“Ölkəmizdə gənclərin inkişafı üçün hər cür şərait var”
“Ölkəmizdə gənclərin inkişafı üçün hər cür şərait var”
Yenixeber.org: Bakı Slavyan Universitetində tələbələrlə rəhbərlik arasında təşkil olunan silsilə görüşlərin davamı olaraq dekabrın 21-də IV kurs tələbələri ilə görüş keçirilib. Görüş zamanı BSU-nun rektoru, professor Nurlana Əliyeva bakalavr pilləsinin sonuncu kursunda olan tələbələrə ali təhsillərini bitirdikdən sonra sevdikləri peşəni layiqincə icra etmələrini, təmsil etdikləri universitetin adını daim uca tutmalarını arzu edib.
Rektor gənclərin bir mütəxəssis kimi formalaşmaları üçün çalışmağa, vətənin, millətin xeyrinə olacaq addımlar atmağa dəvət edib. O, bir neçə ay sonra müstəqil həyata qədəm qoyacaq tələbələrə hər zaman düzgünlüyün, humanizmin tərəfdarı kimi Azərbaycan mentalitetinin, milli dəyərlərinin qədrini bilməyin, gələcək nəslə örnək olmağın əhəmiyyətini vurğulayıb. Nurlana Əliyeva Azərbaycan xalqının mənəvi zənginliklərindən söz açaraq bir çox dünya xalqlarının, xüsusən qərb ölkələrinin mənəvi keyfiyyətlərini, adət-ənənlərini müqayisəyə çəkib, xalqımızın əksər xalqlardan üstün olduğunu vurğulayıb.
O qeyd edib ki, universitet rəhbərliyi ilə gənclər arasında təşkil olunan bu silsilə görüşlərin əsas məqsədi hər bir gənci vətənpərvərliyə, ədalətə istiqamətləndirməkdir. O, hər bir insanın fərdi keyfiyyətləərinin nəzərə alınmasının da vacib olduğunu da bildirib. Gənclər arasında olan fərqlilikləri təcrübəli insanların intizama salmağa borclu olduğunu deyən Nurlana Əliyeva qeyd edib ki, yaşlı nəsil gənclərə doğru, düzgün istiqamət verərsə, gənclər cəmiyyətdə doğrunu seçməyi bacarar.
Dövlətin gənclər siyasətinə dəstək olmaqda gənclərin xüsusi rolunu vurğulayan Nurlana Əliyeva bildirib ki, bir çox dövlət tədbirlərində, ölkəmizin rifahı, sabit yaşayışı üçün həyata keçirilən layihələrdə gənclərin iştirakını görmək yaşlı nəslə daim fərəh hissi verir. O qeyd edib ki, bu gün istənilən sahədə gənclərin fəallığı göz qabağındadır. Səhiyyə, təhsil, idman və başqa istiqamətlərlərdə bacarıqlarını üzə çıxara bilən, Azərbaycanın bayrağını dünya ölkələrinin bayraqları sırasında dalğalandıran gənclərimiz bir daha sübut edirlər ki, Azərbaycanda Ulu Öndərin zamanından bu günə qədər həmişə gənclər üçün şərait yaradılıb. Prezident İlham Əliyevin gənclərin inkişafı üçün imzaladığı mühüm sərəncamlardan söz açan Nurlana Əliyeva ölkədə yaradılan imkandan düzgün faydalanmağı tövsiyə edib.
Rektor çıxışında universitetdə olan nizam-intizam qaydalarına da toxunub, hər bir tələbəni təəssübkeş olmağa, təxəyyülü, məntiqi və biliyi ilə hərəkət etməyə
səsləyib, azad Vətəndə gözəl peşə sahibi olmağı Azərbaycan vətəndaşının əsl xoşbəxtliyi kimi dəyərləndirib.
Tələbələrin bir neçə ay sonra pedaqoji təcrübəyə yollanacağını deyən Nurlana Əliyeva pedaqoji təcrübə zamanı istər orta məktəblərdə, istər digər rəsmi qurumlarda Bakı Slavyan Universitetinin adını ucaltmağı, bu universiteti düzgün təbliğ və təmsil etməyi tövsiyə edib.
BSU-nun Mətbuat Xidməti