İlin “Top 10” hadisəsi – Azərbaycan daha ziddiyyətli bir ilə girir
2017-ci il də ölkə üçün təlatümlü il oldu; Qarabağ məsələsində ciddi dönüş olmasa da, Azərbaycan öz müvazinətini və sabitliyini saxladı, regiondakı və dünyadakı rolunu artırdı; manatın sabit kursu təmin edildi...
Yenixeber.org: Bir sıra mühüm olaylarla yadda qalan 2017-ci il başa çatır. Təəssüflər olsun ki, bu il də əsas dərdimiz olan Qarabağ problemi ilə bağlı real irəliləyişin şahidi olmadıq. Səbəblər müxtəlifdir. Azərbaycan ətrafında, regionda, dünyada bu il də davam edən mürəkkəb geosiyasi proseslər konfliktin həlli üçün optimal zəmin yaranmasını, hərb yolunu əngəllədi. Ölkə daxilində və onun ətrafında, qlobal miqyasda yaşanan bu kimi irili-xırdalı olayların hamısı Azərbaycan ictimai rəyində, daxili ictimai-siyasi proseslərin axarında özünəməxsus izlər buraxdı.
İŞİD terror təşkilatı bu il xeyli zəiflədilsə də, Azərbaycana terror təhlükəsi, təhlükəsizlik təhdidləri 2017-də də öz aktuallığını saxladı və saxlamaqdadır. Ancaq nə yaxşı ki, bu təhlükə təhdidlər görülən effektli və ön tədbirlər hesabına cari ildə də böyük ölçüdə ölkəmizdən yan keçdi. Daxili sabitlik və əmin-amanlıq təmin edildi. Azərbaycan öz daxili müvazinətini, sabitliyini qoruyub saxlaya bildi, ölkədə böyük sosial-ictimai kataklizmlər qeydə alınmadı. Eyni zamanda regionda və dünyada Azərbaycanın rolu, söz sahibliyi artdı.
Ancaq bu, arxayınçılığa da əsas vermir. Ən azından, o səbəbə ki, gələn il daha təlatümlü gözlənilir. Rusiya-ABŞ rəqabətinin getdikcə sərtləşməsi və hətta yeni “Soyuq müharibə”nin əsməyə başlayan ruzigarları Azərbaycanı bir qədər də diqqətli və ehtiyatlı olmaq, daha balanslı siyasət izləmək zorunda qoya bilər.
Yeri gəlmişkən, keçən il Azərbaycan Qərb, yoxsa Rusiya strateji seçimi məsələsində ənənəvi balanslı kursu davam etdirdi. Xüsusən də qardaş Türkiyə, Pakistan və İsraillə tərəfdaşlığımız və müttəfiqliyimiz daha da gücləndi. Hərbi qüdrətimiz, düşmən üzərində əzici hərbi üstünlüyümüz böyüdü, hərbi zavodlarımızın sayı artdı. Savaş haqqını özümüzdə saxladıq. Avropa Birliyi, Avropa Parlamenti, AŞ PA kimi mötəbər beynəlxalq təşkilatlar öz sənədləri ilə ərazi bütövlüyümüzə sadiqliyini bir daha təsdiqlədi. 2015-ci ildə həmçinin, milli valyutamız olan manat ABŞ dolları qarşısında pis-yaxşı öz dəyərini qoruya bildi, iqtisadi islahatlar yönündə bir sıra mühüm qərarlar verildi ki, bunlar da gələn ilə ümidləri artırmaqla yanaşı, hökumətin aktivinə yazıla bilər.
“Yeni Müsavat” 2017-ci ildə ölkənin ictimai-siyasi həyatı üçün ən önəmli hesab etdiyi “Top-10" olayı əhəmiyyətinə görə sıralamaqla oxucuların diqqətinə çatdırır.
*****
1.Mehriban Əliyeva Azərbaycanın 1-ci vitse-prezidenti oldu
2016-cı ildəki referendumun yekunlarına əsasən Konstitusiyaya bir sıra düzəlişlər edilmişdi və onların arasında idarəçilikdə effektliliyi artırmaq üçün ölkənin 1-ci vitse-prezidenti və vitse-prezidentləri institutlarının yaradılması da var idi. Bunu əsas götürən prezident İlham Əliyev fevralın 21-də Mehriban Əliyevanın 1-ci vitse-prezident təyin edilməsi haqda sərəncam imzaladı.
