Təbrizlilərdən Zərifə Qarabağ müraciəti:Paşinyana etiraz
Təbrizin 60-a yaxın tanınmış ziyalısı Tehranda “Ararat” klubunun iclasını qınayaraq, İran xarici işlər nazirinə açıq məktub ünvanlayıb.
Yenixeber.org: Yerli KİV-lər bildirir ki, Təbrizin bir qrup mədəniyyət, incəsənət və media nümayəndəsinin imzaladığı məktubda İranın Qarabağla bağlı siyasətinə, Ali dini rəhbərin iştirakı ilə keçirilən görüşdə baş verən hadisələrə və Ermənistanın baş naziri Nikol Paşinyanın erməni icması ilə görüşünə toxunulub və sonuncu olay qınanılıb.
Bəyanatı imzalayanlar Qarabağın Azərbaycan Respublikasının ərazisi olduğunu və həmin ərazilərin Ermənistan tərəfindən işğal edildiyini vurğulayıblar: ““Ararat” klubunda erməni baş nazirinin iştirakı ilə keçirilən mitinq İran hökumətinin açıqladığı mövqeyə və xüsusilə də Ali rəhbərin əmrləri ilə qəti şəkildə ziddiyyət təşkil edir. Buna görə biz, Təbrizin mədəniyyət, sənət və media fəalları bu hərəkəti qəti şəkildə qınayırıq. Və bir daha Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi kimi tez bir zamanda Azərbaycan Respublikasına qaytarılacağına ümid edirik”.
Bu arada İran Xarici İşlər Nazirliyi (XİN) də Paşinyanın səfəri zamanı ermənilərin yaratdığı plakat qalmaqalına münasibət bildirib. XİN-in sözçüsü Bəhram Qasimi Azərbaycan KİV-inə bildirib ki, “Ararat” idman kompleksində erməni dilində bir neçə plakatın asılması özbaşına və qəbuledilməz bir addım idi, İran İslam Respublikası bunu dəstəkləmir.
B.Qasimi deyib ki, Ermənistan baş naziri Nikol Paşinyanın “Ararat” idman kompleksində olması və İranda yaşayan eyni dinə mənsub vətəndaşlarla görüşü normal haldır: “Lakin “Ararat” idman kompleksində Dağlıq Qarabağ münaqişəsinə dair erməni dilində bir neçə plakatın asılması özbaşına atılmış bir addımdır, qəbuledilməzdir”.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İranın Qarabağ münaqişəsinə dair siyasətinin həmişəki kimi şəfaf və aydın siyasət olduğunu, dəyişmədiyini vurğulayıb: “Münaqişə beynəlxalq prinsiplər əsasında və danışıqlar yolu ilə həll edilməlidir. İran üçün Ermənistan və Azərbaycanla münasibətlərinin Qarabağ münaqişəsinin təsiri altında olmaması çox önəmlidir. Ona görə İran bu məsələdə öz əsaslı və məntiqli siyasətini davam etdirir. Ümid edirik ki, münaqişə sülhməramlı səylərlə diplomatik yollarla tez bir zamanda həll ediləcək. İran iki ölkə arasındakı bu münaqişənin dinc yolla həlli üçün çalışıb, yenə də, bunun üçün bütün səylərini göstərə bilər”.
B. Qasımi qeyd edib ki, uzun əsrlərdən bəri, müxtəlif ilahi din mənsubları, o cümlədən ermənilərin İranda dinc yaşadığına görə fəxr edirlər. Onun sözlərinə görə, bu gün də İran Konstitusiyasına əsasən erməni, zərdüşt və yəhudi icmalarının deputatları İran parlamentinə təmsil olunurlar.
Ermənistan baş nazirinin Tehrana son səfərinə münasibət bildirən B. Qasimi İranın bütün qonşularına münasibətdə şəffaf və aydın siyasət yürütdüyünü söyləyib: “Biz qonşu ölkələrlə qarşılıqlı ehtiram və daxili işlərə müdaxilə etmədən əlaqələr qurmaqda maraqlıyıq. Eyni zamanda biz münasibətləri daha da genişləndirməyə çalışırıq. Hesab edirik ki, İranın qonşu ölkələrdən hər hansı biri ilə münasibətlərinin genişlənməsi qonşu ölkələr və dünya ölkələri arasında hansısa ölkənin mənafeyinin əleyhinə deyil və olmayacaq. SSRİ-nin dağılması ilə Orta Asiya və Qafqazda ölkələrin müstəqillik əldə etməsinin ardınca İran və Ermənistan arasında qonşuluq haqqı və prinsiplərinə əsasən balanslı və mötədil münasibət qurulub. Ermənistan baş nazirinin İrana səfəri bu əlaqələr və İranın öz xarici siyasətində bütün şimal qonşu ölkələrlə bağlı yürütdüyü siyasət çərçivəsində baş tutub”.
İran-Azərbaycan münasibətlərini dəyərləndirən B.Qasimi deyib ki, iki qonşu ölkələr müştərək adət-ənənə və mədəniyyətə, məzhəb oxşarlığına malikdirlər: “Azərbaycan müstəqillik əldə etdikdən sonra davamlı olaraq münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edib. Hər iki ölkənin rəsmilərinin diqqəti əlaqələri müxtəlif sahələrdə daha da inkişaf etdirməyə yönəlib və yönələcək. Son illərdə müxtəlif nümayəndə heyətlərinin, xüsusilə prezidentlər İlham Əliyev və Həsən Ruhaninin, xarici işlər nazirlərinin görüşlərinə, eləcədə əldə olunmuş razılıqlara nəzər salsaq, Azərbaycan və İran arasında əlaqələrin nə qədər dərin kökləri olduğunu görərik. İran Azərbaycanın, Ermənistanın və digər qonşu ölkələrin sabitliyini və iqtisadi inkişafını dünyanın ən həssas bölgəsi olan regionumuzun inkişafı hesab edir. Bizim istəyimiz qonşu ölkələrin bir-biri ilə düşmənçilikdən uzaq, dinc və təhlükəsiz yaşamasıdır”.(virtualaz)