İcra başçısının qərarı yüzlərlə sakini zülmə salıb - Video
Piyada keçidi “ölüm keçidi”nə çevrilib
"Xeberinfo.com": Məlumata görə, Avropa Oyunları zamanı "Koroğlu" metrostansiyasının yaxınlığındakı körpüdən Zabrat qəsəbəsinə gedən istiqamətdəki yolun yönünü dəyişiblər. Oyunlar başa çatdıqdan sonra isə bu döngəni yenidən bərpa etməyi unudublar.
Belə ki, əvvəllər körpünün altından avtomobil hərəkəti üçün döngə olub. Sürücülər həmin keçiddən istifadə edərək, Sabunçu qəsəbəsinə, orada yerləşən klinikaya, bazara gedirdilər. Lakin Avropa Oyunları zamanı rayonun icra başçısı Adil Vəliyev yolun istiqamətini Olimpiya Stadionuna tərəf dəyişib. İndi isə həmin yoldan istifadə edən yoxdur. Sakinlər isə zülm çəkirlər.
"Döngə 1" adlanan ərazinin sakinləri evlərindən çıxıb, yolun qarşısına avtomobillə keçmək üçün şəhərə gedib, oradan geri qayıtmalıdırlar. Ağır durumda xəstəsi olub, onu klinikaya aparmaq istəyənlər gərək 2 dəqiqəlik yolu 40-50 dəqiqəyə getsin. Bu zaman kəsimində isə xəstənin sonu necə olacaq, onu düşünmək belə, çətindir. Hər şeyin də səbəbi adıçəkilən döngənin istiqamətinin dəyişdirilməsidir.
Hər şey bununla da bitmir. Körpü bitdikdən sonra yolun sağında və solunda avtobus dayanacaqları var. Hansı ki, onlardan sadəcə biri nazirlik tərəfindən dayanacaq olaraq qəbul edilir. Digəri isə sadəcə, sərnişinlər orada çox dayandığı üçün artıq sürücülər tərəfindən dayanacağa çevrilib.
Bütün bunlar adıçəkilən Zabrat yolunda böyük tıxaclara, qəzalara, piyadaların ölümünə səbəb olur. Belə ki, həmin yerdə piyada keçidi var. Amma bu yola keçid yox, “ölüm yolu” demək olar. Çünki keçid avtomobillərin sürətlə hərəkət etdiyi yolun üzərindədir. Gündüz saatlarında piyadalar buradan qaçaraq keçə bilsələr də, axşam saatlarında işıqlandırma sistemi olmadığı üçün piyadalar ölümlə üz-üzə qalırlar.
Üstəlik, marşrut dayanacağının keçidə yaxın ərazidə olması da problem yaşadır. Çünki avtobuslar keçidlə bağlı işarənin önünü kəsir. Sürücülər işarəni görmürlər və qəfil yola çıxan piyadanı vururlar.
Sakinlərdən biri deyir ki, keçidin sadəcə asfalt üzərində zolaqlardan ibarət olması çox insanın canının alıb: "Mən özüm burada dəfələrlə piyadaların ölümü və ağır zədələnməsi ilə nəticələnən qəzaların şahidi olmuşam. Kim daim bu yoldan istifadə edirsə, o bilir ki, burada keçid var. Yaxınlaşan zaman sürəti azaldır. Bilməyən isə sürətlə keçir. Piyada da keçidin olduğunu görüb, yola çıxır və ağır nəticələr baş verir. Buraya bir işıqfor qoyulmalıdır. Bu, mütləqdir. Əgər işıqfor olsa, qırmızıda maşınlar dayanan kimi, piyada rahat şəkildə yolunu keçər.
Burada qəza baş verən zaman azı 3-4 avtomobil bir-birinə dəyir. Zəncirvari qəza yaranır. Çünki döngəni ləğv ediblər. Daha doğrusu, istiqamətini dəyişiblər. Sürücülər də məcbur olub, buradan qaydaları pozaraq, dönürlər. Bu, həm tıxaca səbəb olur, həm də qəzalara..."
Sabunçu qəsəbəsinin sakini olan Hüququ Müdafiəçisi Elşən Həsənov isə deyir: "Bura keçmiş Sabunçu dairəsidir. Prezidentin tapşırığı əsasında burada təmir işləri aparıldı. Amma icra başçısının döngəni dəyişdirməsi vəziyyəti pis günə qoyub. Pirşağıdan, Maştağadan və digər kəndlərdən gələnlər bu körpünün altından dönüb, qayıda bilirdilər. İndi isə bu, mümkün deyil. 2011-ci ildə prezident gəlmişdi. Onun tapşırığı ilə işlər görüldü. Gərək, hər dəfə prezident gəlsin? Bəs, icra başçısı nə iş görür? Onun vəzifəsi sakinlərin problemlərini həll etməkdir. Zəhmət çəksin, problemləri həll etsin".
Çəkilişimiz zamanı mən də deyilənlərin şahidi oldum. Yolun sol tərəfində süni avtomobil dayanacağı yaradılıb. Marşrut sürücüləri “sərnişin ovu”na çıxmışdılar. Bir-biriləri ilə ötüşərək, söyüşərək, sərnişin yığırdılar. Bir yandan da tıxaca səbəb olurdular. Çünki avtobusları saxladıqları yer dayanacaq deyil.
Burada sürücülərin günahı qədər Nəqliyyat Nazirliyinin də günahı var. Ərazidə yüzlərlə ailə yaşayır. Lakin bir neçə qəsəbə və kəndə gedən magistral yolda avtobus dayanacağı yoxdur. Buna görə də, vətəndaşlara hara rahatdırsa, orada dayanırlar. Sürücülər də, harada müştəri çoxdursa, avtobusu orada saxlayırlar.
İcra başçısı Adil Vəliyevin döngənin istiqamətini dəyişməsi isə bütün problemlərin başlağıcıdır. Artıq istifadə olunmayan bir yola görə bu qədər qəsəbə və kənd sakininə əziyyət verməyə dəyərmi?(musavat.com)