Düşmənin daha bir “qorxulu röyası” - BTQ işə düşdü
Oktyabrın 30-da Bakıda işğalçı Ermənistandan yan keçən daha bir meqa-layihənin - Bakı Tiflis-Qars (BTQ) dəmir yolunun təntənəli açılış mərasimi oldu. İnşası 10 il çəkmiş və əsasən Azərbaycanın maliyyə vəsaiti, krediti hesabına ərsəyə gələn bu strateji əhəmiyyətli dəmir yolunun açılışı mərasimində Azərbaycan prezidenti ilə yanaşı, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Gergi Kvirikaşvili, habelə Qazaxıstanın və Özbəkistanın baş nazirləri qatılmışdı.
Uzunluğu 826 km olan BTQ-nin tikintisi maliyyə xərcləri üzündən bir neçə dəfə əngəllərlə üzləşməli oldu. Lakin Bakının xərclərin böyük hissəsini öz üzərinə götürməsi və Gürcüstana ən aşağı faizlə (1%) kredit ayırması sayəsində bu meqa-layihə reallaşa bildi. Nəzərə alsaq ki, onun əngəllənməsi üçün Ermənistan, erməni lobbisi dəridən-qabıqdan çıxmışdı, o zaman BTQ-nin dəyəri ikiqat böyük görünər. Bu xətt, şübhəsiz, işğalçı ölkənin izolyasiyasını, iqtisadi durumunu daha da ağırlaşdıracaq, onu bir az da “tullantı-dövlət”ə çevirəcək.
Qeyd edək ki, ilkin mərhələdə BTQ ilə 6.5 milyon ton yük və 1 milyona yaxın sərnişinin daşınması nəzərdə tutulur. Gələcəkdə bu rəqəmlərin müvafiq şəkildə 17 milyon ton və 3 milyon olacağı gözlənilir. Bu marşrut həmçinin, Rusiyadan yan keçən və Asiyanı Avropa ilə birləşdirən “Böyük İpək Yolu”nun önəmli seqmenti (“Dəmir İpək yolu”) hesab olunur. Demək, bununla həm Azərbaycanın, həm də iştirakçı ölkələrin iqtisadi təhlükəsizliyi artmış olacaq.
Tehranda prezidentlərin üçlü sammiti
BTQ-ni açılışından cəmi iki gün sonra - noyabrın 1-də isə Tehranda İran, Azərbaycan və Rusiya prezidentləri - Həsən Ruhani, İlham Əliyev və Vladimir Putin arasında üçlü sammiti keçirildi. Əsas mövzu - üçtərəfli iqtisadi-ticari əlaqələri gücləndirmək, o sırada “Şimal-Cənub” nəqliyyat dəhlizinin açılışını sürətləndirmək oldu. Yəni yenə işğalçı Ermənistanın blokadasını gücləndirən başqa bir meqa-layihə diqqət mərkəzinə gəldi. İrəvanın təlaşı artdı. Çünki iqtisadi bağlar həmişə siyasi bağların da möhkəmlənməsinə gətirir ki, bu da günün birində Dağlıq Qarabağ məsələsində işğalçının əsas himayədarları sayılan Tehran və Moskva üzərində Bakının söz sahibliyinin artması deməkdir.
Hökumətdə yeni təyinatlar
Bu il bir neçə yüksək çinli məmur öz postu ilə vidalaşmalı oldu. Öncə nəqliyyat naziri Ziya Məmmədov işini itirdi. Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqda sərəncam verdi. Yeni quruma isə əvvəllər rabitə və yüksək texnologiyalar nazirinin müavini olmuş Ramin Quluzadə təyin edildi.
Daha sonra 17 illik fasiləsiz iş stajına malik vergilər naziri Fazil Məmmədov vəzifəsini itirdi. Onun yerinə təhsil naziri Mikayıl Cabbarov gətirildi.
İyunun 9-da energetika naziri Natiq Əliyev dünyasını dəyişdi. Onun yerinə isə Azərbaycanın Almaniyadakı sabiq səfiri Pərviz Şahbazov təyin edildi.
