Əzablı yollarla... Sabunçudan Ramanaya
Bu yollarda bir zamanlar asfalt örtüyü olub. Yəni yol normal olub, sakinləri də incitməyib
"Xeberinfo.com": Məlumata görə, bu yollar indi elə vəziyyətdədir ki, evindən çıxan daha geri qayıtmaq, evə girən çölə çıxmaq, gələn bir də gəlmək istəmir. Bərbad yollardan bezən avtobus sürücüləri də işləmək istəmir.
Lakin bu yoldan hər halda hər gün istifadə etmək də lazım gəlir. Axı buralarda insan yaşayır. Ona görə də bu yollarda hərəkət mütləq olmalıdır və var. Amma hansı şərtlərlə...
Haqqında danışdığımız yollar Sabunçu vağzalından Muxtarov qəsəbəsinə, Muxtarov qəsəbəsindən Ramanaya aparır. Bu yollar köhnə aeroport yolu kimi də tanınır.
Qəsəbələrdən keçən bu yollarda piyada görməzsən. Çünki piyadaların hərəkəti üçün nəinki səki, heç cığır da yoxdur. Payızda-qışda palçıq dizə qalxır.
Elə qeyd edilən ünvanda olarkən də yolda nadir hallarda insan gördük. Bu yolların keçdiyi məhəllələrdə yaşayan insanlar avtobusun qapılarının ağzında saxlamasını istəyir. Çünki keçilməz yollardan dayanacaqlara gedib çıxmaq sadəcə mümkün deyil.
Yolsuzluqdan bezən sakinlər virtualaz.org saytına açıqlamalarında deyir ki, qışda palçıqdan, yayda toz-torpaqdan çölə çıxmaq olmur. Müvafiq qurumlara ünvanlanan şikayətlərə isə “narahat olmayın, tezliklə həll ediləcək” şəklində başdansovdu cavablar verilir.
Qeyd etdiyimiz kimi, bu yolda əvvəl asfalt örtüyü olub. Həmin yollar 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə asfaltlanıb. İndi isə həmin o abad yoldan əsər-əlamət yoxdur.
Asfalt örtüyünün dağılmasına səbəb qəsəbələrdə gedən tikinti işləri, ağır yük maşınlarının bu yollardan müntəzəm istifadə etməsidir. Yollar təzə salınan vaxtlar qəsəbələrdə çox az yaşayış evi olub. O evlərdə də əsasən neft mədənlərində çalışan işçilər yaşayıb. Sonradan isə qəsəbələrdə kütləvi şəkildə yeni evlərin tikintisi başlayıb. Aeroport yoluna buraxılmayan yük maşınları alternativ yol olaraq buranı seçib. Bu yolun bir ucu da Zabrat qəsəbəsinə gedib çıxır.
Yağış yağanda avtobuslar da işləmir. Sakinlərin köməyinə isə qəsəbələrarası işləyən taksilər çatır.
Çala-çuxur yollarla işləyən bir marşrut var - 204 saylı marşrut. Ramana kəndindən - kənd meydanından “Koroğlu” metrosuna və geriyə işləyən bu marşrutun sürücüləri də sərnişinlər kimi narazıdır.
Sürücülər deyir ki, bütün kəndlərə gedən avtobuslarda qiymət 25-30 qəpikdir. Bu marşrut xəttində isə qiymət artımına imkan vermirlər. Bu vəziyyətdən sakinlər razıdır, amma sürücülər yox. Sürücülər avtobusların yararsız hala düşdüyünü deyir. Xəttə yeni avtobuslar buraxılsa da onlar da artıq yavaş-yavaş sıradan çıxır
Sakinlərlə söhbətimizdə maraqlı bir şikayət də eşitdik: “Palçığın içindən çıxırıq. Avtobusa minib “Koroğlu” metrosunda düşürük. Ətrafda olanlar adama baxıb gülür. Görən deyər bəlkə hansısa ucqar dağ kəndindən gəlmişik. Daha fikirləşmirlər ki, şəhərdən cəmi 15 dəqiqəlik məsafədə olan bir qəsəbədə yaşayırıq. Bu halımıza bəzən özümüz də gülürük”.
Xatırladaq ki, ötən ilin sonunda Ramana qəsəbəsinin sakinləri yağan yağışlardan sonra qarşılaşdıqları yol problemi ilə bağlı aksiya keçirmişdilər. Amma faydası olmamışdı...
Bu qəsəbələrin sakinləri 2014-2016-ci illəri əhatə edən Dövlət Proqramının problemə bir əncam çəkəcəyinə ümid edirdilər. Proqramda Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafının yaxşılaşdırılması nəzərdə tutulsa da Muxtarov və Ramana qəsəbələrinin sakinləri deyir ki, geridə qalan iki ilə yaxın müddətdə yaxşılığa doğru heç nə dəyişməyib. Yollar da həminkidir, əziyyətləri də...
Sakinlərin daha bir narazılığı Sabunçu Rayon İcra Hakimiyyətindəndir (RİH). Onlar deyir ki, RİH rayonun əsasən mərkəzi hissələrini abadlaşdırır, qalan yerlər isə unudulur...
Biz bu yolu bir dəfə məcburiyyətdən keçib getdik. Çox əziyyətli olduğunu bilavasitə özümüz də gördük. Amma bu yoldan hər gün minlərlə insan istifadə edir. Onların hansı əzab-əziyyəti çəkdiyini düşünəndə isə...(virtualaz.org)