Xırdalan yollarının iflic vəziyyətinə düşməsi ciddi problemlərə yol açıb.

Yenixeber.org: Şəhərin daxilində təmir-tikinti işlərinin aparılması nəqliyyatın və piyadaların hərəkətində çətinlik yaradıb.

Sakinlərin sözlərinə görə, artıq bir neçə küçədə avtomobillər üçün nəzərdə tutulan istiqamətlər tamamilə bağlanıb.

“Bundan əvvəl, 119 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar bir müddət sonuncu dayanacağına gedə bilmirdi. Bütün yol qazılmışdı. İnsanlar məcbur olub uzun məsafədə yolu piyada gedirdilər” – narazı sakinlərdən biri deyir.

Qazıntı işləri yekunlaşdıqdan sonra avtobuslar sonuncu dayanacağa qədər gedə bilib. Amma həmin ərazinin yollarında bərpa işləri aparılmadığından  nəqliyyar vasitələrinin sürücüləri bir-birinə güzəşt etməklə yolda hərkət edirlər.

“Xırdalanın bütün yollarını qazıblar. Elə yerlər var, tam bağlanıb. 5 dəqiqəlik yerə yarım saata çatırıq. Biri o birini gözləyir sonra yola girir. Bilmirik nə vaxt bitəcək bu işlər. Maşınımız dağılır, belə yollara avtomobil dözər?! Bizə helikopter versinlər rahat hərəkət edək” – adını açıqlamaq istəməyən sürücü bildirir.

Xırdalanın bəzi küçələri isə dağlıq rayonların yollarını xatırladır. Bəzi ərazilərdə isə təmirə görə heç  bir xəbərdar edini nişan qoyulmayıb. Sürücülər yolu səhv salaraq qazıntı işləri aparan hissəyə daxil olur, ardınca isə geri qayıtmaq məcburiyyətində qalır.

Sakinlərin sözlərinə görə, avtomobillər hərəkət edərkən ətraf toz-torpaq olur. Bu, eyni zamanda piyadaların da işini çətinliyə salır. Toz-torpaq yaşayış evlərinə də daxil olduğundan bəzi mənzillərdə yaşayanlar qızmar yay fəslində evin pəncərələrini bağlalamaq məcburiyyətində qalırlar.

Məsələ ilə bağlı Minval.info Abşeron RİH ilə əlaqə saxlayıb. Zəngimizə cavab verən qurum əməkdaşı bizi başqa bir şöbəyə yönləndirib. Amma bizə təqdim edilən nömrə ilə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz boşa çıxıb.

Samir Mirzə / Minval.info