Rusiya ilə səfir qalmaqalı
Bu il həm də Bakı ilə Moskva arasında səfir qalmaqalı ilə yadda qaldı. Azərbaycan postsovet məkanında ilk ölkə kimi Rusiyanın yeni səfirinə aqreman vermədi, ermənipərəst Georgi Zuyevin ölkəmizdə yeni səfir təyinatını əngəllədi. Bununla da Azərbaycan Rusiya qarşısında gövdə göstərdi, milli maraqları hər şeydən üstün tutdu. Moskva bununla razılaşmalı oldu. Ancaq hələ ki, təzə səfirin adı məlum deyil.
Xatırladaq ki, Zuyevin namizədliyi hələ iyun ayında Dövlət Dumasında təsdiqlənmişdi.
“Yeni əsrin kontraktı” imzalandı
Sentyabrın 14-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə “Azəri-Çıraq-Günəşli” neft-qaz yatağının blokunun işlənməsi üzrə yeni müqavilənin imzalanması mərasimi keçirildi. Saziş “Əsrin müqaviləsi”nin 2050-ci ilədək davamını nəzərdə tutur. Yeni kontrakta əsasən, SOCAR-ın payı 25%-dək artacaq.
Qarabağ danışıqlarının bərpası, prezidentlərin görüşü
Oktyabrın 16-da uzun fasilədən sonra Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sərkisyan Cenevrədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə bir araya gəldilər. Danışıqlardan sonra Əliyevlə Sərkisyan arasında tet-a-tet formatda görüş də keçirildi.
Lakin Cenevrə görüşü də konfliktin dinc yolla həlli prosesində real dönüşə gətirmədi. Cenevrədə müzakirələrin yekununa dair qəbul edilən birgə bəyanatda deyilir ki, prezidentlər danışıqlar prosesini intensivləşdirmək və təmas xəttində gərginliyi azaltmaq üçün əlavə tədbirlər görmək haqda razılığa gəliblər.
İlqar Məmmədovun işi və Avropa ilə yaşanan gərginlik
Dekabrın 7-də Azərbaycan prezidentinin xarici məsələlər üzrə müşaviri Novruz Məmmədov bəyan elədi ki, müxalif REAL hərəkatının lideri İlqar Məmmədov müəyyən şərtlər daxilində azad edilə bilər. Novruzov dedi ki, nəzərə alsaq ki, İ. Məmmədov cəzasının 2/3-ni çəkib, o zaman şərti azadlığa çıxa bilər - təbii ki, bu haqda ərizə ilə müraciət edərsə. “Biz danışıqlara hazırlıq”, - deyə müşavir qeyd elədi.
Öz növbəsində Məmmədovun vəkili Fuad Ağayev bildirdi ki, onun müvəkkili cəzanın yumşaldılması haqda xahiş eləmək niyyətində deyil, çünki özünü günahlar saymır və tam bəraət istəyir.
Dekabrın 6-da isə Avropa Şurası Nazirlər Kabineti REAL sədrinin qeyd-şərtsiz azadlığa buraxılması haqda Avropa Məhkəməsinin 2014-cü il qərarını yerinə yetirməkdən imtina eləməsi səbəbi ilə Azərbaycanla bağlı araşdırmalara başlamaq qərarı verdi, Avropa İnsan Haqları Məhkəməsinə müvafiq müraciət ünvanladı.
Erməni çevrələrinin də ciddi maraq dairəsində olan İlqar Məmmədov “düyünü” yəqin ki, təzə ildə açılacaq.
“Qarabağ” ilk dəfə ÇL-in qrup mərhələsində
Azərbaycanın futbol klubu “Qarabağ” ölkənin futbol tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə adlaya bildi. Bununla da qrup turnirinin yekunlarından asılı olmayaraq, Dağlıq Qarabağ məsələsində haqq içimizin dünyaya çatdıtramasında unikal şans əldə eləmi olduq. Ağdamın, Dağlıq Qarabağın və digər ərazilərimizin işğal altında olması haqda nüfuzlu Qərb mətbuatında ermənilərin əngəllərinə rəğmən, xeyrimizə silsilə yazılar dərc olundu.
Bakıda kütləvi beynəlxalq idman tədbirləri
Başa çatmaqda olan il həmçinin, Bakıda bir sıra mötəbər idman yarışlarının keçirilməsi ilə əlamətdar oldu. O sırada IV İslam Həmrəylik Oyunlarını və “Formula - 1" Qran-prinin Bakı mərhələsini qeyd eləmək olar ki, bunlar da Azərbaycanın beynəlxalq imicinə əlavə pozitiv xallar gətirdi.(müsavat)