Ərdoğan-Putin görüşü:Qarabağ üçün real şans
Ərdoğan və Putinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində müzakirələr aparması bütün hallarda Azərbaycanın strateji mövqelərini möhkəmləndirməsi üçün zəmin rolunu oynayacaq və sözün həqiqi mənasında real ümidlər yaradacaq. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münaqişənin həlli istiqamətində görülən işlərə müsbət təsir edəcək
Yenixeber.org: Bu sözləri politoloq Elşad Mirbəşiroğlu deyib. O bildirib ki, bizim üçün çox önəmli məsələ olmasına baxmayaraq, bu, yenilik deyil:
“Çünki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan demək olar ki, bütün tribunalardan, yüksək məqamlardan Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını tələb edir. Eyni zamanda regionda təsiri olan ölkələrin rəhbərləri ilə görüşən zaman da Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ məsələsinin tənzimləməsi ilə bağlı məsələni diqqət mərkəzinə gətirir. Amma məhz indiki zamanda Ərdoğan və Putin arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin müzakirə olunmasının bir sıra özəllikləri var. Birincisi, ona görə ki, regionda çox ciddi proseslər getməkdədir. Bu proseslərin episentrində də məhz Azərbaycan və Türkiyə dayanır. Həm tarixi, həm də geosiyasi baxımdan çox strateji Bakı-Tiflis-Qars dəmiryol xətti işə düşdü. Bu həm Azərbaycanın, həm də Türkiyənin iqtisadi nüfuzunu artırmaqla yanaşı, geosiyasi imkanlarını da genişləndirdi. Bununla Türkiyə Avropaya sərnişin daşıma sahəsində tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmiş oldu. Bu baxımdan Türkiyə Avropa üçün çox önəmli bənd rolunu oynayacaq. Təbii ki, Rusiya bu kimi məqamları nəzərə almaqdadır və Türkiyənin geosiyasi və geoiqtisadi imkanlarını real qiymətləndirə bilir”.
Politoloq qeyd edib ki, digər mühüm bir proses Azərbaycan-Rusiya-İran arasında yeni əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsidir:
“Bütün bunları Rusiyanın Azərbaycana meylinin güclənməsi kimi qiymətləndirmək olar. Digər tərəfdən artıq Türkiyə öz siyasi yönünü Rusiya istiqamətində dəyişib. Regionda kifayət qədər təsir imkanlarına malik olan Türkiyənin Rusiya ilə yaxınlaşması Rusiyanın eyni zamanda Qərb dövlətləri və ABŞ üzərində geosiyasi qələbəsi kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, NATO üzvü olan Türkiyə Rusiyadan S-400 raket komplekslərini almaqdadır. Hesab edirəm ki, bu, çox mühüm və təkrarsız hadisədir”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə görüşmək üçün noyabrın 13-də bu ölkəyə səfər edəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağı da gözlənilir.