəruriliyini vurğulayıb. “İranın bu mübahisəyə dair siyasəti dəyişməyib və dialoqu asanlaşdırmaq üçün kömək etməyə hazırıq, hərbi həll yolunun bu cür məsələlərin həlli üçün qalıcı bir nizamlama yolu olmadığına inanırıq”.
Bundan əlavə, İran hökumətinin sözçüsü Əli Rəbii Tehranın Moskva və Ankara ilə birlikdə “iki qonşu ölkəyə BMT qətnamələrinin həyata keçirilməsində, fikir ayrılıqlarının sülh yolu ilə həll edilməsinə kömək edə biləcəyini” açıqlayıb.
Lakin döyüşlər başlayandan bəri İranda azərbaycanlılar tərəfindən qardaş dövlətə dəstəyə çağıran çoxsaylı küçə nümayişləri keçirilib.
İrandakı azəri icması, əksər hissəsi Azərbaycanla həmsərhəd olan şimal-qərb vilayətləri ətrafında məskunlaşmış ölkədəki ikinci böyük etnik qrupdur.
Oktyabrın 1-də Şərqi Azərbaycan vilayətinin paytaxtı olan Təbrizdə azərilər Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiklərini bildirmək üçün küçələrə axışıblar. Bir gün sonra Ali Lider Əli Xamnəinin azərbaycanlıların çoxluq təşkil etdiyi dörd əyalət olan Ərdəbil, Zəncan, Şərqi Azərbaycan və Qərbi Azərbaycandakı nümayəndələri toplantı keçirərək Dağlıq Qarabağ böhranını müzakirə ediblər. Birgə bəyanat verdikdən qısa müddət sonra onlar “Qarabağın Azərbaycana aid olması və Azərbaycana qayıtmasının zəruriliyi barədə şübhə olmadığını” söyləyiblər.
“Azərbaycan xalqı yaxşı bilir ki, İslam Respublikası Dağlıq Qarabağın işğalı zamanı Azərbaycana ən yüksək yardım və dəstək göstərib, bütün beynəlxalq dairələrdə Azərbaycanın ərazi bütövlüyünü vurğulayıb… İslam Respublikası olmasaydı, Dağlıq Qarabağın işğalı mütləq Bakıya qədər uzanardı”.
Onlar, həmçinin, Azərbaycan ordusunun son qələbələrini yüksək qiymətləndiriblər.
Pantürkizm “təhlükəsi”
İranın bitərəflik siyasəti 90-cı illərinin əvvəllərində Dağlıq Qarabağ münaqişəsinin başlanğıcından start götürüb.
O vaxt İran prezidenti Əli Əkbər Haşimi Rəfsəncani hər iki tərəfi atəşkəs razılaşmasına və liderlərini danışıqlar masasına oturmağa razı salmağı bacarıb. Böhranın ortalarında Rəfsəncani Bakıya səfər edib və orada Ermənistana qarşı Azərbaycanla birlikdə müharibəyə qoşulması istənilib. Vasitəçilik cəhdlərinə davam etməyi üstün tutaraq Rəfsəncani istəyi rədd edib.
Bununla yanaşı, 2 oktyabr bəyanatı Azərbaycan tərəfdarı nümayişlərlə yanaşı, bəzi iranlılar arasında təşvişə səbəb olub, onlar Azərbaycana dəstək nümayişlərinin etnik gərginliyi və hətta separatizmi təhrik edə biləcəyindən qorxublar.
İslahatçı qəzet olan “Həmşəhri” “ölkənin bəzi bölgələrində etnik hisslərin təxribatı” riskinin olduğunu yazıb. “Şərq” qəzeti bu bəyanatın nəticəsi, radikal etnik və separatçı qrupların ondan “sui-istifadəsi” ilə əlaqədar narahatlıqlarını dilə gətirib. “Entexab” saytı isə bəyanatları və arxasındakı dörd təmsilçini “bitərəflik” siyasətini pozduğuna görə tənqid edib. Müəllifin fikrincə, bu, Qarabağ böhranı və İranın diplomatik münasibətlərinə zərər vuracaq.
Təbrizdəki azəri etirazları Türkiyə, Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi türk dövlətləri arasında birləşmənin tərəfdarı olan siyasi ideologiyanın – pantürkizmin yaranması ilə bağlı narahatlıqları da artırıb.
Qərbi Azərbaycan əyalətində yaşayan azəri Məsud Mərdomi bildirib ki, azərilərin əksəriyyəti Dağlıq Qarabağ münaqişəsindən daha çox iqtisadi böhranın ortasında necə dolanacaqlarını düşünməklə məşğuldur. “Bununla yanaşı, Türkiyə və Azərbaycan telekanallarının təbliğatından təsirlənən və Tehranın Bakının tərəfini tutmasını istəyənlərin sayı 20 fazidir. Düşünürəm ki, İran liderinin nümayəndələri bu bəyanatla azlığı gücləndirdiyinə görə səhv ediblər”.
