MDB məkanında İŞİD təhlükəsi artır
“İŞİD müstəqil şəkildə hərəkət etməyə qadir terror strukturu deyil”
Yenixeber.org: Son zamanlar bir sıra ölkə mətbuatında Suriyada məğlub edilən İŞİD terrorçularının növbəti hədəf kimi Mərkəzi Asiya ölkələrini seçdiyi barədə məlumatlar yer alır. Burada həmçinin İŞİD-in yeni hədəf olaraq Mərkəzi Asiya ölkələrini seçməsinin bütün MDB məkanı üçün təhdid yaratdığı da bildirilir.
Qeyd edək ki, uzun müddətdir, İraq və Suriyada meydan sulayan İŞİD terror dəstələri artıq dünya güclərinin səyləri nəticəsində buradakı mövqelərini demək olar, tamamilə itiriblər. Amma bu amil hələ ki, İŞİD-in tam olaraq sıradan çıxması anlamına gəlmir. Çünki, İŞİD-i maliyyələşdirən, ondan hələ də öz məqsədləri naminə yararlanan qüvvələr ayaq üstə qalmaqdadır. MDB-yə üzv ölkələrin Antiterror Mərkəzinin rəhbəri Andrey Novikov yaranmış vəziyyətdə vurğulayır ki, artıq Əfqanıstan və Pakistanda İŞİD terror qruplaşmasının yeni bazaları formalaşır. O bildirib ki, İŞİD-in əsas döyüş bölmələri zərərsizləşdirildikdən sonra qalan üzvləri digər regionlara köç edib: "Hazırda artıq istifadə edilmiş Suriya və İraq əvəzinə Əfqanıstan və Pakistanda bazalar formalaşır. İŞİD faktiki olaraq yenilənir və qlobal dini-siyasi layihə və hərbi-siyasi model kimi qorunur. Əfqanıstana terrorçuların tranziti İraq və Suriyakı kimi həyata keçirilir. Tərəfdaşlarımızdan əldə etdiyimiz məlumata görə, yaxın gələcəkdə İŞİD Əfqanıstanda aktivləşəcək. Bu terror təşkilatı heroin trafikinə nəzarəti ələ keçirməyə cəhd edəcək”. O, İŞİD-in artıq MDB ərazisinə qayıtmağa başladığını da qeyd edir. Novikov bu terrorçular sayəsində Şimali Qafqaz və Mərkəzi Asiyadakı İŞİD hücrələrinin gücləndirildiyini bildirib.
Politoloq Natiq Mirinin fikrincə, İŞİD-in hazırda üzünü Mərkəzi Asiyaya çevirməsinin kökündə burada onların fəaliyyəti üçün münbit şəraitin yaranması dayanır: “İŞİD müstəqil şəkildə hərəkət etməyə qadir terror strukturu deyil. Bildiyiniz kimi, bu terror təşkilatı beynəlxal qlobal güclər tərəfindən yaradılıb və bu gün də idarə olunur. Bu güclərin də arxasında başda ABŞ dayanır. ABŞ-ın dünyanın hansısa bir məkanında geosiyasi maraqlarına cavab verirsə, İŞİD də bu gün məhz həmin bölgələrdə peyda olur. Belə olay da siyasi hakimiyyətin çox zəif, İŞİD-in fəaliyyəti üçün çox münbit mühitin olduğu bölgələrdə baş verir.
İŞİD indi də üzünü Mərkəzi Asiyaya çeviribsə, deməli, bunun üçün həmin bölgədə münbit mühit yaranıb və ABŞ-ın regionda geosiyasi maraqları vardır. Ona görə də hazırda İŞİD-in Əfqanıstan, Mərkəzi Asiya və ora yaxın bölgələrə gəlməsi təbii ki, həmin ərazilər, eyni zamanda Müstəqil Dövlətlər Birliyinə daxil, postsovet məkanı dövlətləri üçün də ciddi təhlükələr yaradır.
Bu bölgəyə İŞİD terrorçuları gəlirsə, qonşu regionlardakı ölkələrdə həmin terror təşkilatının yaratdığı yatmış hüceyrələr də tədricən oyanacaq. Belə vəziyyət sonda İŞİD-in həmin bölgələrdə təşkilatlanmasına gətirib çıxaracaq ki, bu da orada yerləşən dövlətlər üçün böyük təhdidlər vəd edir. İŞİD terrorunun İraq, Suriya həm də Əfqanıstandakı fəaliyyətinin hansı ağır nəticələrə gətirib çıxardığını bilavasitə gördük.
Onu da nəzərə alaq ki, İŞİD-in peyda olduğu bölgələr əsasən enerji daşıyıcılarının mənbələrinin olduğu bölgələrdir. İŞİD-i maliyyələşdirən konkret maliyyə şəbəkələri var ki, məhz həmin terroçular vasitəsilə enerji daşıyıcı mənbələri uzun müddət istismar edib, ucuz qiymətə alaraq, onu dünya bazarına çıxarıb daha baha qiymətə satmaqla milyardlarla dollar əldə edirlər. Belədə İŞİD dünyanın müxtəlif regionlarında həmin qlobal güclərin təminatı rolunda fəaliyyət göstərir. O baxımdan düşünürəm ki, İŞİD-in harda olub-olmamasından asılı olmayaraq, mütləq mənada bu terror bəlasına qarşı ciddi mübarizə aparılmalıdır. İŞİD Suriya və İraqda tamamilə məğlub olsa da, onların birdəfəlik silinməsini istəməyən güclər mövcuddur. Bu gün İŞİD terrorunu bəhanə edərək, Afrində “Zeytun budağı” əməliyyatının dayandırılması üçün beynəlxalq ictimai rəy yaratmaq istəyən qlobal güclər var. Məhz yenidən İŞİD terrorunu xortlatmaqla dünya üçün belə bir xof yaratmaq və beynəlxalq ictimai rəy vasitəsilə Türkiyəyə təzyiq etmək istəyirlər. Belə bir fikir formalaşdırırlar ki, guya Afrin əməliyyatı İŞİD-lə mübarizəni səngidib və ona görə də təcili olaraq Afrin əməliyyatı dayandırılmalıdır. Bu cür bəhanələrdən istifadə etməklə yenidən İŞİD-i xortlatmaq niyyətində olan əsas ölkə qismində isə ABŞ çıxış edir. Ona görə də İŞİD bu dəfə Mərkəzi Asiya ölkələrində peyda olursa, onu ABŞ kimi dünya dövlətlərinin geosiyasi maraqlarında axtarmaq lazımdır”.