Ümumən İrandakı azərilərin əksəriyyəti İran vətənpərvəri olduqlarını və pantürkist siyasətlə maraqlanmadıqlarını söyləyib.
Erməni narahatlığı
Saylarının 70 minlə 200 min arasında olduğu düşünülən İranın erməni icması ümumiyyətlə, münaqişəyə susqun təpki göstərib, baxmayaraq ki, bəziləri hələ də hökumətin “Artsax”a münasibətdə (Dağlıq Qarabağa) daha güclü müdafiə siyasəti yürütməsini istəyir.
İranlı-erməni vəkil Garegin Fatai hökumətin ölkədəki çoxsaylı azərbaycanlının fikirlərini İslam Respublikasının Ermənistanla isti münasibətləri ilə tarazlaşdırmaq üçün neytral mövqe tutmaq məcburiyyətində qaldığını söyləyib.
“Ancaq İran erməniləri öz ölkələrini (İranı) Bakının siyasətinin qurbanı görmək istəmirlər, çünki Azərbaycanın artan qüdrəti İran daxilində pantürkizmi gücləndirəcək və biz, ermənilər buna tamamilə qarşıyıq”.
Fatainin sözlərinə görə, iranlı azərilər kimi, İran erməniləri də hər şeydən əvvəl özlərini iranlı sayırlar. “Bununla birlikdə, İranın Ermənistandan Qarabağdakı qüvvələrini çıxarmasını xahiş etdiyini görəndə kədərləndik. Bilirik ki, İran hökuməti orada erməniləri dəstəkləmək üçün güclü səbəblərə malikdir”.
Azərbaycanın bütövlüyü
Azəri liderlərinin bəyanatı ilə bağlı mübahisələrdən sonra Ali Liderin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti nüfuzlu mühafizəkar qəzet olan “Keyhan”a müsahibəsində bildirib: “Azərbaycanın taleyindən tamamilə narahat olduğumuzu və onun ərazi bütövlüyünə nail olmalı olduğuna inanırıq. İşğal altındakı bölgələr boşaldılmalıdır”.
İran hökuməti də eyni mövqedən çıxış edərək Ermənistanı öz qüvvələrini işğal olunmuş bölgələrdən geri çəkməyə çağırıb.
Etibarlı və bilikli bir qaynaq, adının açıqlanmaması şərti ilə, “MEE”-yə İranın azəri liderlərinin müstəqil hərəkət etmədiyini və açıqlamalarını, şübhəsiz ki, ən yüksək səviyyələrdə razılaşdırmaqla verdiyini söyləyib.
Azərbaycan mövqeyinin lehinə açıq-aşkar hərəkət, keçmişdə Ermənistan üçün daha əlverişli hesab edilən İran siyasətində dəyişiklik olduğunu göstərir.
Digər bir analitik (adının açıqlanmaması şərti ilə) Azərbaycanın pantürkizmi təbliğ edərək ölkədəki etnik separatizmin gücünü artıraraq İrana təzyiq göstərdiyini iddia edib. “Onlar Tehrana siyasətlərini dəyişdirmək məqsədilə təzyiq göstərməklə, İranda bəzi insanları cəlb etməyə çalışıblar. Eyni zamanda, Tehranda yüksək səviyyədə aktiv lobbi fəaliyyət göstərirlər. Bununla belə, bir çoxunun fikrincə, İranın mövqeyinin Azərbaycan lehinə dəyişməsi Tehranın bu müharibədə Azərbaycanın əhəmiyyətli bir şey qazanmayacağına inamından qaynaqlanır”.
Həyati qayğılar
Geosiyasi mübahisələr xaricində, münaqişənin İranın qonşu bölgələrindəki real həyata təsiri diqqətdən kənarda qalıb.
Münaqişə başlayandan bəri İranın şimal-qərbindəki sərhəd bölgələrinə xeyli sayda mərmi düşüb.
İran prezidenti Həsən Ruhani Ermənistana və Azərbaycana sərhəd bölgələrinə hər hansı bir ziyan vurmamaq barədə xəbərdarlıq edib, lakin narahatlıqlara məhəl qoyulmadığı hissi var.
İran-Azərbaycan sərhədinə yaxın Qulubəyli kəndində yaşayan Məsud Xudapənah “MEE”-yə erməni və azərbaycanlıların atəşlərinin həyatı çətinləşdirdiyini söyləyib.
“Bir neçə gün əvvəl bura üç raket düşüb, çəltik tarlasına, sahibinin beş aylıq zəhməti hədər olub. O biri mərminin qəlpələri evə dəyib, şüşələri qırıb. Üçüncüsü isə kənd qəbiristanlığına düşüb. İnsanlar can qorxusundan kəndi tərk edirlər”.
Tərcümə: Strateq.az